Məhkəmə qərarları › İş №2(104)-109/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-109/2025

04.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-109/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə Açar sözlər: yazılı alqı-satqı müqaviləsi; əqdin sonradan bəyənilməsi; Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(021)-416/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 04 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağa mülkiyyət hüququna dair JN-0028 KOD 61007028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu İmamqulubəyli kənd sakinləri X3, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətinə 1.21 ha torpaq sahəsi verilmişdir;

2. Torpağa mülkiyyət hüququna dair JN-0029 KOD 61007028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu İmamqulubəyli kənd sakinləri Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə 0.60 ha torpaq sahəsi verilmişdir;

3. X3 tərəfindən verilmiş iltizamdan görünür ki, o, adlarına olan 1.20 ha pay torpağını İddiaçı satdıqdan sonra onun tərəfindən hər hansı narazılıq olarsa, həmin gün aldığı pulu Firdovsiyə qaytaracağı barədə iltizam yazmaqla imza etmiş, məsuliyyəti öz üzərinə götürmüşdür;

4. İltizamdan görünür ki, Bərdə rayonu İmamqulubəyli kənd sakini Cavabdeh4 Aydin oğlu adına olan 0.60 ha pay torpağını İddiaçı satdıqdan sonra onun tərəfindən hər hansı narazılıq olarsa, həmin gün aldığı pulu Firdovsiyə qaytaracağı barədə iltizam yazmaqla imza etmiş, məsuliyyəti öz üzərinə götürmüşdür;

5. İltizamdan görünür ki, Bərdə rayonu İmamqulubəyli kənd sakini Cavabdeh5 onlara məxsus 0.60 ha pay torpağı İddiaçı satdıqdan sonra onun tərəfindən hər hansı narazılıq olarsa həmin gün aldığı pulu Firdovsiyə qaytaracağı barədə iltizam yazmaqla imza etmiş, məsuliyyəti öz üzərinə götürmüşdür;

6. İltizamdan görünür ki, Bərdə rayonu İmamqulubəyli kənd sakini Cavabdeh1 onlara məxsus 1.20 ha pay torpağı İddiaçı satdıqdan sonra onun tərəfindən hər hansı narazılıq olarsa həmin gün aldığı pulu Firdovsiyə qaytaracağı barədə iltizam yazmaqla imza etmiş, məsuliyyəti öz üzərinə götürmüşdür;

7. Bərdə rayon Zümürxan icra nümayəndəliyi tərəfindən təsdiq olunmuş yazılı aktdan görünür ki, 1,80 ha torpaq sahəsi 3.3000,000 manata satılmasına dair tərəflər razılaşmışlar;

8. Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir;

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-1030/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və üçüncü şəxslər Bərdə regional “ASANXidmət” Mərkəzində Notariat Ofisinə, Maraqlı şəxs və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(021)- 3137/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması; İddianın təmin edilməsi; Bərdə regional “ASAN-Xidmət” mərkəzinin notariat ofisində X2, Cavabdeh3 və Cavabdeh1 ilə Maraqlı şəxs arasında bağlanmış 1.20 ha torpaq sahəsinin alqı-satqısı barədə 22 iyun 2022-ci il tarixli, 4 Ə-1156 saylı reyestrli daşınmaz əmlakın alqı-satqısı, Cavabdeh4 və Cavabdeh5 ilə Maraqlı şəxs arasında 0,60 ha torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, 4 Ə-832 saylı müqavilələrin etibarsız hesab edilməsi; Həmin müqavilələr əsasında 1,20 ha torpaq sahəsinin Maraqlı şəxs adına rəsmiləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyatı və 0,60 ha torpaq sahəsinin Maraqlı şəxs adına rəsmiləşdirilməsi barədə xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi; Ödənilmiş 100 (yuz) manat dövlət rusumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir;

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 4056/2023 nömrəli qərarından görünür ki, Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi; Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1030/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır;

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 4/1905 nömrəli ekspert rəyindən görünür ki, mülki işin İ cildinin 212-ci vərəqində olan 2/V – 2001-ci il tarixli iltizamın sonunda “Имза Ваваjева” qrafasındakı “Заhивə” yazısı və İ cildin 215-ci vərəqində olan 02 may 2001-ci il tarixli aktda “6. 3.Ваваjева” qrafasındakı “Заhибə” yazısı Cavabdeh5 tərəfindən icra edilmişdir; Ekspertizaya təqdim edilmiş mülki işin İ cildinin 212-ci vərəqində olan 2/V-2001-ci il tarixli iltizamdakı yazılar (“Заhибə” yazısından başqa) Cavabdeh5 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinin ona satılmasına dair cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin 02 may 2001-ci il tarixdə bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə JN 0029, JN 0028 olmaqla, KOD 61007028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu İmamqulubəyli kənd sakinləri Cavabdeh1 Aydin oğluna, Cavabdeh2 Aydin qızına , Cavabdeh3 Aydin qızına , Cavabdeh4, Cavabdeh5 verilmiş müvafiq olaraq 0.60 ha və 1.20 ha olmaqla, cəmi 1.80 ha pay torpağını razılaşmaya əsasən 3300.000 manata ona satılması barədə Bərdə rayon Zümürxan kənd icra nümayəndəliyi tərəfindən 02 may 2001-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akt torpaq sahibləri və o imza etdikdən sonra icra nümayəndəsi tərəfindən möhürlənərək təsdiq edilmişdir. X3 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X1 və cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3 Aydin qızı, Cavabdeh4, Cavabdeh5 arasında ümumilikdə 1.20 sot pay torpağın alqı-satqısı barədə razılaşmaları akt şəklində rəsmiləşmiş, həmin torpaq sahəsinin dəyəri onun tərəfindən tam olaraq cavabdehlərə ödənilmişdir.

14. Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(021)-416/2022 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3 Aydin qızı , Cavabdeh4 və Cavabdeh5 arasında olan alqı-satqı müqaviləsinin 02 may 2001-ci il tarixindən bağlanmış hesab olunması; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Aydin oğlundan, Cavabdeh2 Aydin qızından, Cavabdeh3 Aydin qızından, Cavabdeh4 və Cavabdeh5 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini 24 iyun 2005-ci il 949-İİQD nömrəli Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin redaksiyadan çıxarılmış 335-ci maddəsnə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

16. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxılmasının vaxtı və yeri barədə məlumatı olmamış, bununla da tərəflər arasında çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. Dörd nəfər ailə üzvü ilə birlikdə ona Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 1,20 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli 4-Ə1156 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına özgəninkiləşdirilmiş və sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, Qazax Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2002-ci il tarixdə həbsdən azad edilmişdir. 1998-2003-cü illərdə Bərdə rayonu Zümürxan (İmamqulubəyli kəndi daxil) kənd icra nümayəndəsi İddiaçı qardaşı olmuşdur. Qardaşının kənd icra nümayəndəsi olmasından sui-istifadə edən İddiaçı həbsdə olduğu halda ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin guya alqı-satqısı barədə saxta müqavilə tərtib etmiş və qardaşının möhüründən istifadə edərək özü üçün mülkiyyət formalaşdırmışdır. Həbsdə olduğu halda, iddiaçının özünün tərtib etdiyi saxta alqı-satqı müqaviləsindəki imza ona məxsus ola bilməz.

19. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsini Maraqlı şəxs satdıqdan sonra Bərdə rayonundan köçüb, hazırda Abşeron rayonunda kirayədə yaşamışdır. Ona 2 nəfər ailə üzvləri ilə birlikdə Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə JN 0029, JN 0028 olmaqla, KOD 61007028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 0,60 ha torpaq sahəsi verilmişdir və xx.xx.2021- ci il tarixli 4Ə-832 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Maraqlı şəxs adına özgəninkiləşdirilmiş və hətta sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə Maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 1998-2003-cü ilərdə Bərdə rayonu Zümürxan (İmamqulubəyli kəndi də daxil) kənd icra nümayəndəsi hazırki iş üzrə İddiaçı qardaşı olmuşdur. Qardaşının kənd icra nümayəndəsi olmasından sui-istifadə edən İddiaçı onlara verilmiş torpaq sahəsinin guya alqı-satqısı barədə saxta müqavilə tərtib etmiş və qardaşının möhüründən istifadə edərək özü üçün mülkiyyət formalaşdırmışdır. Hazırki iddiaya məhkəmədə baxılmasından məlumatı olmamışdır. Əgər məlumatı olsa idi, onda məhkəmədə iştirak edib narazılığını bildirərdi. Mübahisəli torpaq sahəsi Maraqlı şəxs satıldığından qətnamə ləğv edilməlidir.

c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

20. İddiaçı apellyasiya şikayətlərinə etiraz verərək qeyd etmişdir ki, mübahisəsi gedən 1.80 ha torpaq sahəsini cavabdehlərdən satın almışdır. 2001-ci ildən də torpaq sahəsi onun istifadəsindədir. Həmin vaxtlar pay torpaq sahələrinin notariat qaydada alqısatqısı mümkün olmadığından şahidlərin iştirakı ilə kənd icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş akt əsasında torpaq sahəsini almışdır. Cavabdehlər müxtəlif bəhanələr gətirərək onunla alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmişlər. O da məcbur olub məhkəməyə müraciət etmişdir. Daha sonra torpaq sahəsini öz adına qeydə aldırmaq üçün daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət etmiş və 0.60 ha torpaq sahəsi onun adına qeydə alınmışdır Lakin, cavabdehlər torpaq sahəsinin qalan hissəsini başqa şəxsə satdığından həmin hissəni öz adına qeydə aldıra bilməmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin İddiaçı satılmasından məlumatı olmamışdır. Qaynı Cavabdeh1 həbs olunmuş, bu səbəbdən də qaynanası torpaq sahəsini İddiaçı icarəyə vermişdir. Beləliklə, torpaq sahəsinin icarəyə verilmiş olduğunu bilmişdir. 2022-ci ildə qaynı Cavabdeh1 həmin torpaq sahəsinin satılması üçün ondan etibarnamə istəmiş, o da bununla razılaşmışdır. Qaynı Cavabdeh1 torpağın satışından əldə olunan vəsaitdən ona da 2000 manat vermişdir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh5 bildirmişdir ki, onun adından tərtib edilmiş 02 may 2001-ci il tarixli iltizam əslində onun tərəfindən icra edilməmişdir.

22. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin ona aid olan hissəsini iddiaçıya satmamışdır. Çünki, iddiaçının torpağın satıldığını iddia etdiyi vaxt həbsdə olmuşdur. Cəza çəkmə müəssisəsindən çıxandan sonra torpaq sahəsindən istifadə etmiş, bir müddət sonra pula ehtiyacı yarandığı üçün torpağı Elvin adlı şəxsə satmışdır. Həbsdə olduğu müddətdə ailə üzvləri torpaq sahəsini 25 il müddətinə iddiaçının icarəsinə vermişlər. Torpaq sahəsini satandan sonra ona məlum olmuşdur ki, onun xəbəri olmadan torpaq sahəsi iddiaçıya satılıb. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, ümumilikdə 6-7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 1998-ci ildə həbs edilmiş, 2002-ci ildə həbsdən azad edilmişdir. Bundan 3-4 ay sonra yenidən cinayət törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra bir müddət Bakı şəhərində yaşamışdır. Hal-hazırda Goranboy rayonunda yaşayır və ticarətlə məşğul olur. Evə qayıdandan sonra anasıgil ona demişlər ki, torpağı Firdovsiyə “3000 manata” 25 illik icarəyə veriblər. İcarəyə görə verilən pul ailə üzvləri tərəfindən, o, həbsdə olan müddətdə ona baş çəkmək üçün xərclənib. İddiaçının torpağın icarəsinə görə pulu kimə verdiyini bilmir. Torpaq sahəsini 2021-ci ildə Firdovsidən geri almış və oradan bir neçə ay müddətində istifadə etmiş, sonra da torpağı Elvin adlı şəxsə satmışdır. Əgər torpaq sahəsini Firdovsi almışdısa, o, torpaq sahəsini geri alanda niyə iddiaçı torpağı aldığını demirdi. İddiaçı torpaq sahəsini ona satmağını istəmiş, lakin təklif etdiyi məbləğ az olduğu üçün razılığa gələ bilməmişlər. Torpaq sahəsinə dair dövlət aktı onlarda olmuşdur. 4-5 il qabaq iddiaçı Dövlət aktını onlardan almış, torpaqla bağlı lazım olduğunu demiş, sonra geri qaytarmamışdır və həmin sənədin guya onlar tərəfindən itirildiyini iddia etmişdir. Kənd icra nümayəndəsi iddiaçının qardaşı olmuşdur, həmin şəxs vəfat edib. Onlar qardaş olduqları üçün 1.80 ha pay torpağını razılaşmaya əsasən 3.300000 manata iddiaçıya satılması barədə Bərdə rayon Zümürxan kənd icra nümayəndəliyi tərəfindən 02 may 2001-ci il tarixdə akt tərtib edilmişdir. Torpaq sahəsini Elvin adlı şəxsə 2020-ci ildə satmışdır.

23. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 02 may 2001ci il tarixli aktın hansı məqsədlə tərtib edildiyini bilmir, çünki həmin vaxt həbsdə olmuşdur. Həbsdən çıxandan sonra anasıgil ona demişlər ki, torpaq sahəsini iddiaçıya icarəyə veriblər. Evinə qayıtdıqdan sonra iddiaçını torpaq sahəsində görmüş və ondan torpaqdan çıxmasını tələb etmişdir. Bundan sonra təxminən 1 il müddətinə torpaqdan istifadə etmiş, həmin müddətdə iddiaçı buna hər hansı etiraz bildirməmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, torpaqda 1 il müddətində mal-qara otarmış, sonra da torpağı satmışdır. Onda olan məlumata görə iddiaçı onun anasına torpağın icarə haqqını birdəfəlik vermişdir. Torpağa dair dövlət aktını iddiaçıdan tələb etmiş, lakin sonuncu aktı ona qaytarmaqdan imtina etmişdir. Bundan sonra o dövlət aktını yenidən bərpa etdirmişdir. O, iddiaçıya hər hansı torpaq sahəsi satmamışdır.

24. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərini qəbul etməyərək izahatında bildirmişdir ki, 2000-2001-ci illərdə torpaq sahəsi almaq fikrində olmuşdur. Həmin vaxt qardaşı kənd icra nümayəndəsi vəzifəsində işləmişdir. O vaxtlarda da Cavabdeh1 məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmişdi. Onun anası və qardaşı Cavabdeh4 icra nümayəndəsi olan qardaşına yaxınlaşaraq qardaşından özlərinə məxsus torpaq sahəsini satmaq üçün onlara kömək etməsini və həmin torpağın ona satılmağını təklif etməsini xahiş etmişlər. Hətta onlar onun özünə də həmin təklifi etmişlər. O da bilirdi ki, Gündüzün yanına gedib-gəlmək üçün pula ehtiyacları var, ona görə də onların təklifi ilə razılaşmış, torpağın alqı-satqısı üçün o vaxtkı pulla “3 paçka şirvan” vermişdir. Gündüzün ailə üzvləri də bunun müqabilində torpağa dair dövlət aktını ona vermişlər. Gündüz həbsdən çıxanda torpaq onun sahiblik və istifadəsində olmuş və Gündüz buna hər hansı etiraz bildirməmişdir. Çünki, o bilirdi ki, ailə üzvləri torpağı ona satıblar. Lakin bir müddətdən sonra Gündüz onunla həmin torpağa görə mübahisə etməyə başlamış və ondan torpağı geri tələb etmişdir. Verilmiş suallara cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehlərdən ümumilikdə 1.80 ha torpaq sahəsi almışdır. Akt imzalananda qardaşı Cavabdeh4, onun anası, Cavabdeh5 və Cavabdeh3 orada olmuşlar. Cavabdeh5 «imza edə bilmirəm» dediyindən imza yerinə öz adını yazdı. Ona bildirmişlər ki, Gündüzə imzanı anası cəzaçəkmə müəssisəsində çəkdirib. Torpağa görə verilən subsidiyanı özü almışdır. Şakir Əzizov onun qardaşıdır, alqı-satqı aktı tərtib edilən vaxt o, kənd icra nümayəndəsi olmuş və akt onun iştirakı ilə tərtib edilmişdir. Torpağın alqı-satqısına görə pulu Gündüzün anasına və qardaşı Təbrizə vermişdir. Gündüz həbsdə olduğu üçün onun torpağın satılmasına razı olub-olmadığını bilməmişdir, lakin anası demişdir ki, Gündüz də razıdır və aktı Gündüzə imzalatdıracaq.

25. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 1998-ci ildən 2002-ci ilə qədər həbsdə olmuşdur. Həbsdən çıxdıqdan 3-4 ay sonra yenidən məhkum olunmuş və 2005-ci ildə həbsdən azad edilmişdir. Həmin torpaq sahəsi Elvinə satıldıqdan 2 il əvvəl torpağı istifadə etməmişdir. Həbsdən çıxanda torpağın ona icarəyə verdiklərini bildirmişlər. Torpağın sənədlərini tələb etsə də, sənədlərin olmadığını bildirmişlər. Bundan sonra torpağın sənədlərinin axtarışına başlamış və torpaq şöbəsinə müraciət etmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, İddiaçı ona torpağın ona icarəyə verildiyini bildirmişdir. Həbsdən çıxdıqdan sonra yaşadıqları kəndə gəlmiş, bir müddət orada yaşadıqdan sonra Rusiya Federasiyasına getmişdir. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycana qayıtmışdır. Heç kimə torpaq satmamışdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, biinci instansiya məhkəməsinin qətnaəsinin ləğv edilməsini və iddia tələbinin təmin eidlməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Gəncə şəhəri 5 saylı notariat ofisi məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. 27 iyun 2005-ci il 949-İİQD nömrəli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: Maddə 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır; Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi təmin edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayəti vermişlər. Digər cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirməmişlər, bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh5 münasibətdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 04 may tarixli 05 saylı qərarı ilə X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bərdə rayonu İmamqulubəyli kəndində yerləşən 1,20 ha torpaq sahəsi ayrılmışdır. Bərdə rayonu Aqrar İslahat Komissiyasının eyni qərarı ilə Cavabdeh4 və Cavabdeh5 həmin kənddə yerləşən 0,60 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2001-ci il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adlarına olan 1.80 ha torpaq sahələrini sadə yazılı aktla İddiaçı 1 3.3000,000 manata satmaqla bağlı razılığa gəlmiş və torpaq sahəsini ona faktiki təhvil vermişlər. Bu barədə Bərdə rayon Zümürxan icra nümayəndəliyi tərəfindən təsdiq olunmuş yazılı akt tərtib edilmişdir. Eyni zamanda, torpağın ümumi birgə mülkiyyətçiləri X3, Cavabdeh4 Aydin oğlu və Cavabdeh5 onlara məxsus pay torpaq sahələrinin İddiaçı satdıqdan sonra onlar tərəfindən hər hansı narazılıq olarsa həmin gün aldığı pulu Firdovsiyə qaytaracaqları barədə iltizam yazmışlar və məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin, tərəflər arasında torpaq sahəsinin alqısatqısına dair notariat qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Ona görə də satıcı İddiaçı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bu qətnamənin 38-ci bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh5 aid hissədə yoxlanılır.

41. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

42. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).

43. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

44. İşdəki sənədlərdən aydın olur ki, xx.xx.2001-ci il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adlarına olan 1.80 ha torpaq sahələrini sadə yazılı aktla İddiaçı 3.3000,000 manata satmaqla bağlı razılığa gəlmişlər və torpaq sahəsini ona faktiki təhvil vermişlər. Həmin akt adları qeyd olunan şəxslər tərəfindən imza edilmişdir.

45. Cavabdeh5 torpaq sahəsinin alqı-satqı aktındakı imzanın onun tərəfindən icra edilmədiyini bildirmişdir; Bu əsasla apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 4/1905 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin İ cildinin 212-ci vərəqində olan 2/V – 2001-ci il tarixli iltizamın sonunda “Имза Ваваjева” qrafasındakı “Заhивə” yazısı və İ cildin 215-ci vərəqində olan 02 may 2001-ci il tarixli aktda “6. 3.Ваваjева” qrafasındakı “Заhибə” yazısı Cavabdeh5 tərəfindən icra edilmişdir.

46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin redaksiyadan çıxarılmış 335.2-ci maddəsində deyilirdi ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur.

47. Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar müəyyən edilməlidir. -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı, - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

48. Göründüyü kimi, hazırkı iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə iddiaçının iddia etdiyi 02 may 2001-ci il tarixli sadə yazılı alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh5 məxsus olması müəyyən edilmiş, eyni zamanda İddiaçı mübahisə edilən torpaq sahəsinin alğı-satqısı ilə bağlı notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, həmin əmlakı satıcılardan qəbul edərək, əmlaka vicdanlı sahib kimi 20 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Belə olduğu tərdirdə isə müqavilənin bağlanmış hesab edilməsi ilə bağlı yoxlanılan hissədə iddianın təmin edilməsi qanuni əsaslara söykənir.

49. Bununla yanaşı, işdəki sənədlər əsasında həmçinin məlum olur ki, torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2001-ci il tarixli akt 1.20 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən icra edilməmişdir. Eyni zamanda Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində və apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclaslarında israrla «torpaq sahəsinin ona aid olan hissəsini iddiaçıya satmamışdır, iddiaçının torpağın satıldığını iddia etdiyi vaxt həbsdə olmuşdur, torpaq iddiaçıya icarəyə verilmişdir» deyə arqumentlər irəli sürmüşdür.

50. Məhkəmə kollegiyası işin müəyyən edilmiş və faktiki hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək belə qənaətə gəlir ki, Cavabdeh1 1.20 ha torpaq sahəsinin birgə mülkiyyətçisi kimi alqı-satqı münasibətlərində iştirak etməsə də, lakin əqdin mövcudluğu barədə daha da əvvəldən məlumatlı olmuş və onu mübahisələndirməmiş, beləliklə də əqdin onun tərəfindən bəyənildiyini bariz şəkildə nümayiş etdirmişdir.

51. Belə ki, Cavabdeh1 apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclaslarında verdiyi izahata əsasən müəyyən olunur ki, o, 1998-ci ildə məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş və 2002-ci ildə həbsdən azad edilmişdir. Həbsdən azad edilən zaman da ailə üzvləri ilə birgə yaşadıqları kəndə gəlmiş və bir müddət orada yaşamışdır. Bu hal isə ona dəlalət edir ki, Cavabdeh1 həmin vaxtdan mübahisəli torpaq sahəsinin İddiaçı satılmış olmasından məlumatlı olmuşdur. Bunun əksinə olması, yəni Cavabdeh1 torpaq sahəsinin iddiaçıya satılmış olmasından məlumatsız qalması ağlabatan hal deyildir. Çünki, Cavabdeh1 2002-ci ildə mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi və ailə üzvlərinin yaşadığı kəndə qayıdan zaman artıq həmin torpaq sahəsi birgə mülkiyyətçiləri olan ailə üzvləri tərəfindən iddiaçıya satılmış və torpağın iddiaçının sahiblik və istifadəsinə keçməsi ilə əlaqədar onların həmin torpaq sahəsi ilə hər hansı əlaqələri (bağlılıqları) qalmamışdı. Bununla belə, Cavabdeh1 2002-2003-cü illərdə yenidən 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Lakin, o, yenə də azadlığa çıxdıqdan sonra yaşadıqları kəndə qayıtmışdır. Cavabdeh1 cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir müddət Bakı səhərində işləməsi, daha sonra Rusiya Federasiyasına gedib orada yaşaması səbəblərindən torpaq sahəsinin satılmış olmasından məlumatsız qaldığı barədə arqumentlər irəli sürmüş olsa da, bu arqumentlər də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, torpaq sahəsinin alqı-satqı aktı 2001-ci ildə bağlanmış və həmin vaxtdan mübahisə predmeti olan torpaq sahəsi iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Buna baxmayaraq, sonuncunun ötən 20 ilə yaxın müddət ərzində mübahisəli torpaq sahəsinə dair hər hansı mübahisəsinin olması iş materialları ilə müəyyən olunmamış və bu barədə hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Cavabdeh1 yalnız torpaq sahəsinə dair 2021-ci ildə, yəni torpaq sahəsi satıldıqdan 20 il sonra mübahisə açmış, torpağı iddiaçıdan geri tələb etmişdir. İşin qeyd olunan halı isə onu deməyə əsas verir ki, Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair bağlanmış akta imza etməsə də, lakin həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri tərəfindən iddiaçıya satılmasından daha da əvvəldən məlumatlı olmuş uzun müddət ərzində bunu mübahisələndirməmiş və beləliklə həmin alqı-satqının onun tərəfindən bəyənildiyini bariz şəkildə nümayiş etdirmişdir.

52. Məhkəmə kollegiyası həmçinin Cavabdeh1 “mübahisəli torpaq sahəsinin iddiaçıya satmadıqları və sadəcə 25 il müddətinə icarəyə verilmiş olmaları barədə dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, Cavabdeh1 bu dəlilləridə əsassızdır. Ona görə ki, işin hallarından göründüyü kimi torpaq sahəsinə dair tərəflər arasında icarə müqaviləsi bağlanmamışdır. Eyni zamanda iddiaçı Cavabdeh1 bu arqumentlərini qəbul etməyərək torpaq sahəsinin dəyərini ödəməklə satın aldığını bildirmişdir. Bununla belə diqqət yetirilməli haldır ki, torpaq sahəsinin alqı-satqı aktı xx.xx.2001-ci il tarixdə tərtib edilmiş və həmin vaxt Cavabdeh1 həbsdə olduğundan alqı-satqı münasibətlərində iştirak etməmişdir. Cavabdeh1 ailə üzvləri tərəfindən ona verilmiş məlumat əsasında torpaq sahəsinin icarəyə verildiyini bildirir. Yəni, Cavabdeh1 «torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir» barədə irəli sürdüyü dəlili hər hansı sübuta və ya fakta istinadən deyil də, ailə üzvlərinin ona verdiyi məlumata istinadla irəli sürür. Halbuki, işin faktiki halları ilə Cavabdeh1 ailə üzvləri olan torpağın birgə mülkiyyətçilərinin iltizam verməklə, o cümlədən alqı-satqı aktı tərtib etməklə mübahisəli torpaq sahəsini İddiaçı satmış olduqları müəyyən edilir.

53. Eyni zamanda Cavabdeh1 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, torpaq sahəsini 2021-ci ildə Firdovsidən geri almış və oradan bir neçə ay müddətində istifadə etmiş, sonra da torpağı Elvin adlı şəxsə satmışdır.

54. Göründüyü kimi, Cavabdeh1 torpaq sahəsinin 2001-ci ildə “3000 manata” 25 il müddətinə iddiaçıya icarəyə verildiyini və 2021-ci ildə, yəni torpağın icarə müddəti bitməmiş torpağı iddiaçıdan geri almış olduğu barədə ziddiyyətli arqumentlər irəli sürür. Əvvəla, Cavabdeh1 torpaq sahəsinin 2001-ci ildə 25 il müddətinə icarə verildiyi halda, 2021-ci ildə icarə müddəti bitməmiş iddiaçıdan torpağı geri istəməsi ilə bağlı hər hansı ağlabatan səbəb bildirməmişdir. Halbuki, cavabdehin deməsinə görə torpaq sahəsi “3000 manat” pul müqabilində 25 il müddətinə iddiaçıya icarəyə verilmişdir. 2021-ci ildə, yəni icarə müddətinin 20-ci ilində icarə obyekti olan torpaq sahəsinin icarəçidən alınması da məntiqli deyildir. Bununla belə, Cavabdeh1 apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclaslarında torpaq sahəsinə dair Dövlət aktının iddiaçıda olduğunu bildirmişdir. Halbuki, cavabdehin deməsinə görə torpaq sahəsi icarə verildiyi halda, torpaq sahəsinə dair Dövlət aktının da iddiaçıya verilməsi inandırıcı və ağlabatan deyildir.

55. Şərh olunanların yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 irəli sürdüyü dəlillər formal mülahizə olmaqla qanuni və əsaslı tələbin təmin edilməməsi üçün məhkəmədə çaşqınlıq yaratmaq məqsədi güdür.

56. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.

57. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

58. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

59. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.

60. Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir.

61. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 3 mart 2023-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

62. Konstitusiya Məhkəməsi həmin Qərarda xüsusilə vurğulamışdır ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

63. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).

64. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı aktı hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 335-ci maddəsinin tələblərinə, o cümlədən mülki qanunvericiliyin əqdlərlə bağlı müddəalarına uyğundur. Müqavilənin cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iradəsinə zidd bağlanmış olması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsindən imtina üçün hər hansı hüquqi əsas yoxdur. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir.

65. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətilərinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil etmir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(021)-416/2022 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə əsasən yoxlanılan hissədə, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh5 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar