Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1111/2025 11.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-15/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Əlimərdanlı kəndində ona məxsus olan qediyyat nömrəsi ********** nömrəli xx.xx.2021-ci il tarixli torpaq sahəsindən Cavabdeh və digərlərinin çıxarılması və onun torpaq sahəsi üzərində qanunsuz tikililərin sökülməsi və onların qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-15/2023 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh istifadəsi kimi təqdim edilən tikililərdən 1-ci və 2-ci tikili bütövlükdə, 3-cü tikilinin isə 206 kv.m qədər hissəsi sökülməklə iddiaçıya məxsus torpaq sahəsinə olan qanunsuz müdaxiləyə son qoyulması, Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən 0.23 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 11 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bundan sonra cavabdeh yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-15/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-15/2023 nömrəli qərardadı (hakim Zaur Hünmətov) ilə, ərizənin təmin edilməsi, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(062)-15/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət üzürlü hesab edilərək bərpa edilməsi, mülki iş cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və müddətin bərpası barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(062)-15/2023 saylı qətnaməsi ilə iddiaçı olaraq İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin 23 yanvar 2023-cü il tarixli qətnamə ilə razılaşmayan Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Verilmiş apellyasiya şikayəti məhkəmə qərardadı ilə apellyasiya şikayətinin forma və məzmununa riayət edilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh yenidən apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(062)-15/2023 saylı qətnaməsini rəsmi qaydada poçt vasitəsi ilə 27 fevral 2023-cü ildə almış, Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(062)-15/2023 saylı qətnaməsindən narazı qaldığı üçün qanunla müəyyən edilmiş prosessual müddətin bitməsindən iki gün əvvəl, yəni 27 mart 2023-cü il tarixdə qanunla müəyyən edilmiş qaydada və məbləğdə beş manat dövlət rüsumu ödəməklə apellyasiya şikayəti verməklə yanaşı o məcbur olub Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2022-ci il tarixli 2(104)-982/2022 saylı qərardadını əsas götürərək, 13 mart 2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “İddiaçı adına tərtibedilmiş **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli qeydin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qaldırdı. Qaldırdığı iddia tələbi üzrə iddia ərizəsi Gəncə İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2-1(114)-2156/2023 saylı qərarı ilə tam təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına tərtib edilmiş **********00 reyestr nömrəli daşınmaz əmlakla bağlı aparılmış ********** nömrəli qeydin ləğv olunması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alındı. Həmin qərardan üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 26 oktyabr2023-cü il tarixli 2- 1(104)-685/2023 saylı qərarı ilə təmin edilməyərək, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2156/2023 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alındı. Həmin qərardan da üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 2-1(102)- 1012/2024 saylı qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cüil tarixli, 2-1(104)-685/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alındı. O apellyasiya şikayəti verdiyi vaxt, yəni 27 mart 2023-cü ildə Tovuz Rayon Məhkəməsi elektron məhkəmə sistemi ilə fəaliyyət göstərmirdi. Bu da o deməkdir ki, o apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə və qaydada vermişdir. Göründüyü kimi, o Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(062)-15/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-15/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)- 1111/2025 nömrəli qərardadı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-15/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasında iştirak edən Cavabdeh şikayətin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Belə ki, iddiaçı bundan sonra məhkəmə kollegiyasına teleqram ünvanlamış və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-15/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalı, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-15/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh yaşadığı ünvana poçt vasitəsilə göndərilmiş, sonuncu tərəfindən isə xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə şikayət Azərbaycan Respublikasının MPM-in 361-ci maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Cavabdeh elektron kabinetə sahib olduqdan sonra verdiyi apellyasiya şikayəti isə Azərbaycan Respublikasınin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə tərtib edilmişdir. Həmçinin, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadın cavabdeh tərəfindən qəbul edilməsi və həmin tarixdən müddət axımının başlanması barədə sənədlərin mövcudluğu baxılan işdə müəyyən edilməmişdir. Beləliklə, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Tovuz Rayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmə olsa da, apelllyasiya şikayətləri istina olmaqla, digər ərizə və müraciətlərin, o cümlədən iddia ərizələrinin kağız daşıyıcıda qəbulu davam etdirilir. Məqsəd məhkəmənin müraciət edən şəxslərə əl çatımlığının təmin edilməsindən və tədricən, mərhələli şəkildə elektron məhkəməyə keçid etməkdən ibarətdir. Ona görə də məhkəmələrdə iddia ərizəsinin hələ də kağız daşıyıcıda qəbul edilməsi vətəndaşlarda hələ də bütün sənəd dövriyyəsinin kağız daşıyıcıda çatdırılması görüntüsü və arxayınçılığı yaradır ki, bu da müəyyən müddət gözləniləndir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verməkdə israrlı olması, onun məhkəmə müdafiəsi hüququndan sonuna qədər istifadə etmək niyyətinin olması açıq-aşkardır. Nəticədə cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətini qanunla müəyyən edilmiş formada tərtib edilmiş, habelə buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, prosessual müddətin buraxılmasının üzürlü səbəbləri dedikdə, tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar nəzərdə tutulur. Həm də bu cür üzürlü hallar, qətnamədən apellyasiya şikayəti vermə müddətinin axımı başlandığı dövrdə baş vermiş olmalıdır. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnaməni əldə etdikdən sonra hərəkətsiz qalmaması, yəni keçən zaman kəsiyində apellyasiya şikayəti verməsi, bir sözlə cavabdeh hesab etdiyi pozulmuş hüququnu üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək niyyətinin olmasını ifadə etməsi buraxılmış prosessual müddətin bərpasına əsasdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X4 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 fevral 2003-cü il tarixli «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Kontitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» qərarında göstərilir ki, məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Göstərilən müddəalar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, demokratik cəmiyyətdə Konvensiyanın dərk olunması prizmasında ədalətli ədalət mühakiməsinə olan hüquq o qədər mühum əhəmiyyət kəsb edir ki, 6-cı maddənin 1-ci bəndinin məhdud şərh edilməsi həmin müddəanın məqsəd və təyinatına xidmət etməzdi («Delkur Belçikaya qarşı»). Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-15/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalı, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)- 15/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 133, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-15/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-15/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1111/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1111/2025
11.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver