Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1249/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradılmasına qadağa qoyulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(125)-264/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvandakı mənzildən Cavabdeh və ona məxsus əşyaların çıxarılması, iki mənzil arasındakı arakəsmənin bərpa edilməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehin maneə törətməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvandakı mənzildən Cavabdeh çıxarılması və mülkiyyət hüququnu həyata keçirməyə cavabdehin maneə törətməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(125)-264/2023 nömrəli (hakim: M.Mustafayev) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ünvan 2 ünvandakı mənzildən çıxarılması və həmin mənzillə bağlı İddiaçı mülkiyyət hüququnu həyata keçirməyə Cavabdeh maneə törətməsinin qadağan edilməsi; İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai) prospekti, ev 24-də yerləşən 57 nömrəli mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh həmin mənzildən çıxmır, eləcə də həmin əmlaka dair mülkiyyət hüquqlarını həyata keçirməyinə maneə olur. Həmçinin cavabdeh öz mənzilinin eyvanı ilə onun mənzilinin eyvanı arasındakı arakəsməni qanuni əsas olmadan açmışdır və buradan onun evinə daxil olur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırkı mübahisəyə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları tətbiq edilməli idi. Çünki Mülki Məcəllənin 228-ci maddəsində göstərilmiş notarial tələb olunan razılıq və daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılması tələbi yalnız hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı olan evlərə aiddir. Eləcə də o, mübahisəli evə qeydiyyata alınarkən evin sənədi tam hazır olmadığından hazırkı mübahisəyə məhkəmənin yanaşması doğru olmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə birlikdə mübahisəli mənzildə böyüyüb başa çatmışlar. Həmin ev analarının adına olub və sonuncu 2005-ci ildə öldükdən sonra ev İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı həmin evi ona vermişdir, o da bunun qarşılığında iddiaçıya Rusiya Federasiyasında obyekt vermişdir. Sonradan iddiaçı ilə aralarında mübahisə yaranmışdır. Həmin evə 14000 manat xərc çəkmişdir. Bundan əlavə, İddiaçı ona 18000 dollar borcu var. İddiaçı ona olan borcu ödədikdə evdən çıxacaq. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualaına cavab olaraq Cavabdeh bildirdi ki, Gəncə şəhəri, Heydər Əliyev (keçmiş Ş.İ.Xətai) prospekti, ev 24-də yerləşən 67 nömrəli mənzil onun deyil arvadının adınadır. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mübahisəli ev 2005-ci ildə İddiaçı adına qeydə alınmışdır. Sonuncu Rusiya federasiyasında olan cavabdehdən xahiş etmişdir ki, onun da evinə nəzarət etsin. Mübahisəli ev onların tərəflərin ata mülkü olmayıb. Tərəflərin ata yurdları Gəcə şəhərində bazarın yanında olmuş, həmin ev satılandan sonra 2 ev alınıb, həmin evlərdən biri iddiaçının adına olan Heydər Əliyev (keçmiş Ş.İ.ünvan 3 ünvanda olan ev 24-də yerləşən 67 nömrəli hansıkı cavabdehin arvadının adına olan mənzildir. Ona görə cavabdehin mübahisəli evdə istifadə hüququ olmamışdır. Ona görə hesab edir ki, cavabdehin həmin mənzildən istifadə etməsi iddiaçının mülkiyyət hüququna müdaxilədir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiyanın iclasında sonuncunu etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil təmsil etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura komitəsi X3 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 14 sentyabr 2005-ci il tarixli, 22578 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerlə.ən 29.1 kv.m sahəsi olan 2 yaşayış otağından ibarət 57 mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır; Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 06 iyun 2005-ci il tarixli sərəncamının surətinən görünür ki, Ş.İ.Xətai prospekti 24 nömrəli binanın yaşayış sahəsi 28.09 kv.m olan 2 otaqlı 57 nömrəli mənzilinin şəxsi hesab vərəqəsi mərhum X1 adından oğlu İddiaçı adına keçirilmişdir; Forma 2 saylı arayışdan görünür ki, Ş.İ.Xətai prospekti 24 nömrəli binanın yaşayış sahəsi 28.09 kv.m olan 2 otaqlı 57 №-li mənzildə yaşamaq hüququ olan şəxs yalnız İddiaçıdur; Gəncə Dövlət Tİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli 37 saylı qərarından çıxarışın surətindən görünür ki, Ş.İ.Xətai 24/57 saylı mənzil İddiaçı adına özəlləşdirilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin 17 oktyabr 2022-ci il tarixli **********14 saylı məktubundan görünür ki, Gəncə şəhəri Heydər Əliyev prospekti ev 24 ünavnında yerləşən 57 saylı mənzil Gəncə şəhər İcra Hakimiyyəti başçısının 06 iyun 2005-ci il tarixli, 166 saylı sərəncamı və Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 5 saylı Mənzil-İstismar Sahəsinin 18 iyul 2005-ci il tarixli, 147 nömrəli Forma-2 arayışına əsasən İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2005-ci il tarixli 22578 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 157.2, 157.4, 228.1 və 228.2-ci maddələrinə əsasən iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüqununun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilir. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Bundan əlavə Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “N.A və digərlərinin Türkiyəyə qarşı” iş üzrə 09 yanvar 2007-ci il tarixli qərarında bir daha qeyd etmişdir ki, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarına xasdır. Qanunilik prinsipi onu nəzərdə tutur ki, milli qanunvericiliyin tətbiq edilə bilən hər bir norması kifayət qədər dəqiq, aydın, əlçatan, eyni zamanda tətbiq edilərkən onların nəticələri əvvəlcədən məlum olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ”mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura komitəsi X3 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 14 sentyabr 2005-ci il tarixli, 22578 saylı Qeydiyyat Vəsiqəsinə əsasən, ünvan 5 ünvanında yerləşən 29.1 kv.m sahəsi olan 2 yaşayış otağından ibarət 57 nömrəli mənzil İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Sonuncu Cavabdeh həmin mənzildən çıxmadığını, eləcə də, həmin əmlaka dair mülkiyyət hüquqlarını həyata keçirməyinə maneə olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən göründüyü kimi mübahisəli mənzil 12 sentyabr 2005-ci il tarixdə özəlləşdirilərək 14 sentyabr 2005-ci il tarixdə mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Mənzil özəlləşdirilərkən mənzildə yaşamaq hüququ olan şəxs yalnız İddiaçı olmuşdur. Cavabdeh isə sonradan həmin evə qeydiyyata düşmüş və həmin mənzildən istifadə etmişdir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ünvan 6 ünvanında yerləşən 57 nömrəli mənzil mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alındığından və Cavabdeh həmin mənzilə dair hər hansı hüququ olmadığından sonuncu qeyd olunan mənzildən çıxarılmaqla, yanaşı iddiaçının mülkiyyət hüququnu həyata keçirməyə onun maneə törətməsi qadağan edilməlidir. Məhz bu baxımdan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı). Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Buna görə kassasiya instansiyası məhkəməsinin həmin Qanunun 2-ci maddəsinə istinad etməsi məntiqsiz görünür. Apellyasiya şikayətinin iş üzrə düzgün maddi hüquq normasının tətbiq edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, habelə onlar arasındakı mübahisəyə uyğun qanunu tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(125)-264/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1249/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1249/2023
30.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver