Məhkəmə qərarları › İş №2(104)-1177/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1177/2024

04.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1177/2024 04.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdeh X5 qarşı, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma; pul tələbi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsindən çıxarılma, qarşılıqlı iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(061)-108/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 04 iyun 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN 238 saylı KOD 61114028 “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, İddiaçı və iki nəfər ailə üzvlərinin mülkiyyətinə 1,63 ha pay torpaq sahəsi verilmişdir;

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 14 iyul 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********92 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayonu İsmayılbəyli kəndində yerləşən 1,6260 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0,542 ha hissədə X4, 0,542 ha X1, 0,05 ha hissədə X6 və 0,522 ha hissədə İddiaçı adına qeydiyyata alınmışdır;

3. Tərtər rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial İqtisadi inkişafının təhlili və proqnozlaşdırılması söbəsinin baş məsləhətçisi Natiq Musayev tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, Tərtər rayonu İsmayılbəyli kəndi ərazisində yerləşən 1.63 ha torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsindən son 9 il ərzində suvarma rejimindən, göstərilən aqrotexniki tədbirlərdən və digər amillərdən asılı olaraq hər il üçün 1500-1800 manat gəlir əldə edilməsi mümkündür. Bununla yanaşı torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, torpaq hazırda şumlanmışdır və payız mövsümündə aparılmış şumdan əvvəl torpağa üzvi və mineral gübrələr verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd olunmuş 1,6260 ha, “Torpağa Mülkiyyət Hüququna Dair” JN-238, KOD nömrəsi 61114028 olan Dövlət Aktına əsasən ailəsinə məxsus olan 1,63 hektar torpaq sahəsinin cavabdeh X2 alınaraq onlara qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdeh X9 da İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, torpaq sahəsinin alqısatqısı üçün cavabdehə indiki indeksasiya qiyməti ilə verdiyi 3400 manat məbləğində və pay torpağının istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün çəkdiyi 4000 manat xərci əlavə etməklə, ümumilikdə 7400 manat məbləğdə pulun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı zamanı “Torpağa Mülkiyyət Hüququna Dair” JN-238, KOD 61114028 saylı Dövlət Aktına əsasən onların ailəsinə 1,63 ha pay torpaq sahəsi verilmişdir. O, 2014-cü ildə 1,63 ha torpaq sahəsini cavabdeh X5 2019-cu ilə qədər 1920 manata satmışdır. 2019-cu ildə cavabdehə 2000 manat təklif edərək torpağını geri verməsini tələb etmiş, lakin cavabdeh torpağı geri qaytarmaqdan imtina etmiş və həmin vaxtdan onun ailəsinə məxsus olan onların torpaq sahəsini zəbt edərək özününkü hesab etmişdir. İllərdir ki, torpağı əkib-becərərək xeyir götürmüşdür.

7. Qarşılıqlı iddia üzrə iddiaçı X9 tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəflə heç bir ədavəti olmamış, münasibətləri qohum kimi yaxşı olmuşdur. Mübahisəli torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Bu vaxta qədər həmin torpaq sahəsindən fasiləsiz və etirazsız olaraq istifadə etmişdir. Belə ki, İddiaçı 2014-cü ildə pay torpaq sahəsini satdığını bildirmişdir. Onun təklifini qəbul etmiş, onunla və ailə üzvləri ilə razılığa gələrək 1,63 ha torpaq sahəsini 2000 manata almışdır. 2014-cü ildə 1 ABŞ dollarının məzənnəsi, 0,78 manat Azərbaycan manatına bərabər olmuşdur. Buna görə o, özündə olan 2000 ABŞ dolları məbləğində pulu milli valyutaya çevirmişdir. Əlavə olaraq heyvan sataraq 200 manat əlavə pul əldə edərək cavabdehə 2000 manat məbləğində pul vermişdir. Qohum olduqları üçün ilkin İddiaçı torpağın sənədləşdirilməsinə ehtiyac olmadığını bildirmiş, torpağın sənədini və torpağın subsidiyasını almaq üçün verilən plastik kartı da ona vermişdir. Ona inanıb torpağı adına sənədləşdirməmişdir. Pay torpağını aldıqdan sonra əkin üçün yararlı olmadığı üçün torpağa çoxlu miqdarda üzvi gübrə (peyin) avtomobillə dağıdıb torpağı yararlı vəziyyətə gətirmişdir. Eyni zamanda hər il pay torpağına üzvi və mineral gübrələr vermiş, torpaq yararlı vəziyyətə düşmüşdür. İddiaçı hazırda çıxılmaz vəziyyətə düşüb ondan torpağı tələb etmişdir. Cavabdeh torpağı tələb etdikdə ona əlavə olaraq 2000 manat pul təklif etmiş, lakin bu təkliflə razılaşmamışdır. Ondan torpağın hazırkı qiymətini, yəni 15000 manat pul istəmişdir. O, torpağa hər il “KAMAZ” markalı yük avtomobili ilə 5 reys üzvi gübrə (peyin) daşıyıb vermişdir. Həmin xərclər ümumulikdə 8 il üçün 4000 manata bərabərdir. Cavabdeh torpağa ondan alacağı təqdirdə həmin alqı-satqı üçün indiki qiymətlə 3400 manat və torpağa çəkdiyi əlavə xərci, 4000 manatı ona qaytarmalıdır.

8. Tərtər Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(061)-108/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) ilkin iddia təmin edilərək, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda qeyd olunmuş 1,6260 ha “Torpağa Mülkiyyət Hüququna Dair” JN- 238, KOD nömrəsi 61114028 olan Dövlət Aktına əsasən İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ailəsinə məxsus olan 1,63 hektar torpaq sahəsindən çıxarılması; Qarşılıqlı iddianın qismən təmin edilməsi; İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1920 (min doqquz yüz iyirmi) manat pul vəsaiti alınıb ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X8 verilməsi; Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi; Həm ilkin və həm də qarşılıqlı iddianın eyni vaxtda icra edilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1, 157.2, 238.1, 238.2 və 238.3-cü maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 66.1, 66.2, 80.1, 83.1 və 84.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ilkin iddiaçının torpaq sahəsini zəbt etməmiş, habelə oranı əkibbecərməmişdir. Əksinə, 2014-cü ildə ilkin İddiaçı ogluna 2000 manat pul verib sonuncuya məxsus 1.63 ha pay torpaq sahəsini həmişəlik almışdır. Lakin indi ona məlum olur ki, cavabdeh İddiaçı oglu onu aldatmışdır və sonuncunun məqsədi ondan 2000 manat pulu almaqdan ibarət olmuşdur. Ona görə də hesab edir ki, ilkin İddiaçı oglu 2014-cü ildə suiistifadə yolu ilə aldıgı 2000 manat pulu indiki dövrə uygun indeksləşdirilmə ilə ona qaytarmalıdır. İstehlak qiymətləri indeksi isə ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir. Bu mənada Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytında yerləşən istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator hesablaması ilə müəyyən edir ki, 2024-cü ilin yanvar ayında 2014-cü ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 188.4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 88.4 faiz artmışdır. Bu isə o deməkdir ki, cavabdeh İddiaçıYunus oglunun 2014cü ildə ondan sui-istifadə yolu ilə aldıgı 2000 manat pulun indiki dövrə uygun indeksləşdirilməklə dəyəri 3768 manat (2000 man x 188.4: 100= 3768 manat) təşkil edir ki, məhkəmə də bu hesablama İddiaçı oglundan həmin 3768 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxartmalıdır. Bundan əlavə məhkəmə həm də onu nəzərə almalıdır ki, 2014-cü ildən indiyədək keçən 9 (doqquz) il ərzində 1.63 ha pay torpaq sahəsinə üzvi və mineral gübrələr verməklə, torpaq sahəsində başqa cür aqrotexniki tədbirlər işi görməklə və torpagı münbitləşdirməklə hər il ən azı 1500-1800 manat pul vəsaiti xərcləmişdir ki (bu faktı təsdiq edən Tərtər Rayon İcra Hakimiyyətinin baş mütəxəssisi tərəfindən tərtib edilmiş rəyi bu şikayətə əlavə edir), bu da 9 (doqquz) il ərzində 13500-16200 (1500 x 9= 13500, 1800 x 9= 16200) manat təşkil edir. Məhz bu səbəbdən də 13500-16200 manat pul vəsaiti də torpaga çəkdiyi xərcin əvəzi olaraq İddiaçı Yunis oglundan alınaraq mənə ödənilməlidir. Ümumilikdə isə iki hal üzrə cavabdeh tərəfindən ona 17268-19968 manat (13500 +3768= 17268 manat, 16200 + 3768 = 19968 manat) pul ödənilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

18. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

19. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

20. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, ilkin iddia tələbi tam təmin edilmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnaməni bütövlükdə mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın isə təmin edilməməsi hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni ilk iddianın təmin edilmiş, qarşılıqlı iddianın isə qismən təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli 17 nömrəli qərarı ilə Tərtər rayonu İsmayılbəyli kəndi ərazisində yerləşən 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilkin İddiaçı və onun iki nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 14 iyul 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********92 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən də sözügedən torpaq sahəsi 0,542 ha hissədə X4, 0,542 ha X1, 0,05 ha hissədə X6 və 0,522 ha hissədə İddiaçı adına qeydiyyata alınmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, ilkin iddia üzrə İddiaçı həmin torpaq sahəsini 2014-cü ildə faktiki olaraq qarşılıqlı iddiaçı Mayis Cəfərova satmış və torpaq sahəsi həmin vaxtdan hal-hazıradək sonuncunun sahiblik və istifadəsində olmuşdur. Lakin torpaq sahəsinin qarşılıqlı iddiaçı Mayis Cəfərova satılması ilə bağlı tərəflər arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. İlkin İddiaçı qarşılıqlı iddiaçı Mayis Cəfərovun mübahisəli torpaq sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh Mayis Cəfərov da İddiaçı qarşılıqlı iddia ərizəsi verərək torpaq sahəsinin alqı-satqısına görə ödənilmiş pulun indeksləşdirilməklə ona qaytarılması və torpaq sahəsinin münbitləşdirilməsi üçün çəkdiyi xərclərin əvəzinin tutulmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etmiş, qarşılıqlı iddia tələbini isə qismən təmin etmişdir. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

31. Qeyd edilməlidir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı).

32. İşin hallarından göründüyü kimi qarşılıqlı iddiaçı Mais Cəfərov mübahisə predmeti olan torpaq sahəsini ilkin İddiaçı satın aldığını bildirir və torpaq sahəsindən çıxarılması ilə razılaşmır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi (əqd) olub-olmaması aspektində araşdırma aparılmalıdır.

33. Bu baxımdan işin halları təhlil olunduqda müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsinin qarşılıqlı iddiaçı Mayis Cəfərova satılması barədə tərəflər arasında notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmamışdır.

34. Mülki qanunvericilik daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən isə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

35. İşin mübahisəsiz hallarıdır ki, daşınmaz əmlak olan ilkin iddiaçıya məxsus torpaq sahəsi sonuncu tərəfindən 1920 manat müqabilində faktiki olaraq qarşılıqlı iddiaçı Mais Cəfərova satılmışdır. Lakin tərəflər arasında torpaq sahəsinin qarşılıqlı iddiaçı Mayis Cəfərova satılması barədə notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmamışdır ki, bu hal da tərəflər arasındakı həmin ədqin etibarsızlığına gətirib çıxartmışdır. Belə olan halda qarşılıqlı iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququ yaranmış olmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilkin İddiaçı qarşılıqlı iddiaçı Mais Cəfərovun mübahisə predmeti olan torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə qətnaməsinə əsasən torpaq sahəsi birgə mülkiyyətçi İddiaçı geri qaytarıldığından, həmin torpaq sahəsinin alqı-satqısına görə sonuncuya ödənilmiş 1920 manat məbləğində pul da qarşılıqlı iddiaçı Mais Cəfərova qaytarılmalıdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı Mayis Cəfərov torpaq sahəsinə görə ödədiyi 1920 manatın indeksləşdirilməklə ona qaytarılmasını iddia etsə də, lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu tələbi əsassızdır.

37. Belə ki, indeksasiya anlayışı «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin indeksləşdirilməsi haqqında» 17 iyun 1992-ci il tarixli 174 saylı Azərbaycan Respublikası Qanununda verilmişdir. Həmin Qanunun 1-ci maddəsində deyilir ki, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləği bu qanunla tənzimlənən indeksləşdirmə obyekti olmasa da, həmin qanunda verilən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına da tətbiq oluna bilər. Bu mənada MPM-nin 232-ci maddəsində göstərilən ödənilməli olan pul məbləğinin indeksasiyasına dair prosessual hüquq normasının müəyyən olunmasının məqsədi tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından ibarətdir.

38. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyasının artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. Qanunun bu müddəası qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin qətnamənin icrası zamanı baş vermiş və ya davam edən inflyasiyaya görə indeksasiyasının aparılmasını deyil, məhkəmə tərəfindən indeksasiya haqqında məsələyə qətnamənin icrası zamanı baxılmasını nəzərdə tutur. MPM-nin 232-ci maddəsində göstərilən “qətnamənin icrası zamanı” ifadəsi həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunduğu andan qətnamənin tam icra olunmasına qədər olan müddəti ehtiva edir. Həmçinin MPM-nin qeyd olunan maddəsi yalnız məhkəmə qətnaməsinə əsasən tutulmalı olan pul məbləğinin indeksasiyasının mümkünlüyünü nəzərdə tutur.

39. Sadalanan qanunvericilik müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinə görə ödənilmiş 1920 manat vəsaitin indeksləşdirilməklə qarşılıqlı iddiaçı Mayis Cəfərova qaytarılması hazırkı mərhələdə mümkünsüzdür.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün çəkilmiş 4000 manat vəsaitin torpaq sahəsinin birgə mülkiyyətçisi olan ilkin iddiaçıdan tutulması hissədə qarşılıqlı iddia tələbini təmin etməmişdir.

41. Belə ki, qarşılıqlı iddiaçı Mais Cəfərov torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi üçün torpağa 4000 manat vəsait sərf etdiyini iddia etsə də, lakin bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial İqtisadi inkişafının təhlili və proqnozlaşdırılması söbəsinin baş məsləhətçisi Natiq Musayev tərəfindən verilmiş rəydə payız mövsümündə aparılmış şumdan əvvəl torpağa üzvi və mineral gübrələr verildiyi göstərilsə də, həmin gübrələrin torpaq sahəsinə qarşılıqlı iddiaçının vəsaiti hesabına verilmiş olması, habelə verildiyi təqdirdə bunun üçün nə qədər vəsait sərf olunması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

42. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

43. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(061)-108/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni ilk iddianın təmin edilmiş, qarşılıqlı iddianın isə qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar