Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1128/2024 01.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bərdə Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi) Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs Goranboy rayon Ərazi İdarəsinə qarşı tikintinin mirasın tərkibinə daxil edilməsi və mülkiyyətə verilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 15 avqust 2006-cı il tarixli 2-41/2006 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Naftalan şəhər XDS İK Rəyasət Heyətinin 15 dekabr 1994-cü il tarixli 25 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, X6 mağaza tikintisi üçün Ş.Qurbanov küçəsində 2 nömrəli binanın yanında 12 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi xx xxxx 1967-ci il tarixdə, X8 isə 18 iyun 1972-ci il tarixdə anadan olmuşlar, ataları X4, anaları X1r.
3. Ölüm haqqında şəhafətnamənin surətindən görünür ki, X8 03 mart 1995-ci il tarixdə vəfat etmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. Ərizəçi Maraqlı şəxs Goranboy rayon Ərazi İdarəsinə qarşı tikintinin mirasın tərkibinə daxil edilməsi və mülkiyyətə verilməsinə dair ərizə ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, Naftalan şəhəri Ş.Qurbanov küçəsi 2 nömrəli binanın yanında kommersiya mağazası tikilməsi üçün mərhum qardaşı X6 ayrılmış 12 kv.m torpaq sahəsində inşa edilmiş 10,8 kv.m mağaza binasının miras mülkün tərkibinə daxil etməklə mülkiyyətinə verilməsi və onun adına qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan şəhər XDS İK Rəyasət Heyətinin 15 dekabr 1994-cü il tarixli 25 nömrəli iclas protokolundan çıxarışa əsasən X6 mağaza tikintisi üçün Naftalan şəhəri, Ş.Qurbanov küçəsində 2 nömrəli binanın yanında 12 kv.m torpaq sahəsi ayrılmışdır. Qardaşı Həsənayrılmış torpaq sahəsində kommersiya mağazası inşa etmişdir. Qardaşı 03 mart 1995-ci il tarixdə vəfat etdiyindən mağaza hazırda onun istifadəsindədir. Əmlakın onun adına qeydə alınmasını xahiş etsədə, məhkəmə qətnaməsinin zəruri olduğu bildirilmişdir.
6. Naftalan Şəhər Məhkəməsinin 15 avqust 2006-cı il tarixli 2-41/2006 nömrəli (hakim N.M.Şirvanov) qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi Naftalan şəhər XDS İK Rəyasət Heyətinin 15 dekabr 1984-cü il tarixli qərarı ilə ayrılmış 12 kv.m torpaq sahəsində tikdirdiyi sahəsi 10.8 kv.m tikilinin /mağaza/ mirasın tərkibinə daxil edilməklə, onun qanuni vərəsəsi olan Ərizəçi mülkiyyətinə verilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180 maddəsinə, Mülki Prosessual Məcəlləsinin 216-227 maddələrinə istinad etmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat:
8. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bərdə Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən birinci instansiya məhkəməsi əmlakın hüquqi rejimi və mövcudluğu barədə araşdırma aparmamış, torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmadığı halda daşınmaz əmlakın Ərizəçi mülkiyyətinə verilməsi barədə qətnamə qəbul etmişdir. Torpaq sahəsi X5 mülkiyyətində olmamış və mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə tərəfindən torpaq sahəsinin yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planı tələb olunmamış, həmin torpaq sahəsi və üzərində tikilmiş tikintinin harda yerləşməsi, ümumiyyətlə mövcud olub-olmaması araşdırılmadan, tikintiyə dair sənədlər, yəni ikintiyə icazə, tikintinin layihə sənədi, istismara qəbul aktı və.s olmadan müvafiq qətnamə qəbul edilmişdir.
10. Ərizəçi 12 yanvar 2017-ci il tarixdə öldüyünə görə, apellyasiya icraatı zamanı bacısı X7 onun prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları,
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Ərizəçi prosessual hüquq varisi-bacısı X7, maraqlı tərəf Goranboy rayon Ərazi İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bərdə Ərazi İdarəsinin (apellyasiya şikayəti verən) nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
14. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
15. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
16. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
17. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
18. Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağrılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan oların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
20. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
21. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
23. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
26. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Naftalan şəhər XDS İK Rəyasət Heyətinin 15 dekabr 1994-cü il tarixli 25 nömrəli iclas protokolundan çıxarışa əsasən X6 mağaza tikintisi üçün Naftalan şəhəri, Ş.Qurbanov küçəsində, 2 nömrəli binanın yanında 12 kv.m torpaq sahəsi ayrılmışdır. Həsən Kazımov həmin torpaq sahəsində 10,8 kv.m mağaza binası inşa etdirsə də, lakin həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Sonuncunun 03 mart 1995-ci il tarixdə ölümündən sonra, həmin əmlaka faktiki olaraq qardaşı Ərizəçi (birinci növbə vərəsə olmadığından) sahiblik və istifadə etmiş və hazırkı ərizə ilə də məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də ərizəni təmin etmişdir.
41. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Belə ki, yuxarıda da qeyd olunduğu kimi Naftalan şəhər XDS İK Rəyasət Heyətinin 15 dekabr 1994-cü il tarixli 25 nömrəli qərarı ilə mərhum X6 mağaza tikintisi üçün Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, 2 nömrəli binanın yanında 12 kv.m torpaq sahəsi ayrılsa da, sonuncunun həmin torpaqda inşa etdirdiyi 10,8 kv.m mağaza binasına hüquqları qeydə alınmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlak özbaşına tikili hesab olunur, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir və yalnız özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Buna baxmayaraq, birinci instansiya məhkəməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış 10,8 kv.m mağaza binasını miras kütləsi kimi Ərizəçi mülkiyyətinə vermişdir. 43.Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2. maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
45. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) öldüyü məqamadək malik olduğu əmlaka vərəsəlik açılması və vərəsələr arasında bölünməsi ilə bağlı hüquq münasibətləri yuxarıda istinad olunan qanunvericilik normaları ilə tənzimlənmişdir. Ölmüş şəxsin adına qeydiyyatdan keçməmiş və üzərində mülkiyyət hüququ qeydə alınmamış əmlakın mirasın kütləsinə daxil edilməsi və vərəsələr arasında bölünməsi yolverilməzdir.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin 15 avqust 2006-cı il tarixli 2- 41/2006 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı və ərizə təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayət təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 15 avqust 2006-cı il tarixli 2-41/2006 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. Ərizəçi maraqlı şəxs Goranboy rayon Ərazi İdarəsinə qarşı tikintinin mirasın tərkibinə daxil edilməsi və mülkiyyətə verilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.