Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-109/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı2 (elecədə İddiaçı1, İddiaçı4 və Əliyeva (Səfərova) Sevinc Sətdar qızının etibarnamə üzrə nümayəndəsi) və onun vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Əliyeva (Səfərova) Sevinc Sətdar qızının Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 2(013)-3018/2021 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 Nail qızı, İddiaçı3, İddiaçı4 və Əliyeva (Səfərova) Sevinc Sətdar qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onlara məxsus Ağdam rayonu Rzalar kəndi ərazisində yerləşən 0,4031 ha torpaq sahəsinin 0,33 ha hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdam Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 2(013)-3018/2021 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilməyərək, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2 Nail qızı, İddiaçı3, İddiaçı4 və X4 aid olunması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı2 Nail qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçılar İddiaçı1, İddiaçı2 Nail qızı, İddiaçı3, İddiaçı4 və Əliyeva (Səfərova) Sevinc Sətdar qızı tələbini onunla əsaslandırmışlar ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 12 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışına əsasən Ağdam rayonu, Rzalar kəndində yerləşən 0,4031 ha torpaq sahəsinin 0,03662 ha hissəsi İddiaçı1, 0,01662 ha hissəsi İddiaçı2 Nail qızının, 0,11662 ha hissəsi İddiaçı3, 0,11662 ha hissəsi İddiaçı4 və 0,11662 ha hissəsi X3 xüsusi mülkiyyətidir. Lakin Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsinin 0,33 hissəsini zəbt etmişdir. Cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsələrdə, sonuncu bundan imtina etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı2 Nail qızı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Beləki, ekspert qarşısında suallar düzgün qoyulmamış və torpaq sahəsinin mövcud vəziyyəti aydınlaşdırılmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 (elecədə İddiaçı1, İddiaçı4 və Əliyeva (Səfərova) Sevinc Sətdar qızının etibarnamə üzrə nümayəndəsi) iddia ərizəsinin məzmununa və şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mülkiyyətlərində olan torpaq sahəsinin 0,33 ha hissəsini uzun müddətdir ki, cavabdeh zəbt etmişdir. İddiaçı2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 da iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. Sonuncular torpaq sahəsinin bir hisasəsini başqa şəxsə satmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı4 və Əliyeva (Səfərova) Sevinc Sətdar qızı məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 12 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Rzalar kəndində yerləşən 0,4031 ha torpaq sahəsinin 0,03662 ha hissəsi İddiaçı1, 0,01662 ha hissəsi İddiaçı2 Nail qızının, 0,11662 ha hissəsi İddiaçı3, 0,11662 ha hissəsi İddiaçı4 və 0,11662 ha hissəsi X3 xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 23 dekabr 2014-cü il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Rzalar kəndində yerləşən 0,29 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ağdam Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(013)-318/2021 nömrəli qətnaməsinin sürətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Nail qızı, İddiaçı3, İddiaçı4, X7 cavabdeh X6 qarşı cavabdehin onlara məxsus Ağdam rayonu, Rzalar kəndi ərazisində yerləşən 0,4031 ha torpaq sahəsinin 0,15 ha hissəsindən çıxarılması barədə iddia ərizəsi əsasız olduğundan təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(104)- 1936/2021 nömrəli qətnaməsinin sürətindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Ağdam Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(013)- 318/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 140, 146 maddələri və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4, 67-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçılar mülkiyyətlərində olan Ağdam rayonu Rzalar kəndində yerləşən 0,4031 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinın 0,33 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, apellyasiya icraati zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 12 dekabr 2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı1, İddiaçı2 Nail qızı, İddiaçı3, İddiaçı4 və X3 paylı mülkiyyətində olan Ağdam rayonu, Rzalar kəndində yerləşən 0,4031 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli 10/455 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən iddiaçı və cavabdehin iştirakı ilə hər iki tərəfin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada təyin edilərək iddiaçı və cavabdehin mülkiyyətlərinə verilən torpaq sahələrinə aid hüquqmüəyyənedici sənədlərin (plan ölçü, çıxarış) koordinatları, konfiqurasiyası, yerləşmə mövqeyi ilə naturadakı istifadəçilik arasında uyğunsuzluq və fərq olduğundan elektron məlumat bazasında mövcud TEKUİS-ə əsasən hər iki tərəfin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə müqayisələndirilmişdir. Nəticədə məluma olmuşdur ki, cavabdeh iddiaçıların mülkiyyətinə verilən 0,4031 ha torpaq sahəsindən istifadə etmir. Göründüyü kimi ekspert rəyi ilədə iddiaçıların paylı müılkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması sübut olunmur. Kollegiya ekspert rəyini digər subutlarla birlikdə qiymətləndirərək hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunması sübut olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2. maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli 10/455 nömrəli rəyə əlavə etdiyi ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 0s13601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384., 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 2(013)-3018/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 0s13601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-109/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-109/2023
13.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver