Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1155/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(125)- 1065/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 688,50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat və 3825 (üç min səkkiz yüz iyirmi beş) manat xidmət haqqının, cəmi 4513,50 (dörd min beş yüz on üç manat əlli qəpik) manatın və ödənilmiş 65,13 (altmış beş manat on üç qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(125)-1065/2023 nömrəli (hakim Z.İmanov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə 688,50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat (18% ƏDV) və 3825 (üç min səkkiz yüz iyirmi beş) manat xidmət haqqı olmaqla, cəmi 4513,50 (dörd min beş yüz on üç manat əlli qəpik) manat və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 65,13 (altmış beş manat on üç qəpik) manat tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2023-cü il tarixli 2(104)- 1155/2023 nömrəli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçı “X1 Azərbaycan” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli, 186205/01 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh illik 15 faiz olmaqla 48 ay müddətinə 92000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 05 dekabr 2014-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh arasında 186205/01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında 0,0463 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 4 otaqlı, 75,4 kv.m yaşayış, 67,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" QSC məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-256/2017 saylı, 23 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 67013,01 manat əsas borc, 7946,03 manat faiz borcu, 100 manat cərimə borcu, 5,50 manat bildiriş və tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 30 manat ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün çəkilmiş xərc, 30 manat məbləğində iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu olmaqla, cəmi 75124,54 manat pul vəsaitinin tutularaq, "X1 Azərbaycan" QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş borclu Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin Cavabdeh tutulması və yaşayış evinin 1 ay müddətində boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 18/2020 saylı 10 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli, 2(044)-256/2017 saylı qətnaməsi Cavabdeh 7946,03 manat faiz borcunun tutulması hissəsində dəyişdirilərək həmin məbləğin 6019,83 manat olmaqla, Cavabdeh 67013,01 manat əsas borc və 6019,83 manat faiz borcu olmaqla, 73032,84 manat məbləğində pul vəsaitinin tutularaq "X1 Azərbaycan" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhər üzrə İcra idarəsinə göndərilmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar hərracın nəticələri barədə 23 dekabr 2021-ci il tarixli, 563/21saylı hərracın yekun protokoluna əsasən “X1 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. "X1 Azərbaycan" QSC tərəfindən 30 dekabr 2021-ci il tarixində 1050 saylı ödəniş tapşırığına əsasən 688,50 manat (ƏDV 18 faiz) və 3825 manat xidmət haqqı, cəmi 4513,50 manatın "xxxx" MMC-yə ödənilməsinə dair 1050 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən hərrac təşkilatına 4512,50 manat xərcin hansı səbəblə ödənilməsi ərizədə əsaslandırılmamışdır. Eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda hər hansı haqq ödənilməsi nəzərdə tutulmamışdır. İddianın təmin edilməsi üçün maddi hüquq norması yoxdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-18/2020 nömrəli 10 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(044)-256/2017 saylı qətnaməsi ilə Cavabdeh 7946,03 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməsi və həmin məbləğ 6019,83 manat olmaqla, Cavabdeh 67013,01 manat əsas borc və 6019,83 manat faiz borcu olmaqla, cəmi 73032,84 manat pul tutulması qət edilmişdir; "xxxx"-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 563/21 nömrəli protokolundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 18/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0463 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığından ipoteka saxlayan “X1 Azərbaycan” QSC tərəfindən 76500 manata almışdır; 1050 nömrəli, 27 dekabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən "xxxx"-nin hesabına 688,50 manat ödəniş edilmişdir; 1050 nömrəli, 27 dekabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən "xxxx"-nin hesabına 3825 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 74.1-ci maddəsinə, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 47.2, 47.3, 47.4 və 47.5-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 74.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1-4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2-ci maddəsinə əsasən bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4-cü maddəsinə əsasən bu Qanunun 47.2.1-47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli 2(044)-256/2017 nömrəli qətnaməsi ilə Cavabdeh 67013,01 manat əsas borc, 7946,03 manat faiz borcu, 100 manat cərimə borcu, 5,50 manat bildiriş və tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 30 manat ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün çəkilmiş xərc, 30 manat məbləğində iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu olmaqla, cəmi 75124,54 manat pul vəsaitinin tutularaq, "X1 Azərbaycan" QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş borclu Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin Cavabdeh tutulması və yaşayış evinin 1 ay müddətində boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(104)-18/2020 nömrəli icra sənədinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli, 2(044)-256/2017 nömrəli qətnaməsi Cavabdeh 7946,03 manat faiz borcunun tutulması hissəsində dəyişdirilərək həmin məbləğin 6019,83 manat olmaqla, Cavabdeh 67013,01 manat əsas borc və 6019,83 manat faiz borcu olmaqla, 73032,84 manat məbləğində pul vəsaitinin tutularaq "X1 Azərbaycan" QSC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhər üzrə İcra idarəsinə göndərilmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərracın nəticələri barədə 23 dekabr 2021-ci il tarixli, 563/21saylı hərracın yekun protokoluna əsasən “X1 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. "X1 Azərbaycan" QSC tərəfindən 30 dekabr 2021-ci il tarixdə 1050 saylı ödəniş tapşırığına əsasən 688,50 manat (ƏDV 18 faiz) və 3825 manat xidmət haqqı, cəmi 4513,50 manat "xxxx" MMC-yə ödənilməsinə dair 1050 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər tələbkar “X1 Azərbaycan” QSC tərəfindən bank hesabına ödənilmişdir. Sonuncu həmin xərcin əvəzinin borcludan tutulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nətcə ilə razılaşır. Belə ki, iş materiallarında olan "xxxx"-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 563/21 nömrəli protokolundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-18/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0463 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi keçirilən iki hərrac baş tutmadığından ipoteka saxlayan “X1 Azərbaycan” QSC tərəfindən 76500 manata alınmışdır. 1050 nömrəli, 27 dekabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən "xxxx"-nin hesabına 688,50 manat ödəniş edilmişdir. 1050 nömrəli, 27 dekabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən "xxxx"-nin hesabına 3825 manat ödəniş edilmişdir. Göründüyü kimi “X1 Azərbaycan” QSC tərəfindən hərracla bağlı 4513,50 manat vəsait "xxxx"-nin hesabına köçürülmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin xərcin əvəzini cavabdeh (ipoteka qoyan) Cavabdeh alınaraq iddiaçı (ipoteka saxlayan) “X1 Azərbaycan” QSC-yə ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddianın təmin edilməsi üçün qətnamənin əsaslandırıcı hissəsində göstərilmiş maddi hüquq normalarında hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(125)-1065/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1155/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1155/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver