Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1232/2025 04.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşaqların yanında saxlanılması və aliment tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı uşaqların yanında saxlanılması və aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-763/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları İddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha girmiş və tərəflərin nikahları X19 190 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-289/2021 nömrəli qətnaməsi ilə, tərəflərin nikahları pozulmuş və birgə nikahlarından doğulmuş uşaqlar ananın himayəsinə verilərək, onların saxlanılması üçün atadan hər ay, hər uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Tərəflərin qeyd etdiyinə görə hazırda faktiki olaraq hər iki uşaq iddiaçının yanındadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı uşaqların yanında saxlanılması və aliment tələbinə dair Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 onun yanında qalmalarının müəyyən edilməsi, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış nikahları pozulmuş, birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X1 və xx.xx.2010-cu ildə anadan olmuş X2 cavabdehin yanında saxlanmaları və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan cavabdehin xeyrinə hər uşağa hər ay 100 manat olmaqla, cəmi 200 manat aliment tutulması qət edilmişdir. Nikahın pozulduqdan qısa müddət sonra uşaqlar onun yanında yaşamağa başladılar və bu günədək yanında yaşayırlar. Uşaqların qayğısına o qalmışdır, cavabdeh isə qeyd edilən müddətdə uşaqları ilə maraqlanmamış, onların qayğısına qalmamışdır. Uşaqlar üç ildən çoxdur ki, anaları ilə görüşmür, onların təhsili və tərbiyəsi ilə o məşğul olur. Uşaqlar anaları ilə yaşamaq istəmir və buna görə də uşaqların onun yanında qalmaları rəsmiləşdirilməlidir. Həmçinin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün anası tərəfindən sabit pul məbləğində alimentin tutulmasını istəyir. Uşaqların onun yanında üç ildən çox qalmalarını qonşuları – X6, X8, X9, X3 və X10 təsdiq edə bilərlər. Həmçinin Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin 2 nömrəli xidmət sahəsinin arayışı da uşaqların onun yanında qalmalarını təsdiq edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə etmişdir ki, uşaqlar təxminən 3 il 4 aydır ki, onun yanındadır. Cavabdeh məktəbdə müəllimə işləyir, təxminən 700 manat əməkhaqqı alır. Uşaqların xərcləri artmışdır, belə ki, hər ikisi hazırlıqlara gedir. Uşaqlar anasında olan vaxt fəhləliklə həmin 200 manat alimenti uşaqlarına necə ödəyirdisə, cavabdeh də elə ödəməlidir. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə tanış olmuşdur, rəylə tam razıdır. İddiaçının nümayəndəsi (anası) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş və onu da əlavə etmişdir ki, cavabdehin qeyd etdikləri tamamilə yalandır. İddiaçı, yəni oğlu onlarla birlikdə yaşayır, hazırda uşaqlar da onların yanındadır. Belə ki, uşaqlar özləri analarını görmək istəmirlər. Cavabdeh əvvəlki məhkəmə iclasında özü etiraf etmişdir ki, uşaqlarını saxlamaq iqtidarındadır. Dörd ildir ki, cavabdeh uşaqları ilə bir dəfə də olsun, maraqlanmamışdır. Uşaqların hər ikisi əlaçıdır. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə tanış olmuşdur, rəylə tam razıdır. Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmiş və izahatında qeyd etmişdir ki, məktəbdə fiziki tərbiyə müəllimi işləyir, əmək haqqı 542 manatdır. Başqa qazanc yeri yoxdur. İddiaçı kişi olaraq ona 200 manat aliment ödəyirdisə, hazırda özü qadın olaraq 400 manat aliment ödəyə bilməz. Uşaqlarından imtina etmir. Uşaqlarının onun himayəsində qalmasını istəyir. İddiaçı tərəf uşaqların 3 ildən artıq müddətdir ki, yanlarında olmalarını bildirsələr də, bu tamamilə yalandır. Belə ki, uşaqlar 2 ilə yaxındır ki, atalarının yanındadır. Uşaqlar atalarının yanında qaldığı müddətdə uşaqlara onun barəsində mənfi fikirlər deyiblər. Uşaqlar onun yanında qalan vaxt altıncı və bazar günləri atalarının yanına getmək istəmiş, o da buna maneə olmamış, icazə vermişdir. Hər dəfə uşaqlar atalarının yanından qayıdanda ona qarşı münasibəti mənfi istiqamətə dəyişirdi. İddiaçı uşaqlara maşın sürməyə icazə verməklə və telefon almaqla təsir göstərmişdir. İddiaçı iddia ərizəsində onun uşaqların qayğısına qalmadığını bildirsə də, bu tamamilə yalandır. Çünki hər zaman uşaqlarına maddi dəstək olmuş, iddiaçının kart hesabına pul göndərmiş, ev üçün bazarlıqlar etmiş, həmçinin uşaqlardan biri üçün təqribən qiyməti 2000 manat olan kompüter almışdır. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə tanış olmuşdur, rəydə qeyd olunanlara etiraz edir. 8-9 ay bundan öncəyə kimi uşaqları ilə daim əlaqədə olsa da, iddiaçı onu məhkəməyə verəndən sonra iddiaçı tərəf uşaqları ilə ünsiyyətinə tamamilə maneə olmuşdur. Axırıncı dəfə uşaqların yanına gedəndə uşaqları onu qovduğu üçün əlaqələri kəsilmişdir. iddiaçının anası uşaqların beynini “nə bilirsiniz, hara gedir” kimi ifadələrlə doldurmuşdur. O, xadimə işləyəndə həm də kollecdə təhsil alırdı, sonradan müəllimə kimi fəaliyyətə başlamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-763/2025 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov), iddianın qismən təmin edilməsi, tərəflərin nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 ataları İddiaçı yanında qalsın. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfır tam yüzdə qırx üç) misli həddində sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcinə görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməsi, qətnamənin aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa 150 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli aliment barədə ərizənin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.2, 100.2 və 110.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 119.1, 216-220, 227, 233, 234 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-763/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və övladları xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan İddiaçı xeyrinə qazancının üçdə bir hissəsinin ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəlliməsi işləyir onun aylıq əmək haqqı 542 (beş yüz qırx iki) manatdır və başqa heç bir gəliri və qa qazancı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.5-ci bəndində qeyd edilir ki, sabit pul məbləğində aliment tuttutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci mamaddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bubununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərtərəfə təklif etməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, hazırda uşaqlar atalarının himayəsindədir. Uşaqların yaşı çox olduğu və atalarını istədiyi üçün onlar tərəfindən uşaqların himayədə qalması məsələsi mübahisələndirilməmişdir. Belə ki, məhkəmə tərəfindən alimentin məbləği yüksək təyin edilmişdir. Cavabdeh müəllim işləyir və Sumqayıt şəhərində kirayədə yaşayır. Hazırda 542 manat məlbəğində əmək haqqı alır. Həmin əmək haqqının da yarısı alimentə tutulur. Buna görə də onların alimentin miqdarının cavabdehin qazancının üçdə bir hissəsində tutulmasını istəyirlər. Apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilərək, alimentin dəyişdirilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarı 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamı Maddə 1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilsin. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, qətnamənin alimentin miqdarı hissəsində mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha girmiş və tərəflərin nikahları X19 190 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, tərəflərin nikahları pozulmuş və birgə nikahlarından doğulmuş uşaqlar ananın himayəsinə verilərək, onların saxlanılması üçün atadan hər ay, hər uşaq üçün 100 (yüz) manat manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hazırda faktiki olaraq hər iki uşaq iddiaçının yanındadır. Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən etməklə düzgün nəticə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində aliment təyin edilərkən, onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə aylıq müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,43 misli həddində (345 x 0,43 = 148,35 manat) sabit pul məbləğində aliment tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinə münasibətdə 0,43 misli həddində sabit pul məbləğində indeksasiya edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Məhkəmə göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir. Apellyatorun maddi vəziyyətinin aşağı olması və cavabdehin maddi gəlirinin yüksək olması barədə dəlillərini məhkəmə əsassız sayır. Çünki, cavabdehin uşağı saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ana kimi mənəvi borcudur ki, uşaqların maddi təminatının qarşılanmasının yalnız ata olan cavabdehin üzərinə qoyulması da əsassızdır. Bundan əlavə, apellyatorun alimentin əmək haqqısının üçdə bir hissəsi miqdarda müəyyən olunması barədə dəlili ilə bağlı kollegiya göstərir ki, bu dəlil əsassızdır. Çünki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbindən də, göründüyü kimi uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, nə qədər ki, iddiaçının tələbi alimentin cavabdehdən sabit pul məbləğində tutulması ilə bağlıdır bu da apellyatorun hazırkı iş üzrə alimentin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda müəyyən edilməsi barədə xahişini istisna edir. Beləliklə şərh olunanla əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, qəbul etdiyi məhkəmə aktı işin müəyyən olunmuş hallarına uyğun, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçıya hər ay cavabdeh tərəfindən ödənilməli olan 296.70 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 3560.40 manat təşkil edir. Göründüyü kimi, hazırki iddianın alimentin tutulması hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-in 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-763/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cabvabdeh X7 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1232/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1232/2025
04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver