Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-120/2024 31.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq mübahisəsi, torpaqdan çıxarılma ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı ildə tərtib edilmiş İddiaçı adına tərtib edilmiş A 089689 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin plan və ölçünün tərtib edilməsinə əsas DTXK-nin Tovuz rayon Şöbəsi xx.xx.2006-cı il tarixli JN-1569 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və xx.xx.2016-cı il tarixli 4Ə-939 nömrəli Daşınmaz əmlakın bağışlanma müqaviləsi olmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində 27 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. Torpağa mülkiyyət hüququna dair JN-821, KOD 50300148 nömrəli dövlət aktından görünür ki, Tovuz rayon Aqrar islahat komissiyasının 23 dekabr 1997-ci il tarixli Qərarı ilə Cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Tovuz rayonunun Düz Qırıqlı kəndində 0,46 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-821, KOD 50300148 nömrəli dövlət aktından görünür ki, Tovuz rayon Aqrar islahat komissiyasının 23 dekabr 1997-ci il tarixli Qərarı ilə Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Tovuz rayonunun Düz Qırıqlı kəndində 0,77 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baza məlumatlarına əsasən RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin147.6 kv.m-ə qədər hissəsi və Cavabdeh2 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 294 kv.m-ə qədər hissəsi üst-üstə düşür. Torpaq sahələrinin yerləşmə sxemi rəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6966 saylı rəyindən görünür ki, baza məlumatlarına əsasən RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin147.6 kv.m-ə qədər hissəsi və Cavabdeh2 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 294 kv.m-ə qədər hissəsi üst-üstə düşür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən reyestr nomrəsi **********41 olan çıxarışda göstərilən 0,05 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,05 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. Cavabdehlər isə ona məxsus olan torpaq sahəsindən istifadə etməklə iddiaçının mülkiyyət hüqununu pozur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsindən çıxarılmaları və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinə qanunsuz müdaxilələr edərək müxtəlif maneələr yaratmışdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 106.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə hazırlıq iclasında iddiaçı özünün torpaq sahəsini başqa yerdə olduğunu bildirmişdir. Mütəxəssis tərəfindən ölçmə işləri aparılarkən isə, torpaq sahələrinin üst-üstə düşməsi müəyyən olunmuşdir. Onlar 25 ilə yaxındır ki, mübhisəli torpaq sahəsindən istifadə edirlər və orada üzüm bağı salmışlar. Bələdiyyə tərəfindən onlara məxsus torpaq sahəsinin iddiaçıya satılması mümkün deyidir. Məhkəmə heç bir sübut olmadan iddiaçının izahatına istinad etmiş və iş üzrə ekspertiza keçirilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli, -16-16/2-10/6966 saylı rəyi məhkəmə kollegiyasına daxil olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisə edilən torpaq sahəsi Tovuz rayon Aqrar islahat komissiyasının 23 dekabr 1997-ci il tarixli Qərarı ilə ona verilmiş və 1997-ci ildən həmin torpaq sahəsindən istifadə edir. İddiaçı isə 2016-cı ildə torpaq sahəsi almış və onlara aid torpaq sahəsi ilə üst-üstə düşür. Ekspertiza rəyi də, bu halı təsdiq etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) X2 apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisə edilən torpaq sahəsi 2016-cı ildən onun mülkiyyətindədir. Lakin o, Aəzərbaycanda olmadığı üçün, torpaq sahəsi istifadəsiz qalmış və hazırda cavabdehlər istifadə edirlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası izah edir ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Hazırki iş üzrə mübahisə edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində və sahibliyində olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışla İddiaçı mülkiyətində olan, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0,05 ha torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahəsinin hər hansı hissəsinin üst-üstə düşməsinin müəyyən edilməsi üçün, xx.xx.2024-cü il tarixli 2(104)-120/2024 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/6966 saylı rəyi ilə müəyyən olunur ki, baza məlumatlarına əsasən RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin147.6 kv.m-ə qədər hissəsi və Cavabdeh2 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 294 kv.m-ə qədər hissəsi üst-üstə düşür. Əldə edilmiş mütəxəssis və ekspert rəyləri məhkəmə iclasında tədqiq olunaraq, digər sübutlarla yanaşı qiymətləndirilmiş və həmin rəylərin qanuniliyi və əsalılığı heç bir şübhə doğurmamışdır. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 147.6 kv.m-ə qədər hissəsi və Cavabdeh2 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 294 kv.m-ə qədər hissəsi üst-üstə düşür. Digər tərəfdən, müəyyən olunur ki, cavabdehlərin mülkiyyətində olan torpaq sahələri onlara Tovuz rayon Aqrar islahat komissiyasının 23 dekabr 1997-ci il tarixli Qərarı ilə verildiyi və həmin vaxtdan istifadələrində və sahibliklərində olduğu halda, iddiaçı isə torpaq sahəsini sonradan əldə etmiş və cavabdehlərə verilən şədadətnamələr mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə-tikinti-texniki tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Kollegiya məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq, Dövlət xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2088/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq, Dövlət xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-120/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-120/2024
31.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver