Məhkəmə qərarları › İş №2(104)-1117/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1117/2025

22.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1117/2025 22.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Bərdə rayon Bərdə Bələdiyyəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Bərdə rayonu, Bərdə Bələdiyyəsinə qarşı mağazadan çıxarılma və istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(021)-811/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 22 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən İddiaçı ünvanladığı 10 iyul 2023-cü il tarixli məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı İddiaçı tərəfindən 366 kv.m sahibkarlıq torpaq sahəsinin ayrılması barədə Bərdə rayonu, Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 nömrəli qərarı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə təqdim olunmuş, lakin Bərdə Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəyi, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Qeyd olunan çatışmazlıqlara görə torpaq sahəsi üzərində icarə hüquqlrının dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur.

2. 29 iyun 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, icarəyə verən Bərdə Bələdiyyəsi sədri X6 tərəfindən mağaza binası tikintisi üçün 366 kv.m torpaq sahəsi 30 il müddətində icarəçi İddiaçı icarəsinə verilmişdir;

3. Bərdə Rayonu, Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Bərdə Bələdiyyəsinin ehtiyyat torpaq fondundan Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13,55 m, cəmi 366 kv.m olan torpaq sahəsi İddiaçı 30 il müddətinə icarəyə verilmişdir;

4. Bərdə Rayonu, Bərdə Bələdiyyəsinin 19 yanvar 2024-cü il tarixli, 07 nömrəli məktubdan görünür ki, İddiaçı Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 nömrəli qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi 12 mart 2019-cu il tarixli AR-İ-737413 nömrəli etibarnamə əsasında Cavabdeh 25 dekabr 2019-cu il tarixli Bərdə Bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən, sözügedən ərazi Bərdə Bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ərazi hal-hazırda Bərdə Bələdiyyəsinin mülkiyyətinə aiddir.

5. 12 mart 2019-cu il tarixli, AR-İ-737413 nömrəli etibarnamədən görünür ki, İddiaçı etibarnamə əsasında səlahiyyətlərini Cavabdeh ötürmüdür. Etibarnamənin etibarlılıq müddəti 30 yanvar 2021-ci il tarixədək müəyyənləşdirilmişdir.

6. Tikilinin yerləşdiyi torpaq sahəsi 25 dekabr 2019-cu il tarixdə icarəçinin adından yazılmış ərizə əsasında Bərdə Bələdiyyəsinə geri qaytarılmışdır. Ərizəni İddiaçı tərəfindən verilmiş 12 mart 2019-cu il tarixli AR-İ-737413 nömrəli etibarnamə əsasında onun adından qardaşı Cavabdeh imzalamışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin 04 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ********** saylı VÖEN-i əsasında 01 noyabr 2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-40001 saylı obyekt kodu müəyyən edilmişdir.

8. Bərdə rayon Bərdə Bələdiyyəsinin 21 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Bərdə bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 nömrəli qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi 12 mart 2019-cu il tarixli AR-İ-737413 nömrəli etibarnamə əsasında Cavabdeh 25 dekabr 2019-cu il tarixli Bərdə bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən sözügedən ərazi Bərdə bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmış və 25 dekabr 2019-cu il tarixdən 29 iyun 2006-cı il tarixli icarə müqaviləsi dayandırlmış, lakin icarə müqaviləsinin ləğvi barədə qərar qəbul edilməmişdir. Haı-hazırda sözügedən ərazi mübahisəli olduğu üçün hər hansı sənədləşdirilməsi işlərinin aparılması mümükün olmamış və başqa şəxslərə icarəyə və ya mülkiyyətinə verilməmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə mürаciət edərək, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər, Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılması və oradan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 nömrəli qərarı ilə Bərdə şəhəri, Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv,m olan torpaq sahəsini mağaza binası tikmək üçün İddiaçı 30 il müddətinə icrarəyə verilmişdir. 2006-cı ildən həmin ərazidə mağaza tikmiş və gəlir əldə etmişdir. Lakin uzun zamandır ki, Cavabdeh ona məxsus olan mağazanı zəbt edərək, mağazanın qıfılını dəyişib mağazadan özü istifadə edərək onun istifadə etməsinə maneəçilik törədir. Dəfələrlə Cavabdeh xəbardarlıq etsə də, sözlərinə məhəl qoymamış və hərəkətlərinə davam etmişdir.

11. Cavabdeh iddiaya etiraz etmiş və etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 nömrəli qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi 12 mart 2019-cu il tarixli AR-İ-737413 nömrəli etibarnamə əsasında Cavabdeh 25 dekabr 2019-cu il tarixli Bərdə Bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən sözügedən ərazi Bərdə bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmışdır. Torpaq sahəsi İddiaçı 30 il müddətinə icarəyə verilməsinə baxmayaraq, həmin torpaq sahəsi və mağaza binası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsində qeydyyatdan keçməmişdir. Mübahisəli torpaq sahəsi barədə Bərdə rayonu, Bərdə Bələdiyyəsinin müvafiq qərarı verilsədə, həmin torpaq sahəsini cavabdeh əldə etmiş və mağaza inşa etdirmişdir. Sadəcə olaraq qardaşı olduğu üçün həmin dövürdə sözügedən torpaq sahəsini iddiaçının adına rəsmiləşdirilmişdir. Göstərdiyi faktları, X5, X13, X11, X17, X14, X4, X7 da şahid kimi təsdiq edə bilərlər.

12. Bərdə Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2(021)-811/2024 nömrəli qərardadı ilə Bərdə rayonu, Bərdə Bələdiyyəsi mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

13. Bərdə Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(021)-811/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia tələbi təmin edilərək, Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulmaqla, həmin şəxsin Bərdə şəhəri, Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13,55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılması və iddiaçının mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılması; Ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.4-cü maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə, Torpaq Məcəlləsinin 49, 55, 66, 82, 84 və 11-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat:

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, sözügedən mağazaya dair tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışları mövcud deyil. Həmin binanın tikintisi üçün əhəmiyyətli məbləğdə xərc çəkilmişdir və uzun illərdir ki, oradan istifadə olunur. Reyestr qeydiyyatı olmadığına görə daşınmaz əşya kimi heç kəsin mülkiyyətində olmasa da, həmin mağazanın tikintisində istifadə olunan daşınan əşyalar komplekti ciddi iqtisadi dəyərə malik olmaqla həmin tikinti xərclərini çəkən şəxsin mülkiyyətindədir. Həmin şəxs mağazanın “gözlənilən mülkiyyət hüququ” ilə sahibidir. Uzun illər ərzində cavabdeh mağazadan fərdi sahibar kimi gəlir əldə etmiş, daha sonra həmin mağazanı üçüncü şəxslərə icarəyə verərək icarə ödənişləri almışdır. Xüsusilə diqqət yetirilməlidir ki, o, fərdi sahibkar kimi gəlirlərdən iddiaçıya hər hansı ödəniş həyata keçirməmiş, sonuncu tərəfindən də tələb edilməmişdir. Deməli cavabdeh “gözlənilən mülkiyyət hüququ” ilə sahibliyi həyata keçirmişdir. Əgər iddiaçı “gözlənilən mülkiyyət hüququ”nun ona məxsus olduğunu və cavabdehin onun razılığı əsasında fəaliyyət göstərdiyini iddia edirsə, o zaman bu halı sübuta yetirməlidir. Onun ********** nömrəli VÖEN-i əsasında 01 noyabr 2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-40001 nömrəli obyekt kodu müəyyən edilmişdir. Bu fakt da onun uzun illər mağazaya qanuni əsaslarla vasitəsiz sahiblik etdiyini təsdiq etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli 2(104)-1902/2024 nömrəli (hakimlər Loğman Süleymanov - sədrlik edən və məruzəçi, İslam Həsənov və Şamil Rzaquliyev) qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 811/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı, Cavabdeh qarşı mağazadn çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Cavabdeh mübahisəli torpaq sahəsində yerləşən apteki 24000 manat verərək əldə etmiş, daha sonra isə apteki sökərək hazırki mübahisələndirilən mağazanı tikdirmişdir. Cavabdeh ********** saylı VÖEN-i əsasında 01 noyabr 2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********- 40001 saylı obyekt kodu müəyyən edilmişdir. Bu fakt Cavabdeh uzun illər mağazaya qanuni əsaslarla vasitəsiz sahiblik etdiyini təsdiq etmişdir. Həmçinin, birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 və X13 verdikləri izahatlarında qeyd olunanları təsdiqləmişlər.

19. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2025ci il tarixli 2(102)-651/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2024-cü il tarixli 2(104)-1902/2024 nömrəli qətnaməsi ləğv edilməsi və iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, bələdiyyə mülkiyyətində olan qeyri-yaşayış sahəsini özünün vəsaiti hesabina almışdır. Belə ki, apteka bitişik torpaq sahəsini 17500 manata almış, apteki isə 24000 manat Famildən almışdır. 2013-cü ildə isə icra hakimiyyətini göstərişi əsasında söküb yerində hazırkı mövcud mağaza binasını tikdirmişdir. İddiaçı tərəfindən istər əvvəlki tikilinin alınmasına, eləcədə mövcud tikiliniun inşaasına heç bir vəsait qoyulmamışdır. Həmçinin qardaşı İddiaçı 11000 manat borc almış və 1 ildən sonra, yəni 2016-cı ildə geri qaytarmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şəxs aptek binasını 24000 manata, qalan hissəni isə 17500 manata başqa şəxsdən almışdır. Obyekt alınandan bir müddət sonra sökülüb və yerində hazırkı mövcud mağaza binası tikilib. İddiaçı obyektin alınmasına, eləcədə tikilməsinə görə pul verməyib. Bütün xərclər cavabdeh tərəfindən ödənilib. Nümayəndə2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

25. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, sözügedən obyekt onundur. Torpaq sahəsində 4 ədəd 3x4 ölçülü tikililər, aptek, çayxana, ticarət və valyuta dəyişmə məntəqəsi olmuşdur. Torpaq və tikili Qədir adlı şəxsin olub və 17000 ABŞ dollara ondan almışdır. Həmin şəxs hazırda sağ deyil. Torpaq və tikili Qədir tərəfindən zəbt edildiyi üçün hüquqmüəyyənedici sənədlər olmamışdır. Ona görədə aralarında alqı-satqı müqaviləsi şifahi bağlanmışdır. Obyekti alana qədər Famil orada icarəçi olmuşdur. Familə aptekdən çıxması üçün 11000 manat Elşən vasitəsi ilə vermişdir. Həmin obyekti aldıqdan sonra qardaşı Elşənlə oğlu Tural oranı topdan ərzaq satılan yer kimi işlətmişdir. Özü başqa yerdə işlədiyi üçün oranı idarə etməyi qardaşı Elşən və oğlu Turala həvalə etmişdir. İcra hakimiyyəti köhnə tikililəri sökülməsi ilə bağlı göstəriş verdiyi üçün tikililəri sökmüş və təxminən 200000 manat xərcləyərək yenisini tikdirmişdir. Tikintiyə nəzarəti isə qardaşı Elşən etmişdir. Obyektin tikintisi üçün Elşənə pul verməyini təsdiq edən hər hansı subutu yoxdur. 2015-ci ildən sonra Elşən obyektləri zəbt edərərk tək işlətməyə başlamışdır. Halbuki ərzaq anbarının içini doldurmaq üçün təxminən 100000 manat sərmayə qoymuşdur. Obyekti Elşən işlətdiyi üçün vergi və qaimə onun adına olmuşdur. Həmçinin ustalara verilən pulu da Elşən vaisitəsi ilə ödəmişdir. Elşən ondan 11000 manat borc almamışdır. 11000 manat pulu aptekin alınması üçün qardaşına vermişdir. Elşən apteki 24000 manata alınmasını bildirsədə düz demir. Çünki o özü Famillə 11000 manata razılaşmış və puluda qardaşı Elşən vastəsilə ona göndərmişdir. Ticarəti oğluna deyil Elşənə həvalə etməsinə səbəb oğlunun həmin vaxt əsgərlikdən təzə gəlməsi olmuşdur. Elşənin obyekti satmasını eşiddiyi üçün bu iddianı 2024-cü ildə qaldırmışdır. Əslində əmlakın yarısını öz oğluna, yarısını isə cavabdehin oğluna vermək fikiri olmuşdur. Lakin oğlu barəsində cavabdehin hədələyici sözlər deməsini eşitdikdən sonra bu fikrindən daşınmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Əvvəlki və hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Lakin cavabdeh iddiaçının ona verdiyi etibarnamədən istifadə edib adından torpağın Bələdiyyəyə geri qaytarılmasına dair ərizə vermişdir. Halbu ki, etibar edilən şəxs etibar edən şəxsin mənafeyinə zidd addım ata bilməz. Əslində belə bir ərizə verilsədə torpaq icarə müqaviləsi ləğv edilməmişdir və hazırda qüvvədədir. İki mərtəbəli mağaza binası iddiaçının vəsaiti hesabına tikilib. Cavabdeh tərəfindən həmin obyektə pul qoyulmayıb. Tikinti 2013-cü ilin əvvəlində aparılıb. Pandemiyaya qədər iddiaçının oğlu Tural cavabdehlə şərik işləyib. Pandemiya dövründə isə obyekt işləməyib.

27. Əvvəlki məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, 24 ildir tikinti işi ilə məşğuldur. Təxminən 2012-2013-cü illərdə Elşən yolun qırağında tikinti işlərinin aparılmasını ona sifariş etmiş və tikinti aparılacaq yeri ona göstərmişdir. Tikinti mağaza binası kimi nəzərdə tutulmuşdur. Elşənin sifarişi əsasında köhnə tikilini sökərək yerində 2 mərtəbədən və 1 padvaldan ibarət mağaza binasını tikib ona təhfil vermişlər. Tikinti üçün lazım olan bütün materialın siyahısınıda yazıb Elşənə vermiş, sonuncuda alıb gətirmişdir. Eləcədə tikinti üçün onlara ödəniləcək muzd da Elşən tərəfindən verilmişdir. Tikinti işləri təxminən 5-6 ay davam etmiş və həmin müddətdə iddiaçı Şahin həmin əraziyə gəlməmişdir. İddiaçını əvvəllər tanımamış və onu yalnız məhkəmədə görmüşdür. Tikintinin kosmetik işlərini isə başqa adam görmüş və o həmin şəxsi tanımır.

28. Əvvəlki məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Köçəri adlı həkimdən aptek binası almış və 2000ci ildən 2012-ci ilədək oranı işlətmişdir. Abadlaşma ilə əlaqədar icra hakimiyyəti tərəfindən aptekin söküləcəyini bilmiş, ona görədə 2012-ci ildə apteki 24000 manata Elşənə satmışdır. Aptekin yanında olan çayxananı da Elşən Qədir adlı şəxsdən almış və oranı mağaza kimi işlədirdi. Aptekin satılması ilə bağlı Şahin onunla heç bir danışıq aparmamışdır. Bütün danışıqları Elşən aparmış sonuncuyada etibarnamə vermişdir. Elşənin qardaşı Şahinlə şərik olması barədə onda məlumat olmamış, nədə Elşən ona bu barədə deməmişdir. Aptekin yerində inşa edilmiş yeni tikilini də bildiyi qədər Elşən tikdirmişdir.

29. Hazırki, məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. 1993-cü ildən Şahinə məxsus köhnə bazarda yerləşən anbarda fəhlə kimi işləmişdir. Həmin anbar sonradan sökülmüş və anbarın tikinti materialı (ferması) hazırkı mübahisəli binanın tikintisində istifadə olunmaq üçün aparılmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub \mlaka, əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdqr.

32. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 34.Maddə 160. Əgər sahib əşyanı məhdud məhdud əşya bə ya şəxsi sahiblikhüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdırlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 384.0. Apellyasiya nstansiya məhkəməsi 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.2. Məhkəımənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Bərdə rayonu, Bərdə Bələdiyyəsi tərəfindən mağaza binası tikintisi üçün 366 kv.m torpaq sahəsi 30 il müddətində İddiaçı icarəsinə verilmiş və buna dair tərəflər arasında 29 iyun 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı icarəyə verilmiş torpaq sahəsində 2006-cı ildən öz vəsaiti hesabina qeyri yaşayış binası inşa etdiyini, lakin sonradan qardaşı Elşən tərəfindən mağaza binasının qapısının açarı dəyişdirilərək onun həmin mağazadan istifadəsinə maneə yaratmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.

47. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsasslıdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsasdır və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

50. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. İddiaçı iddia ərizəsində iddiasının qanuni əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsi, Mülki Məcəllənin 157.2. maddəsi və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir.

52. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o, cümlədən xüsusi mülkiyyət qanunla qorunur.

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2. maddəsində isə göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 54.Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur.

55. İşdən isə müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış obyekti istər iddiaçının, istərsədə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin tikilinin yerləşdiyi 366 kv.m torpaq sahəsi isə Bərdə Bələdiyyəsinin mülkiyyətindədə olmaqla 29 iyun 2006-cı il tarixli icarə müqaviləsi əsasında 30 il müddətinə İddiaçı icarəyə verilmişdir.

56. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinə, eləcədə onun yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yoxdur.

57. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. İşin hallarına əsasən kollegiya hesab edir ki, iddia tələbinin əsaslı olmasını subutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı mübahisəli ərazidə ilkin olaraq 3x4 ölçüdə 4 ədəd tikililər, yəni aptek, çayxana, ticarət və valyuta dəyişmə məntəqəsi olmsını, Qədir adlı şəxsdan 17000 ABŞ dollara almasını, aptek binasından çıxmaq üçün qardaşı Elşən vastəsilə Famil adlı şəxsə 11000 manat verdiyini, icra hakimiyyəti tərəfindən rayonda abadlaşdırma işlərinin aparıldığı üçün onların göstərişi əsasında həmin tikililəri söküb yerində şəxsi vəsaiti hesabina (deməsinə görə 200000 manat xərc çəkib) hazırkı mübahisələndirilən mağaza binasını tikdirdiyini qeyd edir. Cavabdeh tərəf isə iddiaçının dəlilini qəti şəkildə qəbul etmir.

59. Kassasiya instansiya məhkəməsinin işin yeni apellyasiya baxışına qaytarılması barədə 04 aprel 2025-ci il tarixli 2(102)-651/2025 nömrəli qərarında qoyulmuş göstərişlərə uyğun olaraq apellyasiya icraatı zamanı X5, X13, həmçinin iddiaçı tərəfin təşəbbüsü ilə X15 şahid qismində dindirilmişlər. İşdə adı keçən digər Qədir adlı şəxsin isə şahid qismində dindirilməsi mümkün olmamışdır. Çünki iddiaçının bildirməsinə görə həmin şəxs ölmüşdür.

60. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

61. X13, ifadəsində bildirmişdir ki, təxminən 2012-2013-cü illərdə Elşən yolun qırağında mağaza binası tikməyi ona sifariş etmiş və tikinti aparılacaq yeri də aparıb ona göstərmişdir. O da Elşənin sifarişi əsasında köhnə tikililəri sökərək yerində 2 mərtəbədən və 1 padvaldan ibarət mağaza binasını fəhlələrlə birlikdə tikib təhfil vermişlər. Tikinti işlərinin aparılması üçün lazım olan bütün materialın siyahısınıda yazıb Elşənə vermiş, sonuncuda alıb gətirmişdir. Eləcədə tikinti üçün onlara ödəniləcək muzd da Elşən tərəfindən verilmişdir. Tikinti işləri təxminən 5-6 ay davam etmiş və həmin müddətdə İddiaçı həmin əraziyə gəlməmişdir. İddiaçını yalnız məhkəmədə görmüşdür.

62. X5 isə ifadəsində bildirmişdir ki, tərəfləri hər iksini tanıyır. Köçəri adlı həkimdən aptek binası almış və 2000-ci ildən 2012-ci ilədək oranı işlətmişdir. Sonradan icra hakimiyyəti tərəfindən ona abadlaşma ilə əlaqədar aptekin söküləcəyi bilmiş, ona görədə 2012-ci ildə 24000 manata apteki Elşənə satmışdır. Aptekin satılması ilə bağlı Şahin onunla heç bir danışıq aparmamış, bütün danışıqları Elşən aparmışdır, ona görə də sonuncuya etibarnamə vermişdir. Elşənin qardaşı Şahinlə şərik olması barədə onda məlumat olmamış, nədə Elşən ona bu barədə deməmişdir.

63. İddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş X15 isə ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. 1993-cü ildən Şahinə məxsus köhnə bazarda olan anbarda fəhlə kimi işləmişdir. Həmin anbar sonradan sökülmüş və anbarın tikinti materialı (ferması) hazırkı mübahisəli binanın tikintisində istifadə olunmaq üçün aparılmışdır.

64. X1 və X8 vermiş olduğu ifadəni sübut növü kimi qəbul edir. Çünki, adları qeyd olunan şəxslərin tərəflərin heç biri ilə xüsusi münasibətləri, yəni xidməti asılılıq, qohumluq, dostluq və.s müəyyən olunmamışdır. İddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş X9 vermiş olduğu ifadəni isə kollegiya sübut növü kimi qəbul etmir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi şahid 1993-cü ildən iddiaçının yanında (köhnə bazarda) işlədiyini qeyd edir. Sonuncunun şəxsiyyət vəsiqəsindən isə görünür ki, o, 25 may 1983-cü ildə anadan olmuşdur. 1993-cü ildə Yunis Quliyev 10 yaşında olmuşdur. Qeyd olunan yaşda uşağın isə anbar şəraitində işləməsi özlüyündə inandırıcı gəlmir, eləcədə 10 yaşında uşaqların əməyə cəlb olunması qanunvericiliklə qadağa olunur.

65. Göründüyü kimi, İddiaçı hazırkı mövcud tikilinin yerində əvvəllər mövcud olmuş tikililərin və boş torpaq sahəsinin onun tərəfindən Qədir adlı şəxsdən 17000 ABŞ dollara alınması, aptek binasını icarəyə götürən Famil adlı şəxsin həmin yerdən çıxması üçün qardaşı Elşən vastəsilə ona 11000 manat verməsi, eləcədə mübahisələndirdiyi iki mərtəbəli mövcud qeyri-yaşayış binasının (mağaza binası) onun qoyduğu 200000 manat vəsait hesabina tikilməsi barədə dəlili onun özünün deməsindən başqa digər möhtəbər sübutlarla təsdiq olunmur. Əksinə hazırkı məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X3 verdiyi ifadə ilə müəyyən olunmuşdur ki, aptek binasını Köçəri adlı şəxsdən almış və 2012-ci ildə 24000 manata Elşənə satmışdır. İddiaçı isə bildirir ki, Famil adlı şəxsə icarəyə götürdüyü aptek binasından çıxmaq üçün onunla söhbətlər aparmış və razılaşdıqdan sonra qardaşı Elşən vastəsilə ona 11000 manat vermiş o da aptek binasindan çıxmışdır. X13 isə bildirmişdir ki, iki mərtəbəli mağaza binasını Elşənin sifarişi əsasında inşa etmişlər, tikitiyə sərf olunan mal-materialın hamısını Elşən alıb gətirmiş, eləcədə gördükləri işə görə müzd Elşən tərəfindən ödənilmişdir. tikinti aparılan ərəfədə İddiaçı həmin əraziyə gəlməmiş, sonuncunu yalnız məhkəmədə görmüşdür. Göründüyü kimi aptek binasının və onun yanındakı digər daşınmaz əmlakların (torpaq və tikililərin) Cavabdeh tərəfindən alınması, eləcədə mübahisələndirilən iki mərtəbəli mövcud qeyriyaşayış binasının Cavabdeh özünün şəxsi vəsaiti hesabına inşa edilməsi sübut olunur. İki mərtəbəli mağaza binası hazırda da onun sahibyində və istifadəsindədir.

66. Bu baxımdan məhkəmə kollegiyası sahiblik və sahibliyin qorunmasına dair normaların mahiyyətini və təyinatını nəzərdən keçirməyi zəruri hesab edir. Sahiblik (possessio) hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

67. Beləliklə işin yuxarıda qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi iddiaçıya icarəyə verilsədə, həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli mağaza binası cavabdehin vəsaiti hesabına inşa edilmiş və inşa edildiyi vaxtdan da onun sahibliyində və istifadəsindədir, belə olan halda da cavabdehin həmin binanın materiallarına mülkiyyət hüququ vardır. İddiaçı ona icarəyə verilmiş torpaq sahəsində Cavabdeh tərəfindən mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin tikilməsini bilmiş və tikinti işlərinin aparılmasını qəbul etmişdir. Düzdür iddiaçı qeyri-yaşayış sahəsinin onun özünün şəxsi vəsaiti və göstərişi əsasında qardaşı Elşən tərəfindən aparıldığını desədə, lakin onun bu dəlili yuxarıda da qeyd olunduğu kimi sübuta yetirilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, torpağa icarə hüququ olan şəxs tərəfindən həmin tikiliyə görə (çəkilən xərclə bağlı) müvafiq kompensasiya ödənilmədən cavabdeh qeyri-yaşayış sahəsindən çıxarıla bilməz.

68. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verməyərək iddianı təmin etmişdir. Ona görədə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 2(021)-811/2024 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Bərdə şəhəri, Nizami küçəsində dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 366 kv.m torpaq sahəsində inşa edilmiş mağaza binasından çıxarılması və istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar