Məhkəmə qərarları › İş №2(104)-1290/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1290/2024

25.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1290/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mənzilə köçürülmə; mənzildən istifadə hüququ. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(125)- 752/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kirovabad şəhəri Xalq deputatları Sovetinin İcrayə Komitəsi tərəfindən verilmiş 15 aprel 1980-ci il tarixli, 127 nömrəli orderin surətindən görünür ki, Cavabdeh istifadəsinə ünvan 1 ünvanı verilmişdir. Ailə üzvləri 5 nəfərdən ibarətdir;

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli 05 avqust 2010-cu il tarixli, **********96-05101-093014 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı tam pay olmaqla, Cavabdeh mülkiyyətindədir;

3. AZ-İ seriyalı, 736491 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 10 mart 2006-cı il tarixdə doğulmuşdur. Atası: X5, anası: İddiaçıdır.

4. 03 iyul 2023-cü il tarixli qonşu 4-cü mikrorayon, bina 17, mənzil 41 ünvanında yaşayan X12, qonşu 4-cü mikrorayon, bina 17, mənzil 52 ünvanında yaşayan X9 və qonşu 4-cü mikrorayon, bina 17, mənzil 60 ünvanında yaşayan X13 tərəfindən imzalanaraq tərtib edilmiş aktın surətindən görünür ki, 4-cü mikrorayon, bina 17, mənzil 48 ünvanında qonşuları olan Cavabdeh gəlini olmuş İddiaçı 2006-cı ildə anadan olmuş oğlu X3 da 2020-ci ilin dekabr ayından götürüb çıxıb getmişdir. Həmin vaxtdan bu günə qədər İzafət və oğlu X20 adına olan 4-cü mikrorayon, bina 17, mənzil 48 ünvanında yaşamırlar;

5. Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(125)-414/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə X5 arasında xx.xx.2002-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 462 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 İddiaçı yanında saxlanılması və X1 xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli e-2-1(114)-3430/2023 nömrəli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı İddiaçı, X2 ünvan 1 üvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanına istifadə hüququnun tanınması və xx.xx.2006-cı il təvəllüdlü övladı X4 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun və oğlunun pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması haqqında iddia irəli sürmüşdür. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 3430/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Hazırda iş, Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Apellyasiya Məhkəməsindəki icraat zamanı istifadə hüququnun olduğu məlum olmuşdur. Odur ki, Gəncə Şəhər Məhkəməsinə müraciət edir. Qeyd edir ki, bu mübahisə mənzil mübahisəsidir. Cavabdeh onun keçmiş qaynanasıdır. Belə ki, həyat yoldaşı X5 ilə 2002-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin vaxt ünvan 1 ünvanındakı mənzilə gəlin köçmüşdür. Bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X4 adlı iki övladı vardır. 01 dekabr 2020-ci il tarixdə nikahları pozulmuş və onu zorla gecə vaxtı iki uşaqla evdən çıxartmışlar. Xüsusi olaraq qeyd edir ki, o bu evə gəlin köçəndə mübahisəli mənzil özəlləşməmişdir. Mənzil 2010-cu ildə özəlləşmişdir. Ayrılandan sonra, yəni 2020-ci ilin dekabr ayından etibarən uşaqlarla birlikdə kirayə mənzilə yerləşmişdir. 2021-ci ilin fevral ayında yoldaşı Heydər gəlib onunla barışmış və onlar birlikdə kirayə mənzildə yaşamağa başlamışlar. 2021-ci ilin sentyabr ayında isə yoldaşı yenə ondan ayrılmışdır. Həmçinin, böyük oğlu Anar da mübahisəli mənzilə getmiş və orada yaşamağa başlamışdır. Beləliklə, kiçik oğlu ilə birlikdə hazırda ikisi hələ də kirayə mənzildə yaşayırlar. Halbuki, mübahisəli mənzilin saxlanmasında, təmirində və ev əşyalarının alınmasında onun əməyi olmuş və bu işlərə real maddi vəsait xərcləmişdir. Həmçinin, mənzildən onu zorla, onun iradəsinə zidd olaraq çıxartmışlar.

9. Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(125)-752/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin edilərək, İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X2 ünvan 1 ünvanına istifadə hüquqları tanınmaqla, onların həmin mənzilə köçürülməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53.3, 54.1, 54.3 və 123-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüquqları 2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı onun keçmiş gəlini olmuşdur. İddiaçı onun oğlu X5 ilə 2002-ci ildə ailə qurmuşdur. Onların birgə nikahlarından 16 oktyabr 2003-cü il tarixdə X7, 10 mart 2006-cı il tarixində isə X4 adlı uşaqları dünyaya gəlmişdir. Lakin, sonradan onlar ayrılmışlar və 2022-ci ildə məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hələ məhkəməyə müraciət etməzdən təxminən iki il öncə İddiaçı kiçik oğlu X3 da özü ilə götürüb ona məxsus evi tərk etmişdir. Daha sonra isə məhkəmədə ona qarşı iddia qaldıraraq cehiz əşyalarının evdən çıxarılmasını tələb etmişdir. Lakin, artıq üç ildir ki, iddiaçı və övladı ona məxsus mənzildə yaşamamaqlarına baxmayaraq, bu günə kimi pasport qeydiyyatından çıxmamışlar. Bu isə əlavə kommunal xərclər yaradır. Həmçinin, iddiaçının ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyəti üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən İddiaçı və sonuncunun oğlu X2 evdən pasport qeydiyyatından çıxarılmaları üçün məhkəməyə müraciət etmişdir. Yalnız bundan sonra İddiaçı məhkəmədə hazırkı iddianı qaldıraraq həm özünün, həm də oğlu X2 istifadə hüququnun tanınması və evə köçürülməsini xahiş etmişdir. Lakin nə qədər absurd olmasına baxmayaraq, məhkəmə hər hansı bir araşdırma aparmadan, işin faktiki hallarını nəzərə almadan və təqdim edilmiş sübutlara qiymət vermədən iddianın təmin edilməsi barədə qətnamə çıxartmaqla maddi və prosessual hüquq normalarını, eləcə də onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Ona məxsus mənzil 2010-cu ildə adına qeydiyyata alınmışdır və belə olan halda mübahisəyə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməli idi. Bundan başqa, İddiaçı özünün və yetkinlik yaşına çatmış oğlu X2 yaşamağa başqa yeri olmadığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətininin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ilə cavabdehin oğlu Heydər Allahverdiyev 2002-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Həmin vaxtdan da iddiaçı mübahisə predmeti olan mənzilə köçərək daima orada yaşamışdır. Beləliklə, iddiaçının həmin mənzildən istifadə hüququ yaranmışdır. Hətta, sözügedən mənzilin cavabdehin adına özəlləşdirməsinə iddiaçının da razılığı olmuşdur. İddiaçını mübahisə predmeti olan mənzildən məcburi çıxartmışlar. İddiaçı mənzildən çıxarıldıqdan sonra kirayədə yaşayır. İddiaçı 2021-ci ildə keçmiş yoldaşı Heydərlə barışmış və onlar birlikdə yaşamağa başlamışlar. Lakin, 2021-ci ilin sentyabr ayında isə yoldaşı yenə iddiaçıdan ayrılmışdır. Bu onu göstəricisidir ki, iddiaçının mübahisəli mənzildən çıxmaq arzusu olmamış, o, zorla həmin evdən qayanansı tərəfindən çıxarılmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Onlar məhkəmə iclasında nümayəndələri (vəkil) tərəfindən təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

19. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

20. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

21. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

22. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

23. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh keçmiş gəlinidir. Belə ki, İddiaçı Cavabdeh oğlu Heydər Allahverdiyevlə 2002-ci ildə nikaha daxil olaraq ailə qurmuş və mübahisə predmeti olan Gəncə şəhəri, 4-cü mikrorayon, ev 17-də yerləşən 48 nömrəli mənzilə gəlin köçmüşdür. Həmin vaxtdan 2020-ci ilin dekabr ayınadək İddiaçı fasiləsiz olaraq sözügedən mənzildə yaşamışdır. Həmçinin İddiaçı mübahisəli mənzildə 2011-ci ildən pasport qeydiyyatındadır. 2020-ci ilin dekabr ayında iddiaçı ilə cavabdehin oğlu ayrılmışlar. Bununla yanaşı müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli mənzilə köçən zaman həmin mənzil dövlət mülkiyyətində olmuşdur. İddiaçıya məxsus əşyalar gəlin köçəndən hal-hazıra kimi mübahisəli mənzildə qalmaqdadır. İddiaçı ilə Cavabdeh oğlu Heydər Allahverdiyevin rəsmi nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X4 adında iki uşaqları anadan olmuşdur. Onlar arasındakı nikah Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(125)-414/2022 nömrəli qətnaməsi əsasında pozulmuşdur. Mübahisə predmeti olan mənzil hazırda MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 05 avqust 2010-cu il tarixli, **********96-05101- 093014 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Mənzil cavabdehin adına özəlləşən zaman iddiaçı buna dair rəsmi razılıq vermişdir. İddiaçı mübahisə predmeti olan mənzildən çıxarıldığından hazırda hazırda kirayədə yaşayır. İddiaçı mübahisə predmeti olan mənzildən istifadə hüququ olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, İddiaçı cavabdehin oğlu Heydər Allahverdiyevlə nikaha daxil olaraq ailə qurduğu vaxtdan, yəni 2002-ci ildən mübahisəli mənzilə köçərək orada yaşamağa başlamışdır və həmin vaxt mənzil dövlət mülkiyyətində olmuşdur. Məhkəmə kollegiyası iddiaçının 2002-ci ildən mübahisəli mənzilə gəlin köçməsini, həmin vaxtdan cavabdehin oğlu ilə ailə münasibətləri pozulanadək (2020ci ilədək) orada yaşamasını və iddiaçının mübahisəli mənzilə köçən zaman evin dövlət mülkiyyətində olmasını, başqa sözlə cavabdehin mülkiyyətində olmamasını nəzərə alaraq hesab edir ki, bu halda iddia tələbi 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır.

38. MPM-nin 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

39. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı 2022-ci ildə cavabdehin oğlu Heydər Allahverdiyevlə 2002-ci ildə nikaha daxil olmaqla ailə qurmuş, İddiaçı ailə qurduqdan sonra qayınanası Cavabdeh razılığı ilə mübahisəli mənzilə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. İddiaçının cavabdehin oğlu Heydər Allahverdiyevlə birgə nikahlarından mübahisəli evdə Anar və Nadir adlı uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdehin oğlu Heydər Allahverdiyev 2020-ci ildə faktiki ayrılsalar da, onların nikahları rəsmi 2020-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. İddiaçılar mübahisəli mənzildə 2020-ci ilin sonunadək yaşamışlar.

40. İddiaçı tərəf mübahisəli mənzildən zorla çıxarıldıqlarını bildirir. Cavabdeh tərəf isə iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının yarandığını və sonradan könüllü evi daimi əsaslarla tərk edərək həmin hüquqlarnı itirdiklərini bildirir.

41. Göründüyü kimi iddiaçılar mübahisəli mənzildən icarədarın razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmışlar. Bununla da, iddiaçıların həmin mənzildən istifadə hüquqları yaranmışdır.

42. İddiaçıların mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının yarandığı təsdiq olunduğuna görə, sonuncuların istifadə hüquqlarının itirilib-itirilməməsi məsələsi də araşdırılmalıdır.

43. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

44. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

45. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

46. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.

47. İddiaçının 2020-ci ilin sonlarında mübahisəsi gedən evdən çıxarıldığı işin mübahisə olunmayan halıdır. İddiaçı bu halı həyat qaynanası tərəfindən mənzildən qovulması ilə əlaqələndirmiş, mənzildən daimi getmək niyyətinin olmadığını, hazırkı dövrədək cehiz əşyalarının orada olmasının da buna dəlalət etdiyini vurğulamışdır. Kollegiya, uşaqları olan və başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən iddiaçının yaşadığı mənzildən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını da nəzərə almaqla onun arqumentini inandırıcı hesab edir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, işdəki sübutların məcmusu . İddiaçı mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir.

48. Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş qaynanası onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Kollegiya hesab edir ki, mübahisəli evə, cavabdehin və onun ailə üzvlərinin razılığı əsasında köçmüş olması, iddiaçının mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir; o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.

49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının başqa yaşayış yeri olması və ya mübahisəli mənzilə olan ehtiyacının aradan qalxması kimi hallar müəyyən edilmir ki, bu da “İddiaçı 2020-ci ildən mənzili tərk etmiş və nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır” barədə cavabdeh tərəfin dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Çünki, şəxsin başqa yaşayış yeri olmadığı halda 18 il fasiləsiz olaraq yaşadığı mənzili könüllü tərk edərək kirayəyədə yaşaması ağlabatan və inandırıcı deyil.

50. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmış və itirilməmişdir. Həmçinin onun mübahisəli mənzildən istifadə hüquqlarının olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir.

51. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

52. İşin yuxarıda şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2(125)-752/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar