Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1263/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-158/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi olan ********** HDQH DƏDRX-dən Çıxarış əsasında onun mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsinin və iki mərtəbəli fərdi yaşayış evinin zəbtdən azad edilməsi və həmin evə köçürülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-158/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim F.Mirzəquliyev) iddia təmin edilmiş, İddiaçı Gədəbəy rayonu, Əmiraslanlı kəndində mülkiyyətində olan torpaq sahəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-158/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, 2019-cu ildə Şəmkir Rayonun Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini iddiaçıya məxsus Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi ilə şifahi razılaşma əsasında dəyişərək, əlavə olaraq iddiaçıya 5000 manat pul vermiş və ev tikmişdir. Həmin vaxtdan o, hazırkı mübahisə edilən evdə, iddiaçı isə Şəmkir Rayonun Yeni Həyat kəndində yerləşən ona məxsus evdə yaşayır. İddiaçı xx.xx.2019-cu ildə torpaq sahəsinə dair öz adına ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almış və bilərəkdən ev tikilib qurtardıqdan sonra o, məhkəmədə sözügedən iddianı qaldırmışdır. Razılaşma əsasında həmin evin tikintisinə 17.000 manat xərcləmişdir. İddiaçı vurmuş olduğu 22.000 manat maddi zərəri ödədikdən sonra oraya köçürülməlidir. Onun tərəfindən inşa edilmiş fərdi yaşayış evi ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla iddiaçının adına sənədləşdirilmiş torpaq sahəsinin daxilində deyil, kənarında yerləşən və hazırda bələdiyyə mülkiyyətində olan ərazidə tikilmişdir. O, bununla bağlı müvafiq ekspertiza keçirilməsini xahiş etsə də, məhkəmə onun vəsatətini təmin etməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, iddiaçı ilə doğma qardaşdırlar. Apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)158/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, mübahisə edilən ev iddiaçının adına sənədləşdriliən torpaq sahəsində onun vəsaiti və iddiaçının razılığı ilə tikilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh ilə doğma qardaş olmaqla, Şəmkir Rayonun Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. O, mübahisə edilən evin yerləşdiyi torpaq sahəsini 2005-ci idə almışdır. 2017-ci ildə avtoqəza nəticəsində 5 il cəza almışdır, lakin 1 il sonra buraxılmışdır. Onun tutulmasından sonra, onun təklifi ilə cavabdeh onun yoldaşından onlara ev tikdirmək üçün 7 min pul almış və həmin pul ilə mübahiə edilən evi tikilmişdir. Məhkəmənin qətnaməsini qanuni heüsab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)158/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-158/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan : Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi İddiaçı adına mülkiyyət kimi xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. Gədəbəy rayonu, Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Gədəbəy rayonu, Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 01 saylı ev təsərrüfatlarının uçotu kitabının 84-cü səhifəsində, 77-ci şəxsi hesaba əsaəsn qeydiyyatdadır və adına Əmiraslanlı kəndində 0.10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsindsə iki mərtəbəli tikili vardır. A№ 428770 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü Bələdiyyənin xx.xx.2005-ci il tarixli alqı-satqı aktı əsasında xüsusi mülkiyyət kimi X1 adına tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçı X1 xüsusi mülkiyyətində olmaqla, Gədəbəy rayonu, Əmiraslanlı kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 01 saylı ev təsərrüfatlarının uçotu kitabının 84-cü səhifəsində, 77-ci şəxsi hesaba əsasən onun adına həmin torpaq sahəsində iki mərtəbəli tikili qeydiyyata alınmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə Qərarında göstərilmişdir ki, “mülkiyyət anlayışı“ mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qarrax Çexiyaya qarşı», «Miray Fransaya qarşı», «Burdov Rusiya Federasiyasına qarşı» və «Akimova Azərbaycana qarşı» iş üzrə digər qərarlarında da şərh etdiyi hüquqi mövqeyə görə real mövcud olan əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). İş materiallarından göründüyü kimi, iddiaçının köçmək istədiyi mübahisəli ev dövlət qeydiyyatına alınmasa da, onun xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir ki, bu da onun sözügedən evə gözlənilən mülkiyyət hüquqlarının mövcud olduğunu göstərir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin edərək, İddiaçı Gədəbəy rayonu, Əmiraslanlı kəndində mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməli olması nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində mübahisəli evin tikintisinə 17000 manat vəsait xərclədiyini, birinci instansiya məhkəməsində icraat zamanı isə 10000 manat vəsait xərclədiyini göstərərək, ziddiyyətli mövqe nümayiş etdirmişdir ki, bu hal onun qeyrisəmimiliyinə dəlalət edir. Həmçinin, cavabdehin həmin dəlilləri iddianın rədd edilməsinə hüquqi əsas vermir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-158/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-158/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1263/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1263/2023
18.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver