Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-121/2023 12.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar söz: torpaq sahəsindən çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-1688/2021 saylı mülki iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 186 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. İşdə olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş АА № 538754 saylı «Torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, həmin sənəd İddiaçı mülkiyyətinə verilmiş Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.05 ha torpaq sahəsi barəsində tərtib olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun mülkiyyətində olan Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.05 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tovuz Rayon Məhkəməsinin 2(062)-1688/2021 saylı mülki iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Q.Baxşıyev) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.05 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1688/2021 saylı mülki iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin həqiqi və hüquqi hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, qeyd edilən torpaq sahəsini 5000 manata almışdır. Həmin yer 2007-ci ildən onun istifadəsindədir. Hesab edir ki, məhkəmə iş üzrə ekspertiza təyin etməli idi.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
8. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
9. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (Maddə 152.3.)
11. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (Maddə 157.4.) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. (Maddə 157.5.)
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
12. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
13. Maddə 111. Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir.
18. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 106.1. İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri barədə MPM-in normaları
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır.
28. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
29. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. 30 Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
31. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspertiza təyin etməmiş, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
32. Apellyatorun şikayətinin dəlilinə qiymət verilməsi məqsədilə məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli 10/5134 nömrəli rəyinə əsasən Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 394 kv.m hissəsinin İddiaçı məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
33. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
34. Göründüyü kimi, Cavabdeh İddiaçı məxsus olan 0,05 ha torpaq sahəsinin bütün hissəsi deyil, 394 kv.m hissəsinin zəbt etməsi işin faktiki halı kimi öz təsdiqini tapmışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1688/2021 saylı mülki iş üzrə 30 avqust 2021-ci il tarixli qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 394 kv.m torpaq sahəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 27 iyul 2023-cü il tarixli 10/5134 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğini təşkil edir.
36. Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib qaydada tərəflərə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin 50 manat hissəsi İddiaçı, qalan 50 manat hissəsi isə cavabeh Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1688/2021 saylı mülki iş üzrə 30 avqust 2021ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 394 kv.m torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İşə apellyasiya qaydasında baxılarkən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində məhkəmə xərcinin 50 (əlli) manat hissəsi İddiaçı, qalan 50 (əlli) manat hissəsi isə Cavabdeh alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.