Məhkəmə qərarları › İş №2(104)-1240/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1240/2023

01.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1240/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X23 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X8 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3549/2022 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X23 Təsərrüfatı Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şəmkir X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həmkarlar İtifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 10 nömrəli protokolunun və onun əsasında verilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə X23 Təsərrüfatı Mərkəzinin direktorunun 07 sentyabr 2022-ci il tarixli, 096/k sylı əmrinin ləğv edilməsi, X23 X6 meşəbəyliliyinin 6 saylı meşə gözətçi vəzifəsinə bərpa edilməsi, ona xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi çıxarılıb qüvvəyə minənədək iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə X23 X6 meşəbəyliliyinin 6 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinə X23 Təsərrüfatı Mərkəzinin direktorunun 07 sentyabr 2022-ci il tarixli, 096/k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz və əsassız olaraq xitam verilmişdir. X23 Təsərrüfatı Mərkəzinin direktorunun 07 sentyabr 2022-ci il tarixli, 096/k saylı əmrinin surəti (Əsas: Dolayıda aparılmış qəfləti yoxlama aktı və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci i tarixli 10 nömrəli protokolundan çıxarışın surəti qeyd edilməklə) və həmin əmr ******* nömrəli Əmək kitabçasına qeyd edilməklə ona verilmişdir. X23 Təsərrüfatı Mərkəzi barəsində Daşkəsən rayon prokurorluğuna şikayət olunmuş, prokurorluqda araşdırma aparılmış və araşdırma nəticəsində təqsirsiz olması müəyyən olunaraq, 26 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 xidməti Tovuz regional ərazi idarəsinə işdən çıxarılmasına görə müraciət etmiş, həmin idarədən onun müraciətinə cavab olaraq bildirilmişdir ki, X23 X4 rayon Prokurorluğuna Daşkəsən rayon Əmirvar meşəbəyliyinin 6 saylı meşə dolayısında yoxlama aparılması, nəticədə 2250.32 manat olan 21 ədəd ağacların kəsilməsinin aşkar olunması, onun işə məsuliyyətsiz yanaşması və müəssisəyə dəyən 2250.32 manat ziyanın ödənilməsi barədə material daxil olmuş, material üzrə araşdırma aparılmış və Daşkəsən rayon Prokurorluğunnun 26 sentyabr 2022-ci il tarixli qərarı ilə onun günahsız olduğu müəyyən edilmişdir. Odur ki, onun öz işinə bərpa olunması barədə Şəmkir Regional X14 xx.xx.2022-ci il tarixli **********5 nömrəli icrası məcburi olan göstəriş verilmişdir. Ancaq buna baxmayaraq bu günədək işə bərpa olunmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(076)-3549/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Şəfəq Məmmədova) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X23 Təsərrüfatı Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli, 096/k saylı əmrinin ləğv edilməsi, İddiaçı X23 X6 meşəbəyliyinin 6 saylı meşə gözətçi vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi qüvvəyə minənədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X23 Təsərrüfatı Mərkəzi həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(076)- 3549/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X23 X6 meşəbəyliyinin 6 saylı meşə dolayısında 19 avqust 2022-ci il tarixdə qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı 28.90 kubmetr həcmində, 2250.32 manat məbləğində 21 ədəd müxtəlif diametrli ağacların kəsilməsini aşkar edilmişdir. Meşə dolaylardan ibarətdir və meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirilir. Belə olan halda, meşə gözətçisi İddiaçı bu barədə dərhal Mərkəzə məlumat verməli olduğu halda, bunu etməmiş və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir. İddiaçı mühafizə etdiyi ərazidən qanunsuz ağac kəsilməsi faktı üzrə Daşkəsən Rayon Prokurorluğuna təqsirkarların tapılaraq meşə fonduna dəymiş ziyanın ödənilməsi üçün müraciət edilmişdir və əsasında təqsirkarlar tapılaraq istintaqa cəlb edilərək sübuta yetirilmiş, barələrində cinayət işi qaldırılaraq Daşkəsən Rayon Məhkəməsinə icraata verilmişdir. Eyni zamanda, təqsirkarlar məhkəmə zalında gedən proseslərdə etiraf etmişdirlər ki, əvvəlcədən İddiaçıla razılaşaraq müəyyən miqdarda pul müqabilində ağacları kəsmişlər. İddiaçı məhkəmə kolleqiyasına teleqram ünvanlayaraq, məhkəmənin başqa vaxtda təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə kollegiyası onun əvvəlki məhkəmə iclasında iştirak edib izahat verməsini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanıda X23 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, Daşkəsən rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli hökmü ilə, X12, X16 və X15 qanunsuz ağac kəsmə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək, hər biri azadlıqdan məhrum edilmə cəzalarına məhkum edilməklə, barələrində sınaq müddəti tətbiq edilmişdir. X19 X14 dəymiş 1800 manat ziyanlıq onlar tərəfindən ödənilmişdir. Bununla belə, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(076)3549/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə etiraz edərək, öz izahatını iddia ərizəsində qeyd etdiyi arqumentlərlə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(076)3549/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(076)- 3549/2022 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubilkasının MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi birinci istansiya məhkəməsinin qətnaməsinin əsaslılğını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüqüq normalarına riayət etməsini yoxlayır. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X23 Təsərrüfatı Mərkəzi apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(076)-3549/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, əslində şikayətinin dəlillərində qətnamə ilə iddianın təmin edilmiş hissəsi mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Daşkəsən rayon Prokurorluğunun 26 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış 66C-22 nömrəli material üzrə İddiaçı barəsində cinayət hadisəsi müəyyən olunmadığından, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Tovuz regional ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı öz işini bərpa olunması barədə X23 X3 tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli icrası məcburi olan göstəriş verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daşkəsən Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 199-16875-1222 nömrəli məktubundan görünür ki, Daşkəsən rayonu, Astaf kəndində yaşayan İddiaçı müraciətinə cavab olaraq bildirilir ki, 19 avqust 2022-ci il tarixdə, saat 18:15 dəqiqədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə etdiyiniz müraciət rayon polis şöbəsində HK-1/623 saylı qeydiyyata alınaraq araşdırma materialının icrası Nicat Cəfərova həvalə edilmişdir. Qeyd olunan material üzrə müvafiq araşdırma aparılaraq, Daşkəsən rayonu Astaf kənd sakinləri X12, X16 və X10 qabaqcadan əlbir olan bir qrup şəklində Daşkəsən rayonu Əmirvar meşəbəyliyi 6 saylı meşə dolayı ərazisində yerləşən 2250.32 AZN dəyərində olan 21 ədəd kök üstə yaş ağacları kəsərək meşə fonduna xeyli miqdarda ziyan vurması faktı ilə əlaqədar xx.xx.2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsilə cinayət işi başlanaraq istintaq aparılmışdır. 19 avqust 2022-ci il tarixli aktın təsdiqlənmiş surətindən görünür ki, X23 X6 meşəbəyliyinin 6 saylı meşə dolayısında P.Rzayev, V.Paşayev, C.Həsənov və İddiaçı aktın doğruluğunun öz imzaları ilə təsdiq edərək fısdıq cinsindən ibarət kəsildiyi yerindən dib kötüklərindən ölçüldü 40 sm-li 1 ədəd, 44 sm-lik 2 ədəd, 48 sm-lik 3 ədəd, 52 sm-lik 3 ədəd, 2 ədədi işlik, 56 sm-lik 1 ədəd, 1 ədəd işlik 60 sm-lik 1 ədəd, yarı işlik, 64 sm-lik 2 ədəd, yarı işlik, vələs cinsindən 20 sm-lik 2 ədəd, 32 sm-lik 2 ədəd, cəmi 17 ədəd ağacların qanunsuz kəsilib meşədən aparıldığını, 40 sm-lik 1 ədəd vələs cinsindən,40-smlik 1 ədəd meşə gilası cinsindən, 40 sm-lik 1 ədədağcaqayın cinsindən, 36 sm-lik 1 ədəd cəmi 4 ədəd ağacın qanunsuz kəsilib yerində qaldığını müəyyən edərək, həmin ağacları sekrestr edilərək meşə gözətçisinə təhvil verilmişdir. X23 Təsərrüfatı Mərkəzinin direktoru Vasif Nəbiyev tərəfindən X23 X5 İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 27/09/24 nömrəli təqdimatının təsdiqlənmiş surətindən görünür ki, X23 X6 meşəbəyliyinin 6 saylı meşə dolayısının gözətçisi X17 öhdəsində olan qanunla mühavizə olunmasına cavabdeh olduğu meşə dolayısında qanunsuz qırıntılara yol verərək dövlət meşəsinə ziyan vurmuşdur. Belə ki, 19 avqust 2022-ci il tarixdə dolayıda aparılan qəfləti yoxlama zamanı 2250.32 manat ziyan dəyərində, 28.90 kubmetr həcmində 21 ədəd qanunsuz olaraq kök üstə yaş halda ağacların kəsilməsini aşkar etmiş, 3,01 kubmetr həcmdə 4 ədədi yerində qalmışdır. Bütün baş vermiş qanunsuzluqlar dolayıya cavabdeh maddi məsul şəxs meşə gözətçisi İddiaçı işə məsuliyyətsiz, səhlənkar yanaşma səbəbindən baş vermişdir. Qanunsuzluqlar barədə meşəbəyliyin meşəbəyisinə, eyni zamanda Mərkəzə heç bir şifahi və ya yazılı məlumat verməmişdir. Bununla ona əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsini məqsədə müvafi hesab edərək, həmkarların üzvlərinin iştirakı ilə iclas keçirib münasibət bildirilməsi xahiş etmişdir. X23 X5 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 10 nömrəli protokolunun təsdiqlənmiş surətindən görünür ki, Şəmkir RMTM-nin Əmirvar meşəbəyliyinin 6 saylı meşə dolayısının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Şəmkir X2rşısında vəsatət qaldırılması haqqında Şəmkir RMTM-nin direktoru V.Nəbiyevin təqdimatının nəzərə alınması, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Şəmkir X2rşısında vəsatət qaldırılmasına razılıq verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli 096/k nömrəli əmrin təsdiqlənmiş surətindən görünür ki, Mərkəzin Əmirvar meşəbəyliyinin 6 saylı meşə dolayısınnın meşə gözətçisi X17 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli hökmündən görünür ki, X12, X16 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum edilmə cəzalarına məhkum edilməklə, barələrində sınaq müddəti tətbiq edilmişdir. Həmin hökmlə müəyyən olunur ki, Şəmkir Regional X14 dəymiş ziyandan 1800 manat onlar tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı 2014-cü ildən X23 X6 meşəbəyliliyinin 6 saylı meşə dolayısında meşə gözətçisi vəzifəsinə işləmiş və X23 Təsərrüfatı Mərkəzinin xx.xx.2022-ci il tarixli 096/k nömrəli əmrinə əsasən, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, məhkəmənin müəyyən etdiyi hallardan görünür ki, qeyd olunan əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, əmrdə işçinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən” əmək müqaviləsinə xitam verildiyi qeyd edilsə də, konkret olaraq hansı əsasla işdən azad olunması əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci bəndinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir.Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı,qərarı) ilə verilir. İşçi həmin qərarla tanış edilməli və onun tələbi ilə əmrin surəti ona verilməlidir. Qanunvericiliyin sadalanan tələblərindən göründüyü kimi, Əmək Məcəlləsinin müddəalarının və əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların tələblərini yetirmək işəgötürənin əsas vəzifəsidir. Lakin iş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X23 Təsərrüfatı Mərkəzinin tərəfindən əmək qanunvericiliyinin müddəalarına əməl edilməmişdir. Belə ki, İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmasına və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırki iş üzrə isə qeyd olunan halların baş verməsi, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinin iddiaçı tərəfindən pozulması iş materialları ilə öz təsdiqini tapmamış, eləcə də, cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfin şikayəti əsasında Daşkəsən rayon Prokurorluğunda aparılan araşdırma və həmin araşdırma nəticəsində qəbul edilən 26 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən olunur ki, iddiaçı tərəfindən cavabehə heç bir ziyan dəyməmiş və dəyən ziyana görə təqsiri müəyyən edilməmişdir. Həmçinin Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli hökmü ilə, X12, X16 və X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum edilmə cəzalarına məhkum edilməklə, barələrində sınaq müddəti tətbiq edilmişdir. Həmin hökmlə müəyyən olunur ki, Şəmkir Regional X14 dəymiş ziyandan 1800 manat onlar tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslər həmin hökm üzrə verdikləri ifadələrində göstərmişlər ki, meşə gözətçisi İddiaçı onlara meşədən icazəsiz ağac kəsməyə imkan verməmiş və onlara bildirmişdir ki, yalnız order aldıqdan sonra odun kəsə bilərlər. Məhkəmə kollegiyasında müəyyən olundu ki, iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verildiyi qeyd edilsə də, lakin işəgötürən işçinin əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasının nədən ibarət olmasını göstərməmiş, bu halların hər hansı biri ilə əsaslandırmamışdır. Hazırki mübahisələndirilən əmrin verilməsinə əsas kimi, X23 X6 meşəbəyliyinin 6 saylı meşə dolayısında ağacların kəsilməsi nəticəsində vurulmuş ziyana görə iddiaçının təqsiri üzündən qeyd edilsə də, işin yuxarıda qeyd edilən halları ilə iddiaçı tərəfindən cavabehə hər hansı bir ziyan dəyməsi və ya onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması öz təsdiqini tapmamışdır. Həmçinin Həmkarlar Komitəsinin iclasında iddiaçının iştirakı təmin edilməmiş, intizam tənbehi verilməzdən əvvəl onun izahatı alınmamışdır ki, bununla da, əmək qanunvericiliyinin yuxarıda qeyd edilən tələbləri pozulmuşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X23 Təsərrüfatı Mərkəzinin direktorunun xx.xx.2022-ci il tarixli, 096/k nömrəli əmri qanunsuz verilmişdir. Belə ki, İddiaçı X23 X7 Əmirvar meşəbəyliliyinin 6 saylı meşə gözətçi vəzifəsindən azad edilməsi barədə əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və nəticədə verilmiş əmr əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(076)-3549/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(076)-3549/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar