Məhkəmə qərarları › İş №2(104)-1250/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1250/2025

05.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1250/2025 05.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: işçinin vurduğu ziyana görə maddi məsuliyyət; tam maddi məsuliyyət Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 2(013)-670/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 05 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, 3195 saylı terminalın xx.xx.2023-cü il tarixdən etibarən “Avrsale” mobil ticarət proqramı üzrə “Cavabdeh” istifadəçi adı şifrəsi ilə (şifrə satış nümayəndəsi tərəfindən məxfi olaraq şəxsən müəyyən olunur) satış üzrə nümayəndə Cavabdeh təhkim edilməsi, xx.xx.2023-cü il tarixdən müvafiq mobil ticarət proqramı üzrə edilən bütün mal və pul əməliyyatlarına görə tam maddi məsuliyyət daşıması barədə əmr verilmişdir (Cavabdeh «tanış oldum 3195 saylı terminaldan edilən bütün növ əməliyyatlara görə tam məsuliyyət daşıyıram» deyə əmrdə qeyd edərək imzası ilə bunu təsdiq etmişdir);

2. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, işçi 3 ay müddətinə satış-direktorluğu kiçik satış nümayəndəsi vəzifəsində işə qəbul edilmişdir;

3. İddiaçı MMC-nin satış üzrə nümayəndənin vəzifə təlimatlarından görünür ki, nümayəndənin - debitor borcların zamanında ödənilməsi və aylıq kassa planının təmin edilməsinə dair zəruri addımlar atmaq; satış üzrə nümayəndə Avrora şirkətinin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək və onun məsuliyyətni daşımaq, satış nöqtəsinin anbardakı Avrora məhsullarının varlığına nəzarət etmək, Avrora şirkətinin satış məntəqələrində olan maddi (pul invertar və s.) vəsaitinə nəzarət etmək, onun məsuliyyətini daşımaq, müştərilərdən (ticarət nöqtələrindən şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşımaq və.s öhdəliklərdən ibarətdir (işçi Cavabdeh vəzifə öhdəliyinin qəbul etdiyini qeyd etmiş və imzası ilə bunu təsdiq etmişdir);

4. xx.xx.2023-cü il tarixdə işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Müqavilə ilə işçi Cavabdeh əmək münasibətləri prosesində işəgötürən tərəfindən ona istifadəyə verilmiş, həvalə / təhkim edilmiş işəgötürənə məxsus əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığının təmin olunması üçün öz üzərinə aşağıdakı öhdəlikləri gğtürmüşdür: 1.1 İşəgötürənin ona verdiyi əmlaka (avadanlığa) qayğı ilə yanaşmaq və ona vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görmək; 1.2 İşəgötürənin ona verdiyi əmlakın (malların) salamatlığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat vermək; 1.3 İşəgötürənin ona verdiyi əmlakın (avadanlığın) müntəzəm surətdə uçotunda iştirak etmək, əmlakın (avadanlığın) hərəkəti barəsində işəgötürənə müəyyən olunmuş qaydada hesabatlar tərtib və təqdim etmək; 1.4 İşəgötürənin ona verdiyi əmlakın (avadanlığın) şirkətdə qəbul olunmuş bütün əşya-hesablama işlərində (o cümlədən onun invertarizasiyasında) iştirak etmək; 1.5 İş vaxtı və ya iş vaxtından sonra işəgötürənin tapşırıqlarını icra edərkən işçi qanunazidd, təqsirli hərəkət və ya hərəkətsizliyi ilə işəgötürənə və ya digər şəxsə hər hansı bir ziyan vurduqda işəgötürən və / və ya ziyan vurduğu şəxs qarşısında şəxsən tam maddi məsuliyyət daşımaq və vurumuş ziyanı şəxsən tam şəkildə ödəmək; 1.6 Ona etibar edilmiş maddi sərvətlərin və görülcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır; 1.7 Müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır. Müqavilə ilə işəgötürən üzərinə aşağıdakı öhdəlikləri götürmüşdür: 2.1 İşçinin normal işləməsi üçün onu zəruri əmlakla (avadanlıqla), maddi sərvətlərlə təmin etmək, ona normal iş şəraiti yaratmaq. 3. İşə götürən işçinin üçüncü şəxslər qarşısındakı öhdəliklərinə, habelə üçüncü şəxslərə işəgötürənə məxsus əmlakı ilə vurulmuş zərərə görə cavabdehlik daşımır; 4. İşçi ona verilmiş əmlakın (avadanlığın) salamatlığını təmin etmədiyi təqdirdə, işəgötürənə vurulmuş ziyanın məbləği Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun surətdə müəyyənləşdirilir və işçi tərəfindən tam həcmdə ödənilir; 5. Vurulmuş ziyan işçinin təqsiri üzündən vurulmamışdırsa, o, maddi məsuliyyət daşımır; 6. Ziyan vurulduqdan sonra işçinin əmək münasibətlərinə xitam verilməsi onu maddi məsuliyyətdən azad etmir;

7. İşçi vurduğu ziyana görə cinayət, inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq vurulmuş ziyanın məbləğini ödəməyə borcludur; 8. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Əmək və Mülki Məcəlləri və digər normativ hüquqi aktlarla tənzimlənir; 9. Bu müqaviləyə bütün əlavə və dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. Müqaviləyə edilən əlavə və dəyişikliklər onun ayrılmaz tərkib hissəsi sayılan yazılı əlavə razılaşma ilə rəsmiləşdirilir; 10. Bu müqavilə Azərbaycan dilində 2 (iki) nüsxədə tərtib edilib imzalanmışdır və nüxsələrdən hər biri eyni hüquqi qüvvəyə malikdir. Müqavilənin bir nüxsəsi işəgötürəndə, digəri isə işçidə saxlanılır;

5. İddiaçı MMC-nin satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları xx.xx.2024 – xx.xx.2024-cü il tarixlər üzrə özünün iştirakı ilə yoxlanmış və 7055,77 manat vəsaitin əskik gəldiyi müəyyən edilmişdir (hər bir müştəriyə verilmiş mala görə əskik gələn məbləğ Cavabdeh tərəfindən öz imzası ilə təsdiq edilərək qəbul edilmiş, Cavabdeh aktla tanış olduğunu, heç bir etirazı olmadığını və kənarlaşmanı təsdiq etdiyini qeyd edərək sonda aktı imzalamışdır);

6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 164 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir;

7. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7055,77 manat pul, mediasiya şurası üçün ödənilmiş 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 90,56 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04 oktyabr 2023-ci il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024 xx.xx.2024-cü il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 7055,77 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin, cavabdeh İddiaçı MMC-yə vurduğu 7055,77 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan da göründüyü kimi, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. İddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmiş, təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır.

10. Cavabdeh iddiaya etiraz verərək qeyd etmişdir ki, borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair tərtib edilmiş aktı imzalamağının səbəbi əmək kitabçasının ona qaytarılmaması olmuşdur. Belə ki xx.xx.2024-cü il tarixdə iddiaçı təşkilata yazılı ərizə ilə müraciət edərək öz xahişilə işdən azad edilməsini bildirsə də, o, xx.xx.2024-cü il tarixdə işdən azad edilmişdir. Bu müddət ərzində onu işdən azad etməyən və əmək kitabçasını qaytarmayan iddiaçı hədə və şantaj yolu ilə onu aktı imzalamağa məcbur etmiş və bundan sonra onun işdən azad edilməsi barədə əmri imzalayaraq əmək kitabçasını vermişdir. Bu zaman 77 günə qədər ona əmək haqqı ödənilməmiş, eləcə də son haqq-hesab verilməmişdir. Bundan başqa, aktda qeyd edilənlər həqiqəti əks etdirmir. Ona qarşı irəli sürülən məbləğin 2192 manatı bağlı mağazalarda qalmış məhsulların dəyərini təşkil edir. İddiaçı ilə mağazalar arasında olan münasibətlər şifahi şəkildə qurulduğundan ödənişlər nağd formada həyata keçirildiyindən hər hansı bir faktura, elektron qaimə və s. sənədlər dövriyyəsi mövcud olmadığından 2698,19 manatı mağazalar borc kimi qəbul etməyərək müvafiq məhsulların dəyərini ödədiklərini bildirmişlər. Marafon zamanı mağazalara göndərilmiş, lakin yeni ekspeditor tərəfindən təhvil alınmamış məhsulların dəyəri 2165,58 manat olmuşdur ki, bunu əsassız olaraq ondan tutmaq istəyir. Daha sonra, həmin aktda xarab olmuş və iddiaçıya qaytarılmış məhsullar nəzərə alınmamışdır. İddiaçı tərəfindən sözügedən mübahisə ilə bağlı nə daxili audit keçirilməmiş, nə də ki, müstəqil auditor rəyi alınmamışdır ki, bu da aktın həqiqiliyini əsaslı şübhə altına alır. Bu növ mübahisələr üzrə məhkəməyəqədər ilkin mediasiya sessiyasının məcburiliyi qanunvericiliklə nəzərdə tutulmadığından iddiaçının mediasiyaya müraciəti könüllü olduğundan və onun buna razılığı olmadığından 50 manat mediasiya xərcinin də ondan istənilməsi qanunsuzdur. Hesab edir ki, bu iş üzrə mühasibatlıq-əmtəəşünaslıq ekspertizasının keçirilməsi vacibdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Ağdam Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 2(013)-670/2025 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) İddiaçı MMC-nin Cavabdeh qarşı 7055 (yeddi min əlli beş) manat 77 (yetmiş yeddi) qəpik pul, mediasiya şurası üçün ödənilmiş 50 (əlli) manat və ödənilmiş dövlət rüsumu əvəzində 90 (doxsan) manat 56 (əlli altı) qəpik tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, öz qətnaməsini əsaslandırmaq üçün məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə istinad etmişdir. Halbuki, qeyd edilən maddi hüquq normasının hazırki mübahisəyə tətbiq edilməsi tamamilə əsassızdır. Çünki, tərəflər arasında mövcud olan hazırkl mübahisə mülki hüquq münasibətlərindən deyil, əmək münasibətlərindən yaranmışdır və bu növ mübahisələrə Mülki Məcəllənin tətbiq edilməsi yolverilməzdir. Çünki, işçi ilə işəgötürən arasında olan bütün münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Cavabdehin İddiaçı MMC-də öz vəzifə öhdəliklərinin icrası zamanı işəgötürənə iddia ərizəsində qeyd edilən məbləğdə maddi zərər vurduğunu təsdiq edən bütün mötəbər sübutlar məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Hətta, iş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iştirak etmiş, zərərvurma halının baş vermə mexanizminin izahını vermiş, bunu təsdiq edən aktın əslini məhkəməyə təqdim etmiş, məhkəmə elektron kabinetdə olan aktla uyğunluğu yoxlayaraq geri qaytarmış, cavabdeh tərəfin iddiaçı ilə barışması və razılığa gəlməsi məqsədi ilə məhkəmə baxış iclasını təxirə salmışdır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrdə cavabdehin nümayəndəsi olan atası Aslan Rzayev zəng edərək hər ay 100 manat olmaqla ödəniş etmək istədiyini bildirmiş, lakin məbləğin çoxluğu səbəbindən hər ay 100 manatın tənasübsüz şəkildə az olması səbəbindən razılıq baş tutmamışdır. Birinci instansiya məhkəməsinin hazırki mübahisəni mülki hüquq münasibətlərindən yaranan mübahisə kimi təsvir etməyə çalışması isə anlaşılan deyil. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamədə göstərib ki, guya iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli akt ksero-surət olub. Halbuki, həmin aktın əsli iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən iş materiallarında olan və iddiaçı tərəfindən elektron məhkəmə sistemi ilə verilmiş aktla uyğunluğunu yoxlayaraq, nümayəndəyə geri qaytarmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, aparılmış yoxlama zamanı cavabdehin borcu olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında da cavabdeh bunu etiraf etməsinə baxmayaraq məhkəmə qətnamədə iddianı təmin etməyərək səbəb kimi iş materiallarına sənədlərin əslinin əlavə edilmədiyini qeyd etmişdir. Halbuki, qətnamə çıxarılan məhkəmə iclasından əvvəlki iclasda həmin sənədlərin əsli məhkəməyə təqdim edilmiş və hakim həmin sənədlərə baxış keçirtmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə satış nümayəndəsi kimi işə qəbul edilmişdir. Yoxlama xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə aparılmış, cavabdehin işlədiyi 5 ayı, yəni xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə olan fəaliyyəti yoxlanılmışdır. Cavabdeh ekspeditor kimi fəaliyyət göstərib. Belə ki, müştəriləri o seçir, ona terminal təhkim olunur, malı sifarişçiyə təqdim edib pulları yığır. Əvvəlcədən ona vəzifələri və maddi məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Müştərini ekspeditor seçir, müqavilə isə şirkətlə müştəri arasında bağlanır.

17. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, oğlu 3 ay müddətində satış nümayəndəsi işləyib, həmin müddətdə onun vəzifəsi malı müştəriyə təqdim edib pulu yığmaq olmuşdur. O da həmin pulu terminala vuraraq şirkətə ötürmüşdür. Müştərini isə şirkət özü tapmışdır. Oğlu 2024-cü ilin fevral ayında işdən azad edilməsi barədə ərizə ilə müraciət etsə də, həmin ərizəyə yalnız 79 gündən sonra baxılaraq onu işdən azad etmişlər. Həmin müddətdə də aktlara imza atdıraraq “bunlara qol çək sonra əmək kitabçanı verərik” demişlər. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, oğlu əvvəllər başqa bir şirkətdə kassada işləyib. Daha sonra bu şirkətə işə qəbul edilmək üçün imtahan vermiş və işə qəbul olmuşdur. Lakin, iş fəaliyyətləri onu qane etmədiyi üçün işdən çıxmaq qərarına gəlmişdir.

18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli cavabdehin işə qəbul barədə əmrində onun vəzifəsi, vəzifə təlimatlarında isə əmək funksiyaları göstərilmişdir. Vəzifə təlimatına uyğun olaraq satış nümayəndəsi mağazalardan sifarişi götürür, qeyd edir, sürücü məhsulları gətirir. Bundan sonra satış nümayəndəsi həmin mallara nəzarət edir, həmin malların satışından əldə edilmiş pul vəsaitini şirkətə təqdim edir. Bundan əlavə üzləşmə aktları tərtib edilir ki, həmin pul vəsaitləri mağaza tərəfindən satış nümayəndəsinə təqdim edilir, sonuncu da həmin vəsaitləri şirkətə ödəyir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tələb edilən borc məbləği əsassızdır. Oğlu cəmi 3 ay müddətdə iddiaçı təşkilatda işləmişdir. Oğlu xx.xx.2024-cü il tarixdə işdən azad edilməsi barədə təşkilata ərizə versə də, şirkət bu barədə əmri xx.xx.2024-cü il tarixdə imzalamışdır. Oğluna demişlər ki, «buna imza et hər şey düzələcək». Oğlu hər gün səhər saat 8-də pulu ödəmiş, sonra isə marafona çıxmışdır. Ona marafon adı ilə çox məhsul göndərmişlər, mallar satılmamış, ya mağazada qalıb xarab olmuş, ya da geri qaytarılmışdır. Təqribən on ədəd bağlı mağaza var. Əgər oğlu iddiaçı təşkilata məxsus pul vəsaitini mənimsəmiş olsaydı, o zaman işçi ərizəsi əsasında deyil, işə götürən tərəfindən müvafiq maddə ilə işdən azad edilərdi. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, oğlu məcbur qalıb aktı imzalamışdır. Aktda göstərilən pullar oğluna gəlib çatmayıb. Müəyyən məbləğdə borc yarana bilərdi, çünki mağazada qalan, xarab olan mallar olmuşdur. Oğlu bütün sənədləri cəmi 1 gün ərzində imzalamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında nümayəndə (atası) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

22. Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

23. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

24. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.

25. Maddə 200. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

26. Maddə 202 (2-ci hissə). İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.

27. Maddə 203. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

28. Maddə 205 (2-ci bənd). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

«Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunu

29. Maddə 3.1.3. Mediasiya əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir.

30. Maddə 36.5. «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Cavabdeh 7055,77 manat maddi ziyan məbləği, mediasiya xərcinin əvəzi qismində 50 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 90,56 manat, ümumilikdə 7196,33 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

44. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə 3195 saylı terminalın xx.xx.2023-cü il tarixdən etibarən “Avrsale” mobil ticarət proqramı üzrə “Cavabdeh” istifadəçi adı şifrəsi ilə (şifrə satış nümayəndəsi tərəfindən məxfi olaraq şəxsən müəyyən olunur) satış üzrə nümayəndə Cavabdeh təhkim edilmiş, xx.xx.2023-cü il tarixdən müvafiq mobil ticarət proqramı üzrə edilən bütün mal və pul əməliyyatlarına görə tam maddi məsuliyyət daşıması barədə əmr verilmişdir (Cavabdeh «tanış oldum 3195 saylı terminaldan edilən bütün növ əməliyyatlara görə tam məsuliyyət daşıyıram» deyə qeyd əmrdə edərək imzası ilə bunu təsdiq etmişdir). İşçi Cavabdeh vəzifə təlimatları - debitor borcların zamanında ödənilməsi və aylıq kassa planının təmin edilməsinə dair zəruri addımlar atmaq, satış üzrə nümayəndə Avrora şirkətinin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək və onun məsuliyyətni daşımaq, satış nöqtəsinin anbardakı Avrora məhsullarının varlığına nəzarət etmək, Avrora şirkətinin satış məntəqələrində olan maddi (pul invertar və s.) vəsaitinə nəzarət etmək, onun məsuliyyətini daşımaq, müştərilərdən ticarət nöqtələrindən şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşımaq və.s öhdəliklərdən ibarət olmuşdur (işçi Cavabdeh vəzifə öhdəliyinin qəbul etdiyini qeyd etmiş və imzası ilə bunu təsdiq etmişdir). Bununla belə, xx.xx.2023-cü il tarixdə işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları xx.xx.2024 – xx.xx.2024-cü il tarixlər üzrə özünün iştirakı ilə yoxlanmış və 7055,77 manat vəsaitin əskik gəldiyi müəyyən edilmişdir (hər bir müştəriyə verilmiş mala görə əskik gələn məbləğ Cavabdeh tərəfindən öz imzası ilə təsdiq edilərək qəbul edilmiş, Cavabdeh aktla tanış olduğunu, heç bir etirazı olmadığını və kənarlaşmanı təsdiq etdiyini qeyd edərək sonda aktı imzalamışdır). Beləliklə, işçi Cavabdeh invertarizasiya prosesində iştirək edərək komissiyanın iltizamnaməsində qeyd etmişdir ki, prosesdə iştirak etmişdir və heç bir səhv aşkar olunmamışdır, əskik gələn məbləğlə razıdır. Daha sonra xx.xx.2024-cü il tarixdə işçi Cavabdeh ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən İddiaçı MMC dəymiş ziyanın əvəzinin ödənilməsi barədə işçiyə xəbərdarlıq etmiş, həmçinin məsələnin həlli ilə bağlı mediasiya şurasına müraciət etmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də işəgötürən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

45. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən iddia təmin oluna bilməz. İddiaçı tərəf tələbini əsaslandırmaq üçün məhkəməyə xx.xx.2024-cü il tarixli aktın kserosurətini təqdim etmişdir. Həmin aktda göstərilmişdir ki, yoxlama zamanı Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları yoxlanılmış və 22440,1 manat olması müəyyən edilmişdir. Cavabdeh ona təhkim edilmiş müştərilərin faktiki borcuna görə məsuliyyət daşımır. Odur ki, sözügedən aktın surəti iddianın təmin olunması üçün əsas ola bilməz. Göründüyü kimi, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

47. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

48. Bu kontekstdə qeyd olunmalıdır ki, hazırkı iddia üzrə tələb işə götürənlə tam maddi məsuliyyət haqqında müqavilə bağlamış işçidən işəgötürənə vurduğu ziyanın ödənilməsi barədədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

49. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi əmək qanunvericiliyinin «işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti» ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbini mülki hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirmiş və məsələnin həllinə yanlış olaraq mülki qanunvericiliyin öhdəlik və onun icrası barədə müddəalarını tətbiq etmişdir.

50. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

51. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. Kollegiya iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir.

53. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə 3195 saylı terminalın xx.xx.2023-cü il tarixdən etibarən “Avrsale” mobil ticarət proqramı üzrə “Cavabdeh” istifadəçi adı şifrəsi ilə satış üzrə nümayəndə Cavabdeh təhkim edilmiş, onun xx.xx.2023-cü il tarixdən müvafiq mobil ticarət proqramı üzrə edilən bütün mal və pul əməliyyatlarına görə tam maddi məsuliyyət daşıması barədə əmr verilmişdir (işçi Cavabdeh «tanış oldum 3195 saylı terminaldan edilən bütün növ əməliyyatlara görə tam məsuliyyət daşıyıram» deyə qeyd əmrdə edərək imzası ilə bunu təsdiq etmişdir). İşçinin vəzifə təlimatları - debitor borcların zamanında ödənilməsi və aylıq kassa planının təmin edilməsinə dair zəruri addımlar atmaq, satış üzrə nümayəndə Avrora şirkətinin satış məntəqələrində olan maddi vəsaitə nəzarət etmək və onun məsuliyyətni daşımaq, satış nöqtəsinin anbardakı Avrora məhsullarının varlığına nəzarət etmək, Avrora şirkətinin satış məntəqələrində olan maddi (pul invertar və s.) vəsaitinə nəzarət etmək, onun məsuliyyətini daşımaq, müştərilərdən ticarət nöqtələrindən şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşımaq və.s öhdəliklərdən ibarət olmuşdur (işçi vəzifə öhdəliyinin qəbul etdiyini qeyd etmiş və imzası ilə bunu təsdiq etmişdir). Bununla belə, xx.xx.2023-cü il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları xx.xx.2024 – xx.xx.2024-cü il tarixlər üzrə özünün iştirakı ilə yoxlanmış və 7055,77 manat vəsaitin əskik gəldiyi müəyyən edilmişdir (hər bir müştəriyə verilmiş mala görə əskik gələn məbləğ Cavabdeh tərəfindən öz imzası ilə təsdiq edilərək qəbul edilmiş, Cavabdeh aktla tanış olduğunu, heç bir etirazı olmadığını və kənarlaşmanı təsdiq etdiyini qeyd edərək sonda aktı imzalamışdır).

54. «Əmək kitabçasının ona qaytarılmaması səbəbindən həmin aktı imzalamağa məcbur qalmışdır. Aktda qeyd edilənlər həqiqəti əks etdirmir. Ona qarşı irəli sürülən məbləğin 2192 manatı bağlı mağazalarda qalmış məhsulların dəyərini təşkil edir. İddiaçı ilə mağazalar arasında olan münasibətlər şifahi şəkildə qurulduğundan ödənişlər nağd formada həyata keçirildiyindən hər hansı bir faktura, elektron qaimə və s. sənədlər dövriyyəsi mövcud olmadığından 2698,19 manatı mağazalar borc kimi qəbul etməyərək müvafiq məhsulların dəyərini ödədiklərini bildirmişlər. Marafon zamanı mağazalara göndərilmiş, lakin yeni ekspeditor tərəfindən təhvil alınmamış məhsulların dəyəri 2165,58 manat olmuşdur ki, bunu əsassız olaraq ondan tutmaq istəyir. Daha sonra, həmin aktda xarab olmuş və iddiaçıya qaytarılmış məhsullar nəzərə alınmamışdır. İddiaçı tərəfindən sözügedən mübahisə ilə bağlı nə daxili audit keçirilməmiş, nə də ki, müstəqil auditor rəyi alınmamışdır ki, bu da aktın həqiqiliyini əsaslı şübhə altına alır» barədə Cavabdeh iddiaya etiraz ərizəsindəki arqumentləri kollegiya bu dəlili əsassız saymışdır. Ona görə ki, işə götürən tərəfindən təzyiq və ya hər hansı vasitə ilə işçini həmin aktı imzalamağa məcbur edilməsi müəyyən edilmir; digər tərəfdən həmin arqumenti irəli sürən cavabdeh bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, işçi hər bir müştəriyə verilmiş mala görə əskik gələn məbləği tərəfindən öz imzası ilə təsdiq edərək qəbul etmiş, işçi aktla tanış olduğunu, heç bir etirazı olmadığını və kənarlaşmanı təsdiq etdiyini qeyd edərək sonda aktı imzalamışdır.

55. İş üzrə mühasibatlıq-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə cavabdehin arqumenti də həmçinin əsassızdır. Çünki, aktda Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları ayrı-ayrılıqda dəqiqliklə göstərilmişdir və sadə riyazi hesablama metodu ilə əskik gələn məbləğin hesablanması mümkündür. Bir sözlə, məsələnin həlli baxımından xüsusi biliyin tətbiqinə ehtiyac olmadığından kollegiya iş üzrə ekspertiza təyin edilməsinə zərurət görməmişdir.

56. Göründüyü kimi, satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqları xx.xx.2024 – xx.xx.2024-cü il tarixlər üzrə özünün iştirakı ilə yoxlanmış və 7055,77 manat vəsaitin əskik gəldiyi müəyyən edilmişdir. Hansı ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə işçi Cavabdeh vəzifə öhdəliklərindən biri də - müştərilərdən ticarət nöqtələrindən şirkətə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşımaq olmuşdur. Bununla belə, işçi Cavabdeh bütün növ əməliyyatlara görə tam məsuliyyəti öz üzərinə götürmüşdür.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı təşkilat ona dəymiş ziyan məbləğini işçidən tələb etməkdə haqlıdır və işçi vurduğu ziyana görə işəgötürən qarşısında tam maddi məsuliyyət daşıyır. Odur ki, tələb edilən 7055,77 manat ziyan məbləği işçidən tutularaq işəgötürənə ödənilməlidir.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mediasiya xərcinin əvəzi qismində ödənilmiş 50 (əlli) manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 90,56 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 2(013)-670/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 7055,77 (yeddi min əlli beş manat yetmiş yeddi qəpik) manat maddi ziyan məbləği, mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 90,56 (doxsan manat əlli altı qəpik) manat, ümumilikdə 7196,33 (yeddi min bir yüz doxsan altı manat otuz üç qəpik) manat tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar