Məhkəmə qərarları › İş №2(104)-1315/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1315/2023

23.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1315/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-3064/2022 saylı mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Qərb RETSİ Şəmkir Elektrik şəbəkəsi PŞS-nin xx.xx.2022-ci il tarixli k/022-01658 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün 1140 manat kompensasiyanın, ödənilmiş dövlət rüsumuna görə 50 manat və mediasiya sesiyasında iştirak etmək üçün ödədiyi 50 manat xərcin, cəmi 1240 manat kompenssasiyanın ona verilməi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3064/2022 saylı mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məmədova) iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 may 2022-ci il tarixli k/022-01658 nömrəli əmri qanunsuz və əsassız olduğundan ləğv edilmiş, İddiaçı əvvəlki işinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün xx.xx.2022-ci il tarixdən əmək haqqının hesablanaraq ödənilməsi, mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, göstərmişdir ki, məhkəmə hazırki iş üzrə heç bir əsaslandırma aparmamışdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı iş üzrə cavabdeh qismində "xxxx" ASC-nin Qərb RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Şəmkir Elektrik şəbəkəsini cəlb etmişdir. Şəmkir EŞ isə hüquqi şəxs statusuna malik olmadığından o, mülki qanunvericiliyin tələbinə görə məhkəmədə iddiaçı, yaxud cavabdeh qismində cəlb oluna bilməz. Digər tərəfdən "xxxx" ASC hüquqi şəxs stasusuna mailikdir. Əgər cavabdeh qismində "xxxx" ASC olarsa, bu halda MPM-nin 35-ci maddəsinə əsasən iş cavabdehin, yəni hüquqi şəxsin olduğu yerə görə verilməldiir. İşə "xxxx" ASC-nin yerləşdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmədə "xxxx" ASC-nin nümayəndəsi X2 iştirak etdi, apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat verdi və işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı iştirak etdi və apellyasiya şikayətinin dəlillərinə etiraz edrək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmədə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3064/2022 saylı mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası göstərir ki, İddiaçı irəli sürdüyü işə bərpa tələbinə dair iddiasına cavab verməli olan hüquqi şəxs "xxxx" ASC-dir. "xxxx" ASC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonudur. Hazırki mülki işə baxılarkən isə Şəmkir Rayon Məhkəməsi mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı tələblərini pozaraq, mülki işi icraatına qəbul edərək, nəticə vermişdir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa ləğv edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in yuxarıda qeyd edilən tələblərini önə çəkərək hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3064/2022 saylı mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş baxılması üçün aiddiyəti üzrə cavabdeh təşkilatın yerləşdiyi hüquqi ünvan üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 387, 400 və 404-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3064/2022 saylı mülki iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar