Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1253/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 2(013)-1741/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Xocaəsən yaşayış masivi ərazisində Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən özbaşına tikili olan fərdi evə köçürülməyi təmin olunması, fərdi yaşayış evindən və evin yerləşdiyi ərazidən (həyatyanı sahəsindən) maneə cavabdehə və üçüncü şəxslərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 2(013)-1741/2025 nömrəli qərardadı ilə (hakim Rafiq Məmmədov) İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu, Xocaəsən yaşayış masivi ərazisində Elçin Əzizov küçəsi ilə Ruslan Allahverdiyev küçəsinin kəsişməsində yerləşən özbaşına tikili olan fərdi evə köçürülməyi təmin olunması, fərdi yaşayış evindən və evin yerləşdiyi ərazidən (həyatyanı sahəsindən) maneə cavabdehə və üçüncü şəxslərə qadağan olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi məsələ mənzil mübahisələrinə aiddir və bu kimi mübahisələrin də ailə münasibətlərindən irəli gələn mübahisələrə aidiyyəti yoxdur. Evə köçürülmə kimi mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələr sayılmır və belə iddialar üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələb olunmur. Ağdam Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli 2(013)-1741/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni geri qaytarmış və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən və qanunvericiliyin həmin tələbinə riayət edilməsinə dair məlumatı ərizədə göstərmədiyindən ərizə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 152.1.6-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən, mediasiya ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 27.1.1-ci maddəsinə əsasən, əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 21.9.1-ci maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Qeyd edilən müddəalardan da göründüyü kimi ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Qanuna uyğun olaraq mediasiya sessiyasında iştirak etməlidir. Mediasiya prosesinin tətbiqi mümkün olmadıqda isə bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçı köçürülməsini tələb etdiyi yaşayış sahəsinin cavabdehlə birgə nikah dövründə (2018-ci ildə) əldə edildiyini qeyd etmişdir. Kollegiya qeyd edir ki, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Məhz buna görə də Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli olduğu halda, bu qaydaya əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 152, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli 2(013)-1741/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1253/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1253/2025
17.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver