Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-124/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(062)- 29/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək RX ******* saylı çıxarışa əsasən mülkiyyətində olan 0.13 ha torpaq sahəsinin sənəd üzrə yerinin müəyyən edilməsi, Cavabdeh tərəfindən zəbt olunmuş 0.0075 ha torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(062)-29/2022 nömrəli qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddianın təmin edilməməsi, ekspertiza xərcinin iddiaçıdan alınması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianın rədd olunmasına əsas kimi xx.xx.2021-ci il tarixli ekspert rəyini əsas tutmuşdur. İşdə olan ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş suallar üzrə rəy tam olaraq verilməmiş, ekspert qarşısında qoyulan suallar cavablandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(062)-29/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron Məhkəmə Sistemi”ndən Cavabdeh fərdi məlumatlarından çıxarılmış çıxarışdan görünür ki, Cavabdeh 15 yanvar 2023-cü il tarixdə ölmüşdür. Göründüyü kimi, baxılan üş üzrə cavabdeh kimi göstərilmiş Zakir İsmayılov artıq vəfat etmişdir. Halbuki, Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsi tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikasının MPM-in 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının MPM-in 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, o, cavabdeh kimi göstərdiyi Zakir İsmayılovdan miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı işdə prosessual hüquq varisliyinin həyata keçirilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş Zakir İsmayılov isə tərəf kimi qəbul edilə bilməz. Çünki iddia tələbi Cavabdeh qarşı torpaq sahəsindən onun çıxarılma və onun tərəfindən qanunsuz tikilinin sökülməsi tələbidir ki, belə olan halda prosessual hüquq varisliyinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsinə, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(062)-29/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 402.2.4-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261.0.7, 263, 264, 382.1, 384.0.5, 385.1.1, 387.1, 402.2.4, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(062)-29/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma və qanunsuz tikilinin sökülməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-124/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-124/2023
19.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver