Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-115/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X9 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(062)-166/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 170 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan tikilinin Cavabdeh1 hesabına sökülüb təmizlənərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 170 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan Cavabdeh1 istifadəsində olmuş 15 metr enində, 11,34 metr uzunluğunda olan tikilinin Cavabdeh1 hesabına sökülməsi, tikinti materiallarının təmizlənərək torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(062)-166/2022 nömrəli (hakim: Nofəl Mustafayev) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 170 kv.metr olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan Cavabdeh1 istifadəsində olmuş 15 metr enində 11,34 metr uzunluğunda olan tikilinin Cavabdeh1 hesabına sökülməsi, tikinti materiallarının təmizlənərək torpaq sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı İddiaçı iddiadan qismən imtina barədə ərizə verərək, ünvan 1 ünvanındakı 15 metr enində 11,34 metr uzunluğunda olan tikilinin Cavabdeh1 hesabına sökülməsi, tikinti materiallarının təmizlənərək torpaq sahəsinin ona təhvil verilməsi hissəsində iddiadan imtina etdiyini bildirmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2023-cü il tarixli 2(104)-115/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddiadan qismən imtina barədə ərizə qəbul edilərək, Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(062)-166/2022 nömrəli qətnaməsinin “ünvan 1 ünvanındakı 15 metr enində 11,34 metr uzunluğunda olan tikilinin Cavabdeh1 hesabına sökülməsi, tikinti materiallarının təmizlənərək torpaq sahəsinin İddiaçı təhvil verilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olmuş torpaq sahəsinin 170 kv metr hissəsini almışdır və adına **********18-12301 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan Cavabdeh1 hazırkı iş üzrə Cavabdeh2 və qeyrilərinə qarşı torpaqdan və tikilidən çıxarılma, eləcə də qanunsuz müdaxiləyə son qoyulması barədə Tovuz Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 15 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və qeyrilərinin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədən çıxarılması qət edilmişdir. Hazırda mülkiyyətində olan həmin torpaq sahəsi və onun üzərində yerləşən tikili Cavabdeh2 istifadəsindədir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaya etirazında da qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin satılması ilə bağlı Cavabdeh1 ilə iddiaçı X11 arasında bağlanmış alqı-satqı müqaviləsi formal olaraq, yəni ondan 12000 manat almaq məqsədilə bağlanmış və alqı-satqı müqaviləsi əsasında da müvafiq çıxarış verilmişdir. Bütün bunlar üçün Cavabdeh1 iddiaçı X6 5000 manat ödəmişdir. Bununla bağlı məhkəməyə səs yazısı təqdim etsə də, lakin səs yazısına hüquqi qiymət verilməmişdir. Eləcə də mübahisəli torpaq sahəsinin 70 kv metr hissəsinin onun arvadı X1 dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(062)-119/2016 nömrəli qiyabi qətnaməsi olmasına baxmayaraq, işin bu halına da hüquqi qiymət verilməmişdir. Mübahisəli torpaq sahəsi "xxxx" MMC-nin əmlakı olmuşdur və MMC-nin hissələri direktor Vüqar Süleymanov tərəfindən ona satılmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olmuş torpaq sahəsinin 170 kv metr hissəsini almışdır və həmin torpaq sahəsi üzərində hüquqlarını qeydə aldıraraq ona müvafiq çıxarış verilmişdir. Alğı-satqı müqaviləsi bağlanarkən Cavabdeh1la aralarında qarşılıqlı razılığa əsasən, ona satılmış torpaq sahəsinin naturada yeri müəyyən edilmiş, buna dair sxem tərtib edilərək notarial qaydada təsdiq olunmuşdur. Mübahisəli torpaq onun mülkiyyətində olmasına baxmayaraq həmin torpaq sahəsinin ona məxsus hissəsindən Cavabdeh2 könüllü olaraq çıxmır və həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Cavabdeh2 həmin torpaq sahəsindən qanunsuz istifadəsi onun mülkiyyət hüququnu pozur. Cavabdeh digər şəxslər mübahisəli torpağa dair məhkəmələrdə müxtəlif əsassız iddialar qaldıraraq işin yekunlaşdırmasını yubadırlar. Hansı ki, həmin şəxslərin iddia tələbləri təmin olunmamış və yuxarı instansiya məhkəmələrində qanuni qüvvəsini almışdır. Sonda İddiaçı məhkəmə kollegiyasından cavbdeh Cavabdeh1 qarşı tələbindən imtina etməsinin nəzərə alınaraq Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bundan əvvəl qeyd edildiyi kimi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2023-cü il tarixli 2(104)-115/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddiadan qismən imtina barədə ərizə qəbul edilərək, Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(062)-166/2022 nömrəli qətnaməsinin “ünvan 1 ünvanındakı 15 metr enində 11,34 metr uzunluğunda olan tikilinin Cavabdeh1 hesabına sökülməsi, tikinti materiallarının təmizlənərək torpaq sahəsinin İddiaçı təhvil verilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı “Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 170 kv.metr olan torpaq sahəsindən çıxarılması” hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan: AN-İ seriyalı 24 avqust 2021-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 170 kv/m hissəsini alıcı İddiaçı satmışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********18-12301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0.0170 ha hissəsi 31 avqust 2021-ci il tarixdə ********** qeydiyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Eləcə də həmin torpaq sahəsinin 0.3934 ha hissəsi və onun üzərində yerləşən əmlak kompleksi 13 sentyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır; Tovuz Regional “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********18-12301 reyestr nömrəli 0.4104 ha torpaq sahəsinin bölgü sxemindən görünür ki, Cavabdeh1la İddiaçı aralarında qarşılıqlı razılığa əsasən, ümumi torpaq sahəsində yerləşən İddiaçı məxsus 0.0170 ha torpaq sahəsinin naturada yeri (eni 11.34 metr, uzunluğu 15 metr) müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(104)-2905/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdehlər X10, Cavabdeh1, üçüncü şəxslər Tovuz rayon notariat kontoru və Daşınmaz Əmlakıv Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın və bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(062)-93/2021 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq, iddia tələbinin təmin edilməməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 aprel 2022-ci il tarixli 2(102)-1664/2022 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətləri təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli 2(104)-2905/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2(104)-309/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı X5 cavabdehlər X19, X15, X12, X8 və X4 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(062)- 119/2016 nömrəli qiyabi qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(062)-119/2016 nömrəli qiyabi qətnaməsinin tamamilə ləğv edilməsi; İddiaçı X5 cavabdehlər X19, X15, X12, X8 və X4 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli 2(104)-2516/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdehlər "xxxx" MMC, X16 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Ərazi idarəsinə və mübahisə premdeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz rayon notariat kontoruna qarşı "alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(062)-631/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(062)- 631/2022 nömrəli qətnaməsinin ləğv edilməsi; İddiaçı X2 cavabdehlər "xxxx" MMC, X16 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Ərazi idarəsinə və mübahisə premdeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Tovuz rayon notariat kontoruna qarşı "alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın qismən etibarsız hesab edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi; Apellyasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1406/2023 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli 2(104)-2516/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2022-ci il tarixli 2(104)-1369/2022 nömrəli qərardadına əsasən hazırki mülki iş üzrə icraat, Tovuz Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdehlər "xxxx" MMC-nə və qeyrilərinə qarşı cəmiyyətin direktoru X10 ilə onun arasında cəmiyyətin əmlakının 170 kv.m. hissəsinin ona satılması barədə xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cəmiyyətin əmlaklarının Cavabdeh1 bağışlanılmasına dair xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2019-cu il tarixli **********-12301 reyestr nömrəli çıxarışın qismən etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2023-ci il tarixli 2(104)-115/2023 nömrəli qərardadına əsasən hazırkı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələrinə istinadən iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə həmin hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Bundan əlavə Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “N.A və digərlərinin Türkiyəyə qarşı” iş üzrə 09 yanvar 2007-ci il tarixli qərarında bir daha qeyd etmişdir ki, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarına xasdır. Qanunilik prinsipi onu nəzərdə tutur ki, milli qanunvericiliyin tətbiq edilə bilən hər bir norması kifayət qədər dəqiq, aydın, əlçatan, eyni zamanda tətbiq edilərkən onların nəticələri əvvəlcədən məlum olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ”mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, İddiaçı 24 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 mülkiyyətində olmuş torpaq sahəsinin 170 kv metr hissəsini aldığını və adına **********18-12301 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verildiyini, hazırda mülkiyyətində olan həmin torpaq sahəsinin Cavabdeh2 istifadəsində olduğunu və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq torpaq sahəsindən çıxmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəl qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 170 kv.metr olan torpaq sahəsindən çıxarılması” hissədə yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********18-12301 reyestr nömrəli çıxarışına əsasən, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0.0170 ha hissəsi 31 avqust 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Həmçinin Cavabdeh1la İddiaçı qarşılıqlı razılığına əsasən, sonuncuya satılmış torpaq sahəsinin naturada yeri müəyyən edilmiş, buna dair sxem tərtib edilərək notarial qaydada təsdiq olunmuşdur. Cavabdeh2 isə hər hansı hüquqi əsas olmadan həmin torpaq sahəsindən istifadə edir. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadəsi onun mülkiyyət hüququna müdaxilə olmaqla, onu ”xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qoyur və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 170 kv.metr olan torpaq sahəsindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh2 İddiaçı məxsus ümumi torpaq sahəsinin 170 kv.m hissəsindən istifadə etməsi barədə gəldiyi nəticəni onunla əsaslandırır ki, cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan 170 kv.m torpaq sahəsindən istifadə etməməsi barədə hər hansı arqumenti olmamışdır. Əksinə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər saldıqda müyyən olunur ki, sonuncunun dəlili Cavabdeh1la İddiaçı arasında 170.kv.m torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin formal bağlanmasından və və həmin satılan torpaq sahəsinin 70 kv.m hissəsinin onun həyat yoldaşı Tərlan Bayramovaya satılmasına dair alğı-satqı müaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin möcud olmasından ibarət olmuşdur. Göründüyü kimi Cavabdeh2 ümumi torpaq sahəsinin İddiaçı məxsus olan 170 kv.m hissəsindən istifadə etməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası həmçinin qeyd olunanlara əsasən cavabdehin iddiaçıya məxsus hissədə torpaq sahəsindən istifadə edib-etməməsin müəyyən edilməsi barədə müvafiq ekspertizanın keçirilməsini zəruri hesab etmir. Apellyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyil. Məhkəmə kollegiyası ilkin olaraq apellyasiya şikayətinin iddiaçı X11 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin formal olaraq bağlanması və iddiaçının adına çıxarış verilməsi barədə dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, habelə onun əsasında verilmiş çıxarış hüquqi qüvvədədir. Ona görə də apellyasiya şikayətinin bu dəlili qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mübahisəli torpaq sahəsinin 70 kv metr hissəsinin Cavabdeh2 arvadı X1 dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə Tovuz Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 2(062)-119/2016 nömrəli qiyabi qətnaməsi olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2(104)-309/2022 nömrəli qətnaməsi ilə qeyd olunan qiyabi məhkəmə qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən kobud prosessual pozuntuya yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin hakiminin barəsində xüsusi qərardad çıxarılması istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qətnamə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas deyil. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(062)-166/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə, yəni “Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 170 kv.metr olan torpaq sahəsindən çıxarılması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-115/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-115/2023
31.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver