Məhkəmə qərarları › İş №2(104)-131/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-131/2024

16.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-131/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maneənin aradan qaldırılması və gediş-gəliş yolunun açılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi istifadədə olan yolun cavabdehin vəsaiti hesabına sökülməsi, açılması və zəbt edilmiş yolun zəbtdən azad olaraq qaytarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 30 mart 2023cü il tarixli, 2(076)-876/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixdə tərtib etdiyi № AA 008092 saylı Torpaq sahəsinin Planı və Ölçüsü sənədindən görünür ki, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yol cavabdehlər tərəfindən istifadə edilir. Həmin yolun 69.44 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə edilir. Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolda cavabdehlər tərəfindən tikili inşa edilmişdir. Cavabdehlər tərəfindən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi yola düşür.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4985 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) 0.5728 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir. İddiaçı iddia etdiyi ona məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər-hansı tikili tikilməmişdir. Çıxarış əsasında Hüseynov X2 mülkiyyətində olan 0.5728 ha torpaq sahəsing gediş-gəliş yolunda cavabdehlər tərəfindən tikili inşa edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi istifadədə olan yolun cavabdehin vəsaiti hesabına sökülməsi, açılması və zəbt edilmiş yolun zəbtdən azad olaraq qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şəmkir rayonu Düyərli kəndində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gələn yolun zəbtdən azad olunaraq, cavabdehin vəsaiti hesabına açılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Seriya MA No: ******* nömrəli (kənd təsərrüfatı təyinatlı 0,5728 ha torpaq sahəsinin) Çıxarışa əsasən Şəmkir rayonunun Düyərli kəndinin ərazisində təzə məhlələrin qurtaracağında yerləşən, kənd təsərrüfatı təyinatlı 0,5728 ha torpaq sahəsi, onun xüsusi mülkiyyətindədir. Cavabdeh Şəmkir rayonunun Düyərli kəndində yaşayan Cavabdeh2 və Cavabdeh1 ona məxsus torpaq sahəsində gedən yolu bağlayıb, zəbt etməklə, yolda qanunsuz olaraq tikinti aparıb onun torpaq sahəsinə gedən yolu bağlamışdır. Bu səbəbdən də iddiaçı və həmin torpaqda işləyən ailə üzvlərinin gedişgəlişi və torpaq sahələrinə olan əkin sahələrinə avto nəqliyyat vasitələrinin hərəkət etməsini qadağa qoymuşdurlar. Bununla da cavabdehlər yolu bağladığına görə iddiaçı və onun ailə üzvləri öz torpaqlarından istifadə edə bilmirlər. Belə ki, torpaq sahələrini traktorla əkib-becərə bilmir, yolları bağlandığı üçün sahələrindən nəqliyyat vasitəsi ilə malqaralarına ot-ələf apara bilmirlər. Cavabdeh qanunun normaları tələbi baxımından qaydalara zidd olmaqla iddiaçı və onun ailə üzvlərinin torpağında iş fəaliyyətinə mane olur. Belə ki, istifadələrində olan yol ilə avtomobil vasitələrinin torpağına giriş-çıxışın daxil olmasına məhdudiyyət yaradaraq yolu zəbt edərək tikinti materialları töküb tikinti aparmaqla yolu bağlamışlar. Bu da iddiaçının mənafeyinə toxunan qanunsuz əməldir. Dəfələrlə Şəmkir rayonunun Düyərli bələdiyyəsinin sədrinə, polis əməkdaşları, Şəmkir ərazi üzrə Yer Quruluşu və Layihə Tədqiqat Publik Hüquqi şəxs tərəfindən və iddiaçının xəbərdarlıq etməyinə baxmayaraq cavabdehlər qanunsuz və əsassız olaraq bağladığı yolu açmırlar, yolun altına düşən torpaq sahəsini və ona məxsus 0,5728 ha torpaq sahəsinə gedən yolun zəbtdən azad etməkdən imtina edirlər. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, Cavabdeh2 və Cavabdeh1 Şəmkir rayonunun Düyərli kəndində yerləşən iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolun zəbtdən azad olunaraq cavabdehlərin vəsaiti hesabına açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(076)-876/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolun zəbt edilmiş 69,44 kv.m hissəsi Cavabdeh1 Fəzayil oğlunun və Cavabdeh2 zəbtindən azad edilməsi, İddiaçı mülkiyyətinə verilmiş olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesabına sökülərək yolun açılması, iddianın qalan hissədə təmin edilməsi, iddiaçı X5 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manatı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə mütəxəssis rəyi üçün ödənilmiş 95 (doxsan beş) manat xərcin 47.50 (qırx yeddi manat əlli qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvessiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1, 214, 213, 216- 220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh2 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(076)-876/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol onun mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin yanından keçir. O mülkiyyətində olan 0,0837 ha həyətyanı torpaq sahəsində yarımçıq tikilisi olan fərdi yaşayış evini inşa etdirmişdir. Həmin tikilinin də iddiaçının ərazisinə heç bir aidiyyəti yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Cavabdeh2 tərəfindın verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

17. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

18. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

24. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

26. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

28. Maddə 47. 2-ci bənd. Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır.

29. Maddə 47. 3-cü bənd. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir.

30. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

31. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

32. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

33. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

46. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

49. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

51. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(076)-876/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Beləliklə, işin halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətinə Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə gələn yolun 69.44 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Həmçinin, həmin torpaq sahəsinə gələn yolda cavabdehlər tərəfindən tikili inşa edilmiş, həmin 27.92 kv.m yarımçıq tikilinin 8.91 kv.m hissəsi həmin yola düşür.

54. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

55. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

56. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

57. İddia tələbi mülkiyyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə olmaqla, neqator tələbidir.

58. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir.

59. Qeyd edilən normanın tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

60. Bu iddianın təmin edilməsinin şərti həqiqətən də iddiaçının mülkiyyətindən istifadəyə cavabdehlərin maneə törətməsi halının müəyyən edilməsidir.

61. Belə ki, həm birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, həm də apellyasiya baxışı zamanı keçirilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4985 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) 0.5728 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir. İddiaçı iddia etdiyi ona məxsus olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər-hansı tikili tikilməmişdir. Çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.5728 ha torpaq sahəsing gediş-gəlts yalunda cavabdehlər tərəfindən tikili inşa edilmişdir.

62. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

63. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

64. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.

65. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.5728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gələn yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 69,44 kv.m hissəsi hazırda istifadə edilir, eyni zamanda sonuncular tərəfindən inşa edilmiş 27.92 kv.m yarımçıq tikilidən 8.91 kv.m hissəsi mübahisəli yola düşərək qanunsuz zəbt edilmişdir.

66. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçıların torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.

67. Bələdiyyənin mülkiyyətində olan yolun açılması ilə bağlı iddiaçının subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd olunmalıdır ki, həmin yol ümumi istifadədə olan yol olmaqla, iddiaçının oradan istifadə üzrə hüququ vardır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsindən iddiaçı torpaq sahəsinə nəqliyyat vasitələri gəlmək üçün əvvəllər də istifadə edib və cavabdehlər bu istifadə qaydasına müdaxilə edərək, hər hansı hüquqi əsas olmadan həmin torpaq sahəsini (yolu) istifadə edərək və qanunsuz tikili tikərək oranı zəbt etmişlər. İddiaçının əvvəlki vəziyyətin bərpa edilməsini tələb etmək hüququ vardır və birinci instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnu tanımaqda haqlı olmuşdur.

68. Apellyasiya dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, ekspertiza rəyinin düzgün olmaması barədə dəlilə diqqət yetirdikdə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

69. Qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə həmin rəyi şübhə altına almaq üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Baxılan işdə isə rəyin şübhə altına alınmasına dair əsas yoxdur.

71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

74. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı hesab etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(076)-876/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci iddiaçıya aid edilməklə, 100 (yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq SAP (XİİS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar