Məhkəmə qərarları › İş №2(104)-1200/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1200/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1200/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı azyaşlı uşaqların onun himayəsində saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)- 41/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 himayəsinə verilməsi və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat, cəmi, 470 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2011-ci ildə nikah bağlamadan ailə qurmuşlar. Ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X5, xx.xx.2014-cü il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X8 doğulmuşlar.Cavabdehlə əvvəllər normal ailə münasibətlərində yaşaslar da, sonradan cavabdeh ona xəyanət etdyinə görə ayrılmışlar. Xəyanət hadisəsi ifşa oluduqdan sonra cavabdeh uşaların hər üçünü evdə qoyub xalasigilə getmişdir. O, uşaqları cavabdehin valideynlərinə vermək istəmiş, lakin onlar imtina etmişlər. Bundan sonra cavabdeh onun evdə olmadığı bir vaxtda evə gəlib uşaqları aparmaq istəmiş, Aytac və Aysun onunla getməkdən imtina etmiş, Amir azyaşlı olduğuna görə cavabdeh onu qucağında evdən aparmış və aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar anaları Cavabdeh yanında saxlanılmışdır. Lakin Aytac və Aysun analarının yanında qalmaq istəməmiş, onun yanına gəlmişlər.Həmin vaxtdan uşaqlar onun himayəsində yaşayır və onunla yaşamaq istədiyini bildirirlər. O, bir ata kimi övladının təhsili, tərbiyəsi ilə məşğul olmaq istəyir. Övladları onun yanında daha yaxşı böyüyür və tərbiyə alır. Cavabdeh ayrıldıqları vaxtdan uşaqlarla görüşməmiş, görüşmək istədiyini bildirməmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsi (hakim Fizuli Mirzəquliyev) ilə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2012-ci il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X6 ataları İddiaçı himayəsində saxlanılmaları qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsinin qismən, iddia tələbinin təmin olunmamış alimentlə bağlı hissəsində ləğv olunmasını, həmin hissədə də iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın aliment hissəsində qətnamə qəbul edilərkən nəzərə alınmamışdır ki, tərəflərin birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 artıq 5 ilə yaxın müddətdir ki, iddiaçının yanındadır və həmin müddətdə ərzində hazırki iş üzrə cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərməmiş, əksinə birgə nikahlarından olan digər övladları xx.xx.2018-ci il tarixdə X1 üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləği iddaçı tərəfindən ödənilməsi bir neçə gün gecikəndə cavabdeh müxtəlif instansiyalara şikayətlər edərək iddiaçını məsuliyyətə cəlb edilməsini xahiş etmişdir, baxmayaraq ki, tərəflərin birgə nikahlarından olan 2 uşağa iddiaçı baxır və uşaqların hər təminatını qarşılamaq məcburiyyətindədir, uşaqlar isə günü-gündən böyüyür və ehtiyacları və saxlama xərcləridə artır. Lakin məhkəmə bu halları nəzərə almamış, nəticədə iddianın aliment hisəssində təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə uşaqlar onun himayəsinə verilmişdir. Lakin qətnamə hazırki vaxtadək iddiaçının yaratdığı maneələrə görə icra olunmur. O, uşaqlarının onun himayəsinə verilməsini istəyir. Əlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu üçün hazırki işdən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qərardadı tamamilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı (Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “aliment və uşaq” tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2018-ci il tarixdə doğulmuş Amirin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat alimentin cavabdehdən tutularaq ona verilməsi, xx.xx.2012-ci il tarixdə doğulmuş qızı Aytacın və xx.xx.2014-cü il tarixdə doğulmuş qızı Aysunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-441/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixində doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat miqdarında alimentin İddiaçı alınaraq Cavabdeh verilməsi, xx.xx.2012-ci il tarixində doğulmuş X5 və xx.xx.2014-cü il tarixində doğulmuş X2 cavabdeh İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-296/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Azər Bayramov və Aygül İsgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2724/2023 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-296/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan hazırki mübahisəyə və iddia əsasına artıq hüquqi qiymət verilmişdir. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Tərəflər arasında yeni bir əsasın yaranmaması və həmçinin tərəflər arasında münasibətlərdə dəyişiklikliyin olmaması, belə nəticəyə gəlməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 2724/2023 saylı qərarı ilə hazırki iş üzrə uşaqların hansı valideyinin yanında qalması məsələsinə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 384.0.5 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-41/2025 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar