Məhkəmə qərarları › İş №2(104)-1189/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1189/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1189/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibаrət tərkibdə, Ərizəçi MMC-nin (keçmiş adı "xxxx" MMC) mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(066)-188/2008 nömrəli qərardadından Maraqlı şəxs2 tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: Ərizəçi "xxxx" MMC (indiki adı Ərizəçi MMC) ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 Kitabında xx.xx.2007-ci il tarixdə 305 № ilə "xxxx" istehsalat kommersiya firmasının adına qeydə alınmış A № 022264 №li sənəddə göstərilən 5 hektar torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə hüququ olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 10 iyun 2008-ci il tarixli 2(066)-188/2008 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xanlar rayonunun Səmədli qəsəbəsində yerləşməklə ilkin olaraq "xxxx" X4 verilən 5 (beş) ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs2 apellyasiya şikayəti vərərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə onun da maraqlarına toxunulmuşdur. "xxxx" MMC-nin adı sonradan Ərizəçi MMC-yə dəyişdirilmişdir və hazırda Ərizəçi MMC ilə onun arasında məhkəmə çəkişməsi vardır. Qətnamədə sözügedən Göygöl (keçmiş Xanlar) rayonu Səmədli kəndində yerləşən 5 (beş) ha torpaq sahəsi hazırda onun 5/6 hissə ilə mülkiyyətində olan Göygöl rayonu Səmədli kəndində yerləşən əmlak kompleksinin ərazisinə düşür və qeyd edilən əmlak kompleksinin ərazisində yerləşən torpaq sahəsi faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Lakin buna baxmayaraq, Ərizəçi MMC hazırda həmin əmlak kompleksinin ərazisində fəaliyyət göstərməklə həmin əmlaka iddialı olduqlarını bildirməklə, bu barədə məhkəmədə iddia da qaldırmışlar. Həmin iddia ərizəsində Ərizəçi MMC nə qədər absurd olsa da, bir neçə saxta aktdan və müqavilədən (onların saxta olması ekspert rəyi ilə təsdiq edilmişdir) istifadə etməklə sözügedən əmlak kompleksinin onların mülkiyyətinə verilməsini tələb edirlər. Hazırda isə bu qətnamədən istifadə edərək məhz həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsini mənimsəmək istəyirlər. Bütün bunlardan o yalnız qətnamənin icrası ilə bağlı icra məmurları ona məxsus olan torpaq sahəsinin də ölçülməli olduğunu bildirəndə məlumatı olmuşdur. Elə ölçü işləri aparılan zaman da məhz ona məxsus olan əmlak kompleksinin ərazisi ölçülmüşdür (bu barədə tərəfindən məhkəməyə DVD disk təqdim ediləcəkdir). Göründüyü kimi, qətnamə ilə birbaşa onun maraqlarına toxunulmuşdur. Bildirmək istəyir ki, mərhum atası X5 Ərizəçi MMC-də olan payını ölümünə az qalmış bacısı X2 bağışlamışdır. Ümumilikdə isə məhrum atası X3 vəfatından sonra ondan bir neçə miras əmlak qalmışdır. Həmin miras əmlaklardan bəziləri birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Atasının 3 vərəsəsi olmuşdur: anası, o və iddiaçı olan bacısı. Anası mirası qəbul etdikdən sonra öz paylarını ona bağışlamışdır. Hazırda qeyd edilən miras əmlakların, eləcə də Ərizəçi MMC-nin qanunsuz fəaliyyət göstərdiyi Göygöl rayonu Səmədli kəndində yerləşən əmlak kompleksinin 5/6 hissəsi onun mülkiyyətində, 1/6 hissəsi isə bacısı X1 mülkiyyətindədir. Lakin bu əmlakların çox hissəsinin onun mülkiyyətində olmasına baxmayaraq, bacısı onu bu əmlaklara buraxmamaq üçün hər vasitələrə əl atır. Elə qətnamənin yenidən icraya yönəldilməsi də məhz bununla bağlıdır. Ona görə də sözügedən qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Əlavə olaraq bildirmək istəyir ki, sözügedən qətnamədən yalnız bu yaxınlarda xəbər tutmuş və bundan sonra məhkəməyə müraciət edərək 22 aprel 2025-ci il tarixində qəbzə imza etməklə rəsmi qaydada almışdır. Məhkəmə "xxxx" MMC-nin Göygöl (keçmiş Xanlar) rayonu Səmədli kəndində yerləşən 5 (beş) ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktını müəyyən etməklə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək "xxxx" MMC-nin Göygöl (keçmiş Xanlar) rayonu Səmədli kəndində yerləşən 5 (beş) ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktını müəyyən etməsini əsaslandıra bilməmişdir. İşin faktiki hallarından da açıq-aydın görünür ki, torpaq sahəsinin kimə məxsus olması ilə bağlı mübahisə vardır. Belə olan halda isə məhkəmə işə xüsusi icraat qaydasında baxa bilməzdi. Göygöl Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(066)-188/2008 nömrəli qərardadı ilə (hakim Rəşad Mustafayev) Göygöl Rayon Məhkəməsinin 2(066)-188/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs2 şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətini geri qaytaran zaman belə qənaətə gəlmişdir ki, guya o, qeyd edilən torpaq sahəsinin hansı tarixdən sahibliyinə keçməsinə dair sübutu məhkəməyə təqdim etməmiş, qətnamə ilə hansı hüquqlarının pozulmasını şikayətdə əsaslandıra bilməmişdir. Halbuki, Göygöl (keçmiş Xanlar) rayonu Səmədli kəndində yerləşən əmlak kompleksinin 5/6 hissənin mülkiyyətində olmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məhkəməyə təqdim edilmişdir ki, həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi də məhz qətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Elə ölçü işləri aparılan zaman da məhz ona məxsus olan əmlak kompleksinin ərazisi ölçülmüşdür. Eyni zamanda, məhkəməyə keçmiş "xxxx" MMC, hazırkı Ərizəçi MMC ilə aralarında olan məhkəmə mübahisəsinə dair sənədlər də təqdim edilmişdir və bu sənədlər aralarında olan mübahisənin məhz həmin əmlak kompleksi və torpaq sahəsi ilə bağlı olduğu açıq-aydın göstərir. Buna baxmayaraq, məhkəmə ümumiyyətlə hər hansı bir əsaslandırma aparmadan, təqdim edilmiş sübutlara qiymət vermədən apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir ki bu da çox kobud qanun pozuntusudur. Göygöl Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 2(066)-188/2008 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Birinci instansiya məhkəməsi Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmış və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(066)- 188/2008 saylı qətnaməsinin onun hüquqlarına toxunması, qəbul edilən qətnamə ilə onun hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunmasını müəyyən etmək mümkün deyildir. Belə ki, "xxxx" MMC-nin Xanlar rayonu Səmədli qəsəbəsində yerləşməklə ilkin olaraq "xxxx" X4 verilən 5 (beş) ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəyə 2008-ci ildə baxılmışdır. Həmin tarixdən 17 il sonra qeyd edilən torpaq sahəsinin hansı tarixdən Maraqlı şəxs2 sahibliyinə keçməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmiş, qəbul edilmiş qətnamə onun hansı hüquqlarını pozmasını şikayətində əsaslandırmamışdır. Bu səbəbdən Göygöl rayon Məhkəməsinin 2(066)-188/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən onun hüquq və vəzifələrinə toxunmayan şəxs Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayəti verildiyi üçün geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik normaları mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. MPM-də fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bununla belə, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və sair amillər nəzərdə tutulmuşdur. Bu növ məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Məlumdur ki, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin, qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin və ya şikayətlərinə baxılmasının fərqli qaydalarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu da bir sıra qərarlarında işdə iştirak etməyə cəlb olunmayan, yaxud işdə tərəf olsa da iştirakı təmin edilməyən və məhkəmə qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır (K.Marayevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli qərar). Həmin şəxslərin statusunun səciyyəvi əlamətləri dedikdə - onların məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, yaxud işdə tərəf olsalar da bu barədə məlumatsız olduqları üçün iştiraklarının təmin edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onların hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması nəzərdə tutulur. Doğrudur ki, işdə iştirak etməyə cəlb olunmayan (iştirakı təmin edilməyən) şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən (iştirakı təmin edilməyən) şəxslərin prosessual fəaliyyəti onların iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Lakin, hər bir halda bu şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması, habelə keçən müddət ərzində məhkəmə aktlarından xəbərsiz olmalarının onların iradəsindən asılı olmaması və özləri tərəfindən dəf edilməli imkanlardan kənara çıxması əsaslandırılmalıdır. Bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Bu kontekstdə, apellyasiya şikayəti verilməsi və onun mümkün hesab edilməsi üçün prosessual əsaslar olmalıdır. Kollegiya xüsusilə vurğulayır ki, MPM-nin 357.2-ci maddəsində bəhs olunan “işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs” dedikdə elə hal başa düşülür ki, həmin şəxsin üzərinə hər hansı vəzifə və ya öhdəlik qoyulmuş olsun, yaxud məhkəmə baxılmış mübahisəni, işə cəlb olunmamış həmin şəxslərin hüquqlarının pozulması və ya əsassız məhdudlaşdırılmasına səbəb olan şəkildə həll etmiş olsun. Əgər qəbul edilmiş qətnamə şəxsin hüquq və vəzifələrinə toxunmursa, bu halda onun qətnamədən apellyasiya şikayəti vermə hüququ yoxdur. Buna görə də, MPM-nin 357.2-ci maddəsində nəzərdə tutulmuş əsasla apellyasiya şikayətinin mümkünlüyü həll edilərkən məhkəmədən, hər bir işin konkret hallarından asılı olaraq, çıxarılmış qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxsin hüquq və vəzifələrinə toxunmasını əsaslandırmaq tələb olunur. Baxılan işdə mübahisə "xxxx" MMC-nin Xanlar rayonu Səmədli qəsəbəsində yerləşməklə ilkin olaraq "xxxx" X4 verilən 5 (beş) ha torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi ilə bağlıdır. Apellyator Maraqlı şəxs2 qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bildirsə də, lakin onun sözügedən torpaq sahəsinə hər hansı əmlak hüquqları olması müəyyən edilməmişdir. Qətnamənin hüquq və vəzifələrinə toxunması barədə apellyatorun dəlilləri isə ondan ibarət olmuşdur ki, mərhum atası M.Abdullayev Ərizəçi MMC-də olan payını ölümünə az qalmış bacısı A.Abdullayevaya bağışlamış, ümumilikdə isə mərhum atasının vəfatından sonra ondan bir neçə miras əmlak qalmışdır, miras əmlakların, o cümlədən Ərizəçi MMC-nin fəaliyyət göstərdiyi Göygöl rayonu Səmədli kəndində yerləşən əmlak kompleksinin 5/6 hissəsi onun mülkiyyətində, 1/6 hissəsi isə bacısı A.Abdullayevanın mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun qeyd etdiyi dəlillər öz təsdiqini tapdığı təqdirdə belə, yenə də həmin hallar Göygöl Rayon Məhkəməsinin 10 iyun 2008-ci il tarixli 2(066)- 188/2008 nömrəli qətnaməsinin apellyator Maraqlı şəxs2 hüquq və mənafelərinə toxunması kimi qiymətləndirilə bilməz. Ona görə ki, işin hallarından göründüyü kimi ərizəçi "xxxx" MMC cəmiyyətin ərazisi olan 5 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə hüququ olması faktının müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə "xxxx" MMC-nin (hazırkı adı Ərizəçi MMC) "xxxx" X4 ayrılmış 5 ha torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermə hüququ tanınmışdır. Başqa sözlə, hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə həll edilən məsələnin apellyator və ya onun mərhum atasına məxsus torpaq sahəsi ilə bağlılığı olmamışdır. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, qətnamə ilə ərizəçinin sahiblik, istifadə və sərəncam hüquqları tanınan torpaq sahəsi hüquqi şəxsə ayrılan torpaq sahəsi olmuşdur və Mülki Məcəllənin 43-cü maddəsi baxımından hüquqi şəxsə məxsus əmlakla bağlı məsələnin həlli apellyatorun hər hansı hüquqlarını, habelə qanunla qorunan mənafelərini pozmur. Belə ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (Mülki Məcəllə 43 və 52-ci maddələr). Şərh edilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, Göygöl Rayon Məhkəməsinin 10 iyun 2008-ci il tarixli 2(066)-188/2008 nömrəli qətnaməsi ilə müəyyən edilən fakt Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunmur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Bir sözlə, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(066)-188/2008 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar