Məhkəmə qərarları › İş №2(104)-1318/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1318/2025

01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1318/2025 01.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: overdraft; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-4011/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 07 sentyabr 2023-cü il tarixli hesabdan çıxarışda müəyyən edilir ki, Cavabdeh **********743626001 hesab nömrəli X1 kartı verilmiş və kartın hesabına 990 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh X1 debet kartından istifadə edərək banka məxsus pul vəsaitindən istifadə etmiş, xx.xx.2020-ci il tarixə 679,99 manat əsas, overdraft üzrə 183,28 manat faiz borcu yarandığı qeyd edilmişdir;

2. 07 sentyabr 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə overdraft əsas borcu üzrə 679,9 manat, overdraft faiz borcu üzrə 802,35 manat, cəmi 1428,34 manat borcu vardır;

3. 11 avqust 2023-cü il tarixli 848 saylı pretenziyadan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin icra edilməsi məqsədilə 3 bank iş günü müddətində banka yaxınlaşması, əks təqdirdə müqavilənin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyatı üzrə məhkəməyə göndəriləcəyi barədə xəbərdar edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 679,99 manat əsas və 802,35 manat faiz borcu olmaqla, cəmi 1482,34 manat, habelə 34,83 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “X1” debet kart təqdim edilmişdir. Cavabdeh tərəfindən **********743626001 saylı (valyuta AZN) kart hesabı üzrə aparılan əməliyyatlar nəticəsində xx.xx.2020-ci il tarixə 679.99 manat məbləğində texniki overdraft (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) yaranmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır.

6. Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-4011/2023 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Borcun tutulması” tələbinə dair iddiasının təmin edilməsi; Cavabdeh 679,99 (altı yüz yetmiş doqquz manat 99 qəpik) manat əsas borc, 802,35 (səkkiz yüz iki manat 35 qəpik) manat faiz borcu və 34,83 (otuz dörd manat 83 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1517,17 (bir min beş yüz on yeddi manat 17 qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 425.1, 439.4, 442, 443.1, 445.1, 445.2, 448.1, 449.1, 739.1, 739.2, 1091.1, 1091.2, 1092.1, 1092.2 və 1092.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı ASC onu əvvəlcədən xəbərdar etmədiyi üçün və müqavilə üzrə şərtlərin yerinə yetirilməsi ilə bağlı tərəf olaraq öz aralarında danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamışdır. Birinci instansiya məhkəməsi də tərəflər arasında müqavilə hüququnun üstünlüyü prinsipinə əhəmiyyət verməyərək işin məhkəməyə qədər həlli üçün iddiaçının etməli olduğu hərəkətlərin real olaraq nədə ifadə olmasına dair mötəbər sübutlar üzərindən qiymətləndirmə aparmamışdır. Bundan başqa iddiaçı bankın iddia ərizəsində bəhs edilən X1 debet kart kredit kartı deyil idi və pul köçürməsinə xidmət edən kart idi. İddiaçı bank ona texniki Overdraft hesablayaraq 679.99 manat əsas, 802.35 manat faiz borcu yazmışdır. Texniki overdraft müştərinin maliyyə vəziyyəti nəzərə alınmadan, borcalanın hesabına verilmiş hesaba zəmanətli qəbzlər (birjada valyuta satışı/alınması, müddətli depozit qaytarılana qədər və s.) müqabilində verilir. Overdraft adi kreditdən onunla fərqlənir ki, müştərinin hesabına daxil olan bütün məbləğlər borcun ödənilməsinə yönəldilir. Onun kart hesabına gələn puldan tutmanı bankın əməliyyatçılatı etməli idilər, o deyil. Bank öz əməkdaşlarının və ya texniki imkanlarının məsuliyyətini onun üzərinə qoymaqla iddiaçı bank hüquqdan sui istifadəyə yol vermiş və ona qarşı əsassız faizlər hesablamışdır. Texniki overdraftın bir neçə mümkün səbəbi var. Bankın avtomatlaşdırılmış sisteminin texniki xətası, məsələn kartdan eyni məbləğin ikiqat debet edilməsi. Kartdakı qalıq səhv əməliyyatın məbləğindən az olarsa, overdraft baş verir. Bank səhv kreditdən sonra karta pulu qaytarır və overdraft bağlanır. Bu halda, müştəri vəsaitdən istifadə edərsə və sonra bank səhvən kreditləşdirilmiş məbləği kartdan çıxararsa, kartdakı qalığın səhv əməliyyatın məbləğindən az olduğu vəziyyət yarana bilər və buna uyğun olaraq overdraft yarana bilər. Göründüyü kimi, söhbət bankın səhvindən gedir, müştərinin səhvindən deyil. Müştərinin bank hesabında pul vəsaiti olmadıqda və ya yetərli olmadıqda, ödəniş sistemlərinin bank kartından istifadə etməklə həyata keçirilməsinə icazə verilən əməliyyatlar üzrə hesablaşmaların başa çatdırılması üçün lazımdır və bank hesabı müqaviləsində müştəriyə kredit vermək şərti olmadıqda, kredit təşkilatı bu müştəri üçün belə əməliyyatların zəruri ödənilməsini həyata keçirir. Ancaq, iddiaçı bank ona qarşı öhdəliklərində vicdanlı davranmamışdır. Həmçinin, ödənişləri gecikdirməyi ilə bağlı iddiaçının mülahizələri iddiaçının nöqteyi-nəzərindən məhkəməyə təqdim olunan ümumi mülahizlər olmuşdur. Təəssüf ki, iddiaçı bank onunla lazımi qaydada danışıqlar üçün təşəbbüs nümayiş etdirməyibdir. Hansı ki, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Müqavilənin mühüm şərtləri haqqında yalnız tərəflərin iradə ifadəsi əhəmiyyət kəsb edir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İddiaçı bankla müqavilənin mühüm şərtləri barədə razılığa gəldikdə həm də onu razılaşmışlar ki, birinci halda mübahisələr öz aralarında həllini tapmalıdır və bunun üçün mübahisə yarandığını düşünən tərəf ciddi təşəbbüskarlıq nümayiş etdirməlidir. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi iddaçı tərəfindən sadalanan faktlar ilə birgəlikdə yerinə yetirlməsi ilə bağlı müqavilə öhdəliklərinin icrasından imtina etməsini də verilən maddi hüquq normaları işığında ədalətli və obeyktiv şəkildə qiymətləndirə bilməmişdir. Məhkəmə qətnaməsindən məlumdur ki, bank onun kredit müqaviləsinə qanunsuz artırılmış faiz dərəcələri tətbiq edib. Mövcud qanunvericiliyə görə, kreditlərin faizləri qanuna uyğun olaraq müəyyən edilməlidir və rəsmi orqanlar tərəfindən müəyyən edilmiş normativlərdən çox ola bilməz. İddiaçı bank təqdim etdiyi sənədlərdə faiz hesablanmasının adekvat əsaslandırılması yoxdur. Bank bu məbləğlərin necə hesablandığı barədə dəqiq məlumat verməyib ki, bu da bu tələblərin qanuniliyini və əsaslılığını anlamağını çətinləşdirir. İddiaçı bank kredit müqaviləsi üzrə gecikmənin yaranması və cərimə sanksiyalarının hesablanması barədə bildiriş almamışdır. Bank da ona belə bildirişlərin göndərildiyini təsdiqləyən sübutlar təqdim etməyib. Bu, şübhə yaradır ki, onlar gecikmənin nəticələri barədə lazımi şəkildə məlumatlandırılmışlar.Təəssüf ki məhkəmə tərəfindən çəkişmə prinsipinin popzulması onların bu fakta dair də mübahisələndirmə haqqını əlindən almışdır. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə müdafiəsi hüququ ədaləti və qanuni maraqların qorunmasını təmin edən əsas insan hüquqlarından biridir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı ASC apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, bank tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdə “X1” debet kart təqdim edilmişdir. Müştəri bankın kart xidmətindən istifadə edirsə, birbaşa kompleks bank xidməti müqaviləsinə qoşulur və həmin müqavilənin şərtlərini qəbul etmiş sayılır. Kompleks Bank Xidməti müqaviləsinin: - 2.49-cu bəndinə əsasən, texniki overdraft - ödəniş və\və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur; - 3.1.3-cü bəndinə əsasən, bankın razılığı olmadan hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (limitin aşılması) “Texniki overdraft” hesab olunur; 3.3.5-cü bəndinə əsasən, Yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır; -5.15.5-ci bəndinə əsasən, Kart sahibi və ya Kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42 faiz olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur. Cavabdeh tərəfindən isə **********743626001 saylı (valyuta AZN) kart hesabı üzrə aparılan əməliyyatlar nəticəsində 679.99 manat məbləğdə texniki overdraft (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına uyğun qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

d) Apellyasiya instansiyası məhkəməsində icraat:

11. Gəncə Apellyasiya Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2(104)-1318/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2025-ci il tarixli 2(104)-1318/2025 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)- 4011/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır.

e) Prosessual məsələlər

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 802,35 (səkkiz yüz iki manat 35 qəpik) manat faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli, həmçinin qətnamə «Cavabdeh cəmi 1517,17 (bir min beş yüz on yeddi manat 17 qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə dəyişdirilməli, həmin hissədə cəmi borc məbləği 714,82 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdə “X1” debet kart təqdim edilmişdir. Cavabdeh tərəfindən **********743626001 saylı (valyuta AZN) kart hesabı üzrə aparılan əməliyyatlar nəticəsində xx.xx.2020-ci il tarixə 679.99 manat məbləğində texniki overdraft (ödəniş əməliyyatları üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc) yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də iddiaçı bank hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

36. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının ödəmiş olduğu pulun cavabdehdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.

37. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

38. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

39. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.

40. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.

41. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “X1” debet kart hesabı açılmış və “X1” debet kartı təqdim edilmişdir. Cavabdeh tərəfindən **********743626001 saylı kart hesabı üzrə aparılan əməliyyatlar nəticəsində xx.xx.2020-ci il tarixə 679.99 manat texniki ovedraft yaranmışdır. Bu hal iddiaçı bank tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin kart hesabından çıxarışla öz təsdiqini tapmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının əməkdaşları tərəfindən karta mədaxil edilmiş pul vəsaitlərindən silinmənin həyata keçirilməli olması barədə arqument irəli sürsə də, lakin hesabdan çıxarışa nəzər saldıqda görünür ki, xx.xx.2020-ci il tarixdən sonra onun kart hesabına hər hansı vəsait daxil olmamış və həmin kart hesabı vasitəsi ilə əməliyyat həyata keçirilməmişdir.

42. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, Cavabdeh texniki overdraft nəticəsində hər hansı hüquqi əsas olmadan iddiaçı bankın hesabına 679.99 manat məbləğ əldə etmiş və həmin məbləği özündə saxlamaqla bankın (məhrum olanın) hesabına həmin məbləğdə əsassız varlanmışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq texniki overdraft nəticəsində yaranmış 679.99 manat vəsaiti cavabdehdən iddiaçı bankın xeyrinə tutmuşdur.

43. Lakin, məhkəmə texniki overdraft nəticəsində yaranmış 679.99 manat vəsaitə görə cavabdehdən faiz borcu tutmaqda haqlı olmamışdır.

44. Belə ki, işin hallarından göründüyü kimi tərəflər arasında kredit və ya hər hansı müqavilə bağlanmamışdır. Halbuki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Əsassız varlanmadan əmələ gələn mübahisə isə qanundan irəli gəlir və bu qəbildən olan mübahilər üzrə tərəflər arasında faizin ödənilməsi ilə bağlı razılaşma mövcud olmadığından faiz hesablana bilməz.

46. İddiaçı bank iddia ərizəsində faiz borcunun tələbinə dair hər hansı əsaslandırma aparmasa da, birinci instansiyası məhkəməsi qətnaməni Mülki Məcəllənin 449-cu maddəsinin tələbi baxımından əsaslandırmışdır.

47. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

48. Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

49. İstinad olunan maddə və onun şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən qeyd olunan maddə üzrə tələfdən pulun tələb edilməsi özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması nəticəsində ondan faydalanmanı ehtiva edir ki, belə faydalanmanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

50. İddiaçı bank isə bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır.

51. İddiaçı bankın apellyasiya şikayətinə etiraza əlavə etdiyi «kompleks bank xidmətləri müqaviləsi» isə məsələnin həlli baxımından hər hansı hüquqi qüvvə daşımamaqdadır. Belə ki, müqavilənin 22.9-cu bəndində «müştəri bu müqaviləni elektron qaydada təsdiq edərək bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə bank xidmətilərinin (kredit və qeyri-kredit) göstərilməsinə dair müraciətinin bu müqavilənin müddəalarının müştəri üçün məcburi hüquqi qüvvəyə malik olması üçün səbəb olduğunu və bağlanılan müvafiq razılaşmaların bu müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu qəbul edir». Buna baxmayaraq, müqavilə cavabdehin elektron imzası vasitəsilə imzalanmamışdır.

52. Bir sözlə, faiz borcuna dair hissədə iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi isə həmin hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı yanlış nəticəyə gələrək həmin hissədə iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 802,35 (səkkiz yüz iki manat 35 qəpik) manat faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli. Gəldiyi qənaətə uyğun olaraq həmçinin kollegiya hesab edir ki, qətnamə «Cavabdeh cəmi 1517,17 (bir min beş yüz on yeddi manat 17 qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə dəyişdirilməli, həmin hissədə cəmi borc məbləği 714,82 manat müəyyən edilməlidir.

53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(021)-4011/2023 nömrəli qətnaməsi «Cavabdeh 802,35 (səkkiz yüz iki manat 35 qəpik) manat faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Qətnamə «Cavabdeh cəmi 1517,17 (bir min beş yüz on yeddi manat 17 qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə dəyişdirilsin. Həmin hissədə cəmi borc məbləği 714,82 (yeddi yüz on dörd manat səksən iki qəpik) manat müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar