Məhkəmə qərarları › İş №2(104)-1110/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1110/2024

01.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1110/2024 01.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 nömrəli Dövlət Aktından görünür ki, X20 Təsərrüfatına Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı ilə 65 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı.

2. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 aprel 2015-ci il tarixli, 2-1(104)-105/2015 nömrəli qərarından görünür ki, üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 aprel 2013-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçı “X11” MMCnin cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə qarşı Cəmiyyətin istifadəsində olan Ceyrançöl qış otlaq ərazisindən 65 ha torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsinin və həmin torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiasının rədd olunması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, 2-1(102)-891/2015 nömrəli qərarından görünür ki, iddiaçı “X11” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 07 yanvar 2024-cü il traixli mütəxəssis rəyindən görünür ki, Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 nömrəli Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin koordinatları Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxivindən təqdim edilmiş arxiv məlumatlarına, xəritə materiallarına və görüntü materiallarına istinadən müəyyən edilmişdir. Mübahisələndirilən (cavabdehlərin istifadəsi kimi təqdim edilən) ərazinin koordinatları tərəflərin iştirakı ilə GPS ölçmə aləti vasitəsi ilə ölçülmüşdür. Cavabdehlərin istifadəsi kimi təqdim edilən 9,37 ha torpaq sahəsinin 3,82 ha hissəsi “X20 Təsərrüfatına” ayrılmış 65 ha torpaq sahəsinin koordinatları daxilində yerləşir.

5. Tovuz rayon İcra Hakimiyyəti Başçısının verdiyi 01 noyabr 2007-ci il tarixli, 152 nömrəli sərəncamdan görünür ki, X3 ərizəsi nəzərə alınması və Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla cəmi 586 hektar torpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmışdır.

6. İcarəyəverən Tovuz rayon İcra Hakimiyyəti Başçısı ilə icarəçi X7 arasında bağlanmış 01 noyabr 2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, sərəncama müvafiq olaraq Ceyrançöl qış otlaq sahələrindən 586 hektar torpaq sahəsi hər il 422 manat icarə haqqı ödənilməsi şərti ilə 15 il müddətinə icarəçinin istifadəsinə verilmişdir.

7. Tovuz rayon İcra Hakimiyyəti Başçısının verdiyi 01 fevral 2022-ci il tarixli, 17 nömrəli sərəncamdan görünür ki, Cavabdeh2 ərizəsinin nəzərə alınması və Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla cəmi 586 hektar torpaq sahəsinin ona icarəyə verilməsi qərara alınmışdır.

8. İcarəyəverən Tovuz rayon İcra Hakimiyyəti Başçısı ilə icarəçi Cavabdeh2 arasında bağlanmış 01 fevral 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, sərəncama müvafiq olaraq Ceyrançöl qış otlaq sahələrindən 586 hektar torpaq sahəsi hər il 586 manat icarə haqqı ödənilməsi şərti ilə 09 ay müddətinə icarəçinin istifadəsinə verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, X20 Təsərrüfatına B 000725 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı üzrə daimi istifadəyə verilmiş 65 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon X13 İK Rəyasət Heyətinin 16 noyabr 1995-ci il tarixli qərarı ilə X20 Təsərrüfatına B 000725 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı əsasında 65 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi əkin üçün nəzərdə tutulmuşdur. Cavabdehlər həmin torpaq sahəsinin təxminən 30-35 hektar hissəsini zəbt edərək əkin üçün istifadə etmişlər. Dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsə də, bu nəticəsiz qalmışdır.

11. Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli (hakim F.Əliyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 000725 nömrəli Dövlət Aktında qeyd olunan 65 ha torpaq sahəsinin zəbt etdikləri 3,82 ha hissəsindən çıxarılması qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.5, 140, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4 maddələri, Torpaq Məcəlləsinin 111 maddəsi və Mülki Prossesual Məcəlləsinin 60., 217.3, 218.1, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 01 noyabr 2007-ci il tarixdən Tovuz RİH başçısının 152 nömrəli sərəncamı ilə 586 ha torpaq sahəsi əvvəl atasına, sonra isə onun icarəsinə verilmişdir. İlk olaraq 15 il müddətində bağlanılmış icarə müqaviləsi, sonradan hissə-hissə artırılmmışdır. Torpaq sahəsi onun icarə və istifadəsində olmaqda davam edir, eləcədə Dövlət qarşısında vergiləri vaxtında ödəmişdir. 07 yanvar 2024-cü il tarixli mütəxəssis rəyi əsassız və qanunsuzdur. Belə ki, yerli rayon icra hakimiyyətləri başçıları dövlət fonduna bağlı olan hər hansı torpaq sahəsinin vətəndaşa və ya hüquqi şəxsə icarəyə verilməsi zamanı müvafiq olaraq əmlak məsələlərinə nəzarətedən qurumun rəyini alır. Belə olan halda, iddiaçı ilə onun torpaq sahəsi üst-üstə düşməsi mümükün deyil. Ona görə də mütləq qaydada komkleks ekspertiza təşkil edilməli və ədalətli araşdırma əldə olunmalıdır. Tovuz RİH başçısının müvafiq sərəncamları qanuni olmaqla yanaşı, qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi sahəsində səlahiyyətlərini ehtiva edir və hər hansı qanunvericilik aktı bunu istisna etmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

22. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

23. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

24. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

25. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsədə, lakin qətnamə iddianın təmin olunması hissədə mübahisələndirilmişdir. Ona görə də hazırkı apellyasiya baxışının hədlərini, qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı X1 rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı ilə X20 Təsərrüfatına 65 ha torpaq sahəsi ayrıldığını, bu barədə Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 nömrəli Dövlət Aktı verilməsini, qeyd olunan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli, 2-1(102)- 891/2015 nömrəli qərardan müəyyən olunur ki, Ceyrançöl qış otlaq sahələri əvvəllər Gədəbəy rayon İcra Hakimiyyətinin tabeliyində olsada, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2003-cı il tarixli qərarı ilə qış otlaq sahələri Tovuz rayon İcra Hakimiyyətinin tabeliyinə keçmişdir. Tovuz rayon İcra Hakimiyyətinin 01 noyabr 2007-ci il tarixli sərəncamı ilə hazırkı iş üzrə mübahisə olan torpaq sahəsi X3 icarəsinə verilmiş və bu barədə onunla icarə müqaviləsi bağlanmışdır. 2007-ci ildən İsrafil Kazımov həmin torpaq sahəsinin icarəçisidir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 saylı dövlət aktında qeyd olunmuşdur ki, dövlət aktı verilir Gədəbəy Kəndli (fermer) təsərrüfatına - X9, Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarına əsasən təsərrüfatlararası heyvandarlıq sənaye birliyinin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 65,0 ha kənd təsərrüfatı məsulları istehsalı üçün torpaq istifadəsinə verilir. İşdə olan digər dövlət aktında eynilə Fatma Bağırovanın adına olan dövlət aktında olan bütün məlumatlar (dövlət aktının nömrəsi, torpaq sahəsi, aktın nömrəsi və s) qeyd edilməklə yanaşı aktda Fatma Bağırovanın adı deyil X4 adı qeyd edilmişdir. Hər iki dövlət aktında Fatma Bağırovanın və Rəfail İsmayılovun adı başqa ölçüdə olan həriflərlə yazılmışdır, hər iki dövlət aktı eyni qərarla eyni yerə verilməklə Gədəbəy kəndli (fermer) təsərrüfatının adı ilə yanaşı birində Fatma Bağırovanın, digərində isə İddiaçı adı yazıldığından həmin aktlar sübut kimi qəbul edilə bilməz. Rəfail İsmayılovun istər torpaq sahəsinin icarəsindən imtina barədə ərizəsi, istərsədə belə ərizə vermədiyi barədə kassasiya şikayətinə əlavə etdiyi ərizəsi iş üçün əhəmiyyətini itirir. Gədəbəy kəndli (fermer) təsərrüfatının təsisçisinin Fatma Bağırova olması və Gədəbəy kəndli (fermer) təsərrüfatının iddiaçı X11 MMC-yə çevrilməsi təsdiq edilmədiyindən vaxtilə X20 təsərrüfatına ayrılmış torpaq sahəsinin X11” MMC-yə verilməsi barədə tələb əsaslı sayıla bilməz.

41. Göründüyü kimi, Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı əsasında Gədəbəy kəndli (fermer) təsərrüfatına- X8, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair B 000725 saylı dövlət aktı verilsə də, lakin yuxarıda da qeyd olunduğu kimi aktın qanuniliyi və əsaslığı iddiaçı X11 MMC-nin cavabdehlər Tovuz rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası DT və XK-nin Tovuz rayon şöbəsinə qarşı Ceyrançöl qış otlaq sahəsindən ayrılmış 65 ha torpaq sahəsinin Gədəbəy kəndli (fermer) təsərrüfatının istifadəsinə verilməsi barədə sərəncamın verilməsi, həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın verilməsindən imtina edilməsinin qanunazidd hesab edilərək qeyd olunan 65 ha torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə sərəncamın, habelə yerquruluşu planından çıxarış verilməsi tələbinə dair işə baxılarkən hüquqi qiymət verilmiş və Gədəbəy rayon XDS İK-nin Rəyasət Heyətinin 15 noyabr 1995-ci il tarixli, 74 nömrəli qərarı əsasında verilmiş, yəni Gədəbəy Kəndli (fermer) təsərrüfatı- X10, eləcədə Gədəbəy Kəndli (fermer) təsərrüfatı- X4 adları qeyd olunmuş B 000725 saylı hər iki dövlət aktı mötəbər sübut kimi qəbul edilməmişdir. Bu da onu deməyə əsas verir ki, qeyd olunan hər iki sənəd üzrə mübahisəli torpaq sahəsindən istifadə üçün artıq hüquq yaranmır.

42. Həmçinin xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2003-cı il tarixli qərarı ilə qış otlaq sahələri Tovuz rayon İcra Hakimiyyətinin tabeliyinə keçdikdən sonra, Tovuz rayon İcra Hakimiyyətinin 01 noyabr 2007-ci il tarixli sərəncamı ilə Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla, cəmi 586 hektar torpaq sahəsi 15 il müddətə X5 icarəyə verilmişdir. Həmin vaxt Rəfail İsmayılov bundan məlumatlı olmış, hətda ərizə verərək buna etirazının olmamasını bildirmişdir.

43. Ceyrançöl qış otlağının 22h nömrəli sahəsindən 515 hektar, 38h nömrəli sahəsindən 50 hektar, 39h nömrəli sahəsindən 21 hektar olmaqla, cəmi 586 hektar torpaq sahəsi hər il 586 manat icarə haqqı ödənilməklə 09 ay müddətinə icarəyə verilməsi barədə Tovuz rayon İcra Hakimiyyəti Başçısının 01 fevral 2022-ci il tarixli, 17 nömrəli sərəncamı ilə Cavabdeh2 verilmiş və bu barədə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan hallarını nəzərə almadan iddianı qismən təmin etmişdir.

44. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 385, 392-393, 402 və 405-c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(062)-39/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyb oğlu və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar