Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1089/2023 11.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ açar sözlər: (mənzildən çıxarılma barədə) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı nümayəndələri X7 və vəkil X5, Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər bildirirlər ki, mübahisə edilən evin alqı-satqısına görə aralarında razılaşma olmuş və Cavabdeh 2014-cü ildə həmin evə görə, ev sahibinə 50.000 ABŞ dolları verərək, həmin vaxtdan evə köçərək, ailə üzvləri ilə orada yaşamışlar. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, xx.xx.1960–cı il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. X2 onun bacısı olmuşdur. 2014–cü ildə mərhum bacısı X1 şəhərində yerləşən evini satmaq istəmişdir. Onun həmin evin alqı–satqısında birbaşa iştirakı olmamışdır. Sadəcə olaraq evin satışından əldə edilmiş 50000 (əlli min) ABŞ dolları məbləğində pul bankda onun adına depozit qoylmuş, o da həmin pulu sonradan bacına göndərmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X14 ifadəsində göstərmişdir ki, xx.xx.1949–cu il tarixdə Gürcustanda anadan olmuşdur. Mubahisəli evə dair alqı–satqı razılaşması 2014–cü ildə olmuşdur. Aralarında olan ilkin razılaşmaya əsasən evi 65000 (altmış beş min) ABŞ dolları məbləğində pula satmalı olmuşlar. Cavabdeh həmin məbləğin 50000 (əlli min) ABŞ dolları hissəsini ödəmiş, qalan 15000 (on beş min) ABŞ dolları hissəsini ödədikdən sonra evi sənədləşdirməyə razılaşmışlar. Lakin cavabdeh vədinə əməl etməmiş və qalan pulu ödəməmişdir. Bu səbəbdən də alqı–satqını rəsmiləşdirməmişlər. Gələcəkdə evi satıb Cavabdeh almış olduqları pulu da ödəyəcəklər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Könül Məmmədov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən sahəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdehin yaşadığı ev ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydiyyata alındığından, cavabdeh həmin evdə heç bir hüquqi əsas olmadan yaşamaqla, onun İddiaçı ilə birlikdə mübahisəli evdən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmadığından, həmin fərdi yaşayış evindən çıxarılmadır. Həmçinin Cavabdeh maddi ziyanla bağlı iddia qaldırmaq hüququ izah edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 157.2, Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarı və “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010–cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiya məhkəməsində icraat: b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli ev iddiaçının anası X6 məxsus olmuşdur. Həmin evin alqı-satqısını 2014-cü ildə 50.000 ABŞ dollarına razılaşaraq, həmin pulu X13 yaşayan bacısı X3 iştirakı ilə, evin sahibi Məhsəti Şabanovaya və onun qardaşı olan Nuru Quliyevə təqdim etmiş, Məhsəti Şabanovanın xahişi ilə bacısı Məlahət Quliyevanın adına ABB-nin Gəncə filialında adına əmanət kimi depozitə qoyulmuşdur. Səhərisi gün Məhsəti Şabanova və X21 gəlmişlər. Bütün qonşuları yığıb onu təqdim edib evi ona satdıqlarını bildirib evin sahibi kimi onu tanımaqlarını və onunla qonşuluq etmələrini elan edib nə evin açarını, nə də evin özünü ona təhvil vermədən getmişlər. X22 demişdir ki, Məhsəti Şabanova tələsik Rusiyaya qayıdır, onu yola salıb 2–3 günə gəlib evin açarlarını da, evi də təhvil verib alqı–satqını da rəsmiləşdirəcəyini demişdir. Sonra açarları tapa bilmədiyini deyib darvaza və qapıların kilidlərini kəsdirib evə girmələrini telefonla təklif etmişdir. Onlar maklerlə kilidləri kəsdirib evə daxil olanda məəttəl qalmışlar. Evin 2 giriş qapısından, quru divardan və yararsız dam örtüyündən başqa heç nəyi olmayan yarımçıq tikii olmuşdur. O, dərhal evin müqabilində ödədiyi 50000 ABŞ dollarını qaytarmasını tələb etsə də, Nuru Quliyev artıq pulun borc əvəzi ödənildiyini və qaytarılmasının mümkün olmadığını demişdir. Ona görə də, evin təmirinə əlavə 100.000 manatdan çox vəsait xərcləyib, 2014-cü ildən hazırkı vaxta qədər orada yaşayır.Məhsəti Şabanova onun verdiyi pul hesabına özünə Bakı şəhərindən və Gəncə şəhərindən ev almışdır. Gəncə Apellyasiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə üçüncü şəxs X10 iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, 2020–ci ilin yay aylarında iddiaçıların anaları Məhsəti Şabanova, ataları Murtuz Şabanov və dayıları Nuru Quliyev təklifləri ilə görüşmüşlər. Murtuz Şabanov təklif etmişdir ki, onun evə görə ödədiyi 50000 ABŞ dollarını evi sataraq qaytaracaq, o da evi qaytarsın. O da təklif etmişdir ki, ödədiyi 50000 ABŞ dollarından əlavə, apardığı təmir-tikinti işlərini də, qiymətləndirib, sonra evi satsınlar, hər kəsə düşən faiz nisbətində bölsünlər. Lakin onun təklifini qəbul etmişlər . Hazırda 4 nəfər ailə üzvüləri ilə həminm evdə yaşayırlar və başqa yaşayış yerləri yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi olna bacısı X15 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə hüquqlarını təmsil etdiyi şəxs İddiaçı adına qeydiyyata alınmışdır. Həmin evi mərhum anası 2014–cü ildə qohumları Nuru Quliyev və makler vasitəsi ilə Cavabdeh 65.000 ABŞ dollarına satmaqla bağlı razılaşmış və cavabdeh tərəfindən 50.000 ABŞ dolları məbləği mərhum anasının razılığı ilə xalasının bank hesabına depozitə qoyulmuş, sonra isə mərhum anası tərəfindən qəbul edilmişdir. Onların razılaşması zamanı evin sənədi olmamışdır. Cavabdehin 15.000 ABŞ dolları borcu qalsa da, həmin pulu bu günə dədər ödəməmiş və bu səbəbdən evi cavabdehin adına sənədləşdirməmişlər. Evi gələcəkdə satdıqdan sonra, cavabdehin ödədiyi pulu qaytaracaqlar. Cavabdeh 2014-cü ildən həmin evdə yaşayır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkil X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. . Apellyasiya baxışının hədləri: MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdiyindən, yəni şikayət qətnamənin bütövlükdə ləğv edilməsinə yönəldildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 nömrəli qətnaməsinin ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı mübahisəli evin üzərində mülkiyyət hüququna istinad edərək, həmin evdən cavabdehin çıxarılmasını tələb edir. Cavabdeh isə, mübahisəli evi 2014-cü ildə 50.000 ABŞ dollarına alaraq, həmin vaxtdan ailə üzvləri ilə orada yaşamalarını və evi əsaslı təmir etdirərək, 100.000 manatdan çox vəsait xərclədiyini bildirərək, həmin evdən çıxarılmasının qanunsuz olduğunu qeyd edir. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin yaşadığı ev ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydiyyata alındığından, cavabdeh həmin evdə heç bir hüquqi əsas olmadan yaşamaqla, onun İddiaçı ilə birlikdə mübahisəli evdən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmadığından, həmin fərdi yaşayış evindən çıxarılmadır. Həmçinin Cavabdeh maddi ziyanla bağlı iddia qaldırmaq huququ izah edilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, yaşayış evinin mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası həmin evə köçdükdə, mülkiyyətçinin öz hüququnun müdafiəsinə dair ( cavabdehin çıxarılması və evin geri qaytarılması və s.) iddia qaldırmaq imkanları qanunla tanınır. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə evə köçmə mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan evin mülkiyyətçisinin razılığı əsasında ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (ev mülkiyyətçisinin ora köçən şəxsdən evin alqı-satqısına görə pul alması, onun köçərək həmin evdə uzun müddət heç bir etiraz olmadan yaşamasıvə s.). Bununla belə, ev mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, evə alqı-satqı razılaşması ilə köçürdüyü şəxsin çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsaiti verməklə evə köçmüş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin razılığı ilə evə köçmüş şəxsin çıxarılacağı halda mülkiyyətçinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mümkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (Əsassız varlanma) Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.(Maddə 157) O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşya üçün əldə etdiyi əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. (Maddə 561.1) Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin ödədiyi və çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Kollegiya onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin ödənişi və çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tcavabdehin evdən çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. (Maddə 152.5) Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Maddə 16.1, 560) Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli evin alqı-satqısı ilə bağlı razılaşma əldə etmiş, həmin evə görə 2014-cü ildə 50.000 ABŞ dolları verərək, həmin vaxtdan ailə üzvləri ilə ora köçərək yaşayırlar və deməsinə görə, evi əsaslı təmir etdirərək, 100.000 manatdan çox vəsait xərcləmişdir. İddiaçı nümayəndəsi olan bacısı X15 da, həmin evin satması ilə bağlı razılaşma olduğunu, cavabdeh tərəfindən 50.000 ABŞ dolları məbləğin mərhum anasının razılığı ilə xalasının bank hesabına depozitə qoyulmasını və sonra isə mərhum anası tərəfindən qəbul edilməsini, evi gələcəkdə satdıqdan sonra, cavabdehin ödədiyi pulu qaytaracaqlarını bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid X8 X2nın onun bacısı olmasını, 2014–cü ildə mərhum bacısı X4 Şəmkir şəhərində yerləşən evini satmaq istədiyini, evin satısından əldə edilmiş 50000 (əlli min) ABŞ dolları məbləğində pulun bankda onun adına depozit qoylmasını və o da həmin pulu sonradan bacına göndərdiyini təsdiq etmiş, şahid X14 isə, (iddiaçının atası) 2014–cü ildə aralarında olan ilkin razılaşmaya əsasən evi 65000 (altmış beş min) ABŞ dolları məbləğində pula satdıqlarını, Cavabdeh həmin məbləğin 50000 (əlli min) ABŞ dolları hissəsini ödəməsini və gələcəkdə evi satıb Cavabdeh almış olduqları pulu da ödəyəcəklərini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 nömrəli qətnaməsi ləğv edilsin və və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1089/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1089/2023
11.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver