Məhkəmə qərarları › İş №2(104)-129/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-129/2025

17.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-129/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yolda aparılan tikinti işlərinə qadağa qoyulması, yoldan istifadəyə edilən maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2 (042)-131/2022 saylı, 18 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-042A saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Həsənov Məhəmməd Ədil oğluna (iddiaçının atası) və ailə üzvlərinə Gədəbəy rayonu Poladlı kəndi ərazisində 0.53 ha torpaq sahəsi verilmişdir.

2. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-041A saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Gədəbəy rayonu Poladlı kəndi ərazisində 0.33 ha torpaq sahəsi verilmişdir.

3. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2002-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmiş JN-041B saylı KOD 50523018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Gədəbəy rayonu Poladlı kəndi ərazisində 0.09 ha torpaq sahəsi verilmişdir.

4. Gədəbəy Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(042)-30/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Həsənov X1 Maya Əşrəf qızına qarşı ona məxsus Gədəbəy rayonu, Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomobil yoluna Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmış, lakin iddia tələbi təmin olunmamışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(104)- 2617/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(042)-30/2021 nömrəli qətnaməsi dəyişdirilmədən, İddiaçı1 apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır.

6. Apellyasiya icraatı zamanı yerli baxış keçirilmiş, müəyyən edilmişdir ki, mübahisəli yol kimi qeyd edilən torpaq sahəsi cavabdehin evinin qarşısından keçir. İddiaçının evinə başqa istiqamətlərdən yol çəkilməsi imkanları olsa da, faktiki yol kimi mübahisəli ərazidən istifadə edir. Mübahisəli yolda dəmir setkadan darvaza qoyulmuşdur.

7. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2203 saylı ekspert rəyinin tədqiqatın nəticə hissəsindən görünür ki: 1-ci suala üzrə; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı1 iddia edərək naturada mübahisələndirdiyi torpaq sahəsi 302.0 kv.m təşkil edir. Həmin naturada təqdim olunan 302.0 kv.m torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS VƏ AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaq infrastruktur (yollar və küçələr) sahəsidir. 2-ci sual üzrə; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı1 iddia edərək naturada mübahisələndirdiyi 302.0 kv.m torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-042A (kod-********) nömrəli Şəhadətnaməyə əsasən Həsənov Məhəmməd Əbli oğluna və X3 mülkiyyətində olan Gədəbəy rayonu Poladlı kəndində yerləşən 0.53 ha torpaq sahəsinin Gədəbəy rayonu Poladlı kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsində də, öz əksini tapan 0.53 ha torpaq sahəsinə yol nəzərdə tutulmuşdur. 3-cü sual üzrə; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-042A (kod-********) nömrəli Şəhadətnaməyə əsasən Həsənov Məhəmməd Əbli oğluna və X3 mülkiyyətində olan Gədəbəy rayonu Poladlı kəndində yerləşən 0.53 ha torpaq sahəsinin şimal qərb istiqamətindən faktiki olaraq yolun keçdiyi müəyyən edildi və həmin yolun torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS VƏ AZCAD) məlumatlarında infrastruktur (yollar və küçələr) sahəsi kimi göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı1 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh), Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən evinə gedən avtomaşın yolunda cavabdehlər tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulması və cavabdehlər tərəfindən yoldan istifadə edilməsinə yaradılan hər cürə maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir Gədəbəy rayonu, Poladlı kəndində cavabdehlərlə yaxın qonşuluqda yaşayırlar və onun evinə gedən avtomaşın yolu cavabdehlərə məxsus evin həyətindən keçir. Evlə avtomaşın yolunun ara məsafəsi 3.5 metrdir. Cavabdehlərlə son dövrə qədər mehriban yaşamışlar və aralarında narazılıq olmamışdır. 2020-ci ildə cavabdehlər avtomaşın yolunun onların həyətindən keçən hissəsinə darvaza qoymuş və ona bildirmişlər ki, onların toyuq cücələri həyətdən kənara çıxıb gedir. O həmin darvazanın qoyulmasına etiraz etməmiş və bir müddət həmin darvazanı açıb-bağlamaqla öz evinə gedib-gəlmişdir. Sonra cavabdehlər ona “sən gündə iki-üç dəfə bura ilə maşın sürüb gedib gəlirsən belə olmaz” deyə bildirmişlər və onların aralarında narazılıqlar yaranmağa başlamışdır. O, ilkin olaraq bu məsələnin dinc yolla həll edilməsi məqsədi ilə Poladlı kənd İƏD-üzrə nümayəndəsi Q.Alıyevə və Qaraməmmədli Bələdiyyəsinin sədri M.Həsənova məlumat vermişdir. Həmin şəxslər tərəfindən mübahisə edilən avtomaşın yoluna baxış keçirilmiş və cavabdehlərə bu əməllərindən əl çəkmələri bildirilmişdir. Lakin məsələnin həll edilməsi mümkün olmamışdır. O, məcburiyyət qarşısında qalaraq “avtomaşın yoluna qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrə qadağa qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin işə baxan hakimi tərəfindən mübahisəli yola baxış keçirilmiş, eyni zamanda mütəxəssis gəlmiş və sonda iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, cavabdehlər öz toyuq-cücəsinin başqa yerə getməməsi üçün mübahisəli torpaq sahəsinə darvaza qoymuş və onun (iddiaçının) həmin yoldan sərbəst şəkildə istifadə etməsinə cavabdeh heç cürə maneəçilik törətmir. Bu qətnamədən sonra cavabdehlər birmənalı şəkildə onun həmin yoldan istifadə etməsinə qadağa qoydular. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş və həmin mülki işə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən 26 oktyabr 2021-ci il tarixdə baxılaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində qeyd edilmişdir ki, guya mübahisə edilən avtomaşın yolu cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən keçir. Halbuki mülki işə əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisə edilən yolun cavabdehlərin mülkiyyətinə aid olan torpaq sahəsi olub-olmamasını sübut etmək mümkün olmamışdır. Cavabdehlər halhazırda onun evinə gedən avtomaşın yoluna daş tökərək bünövrə düzəldib nə isə tikmək istəyirlər. O, bununla bağlı yenidən aidiyyəti üzrə yerli qurumlara müraciət etsə də, lakin nəticə əldə olunmamışdır.

10. Gədəbəy Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(042)-131/2022 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia təmin edilərək iddiaçının Gədəbəy rayonu, Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən mübahisəli avtomaşın yolunda cavabdehlər tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulması və cavabdehlər tərəfindən iddiaçının həmin yoldan istifadə etməsinə edilən hər cür maneələrə son qoyulması qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, gediş-gəliş üçün avtomobil yolunun açılmasını tələb etdiyi torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmasını təsdiq edən sənəd olmasa da, həmin torpaq sahəsinin ona məxsusluğu mübahisələndirilmir. Belə ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının mərhum atasının adına şəhadətnamə tərtib olunmuş və həmin torpaq sahəsinə Həsənov Məhəmməd Ədil oğlu, onun ölümündən sonra isə oğlu İddiaçı1 faktiki sahiblik etmişdir. Bu baxımdan iddiaçının (mərhum atasının) həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alan məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisəli torpaq üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Belə olan halda iddiaçının həmin torpaq sahəsinə gedən avtomaşın yolunda tikinti işlərinin aparılmasına qadağa qoyulması və yoldan istifadəsinə edilən maneələrə son qoyulması ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüququ vardır.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər mübahisəli avtomaşın yolunun onlara məxsus torpaq sahəsində keçdiyini bildirsələr də, mütəxəssis arayışına və ekspert məlumatına əsasən iddiaçının yaşadığı fərdi yaşayış evinə gedən mübahisəli yolun cavabdehlərin mülkiyyətində olubolmamasını müəyyən etmək mümkün olmamışdır.

13. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-ci maddələrinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki əvvəla, iddiaçının mülkiyyətində böyük torpaq sahəsi vardır. O, başqa tərəfdən də avtomobil yolu çəkə bilər, lakin onun həyətindən keçməyi daha əlverişli hesab edir və digər yerdən özünə yol açmağın xərcini çəkmək istəmir. Onun həyətindən yol kimi istifadə edilməsi qeyd etdiyi səbəblərdən bir mülkiyyətçi kimi onun mənafeyinə toxunur. Birinci instansiya məhkəməsi əsassız olaraq qətnamədə göstərmişdir ki, gediş-gəliş üçün avtomobil yolunun açılmasıının tələb edildiyi torpaq sahəsinin iddiaçı mülkiyyət hüququ ilə məxsus olmasını təsdiq edən sənəd olmasa da, lakin həmin torpaq sahəsinin ona məxsusluğu mübahisələndirilməmişdir. Belə ki mübahisəli torpaq sahəsinə dair iddiaçının mərhum atasının adına torpağa mülkiyyət hüququna dair şəhadətnamə tərtib olunmuş və həmin torpaq sahəsindən Həsənov Məhəmməd Ədil oğlu, onun ölümündən sonra isə oğlu İddiaçı1 faktiki istifadə etmişdir. Bu baxımdan iddiaçının (mərhum atasının) həmin torpaq shaəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alaraq, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Nəzərə alınmamışdır ki, əvvəla həmin yolun keçdiyi torpaq sahəsi heç vaxt mübahisələndirilməmişdir. Sonrası isə həmin torpaq sahəsinin onun mülkiyyətində olması ona verilmiş sənədlərdən aydın görünür. Hazıradək keçirilmiş məhkəmələrdə heç bir mütəxəssis və ya ekspert rəy verməmişdir ki, iddiaçının orada gözlənilən mülkiyyət hüququ vardır. Çünki həmin torpaq sahəsi heç vaxt iddiaçının atasının istifadəsində olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi ədalətsiz və əsassız qətnamə çıxartmışdır.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(104)- 205/2023 saylı qətnaməsi ilə (hakimlər İ.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və L.Süleymanov) apellyasiya şikayəti təmin edilərək iş üzrə Gədəbəy rayon məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli avtomobil yolunun iddiaçının mülkiyyətində olması mülki iş materialları ilə sübuta yetirilməmişdir. Bunun əksinə olaraq iddiaçı apellyasiya baxışı zamanı hazırkı məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, onun evinə gedən yol cavabdehlərə məxsus torpaq sahəsindən keçir. Bundan əlavə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, lakin hal-hazırda Gədəbəy rayonu ərazisində aparılmış yerquruluşu ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi, vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatlardan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə istifadə hüququnun verilməsi ilə bağlı işlər həyata keçirilməsi, həmin işlər başa çatdıqdan sonra “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 saylı Fərmanının 2.5 bəndinə uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi təmin ediləcəyi səbəbi ilə ekspertiza tədqiqatının keçirilməsi mümkün olmamışdır.

18. Məhkəmə kollegiyası iş üzrə mühüm əhəmiyyət kəsb edən bir xüsusatı qeyd etmişdir ki, hazırkı iddiadan əvvəl Həsənov X1 Maya Əşrəf qızına qarşı Gədəbəy rayonu, Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomobil yoluna Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmış, lakin iddia tələbi təmin olunmamışdır. Həmin iş üzrə İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, onun fərdi yaşayış evinə gedən avtomaşın yolu Cavabdeh1 həyətyanı torpaq sahəsindən keçir. Onun evinə gedən avtomaşın yolu cavabdehin həyətinə gələn yolla eynidir. Evinə gedən avtomaşın yolunu Cavabdeh1 metal setka ilə darvaza qoyaraq bağlamışdır.

19. Həmin iş üzrə iddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı1 açılmasını tələb etdiyi yolun üzərində Cavabdeh1 tərəfindən bağlama cəftəsi və qıfılı olmayan darvaza qoyulmuşdur. Yol İddiaçı1 məxsus həyətyanı sahə ilə Cavabdeh1 oğluna məxsus yaşayış evinin qapısından 3.5 m məsafədə keçərək İddiaçı1 həyətinə doğru gedir. Yəni iddiaçının qeyd etdiyi avtomobil yolu cavabdehin istifadəsində olan torpaq sahəsində yerləşir. Həmin yoldan iddiaçının istifadəsinə heç bir maneə yaradılmır. Cavabdeh həmin darvazanı qonşusunun toyuq-cücəsi və mal-qarası ona məxsus əkin sahəsinə ziyan vurmaması üçün qoymuşdur.

20. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən mübahisəli torpaq sahəsində darvaza qoyulması İddiaçı1 məxsus evə gedən avtomobil yolunu bağlamır. Bu səbəbdən də iddiaçının tələbi əsassızdır.

21. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.4-ci maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə, habelə MPM-nin 82.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

22. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi, onun evinə gedən avtomobil yolunun sxematik planının və Gədəbəy rayonu, Poladlı kəndinin kompleks yerquruluşu layihəsindən çıxarışın olmasına və həmin yola cavabdehlər tərəfindən tikinti işləri aparılması üçün daş tökülərək yolun bağlanmasına gətirib çıxarmasına, bununla da onun həmin yoldan istifadəsi məhdudlaşaraq öz mülkiyyətindən rahat və maneəsiz şəkildə istifadə etmək hüququnun pozulmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərək, onun öz mülkiyyətindən rahat və maneəsiz şəkildə istifadə etməyini qeyri-mümkün etməklə xüsusi mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1454/2024 saylı, 01 may 2024-cü il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2(104)- 205/2023 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

25. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ictimai yola zəruri keçidinin cavabdehə məxsus həyətyanı torpaq sahəsindən keçməsi, habelə həmin yolun (keçidin) ona məxsus fərdi yaşayış evinin 3.5 metr məsafəsindən adlaması, cavabdehin həmin yolu bağlaması və iddiaçının həmin yoldan istifadəsini hər hansı formada məhdudlaşdırması üçün əsas ola bilməz. Çünki yuxarıda sadalanan normaların mənasına görə Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Eyni zamanda əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola...zəruri keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o, qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Apellyasiya instansiyası məhkəməsi qanunvericilik normalarının tələblərini pozaraq iddiaçının öz torpaq sahəsindən və fərdi yaşayış evindən ictimai yola başqa ərazidən keçidinin olub-olmaması, mübahisəli yolun açılmasının cavabdehə zərər vurubvurmaması, rəsmi sənədlərə, habelə Gədəbəy rayonu, Poladlı kəndinin sxematik planına əsasən 1975-ci ildən tikilmiş iddiaçıya məxsus evə zəruri keçidin (yolun) mübahisəli ərazidən olub-olmaması və ya haradan olması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu barədə işə əlavə edilmiş sübutlara, o cümlədən mübahisəli avtomobil yolunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sxematik planına, o cümlədən Qaraməmmədli bələdiyyəsinin 21 noyabr 2021-ci il tarixli arayışına və fotoşəkillərə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə, cavabdehlər tərəfindən iddiaçının evinə və həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun üzərinə tökülmüş daşın onun gediş-gəliş yoluna mane olub-olmadığını, həmin yoldan istifadəsini hər hansı formada məhdudlaşdırıb-məhdudlaşdırmadığını araşdırmadan, habelə iddiaçının öz torpaq sahəsindən və fərdi yaşayış evindən ictimai yola başqa keçidinin olub-olmadığını yerində yoxlamadan, yalnız cavabdehin izahatı, ekspertin arayışı və hazırkı mübahisəyədək qəbul olunmuş məhkəmə aktı ilə müəyyən olunmuş hallara əsaslanaraq iddianı rədd etmişdir. Halbuki, iddiaçının cavabdehə qarşı hazırkı tələbi sözügedən məhkəmə aktının qəbulundan sonra yoldan istifadəsinə yaradılan yeni maneələrlə (yolun üzərinə daşin tökülməsi ilə) bağlıdır. Daha sonra apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirlən yoldan istifadəsinə cavabdeh tərəfindən hər hansı maneə yaradılmadığını qeyd etsə də, bu hal bilavasitə cavabdehin özünün izahatı ilə inkar olunur. Belə ki cavabdeh iddiaya etiraz ərizəsində və apellyasiya şikayətində iddiaçının iddia etdiklərini təsdiq edərək qeyd etmişdir ki, iddiaçının mübahisəli yoldan istifadə etməsi onun fərdi yaşayış evindən istifadəsinə maneə yaradır və tikinti işlərini özünə məxsus torpaq sahəsində aparır və bu səbəbdən də iddiaçıya yoldan istifadəsinə icazə vermir

26. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 169, 170, 175, 239-cu maddələrinə, “Torpaq Məcəlləsinin” 82 və 84-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76-77 və 416-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının evinə, həyətyanı torpaq sahəsinə girişdə heç bir maneə qalmamışdır.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, hazırda həmin yol açıqdır, avtomobil yolunun üzərinə tökülən daş yoldan götürülmüşdür.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, avtomobil yolunun üzərinə tökülən daş yoldan götürül və hazırda həmin yolda hər hansı tikinti işi aparılmır. Lakin buna baxmayaraq yolda qoyulmuş darvazanın götürülməsinivə yolun əvvəlki qaydada bərapa edilməsi üçün iddia tələbimin təmin edilməsini xahiş etmişdir.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

31. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

33. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

34. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 169.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

37. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

38. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

39. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola...keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

40. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

41. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

42. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

43. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

50. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:

52. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;

53. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

54. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

55. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

58. Hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 2 (042)-131/2022 saylı, 18 iyul 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əsas götürən məhkəmə kollegiyası qeyd edir ki, Gədəbəy rayonu, Poladlı kəndinin sxematik planına əsasən 1975-ci ildən tikilmiş iddiaçıya məxsus evə zəruri keçidin (yolun) mübahisəli ərazidən olub-olmaması və ya haradan olması ilə bağlı iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2203 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı1 iddia edərək naturada mübahisələndirdiyi torpaq sahəsi 302.0 kv.m təşkil edir. Həmin naturada təqdim olunan 302.0 kv.m torpaq sahəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS VƏ AZCAD) məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid olmaq infrastruktur (yollar və küçələr) sahəsidir. İddiaçı1 iddia edərək naturada mübahisələndirdiyi 302.0 kv.m torpaq sahəsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 042A (kod-********) nömrəli Şəhadətnaməyə əsasən Həsənov Məhəmməd Əbli oğluna və X3 mülkiyyətində olan Gədəbəy rayonu Poladlı kəndində yerləşən 0.53 ha torpaq sahəsinin Gədəbəy rayonu Poladlı kəndi ərazisində aparılan torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsində də, öz əksini tapan 0.53 ha torpaq sahəsinə yol nəzərdə tutulmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-042A (kod-********) nömrəli Şəhadətnaməyə əsasən Həsənov Məhəmməd Əbli oğluna və X3 mülkiyyətində olan Gədəbəy rayonu Poladlı kəndində yerləşən 0.53 ha torpaq sahəsinin şimal qərb istiqamətindən faktiki olaraq yolun keçdiyi müəyyən edildi və həmin yolun torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS VƏ AZCAD) məlumatlarında infrastruktur (yollar və küçələr) sahəsi kimi göstərilmişdir.

61. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının yaşadığı ev 1975-ci ildə inşa edilib və həmin vaxtdan iddiaçı, ailə üzvləri ilə birlikdə mübahisəli yoldan istifadə edir. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə aktı, habelə Gədəbəy rayonu, Qaraməmmədli bələdiyyəsinin 21 noyabr 2021-ci il tarixli arayışı ilə də təsdiq olunur.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində böyük torpaq sahəsi vardır. O, başqa tərəfdən də, avtomobil yolu çəkə bilər, lakin onun həyətindən keçməyi daha əlverişli hesab edir və digər yerdən özünə yol açmağın xərcini çəkmək istəmir. Onun həyətindən yol kimi istifadə edilməsi qeyd etdiyi səbəblərdən bir mülkiyyətçi kimi onun mənafeyinə toxunur. Həmin torpaq sahəsinin onun mülkiyyətində olması ona verilmiş sənədlərdən aydın görünür. Həm qüvvədə olan Gədəbəy Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(042)-30/2021 nömrəli qətnaməsi, həm məhkəmə baxışı zamanı təyin edilmiş xx.xx.2025-ci il tarixli, 10/2203 saylı ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin yol olması təsdiqini tapmışdır. Hazırkı iddia tələbi isə Gədəbəy rayonu, Poladlı kəndində yerləşən evinə gedən avtomaşın yolunda cavabdehlər tərəfindən aparılan tikinti işlərinə qadağa qoyulması və cavabdehlər tərəfindən yoldan istifadə edilməsinə yaradılan hər cürə maneələrə son qoyulmasından ibarət olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı tərəflərin, o cümlədən iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, hazırda cavabdehlər tərəfindən həmin yolda hər hansı tikinti işi aparılmır, cavabdehlər tərəfindən yola tökülən daşlar qaldırılmış və iddiaçının yoldan istifadə edilməsinə yaradılan maneə aradan qalxmışdır. İş üzrə əldə edilmiş ekspert rəyində torpaq sahəsinə yol nəzərdə tutulması göstərilsə də, hazırda cavabdehlər tərəfindən iddiada nəzərdə tutulan tələb faktiki olaraq icra edilmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır.

63. Kollegiya iddiaçının mübahisəli yolda qoyulmuş darvazanın götürülməsi ilə bağlı izahatında göstərdikləri bağlı qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(042)-30/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Həsənov X1 Maya Əşrəf qızına qarşı ona məxsus Gədəbəy rayonu, Poladlı kəndində yerləşən fərdi yaşayış evinə gedən avtomobil yoluna Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın götürülməsi, avtomaşın yolunun əvvəlki vəziyyətə qaytarılması və edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmış, lakin iddia tələbi təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(104)- 2617/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(042)-30/2021 nömrəli qətnaməsi dəyişdirilmədən, İddiaçı1 apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Göründüyü kimi, avtomobil yoluna Cavabdeh1 tərəfindən qoyulmuş darvazanın götürülməsi ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Həmçinin hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki, iş üzrə müstəsna hal müəyyən edilməmiş, iddiaçının iddiasında göstərdiyi tələbi yerinə yetirilmişdir.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.

65. Apellyasiya icraatı zamanı iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2203 saylı ekspert rəyi əldə edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Qanunvericiliyə əsasən, qeyd olunan məbləğ iddiaçıdan tutulmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gədəbəy Rayon Məhkəməsinin 2 (042)-131/2022 saylı, 18 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2 (042)-131/2022 saylı, 18 iyul 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilsin və 50 (əlli) manat məbləğində olan ekspertiza xərci İddiaçı1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar