Məhkəmə qərarları › İş №2(104)-1196/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1196/2025

19.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1196/2025 19.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci ilil tarixli, e-2(023)-289/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3-da mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən sahəsi 94,30 kvm olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh ona məxsus 1 ədəd divan, 1 ədəd masa, paltar üçün dolab, 1 ədəd qab-qacaq üçün dolab, 2 ədəd çarpayı, 4 ədəd stul, 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd qaz peçindən ibarət məişət əşyaları ilə birlikdə çixarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh aid olan və iddia ərizəsinə əlavə olunan siyahıda adları çəkilən əşyaların çıxarılması, darvazanın açarlarının ona təhvil verilməsi, mənzilinə daxil olmaq üçün maneənin aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini müvəqqəti istifadə üçün ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh vermişdir. Cavabdeh özünə məxsus 1 ədəd divan, 1 ədəd masa, paltar üçün dolab, 1 ədəd qab-qacaq üçün dolab, 2 ədəd çarpayı, 4 ədəd stul, 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd qaz peçindən ibarət məişət əşyalarını onun evinə yerləşdirmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evini boşaltmır. Qeyd olunanlara əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh aid olan və iddia ərizəsinə əlavə olunan siyahıda adları çəkilən əşyaların çıxarılması, darvazanın açarlarının ona təhvil verilməsi, mənzilinə daxil olmaq üçün maneənin aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

5. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(023)-289/2025 saylı qətnaməsi ilə (hakim Nemət Musayev) iddianın qismən təmin edilməsi, Cavabdeh məxsus - 1 ədəd divan, 1 ədəd masa, paltar üçün dolab, 1 ədəd qab-qacaq üçün dolab, 2 ədəd çarpayı, 4 ədəd stul, 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd qaz peçindən ibarət əşyaların İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdeh tərəfindən işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, cavabdehlə iddiaçı arasında hər hansı qohumluq münasibəti mövcud deyildir, iddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma olmamışdır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında evdən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehin mənzildən istifadə hüququ da əmələ gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan cavabdehin evdə hər hansı hüquqlarının olmamasına baxmayaraq, öna məxsus əşyaları həmin evdən könüllü olaraq çıxarmaması iddiaçının öz mülkiyyətindən dinc istifadə hüququnu həyatakeçirməyə mane olur. Odur ki, iddiaçı cavabdehdən ona məxsus əşyaların mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus yaşayış evində əşyalarını saxlamasını davam etməsi iddiaçının yaşayış evi üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, maddələrinə, Mülki Məcəllənin 152.1, 157.4, 228.1, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci ilil tarixli, e-2(023)-289/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ona məxsus olmuş, hazırda mübahisə edilən, ünvan 4 ünvanında ona məxsus olan yəni 12 iyul 2004cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçisi olduğu Qazax şirə və şərab sexinin Azərittifaqın razılığı ilə almış olduğu 2 ha torpaq sahəsində yerləşən inzibati binalar mövcuddur ki, həmin əmlaklarda anadan olandan bəri işləməklə orada da yaşamışlar. Həmin mübahisəli ərazi ilə bağlı olaraq çox saylı məhkəmə qətnamələri mövcuddur. Həmin məhkəmə qərarlarından tam olaraq görmək olar ki, mübahisə olunan torpaq sahəsi və üzərində yerləşən inzibati binalar məhz Azərittifaqa aid olmasına baxmayaraq, hansısa bir yolla həmin əraziləri guya ki, “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin tabeliyində olmuş “Azəryun”İstehsalat Birliyinin bazasında "xxxx" ASC-ti yarandığını, həmin sərəncama 3N-li əlavədə Qazax Ərazi Yun Tədarükü və Qəbulu İdarəsi “Azəryun” İstehsalat Birliyinin tərkibinə daxil olan hüquqi şəxs statuslu ərazi yun tədarükü və qəbulu idarələrinin siyahısına verilmişdir. Hətta bir məhkəmə qətnaməsinə qeyd edilmişdir ki, aparılmış olan araşdırma nəticəsində məlum olmuşdur ki, mübahisəli əmlak X3 Birliyinin balansında olmaqla dövlət mülkiyyəti olmuş və 1999-cu il tarixdə özəlləşdirilməsi üçün Dövlət Əmlak Komitəsinin sərəncamına verilmişdir. Amma ki, həmin əmlak məhz Azərittifaqa aid olmaqla onların balansında olmuş və həmin əmlakı onun və mərhum atasının işlədiyin işin əvəzində əmlak olaraq yəni əmək haqqı əvəzi verilmişdir. Məhz həmin yeri iddiaçı tərəf, öz vəzifəsindən istifadə etməklə etibar etdiyi şəxsin adına sənədləşdirməklə, onu də həmin əmlakdan zorla çıxarmaqla, onun xəbəri olmadan həmin mübahisə olunana yaşayış evinə ona məxsus olan əşyalarını evə yığmaqla, guya ki, həmin evi ona veribmiş kimi davranmaqla, ona qarşı zülm edir. Maraqlıdır ki, mübahisə olunan yaşayış evinə onun nə üçün girdiyini, oraya onun əşyalarının kim tərəfindən yığıldığını, yaşayış evinin isə iddiaçı tərəfindən qəsdən sökülməklə onun mülkiyyətinə olan qəsd barədə heç bir araşdırmanın aparılmadığı ortaya çıxır. Burada isə iddiaçının təqdim etmiş olduğu sübutlar araşdırılmış, onun haqqına iddiaçı tərəfindən qəsdən müdaxilə etməklə, həmin yaşayış evinə onun zorla köçürülməsi halının baş verməsi və sonradan da, həmin yaşayış evindən məhkəmə yolu ilə onu çıxarmaq istəyini həyata keçirməsi qəbul olunmazdır. İşə baxan məhkəmə həmin iş üzrə ona məxsus olan yaşayış yerinin iddiaçı tərəfindən qəsdən, saxta sənəd əldə etməklə əmlakının sökülməsi və onun küçələrdə qaldığım üçün ona məxsus olan yaşayış evindən çox saylı əmlakları özünüküləşdirməklə, onun geyim və digər əşyalarını hazırda mübahisə olunan yaşayış evinə yığımış, indi isə öz istədiyi kimi həmin əmlaklarını çölə tökməklə, məhkəmə qətnaməsi ilə öz işinin kökünü bərkitmək niyyətindədir. İddiaçı barəsində onun etmiş olduğu mübahisə predmeti hal-hazırda Gəncə Apellyaisya məhkəməsinin icraatında baxılır. Həmin mübahisə məhz ona məxsus olmuş olan Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən şirə sexi və digər torpaq sahələrini hər hansısa vəchlə ələ keçirməyə nail olduğu barədə və həmin çıxarışın verilməsinə səbəb olmuş qeydiyyat vərəqəsinin ləğv edilməsi barədə inzibati işin olduğunu da bildirmişdir, amma ki, həmin hissəyə hüquqi qiymət verilməmiş, heç bir araşdırılma aparılmamışdır.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, İddiaçı onu aldaraq ona məxsus evi sökmüşdür. Belə ki, İddiaçı Qazax rayon, Nərimanov küçəsində yerləşən ona məksus tikilinin olduğu ərazidə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ADA universitetinin tikiləcəyini bildirirək həmin tikilini sökməyə ondan razılıq almışdır. O da həmin yaşayış evində olan əşyalarını Qazax rayon, M.Hüseyn küçəsində yerləşən evə yerləşdirməyə məcbur olmuşdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirdi ki, İddiaçı əvvəl tanımırmış, iddiaçı ona Əmlak Məsələri üzrə Dövlət Komitəsində işlədiyini bildirmişdir. Onun evi Qazax rayon, Nərimanov küçəsində olmuşdur, Qazax rayon, M.Hüseyn küçəsində yerləşən evdən xəbəri olmamışdır. O, həmin evə əşyaları özü aparmamış, Əkbər özü onun əşyalarını Qazax rayon, M.Hüseyn küçəsində olan evə yerləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığı olduğu üçün evin sökülməsinə razı olmuşlar. Daha sonra İddiaçı orada anbarlar tikdirdiyini görmüşlər. O, İddiaçı ona məxsus əşyaları köhnə evinə aparmasını istəyir.

12. İş üzrə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

13. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

14. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

26. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci ilil tarixli, e-2(023)-289/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Qazax şəhəri, Mehdi Hüseyn küçəsi 29 saylı evin tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh məxsus məişət əşyaları İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində qanunsuz olaraq yerləşir. İddiaçı cavabdehdən ona məxsus fərdi yaşayış evindən çıxmasını tələb etsə də cavabdeh bundan imtina etmişdir. İddiaçı isə haızrki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır əlavə olaraq qeyd edir ki, hazırki işdə mübahisəli fərdi yaşayış evi tam olaraq iddiaçının mülkiyyətindədir. Hazırkı vəziyyətdə cavabdehə məxsus məişət əşyalarının iddiaçıya məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində saxlanılmasını tələb etmək hüququ yoxdur. Cavabdehə məxsus əmlaklarının iddiaçıya məxsus fərdi yaşayış evində qalması iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaratmaqdadır. Ona görə də, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi də, düzgün olaraq iddianı təmin etmişdir.

33. Məhkəmə kollegiyası iddiaçının İddiaçı onu aldaraq özünü vəzifəli şəxs kimi tanıdaraq ona məxsus evi sökdürməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, şəxsin ona qarşı hüquqazidd əməlinin törədilməsi və hüquqlarının qorunması ilə əlaqədar hüquq mühafizə orqanlarına şikayətlə müraciət etmək, şikayətində ona qarşı törədilən əməldə təqsirkar şəxsləri ifşa etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ mövcuddur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan digər mübahisə iddiaçının hazırki tələbinin təmin edilməməsi üçün əsas deyildir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu iş üzrə məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci ilil tarixli, e-2(023)-289/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci ilil tarixli, e-2(023)-289/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar