Məhkəmə qərarları › İş №2(104)-130/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-130/2023

01.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-130/2023 01.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(062)-489/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, mərhum atası Cavanşir Səfərova məxsus qeyri-yaşayış binası sökülərək Cavabdeh tərəfindən özbaşına inşa edilmiş qeyri-yaşayış binasının sökülməsi, mərhum atasına məxsus olmuş qeyri-yaşayış binasının əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə, həmçinin Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin əməkdaşları barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(062)-489/2022 nömrəli (hakim N.Mustafayev) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(104)-1805/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşunaslıq yerqurluşu ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 09 mart 2023-cü il tarixdə İddiaçı apellyasiya şikayətindən imtina barədə notarial qaydada təsdiq olunmuş ərizəsi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə rəy verilmədən mülki iş 17 mart 2023-cü il tarixdə geri qaytarılmışdır. İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsi məhkəməyə daxil olduğundan iş üzrə icraat 18 aprel 2023-cü il tarixdə təzələnmiş və işə baxılması 01 may 2023-cü il tarixə saat 16-35-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3. maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4. maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir. Beləki, məhkəmə kollegiyasına təqdim olunmuş ərizə İddiaçı tərəfindən imzalanmış və Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Belə olan halda imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Tovuz Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(062)-489/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar