Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1170/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxsnə qarşı yaşayış faktının təsdiq edilməsi barədə ərizəsi üzrə Goranboy Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(045)-563/2023 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1970-ci ildən 2017-ci il tarixə vağzalında olan evdə yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(045)-563/2023 saylı qərardadı ilə (hakim Tural Ələkbərov) ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(045)-563/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(045)-563/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 16 mart 2023-cü il tarixli 2(045)-563/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin icraata qəbul etməkdən imtina edilməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, ərizəçi tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Yəni, Ərizəçi tərəfindən maraqlı şəxsə müraciət olunmasına dair hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa ərizəçi tələbini də düzgün göstərməmişdir. Belə ki, ərizədə ərizəçinin 1970-ci ildən 2017-ci il tarixə vağzalında olan evdə yaşamağı faktının müəyyən edilməsi xahiş olunsa da, hansı vağzalda olması göstərilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin icraata qəbul edilməsindən Azərbaycan Respublikasının MPM-in 153.2, 153.2.1-ci maddəsinə əsasən imtina etmişdir. Azərbaycan Respublikasının MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 7.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Ərizəçinin şikayəti ərizəsi ilə eyniməzmunlu olmaqla əsaslandırılmamışdır, bununla belə məhkəmə kollegiyası qərardadın ləğv edilməsinə dair əsas müəyyən etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur, formal mülahizələrə görə qərardadın ləğv edilməsi yolverilməzdir. Hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsi ərizənin icraata qəbul edilməsindən imtina olunmasına dair düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyasının birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Hazırki iş üzrə çıxarılan qərardaddan isə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263,264, 397,398, 400 və 402.2-ci maddələrini rəhbər tutub, Qəraraaldi: Şikayət təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2(045)-563/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış 16 mart 2023-cü il tarixli 2(045)-563/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1170/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1170/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver