Məhkəmə qərarları › İş №2(104)-108/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-108/2023

18.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-108/2023 18.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: gediş-gəliş yolunun açılması və qanunsuz tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)- 2073/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir.

2. Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(062)-2656/2018 saylı qətnaməsindən görünür ki, X4 Cavabdeh və X2 qarşı Qovlar şəhəri Vağzal küçəsi ev 56, mənzil 1 saylı evdən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir.

3. Tovuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(062)-1189/2019 saylı qətnaməsindən görünür ki, X4 Cavabdeh və X2 qarşı yolun açılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir.

4. Gəncə Apelyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(104)-3953/2019 nömrəli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(062)-1189/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-362/2023 nömrəli qərardadından görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-480/202 nömrəli qərarının ləğv edilməsi, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh) daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunun açılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun (həm maşın həm piyada üçün nəzərdə tutulan yol) açılmasına və həmin yolda tikilən qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 2 ünvanda yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evi mövcuddur. Hazırda həmin mülkiyyətinə o gedib-gələ bilmir. Buna səbəb plan-xəritə üzrə verilmiş yolun cavabdehin öz başına yolu qanunsuz bağlaması və zəbt etməsidir. Ev üçün hər hansı bir kommunal iş üçün mən evimə hər hansı bir əşyanı apara bilmirəm, heç öz avtomaşınımlada evə gedə bilmir. Yəni cavabdeh yolu bağlayıb o avtomobili bağ yolunda saxlayıb getmək məcburiyyətindədir. Həmçinin, cavabdeh gediş gəliş yolunda qanunsuz tikintidə (hazırda qanunsuz olaraq çayçı kimi istifadə edir) edir. Hesab edir ki iş üzrə tikinti torpaq, plan ölçü və yol ekspertiza təyin edilməlidir.

8. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2073/2023 nömrəli qətnaməsi (hakim Qafil Baxşıyev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 82.3, 77.1, 88 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2073/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun mülkiyyətində olan daşınmaz əmlaka qarşı gediş-gəliş yolunun (həm piyada, həm də maşın üçün nəzərdə tutulan yolun)açılması və qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi tələbi əvvəllər həmin işə qəbul edilmiş və ona qətnaməyə əsaslanaraq təmin edilməmişdir. Onun iddia tələbi əvvəllər məhkəmə qətnaməsi olduğu üçün təmin edilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

29. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2073/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Beləliklə, işin halları ondan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı cavabdeh tərəfindən bağlanmış yolun açılmasını istəyir.

40. Belə ki, Tovuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(062)-1189/2019 nömrəli qətnaməsindən görünür ki, X4 Cavabdeh və X2 qarşı yolun açılması və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir.

41. Gəncə Apelyasiya Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(104)-3953/2019 nömrəli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(062)-1189/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

42. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsində işin faktik halları kimi müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməməklə yanaşı, iddiaçının mübahisə etdiyi tikili dəmir yoluna məxsus olmaqla, icarə müqaviləsi əsasında cavabdehlər tərəfindən istifadə edilir. Belə olan vəziyyətdə cavabdehlər tərəfindən yolun zəbt edilməsindən və qanunsuz müdaxilədən söhbət belə gedə bilməz.

43. Yəni, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hazırda iddiaçı tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gedişgəliş yolunun cavabdeh tərəfindən tutulması müəyyən edilməmişdir.

44. Bu hal hazırki iddiaya həlledici təsir edir. Çünki, Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

45. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

46. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır.

47. Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir .

48. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

49. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarı).

50. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddiaçının mənzili üçün nəzərdə tutulan gediş-gəliş yolunun evi 5,70 metr olduğunu bildirmiş və həmin yolun tutulmadığını göstərmiş, iddiaçı isə cavabdehin həmin göstərdiyi halları mübahisələndirməmişdir. Hazırkı iddianın predmetinə aid edilən – ünvan 1 ünvanda yerləşən mənzilə gediş-gəliş yolunun cavabdeh tərəfindən bağlanması barədə faktların predusiallığı qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmişdir və həmin halın yenidən mübahisələndirilməsini mülki prosessual qanunvericilik tərəflərə (həmin işdə və hazırkı işdə olan şəxslərin subyekt tərkibi eyni olmuşdur) qadağan etmiş və həmin halın sübut edilməsinə ehtiyac qalmır.

51. Azərbaycan Respublikasının MPM-in 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.

53. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı üçüncü şəxs Cavabdeh adına aparılmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi barədə tələbi təmin edilməmiş və göstərilən qətnamə qanuni qüvvəsini almışdır.

54. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-362/2023 nömrəli qərardadından görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 480/202 nömrəli qərarının ləğv edilməsi, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh) daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır.

55. Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

56. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir.

58. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

61. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2073/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar