Məhkəmə qərarları › İş №2(104)-1238/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1238/2023

24.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1238/2023 24.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(076)-2990/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş **********56 nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışından görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına Şəmkir rayonu inzibati ərazisi üzrə daşınmaz əmlak qeydiyyatdan keçməmişdir.

2. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X3, xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2017-ci il tarixdə X4 doğulmuşdur.

3. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-211/2021 saylı 18 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Gədəbəy RİHB-nin Şəkərbəy kənd İƏD üzrə Nümayəndəlikdə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il tarixdə doğulmuş X3, xx.xx.2009-cu il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 anaları İddiaçı himayəsində saxlanılmaları qərara alınmışdır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışından görünür ki, Milli Qeydiyyat Sistemində Azərbaycan Respublikası üzrə Cavabdeh adına daşınmaz əmlak aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, onun Sümrə, Kənan və Telli adlı azyaşlı uşaqları ilə birlikdə cavabdehin istifadəsində olan ona və Cavabdeh məxsus Şəmkir şəhəri Krazyolu yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 ilə 2007-ci ildə qeyri-rəsmi evlənərək nikahlarını 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə üç övladları olmuşdur. 2007-ci ildə gəlin köçəndən sonra qaynatasına məxsus Gədəbəy rayonu Şəkərbəy kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. 2017-ci ildə Şəmkir şəhəri Krazyolu yaşayış massivində torpaq sahəsi almışlar və 2 otaqdan və köməkçi sahədən ibarət fərdi yaşayış evi tikdirirərək ora köçmüşlər. 2021-ci ilin mart ayında cavabdeh tərəfindən döyülərək uşaqları ilə birlikdə həmin evdən qovulmuşdur. Hal-hazırda ona məxsus cehiz əşyaları həmin evdədir. Hazırda birlikdə valideynlərinə məxsus evdə və ya kirayədə yaşayırlar. Digər yaşayış evində onların yaşaması çox acınacaqlıdır. Belə ki, ev 2 xırda otaqdan ibarətdir. Dəfələrlə cavabdehə yaşayış üçün ona və uşaqlara yer verməsini tələb etsə də, tələbi nəticəsiz qalmışdır. Hesab edir ki, həmin ev onunla birgə nikahda olduğu zaman tikildiyi üçün onun da həmin evdə payı var həmçinin uşaqlar da onun himayəsindədir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdehə və ona məxsus fərdi yaşayış evinə köçürülməsini istəyir.

7. Cavabdeh birinci instansiya məhkəməsinə etiraz ərizəsi ünvanlayaraq ərizəsində iddianı qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, o, 2007-ci ildə iddiaçı ilə qeyri-rəsmi ailə quraraq nikahlarını 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə evliliklərindən 3 övladları olmuşdur. Ailə qurduqdan sonra yaşamağa yerləri olmadığı üçün, eləcə də Mayanın qardaşı olmadığına görə onun valideynləri onu oğulları kimi qəbul etdiyindən iddiaçının öz ata ana evində, yəni Gədəbəy rayonu, Gərgər kəndində yaşamışlar. Bu səbədən də uşaqlar Gərgər kənd tam orta məktəbində məktəbə getmişlər və hal-hazırda da həmin məktəbdə təhsil alırlar. İddiaçının köçmək istədiyi Şəmkir rayonu, Krazyolu yaşayış massivində yerləşən yaşayış sahəsi ona məxsus olmayıb, valideynləri tərəfindən alınmışdır. Belə ki, anası xəstə olduğu üçün və həkim məsləhətinə əsasən onun dağ havasında yaşamasının sağlamlığına mənfi təsir etdiyinə görə onlar məcburiyyət qarşısında öz mal-qaralarını sataraq, aylıq təqaüdlərini yığaraq Şəmkir rayonu Krazyolu adlanan ərazidən 6 sot torpaq sahəsi almışlar və öz vəsaitləri hesabına orada 1 otaq və 1 mətbəxdən ibarət şəraiti zəif olan yaşayış sahəsi düzəltmişlər. O Maya ilə evli olan vaxt fəhləlik etmək üçün Şəmkir rayonun gələrkən müvəqqəti olaraq valideynlərinin tikdirdiyi həmin evdə qalmışdır. Lakin həmin ev heç vaxt onun olmamış, həmin evi sahiblənmək kimi bir niyyəti olmamışdır. Ümumiyyətlə, ailəsi birlikdə həmin evdə yaşayış ehtiyaclarını daim təmin etmək məcburiyyətində qalmamışlar. Bu da onu göstərir ki, nə onun, nə də iddiaçının həmin evə yaşayış hüquqları olmamışdır. Həmçinin iddiaçının köçmək istədiyi ev nə rəsmi, nə də qeyri rəsmi olaraq onun adına qeydə alınmamışdır. Ümumiyyətlə onun adına hər hansı daşınmaz əmlak mövcud deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(076)-2990/2022 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova), iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 12.1, 12.2, 12.3, 30.2 və 123-cü maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(076)-2990/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, köçmək istədiyi evi cavabdehlə birgə inşa etdirmişlər. 2021-ci ilin mart ayına qədər həmin evdə yaşamışdır. O həmin evə köçən zaman ev qanunsuz tikili olmuşdur və hazırda da elədir. Lakin, məhkəmə bunları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

15. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

17. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.

18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

19. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

20. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarı

21. 2000-ci il sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” 27 may 2008-ci il tarixli Qərarı

22. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarı

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

29. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

33. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı Cavabdeh ilə 2007-ci il tarixdə qeyri-rəsmi olaraq el adəti ilə evlənmiş və nikahlarını daha sonra 2012-ci ildə rəsmiləşdirmişlər. Cavabdeh evləndikdən sonra gəlin kimi qaynatasına məxsus olmuş, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən fərdi yaşayış evinə köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. İddiaçının cavabdehlə nikahından üç uşaqları doğulmuşdur və iddiaçı 2021-ci ilin mart ayınadək həmin evdə yaşamışdır. İddiaçı daha sonra tələbində cavabdehlə birgə nikah dövründə Şəmkir rayonu, Krazyolu yaşayış massivində yerləşən fərdi yaşayış evini tikmələrini və həmin əmlaka köçürülməsini istəmişdir. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir, cavabdeh isə iddiaçının köçməsinə razılıq vermir.

37. Qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarından görünür ki, 2000-ci il sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

38. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh 2007-ci il tarixdə faktiki, 2012-ci il tarixdə isə rəsmi nikah bağlamaqla evlənmişlər. Ona görə də kollegiya qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir.

39. Lakin, işin yuxarıda müəyyən olunan faktik əsaslarından göründüyü kimi, mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

40. İşin bu halında məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyini xatırlatmağı zəruri sayır.

41. Həmin Qərarda qeyd olunmuşdur ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri).

42. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə iddianın təmin edilməsi üçün mübahisəli mənzilin yaşayış sahəsi hesab edilib-edilməməsi vacibdir. Bu yanaşma Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyinə uyğundur.

43. İş materialları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi hüquqmüəyyənedici sənədlərə malik olmamaqla özbaşına tikili sayılır və Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

44. Mülki Məcəllənin 180 və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının həmin tikiliyə azyaşlı uşaqlarla köçürülmə tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir.

45. Belə ki, digər tərəfdən kollegiya mübahisənin Mülki Məcəllənin 228-ci maddəsi baxımından həllinə də qiymət verilməsini zəruri hesab edir.

46. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

47. Yuxarıda Qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” 27 may 2008-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir. Həmin müddəanın belə şərhi mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində təsbit olunmuş təminat və hüquqlarını pozmur.

48. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 2017-ci ildə yaşayış yerini dəyişərək mübahisəli fərdi yaşayış evinə köçüb orada yaşamasını iddia etsədə, mübahisə predmeti olan fərdi yaşayış evinə baxış keçirələrkən iddiaçının həmin evdə yaşamadığı və orada əmlaklarının olmadığı təsdiqini tapmışdır, ona görə də iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etməsi əsassızdır.

49. Bundan əlavə kollegiya hesab edir ki, iddiaçının cavabdehin ailə üzvü olubolmaması məsələsi də müəyyən edilməlidir.

50. Qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

51. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

52. Göründüyü kimi, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında ərin əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

53. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əmlak olan Şəmkir şəhəri Krazyolu yaşayış massivində yerləşən fərdi yaşayış evinə yerində müayinə edilən zaman müəyyən edilmişdir ki, həmin evdə İddiaçı məxsus cehiz əşyaları olmamış və iddiaçının bildirdiyi cehiz əşayaları evdə müəyyən olunmamışdır.

54. Göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinə baxış keçirələrkən iddiaçının həmin evdə yaşamadığı və əmlaklarının olmadığı bir daha təsdiqini tapmışdır. Beləliklə iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar təsdiqini tapmamışdır.

55. Həmçinin, apellyator mübahisə predmeti olan əmlakın onların birgə yaşayış dövründə tikilməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlili əsassızdır. Çünki, baxılan iş üzrə mübahisəli evə köçrülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa etdiyini, tikilini və ya onun ayrı-ayrı hissələri təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

56. Belə ki, iş faktiki halları araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi birgə nikah dövründə onların tərəfindən tikilməsi, habelə ümumi gəlirləri hesabına tikilməsi və ya onun tərəfindən evin təmiri üçün hər-hansı bir xərci çəkilməsi sübut edilmir. Lakin, iddiaçı məhkəmələrə nəinki belə sübutlar təqdim etmiş, əksinə həmin halların mövcud olmasını mübahisələndirməmişdir.

57. Bu halda sübutetmə institunun tələbləri baxımından iddiaçının istinad etdiyi dəlillər barədə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə iddiaçının üzərinə düşür. İddiaçı mübahisəli fərdi yaşayış evinin hansı tarixdən tikilməyə başlaması və hansı tarixdə yekunlaşması barədə məhkəmələrə sübut təqdim etməmişdir.

58. MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

60. Sadalanan hüquq normalarının tələblərini qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkəkdə düzgün və əsaslı nəticəyə gəlmişdir.

61. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

62. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2(076)-2990/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar