Məhkəmə qərarları › İş №2(104)-329/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-329/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-329/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh1nə və Respublikası Xammal və X6 Mərkəzi Cavabdeh3nə mülki iş üzrə Qətnaməsi Açar söz: hərracın, onun nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(066)-939/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Toğana kəndində yerləşən 169.7 kvadratmetr olan xüsusi mülkiyyət növlü fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-nin adına payı tam olaraq daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 138 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Respublika Xammal və X9 Mərkəzi "xxxx" MMC-nin Cavabdeh1nə ünvanladığı a/03 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, 240579/21 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı1 məxsus Göygöl rayonu, Toğana kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiyməti 66937.5 (altmış altı min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat olmaqla ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (etibarnamə əsasında nümayəndəsi X3) əldə etməsi göstərilmişdir.

3. Hərrac təşkilatının hərracın yekunları barədə 01/03 nömrəli protokolun surətindən görünür ki, ipoteka predmetinin və onun mülkiyyətçisi İddiaçı1 məxsus Göygöl rayonu, Toğana kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı olan qiyməti 66937.5 (altmış altı min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat qiymətlə tələbkarın əldə etmək hüququnun bildirilməsi qeyd edilmişdir.

4. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 05 yanvar 2022-ci il tarixli müqavilənin surətindən görünür ki, “İxtisaslaşdırılmış Təşkilat” "xxxx" MMC-nin direktoru X4 və ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (etibarnamə əsasında nümayəndəsi X3) arasında İddiaçı1 məxsus Göygöl rayonu, Toğana kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (daşınmaz) əmlak barədə alqı-satqı müqaviləsi bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" KB ASC-yə, Cavabdeh1nə və Respublika Xammal və X6 Mərkəzi Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublika Xammal və X6 Mərkəzi Cavabdeh3 tərəfindən Göygöl rayonu, Toğana kəndində 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə keçirilən hərracın, onun nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Göygöl rayonu, Toğana kəndində 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə ipotekaya xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən iddiaçıların ünvanlarına məktub göndərilərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə Respublika Xammal və X6 Mərkəzi Cavabdeh3 tərəfindən keçirilmiş hərrac nəticəsində Göygöl rayonu, Toğana kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiyməti 66937.5 (altmış altı min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat olmaqla ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edilmişdir. "xxxx" KB ASC, Respublika Xammal və X6 Mərkəzi Cavabdeh3 və digərləri qanunsuz olaraq hərrac keçirmişlər və bununla da, iddiaçının və ailəsinin hüquqlarını kobud şəkildə pozmuşlar. Bir neçə dəfə hərrac keçirilmiş və keçirilən hərracların yeri və vaxtı barədə iddiaçılara hər hansı məlumat verilməmişdir. Bu səbəblərə görə iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

7. Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(066)-939/2022 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hərracın təşkilatçısı olan Respublika Xammal və X6 Mərkəzi Cavabdeh3 vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etməklə hərracın keçirilməsi olmuşdur. İşdən də müəyyən edilir ki, hərracın təşkilatçısı iddiaçılara məxsus əmlakın açıq hərracda satan zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 414.5, 415.1, 415.2, 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 41.3, 42.1 və 44-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(066)-939/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə gəlinmiş nəticə işin hallarına uyğun deyildir. Belə ki, “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat qanunsuzdur. Çünki hesabat tərtib olunarkən qiymətlndirici tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamış, mübahisəli obyektin qiyməti həmin tələblərə müvafiq əsaslandırma aparılmadan təyin edilmişdir. Qiymətləndirici daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilməmiş, əmlakın real dəyərinin müəyyən edilməsi üçün analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış və əmlakın bazar dəyəri qeyriobyektiv təyin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, bu iş üzrə hərrac keçirilmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 05 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən “İxtisaslaşdırılmış Təşkilat” "xxxx" MMC-nin direktoru X4 və ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (etibarnamə əsasında nümayəndəsi X3) arasında İddiaçı1 məxsus Göygöl rayonu, Toğana kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (daşınmaz) əmlak barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İş üzrə iddiaçılar və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 415.6. Əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

16. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunu 41.1 və 41.2-ci maddələrinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.5-ci maddəsinə əsasən, hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 42.3-cü maddəsinə görə, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

18. Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" KB ASC-yə, Cavabdeh1nə və Respublika Xammal və X6 Mərkəzi Cavabdeh3nə qarşı hərracın onun nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir neçə dəfə hərrac keçirildiyini və keçirilən hərracların yeri və vaxtı barədə onlara hər hansı məlumat verilmədiyini, hərrac nəticəsində Göygöl rayonu, Toğana kəndində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətinin 66937.5 (altmış altı min doqquz yüz otuz yeddi manat əlli qəpik) manat olmaqla ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edildiyini bildirmişdir. Cavabdehlər qanunsuz olaraq hərrac keçirmişlər və bununla da, iddiaçının və ailəsinin hüquqlarını kobud şəkildə pozmuşlar. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, hərracın təşkilatçısı iddiaçılara məxsus əmlakın açıq hərracda satan zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etmişdir. İş materialları ilə müəyyən olunur ki, Gəncə Apelyasiya Məhkəməsinin 1(104)-42/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh1nə qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. Nəticəsi mübahisələndirilən əmlak isə həmin icra sənədi əsasında hərraca çıxarılmış və hərrac keçirilmişdir. İddiaçılar iddia ərizəsində, eləcə də apellyasiya şikayətinin dəlillərində hərracın qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyini bildirsə də bunun konkret nədən ibarət olmasını və hər hansı sübutu təqdim etməmişlər. Başqa cür desək, əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçılar xəbərdar edilmiş, onlara yazılı bildirişlər göndərilmişdir.

22. Kollegiya aparılmış araşdırmalar nəticəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

23. Belə qənaətə gələrkən məhkəmə kollegiyası hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

24. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

25. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iş üzrə iddiaçı tərəf apellyasiya şikayətində şikayətinin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yuxarıda qeyd olunan normaların tələbləri çərçivəsində qəbul edilməmiş və bu da, qətnamənin ləğv edilməsi üçün əsas verir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

28. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzə Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(066)-939/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar