Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1319/2025 07.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 15 aprel 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 62 ünvanında yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,0160 ha torpaq sahəsinə iddiaçının mülkiyyəti hüququ 13 aprel 2023-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə ona aid olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən(bundan sonra- mübahisəli ev) çıxarılaraq evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçının atası Nümayəndə aralarında münasibət olmuşdur. Mübahisəli ev çıxarışla iddiaçının adına notariat qaydada təsdiq olunubdur və ünvan 1 ünvanında yerləşir, torpaq sahəsindən və yaşayış üçün yararlı olan 2 otaqlı evdən ibarətdir. İddiaçı Bakı şəhərində işlədiyi üçün orada atası və anası ilə kirayədə yaşayır, cavabdehin atası, anası, qardaşı və onun ailəsi ilə yaşadıqları bina evi darısqal olduğu üçün müvəqqəti olaraq təmənnasız, pul vermədən mübahisəli evdə yaşamalarına iddiaçının atası razılıq vermişdir. xx.xx.2009-cu il tarixdə iddiaçının atası barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdə o, həbsdən azad edilmişdir. 2013-cü ildə Kəpəz Rayon Məhkəməsinin qərarı ilə yaşadıqları və qeydiyyatda olduqları bina evi müsadirə olunmuş və başqa vətəndaşa satılmışdır. Ona görə həmin ildən Bakı şəhərində kirayədə yaşayırlar. Artıq 15 ilə yaxın müddətdə cavabdeh ailəsi ilə bərabər həmin ünvanda yaşayır. Bir neçə müddətdir ki, iddiaçı cavabdehə xəbərdarlıq edərək Gəncə şəhərinə qayıdıb öz evində yaşamaq istədiyini bildirsə də, cavabdeh evi boşaltmır və iddiaçını get-gələ salır. Cavabdeh bəhanə gətirir ki, o evdə ailəsinin normal yaşaması üçün iddiaçıya demədən və icazə almadan darvaza dəyişdirmiş, sanitar qovşağı təmir etdirmişdir, iddiaçı isə ona bildirmişdir ki, cavabdeh bunu iddiaçıdan razılıq almadan öz ailəsinin rahatlığı üçün etmişdir və 15 il ərzində iddiaçı ondan heç nə tələb etməmiş, müvəqqəti yaşamaq üçün verdiyi evdən pul da almamışdır. Hazırda cavabdeh yuxarıda göstərilənləri bəhanə gətirərək və digər ev axtarmağını bildirərək evdən çıxmır və iddiaçını aldadaraq vaxt uzadır. Mülkiyyət hüququ pozulduğundan iddiaçı mübahisəyə son verilməsi üçün məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-52/2025 nömrəli iş üzrə qəbul etdiyi 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia qismən təmin edilmiş, Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti 62 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq evin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində iddiaçının atasının əvvəllər verdiyi razılığı ilə yaşayır və onun sözügedən evə har hansı əmlak hüququ yoxdur. Başqa sözlə, cavabdeh həmin evə ancaq mülkiyyət hüququnun olmasını mübahisələndirmiş, evə istifadə hüququnun olmasına istinad etməmişdir. İddiaçı cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində yaşamasını mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirir və onun, ailə üzvlərinin mülkiyyətində olan evindən çıxarılmasını tələb edir. Sözügedən fərdi yaşayış evində cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı həmin evdən mülkiyyət, o cümlədən istifadə hüququnu həyata keçirə bilmir. Cavabdehin və onun ailə üzvlərinin iddiaçıya məxsus fərdi yaşayış evində yaşaması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmaqla ev boşalıdlmalıdır. Bununla belə, “cavabdehin ailə üzvləri ilə birlikdə” mübahisəli evdən çıxarılması hissədə tələb qeyri-müəyyən olduğundan, yəni həmin şəxslərin kimlər olduğu konkret göstərilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mübahisəli ev iddiaçıya məxsus olsa da, lakin cavabdeh həmin evi almışdır və həmin ev iddiaçının atasının adına olmuşdur. Belə ki, iddiaçının atası Nümayəndə ilə yaxın dost münasibətində olmuşlar. Cavabdeh iddiaçının atasına etibar etmişdir. Lakin iddiaçının atası cavabdehi aldadaraq bir neçə sənədlərə qol çəkdirmişdir. Həmçinin cavabdeh sözügedən mübahisəli evdə təmir işləri aparmışdır və 17 ilə yaxın olar ki, həmin evdə yaşayır. İddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının atası X8 ilə cavabdeh arasında olan münasibət belə olmuşdur ki, cavabdehin xalası qızının əri Musayev X1 iş birlikləri olubdur. Cavabdeh isə Fuadın yanında sürücü işləyirdi. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Məhrasa Bağı bina 6, mənzil 25-də ailə üzvləri ilə birlikdə yaşayırdı. Həmin evdə həmçinin cavabdehin atası, anası və qardaşı,eləcə də qardaşının üç övladı yaşayırdılar. Həmin ev darısqal olduğu üçün hamının bir yerdə qalmağı çətinlik yaradırdı. Musayev Fuad cavabdehə qohum kimi köməklik göstərmək məqsədi ilə 20.000 ABŞ dollar məbləğində ev alacağını bildirmişdir. Cavabdeh isə onun pulunu hissə-hissə qaytaracağını ona bildirmışdır. Bundan sonra Fuad Musayev cavabdehə bildirmişdir ki, onun şəriki və qohumu X4 ev alğı-satqısı ilə məşğul olan şəxslərlə münasibəti var və ev tapan kimi həmin evi cavabdehə alacaq, cavabdeh isə razılşmışdır. Cavabdeh Fuad Musayevlə Bakı şəhərində toyda olan zaman X8 cavabdehin istifadəsində olan mobil nömrəyə zəng edərək bildirmişdir ki, cavabdehə ev tapıbdır və qiyməti 23.500 ABŞ dollarıdır. Cavabdeh isə etiraz edərək, Fuad Musayevin 20.000 ABŞ dollar verəcəyini və ondan artıq verə bilməyəcəyini X7 bildirmişdir. X3 əlavə 3500 ABŞ dollarını cavabdehə özü ödəcəyini bildirmişdir. X8 bildirmişdir ki, ona pul lazımdır və əlində işi olduğu üçün mübahisəli evi öz adına alğı-satqı edib Banka girova qoymasını, eləcə də cavabdehin atasına məxsus evi, yəni ünvan 4 ünvanını Banka girova qoyub pul götürməyini xahiş etmişdir. Əvəzində isə 3500 ABŞ dolları cavabdehə pay edəcəyini və 6 aydan sonra mübahisəli evi cavabdehin adına sənədləşdirəcəyini bildirmişdir. Həmçinin cavabdehin atasına məxsus evi Bankdan girovdan çıxaracağına söz vermişdir. Cavabdeh isə Fuad Musayevin qohumu, eləcə də ortaqlı biznesləri olduğu üçün X7 inanaraq onun adına alğısatqını rəsmişlədirmış, daha sonra isə X8 mübahisəli evi Kapital Banka, digər evi isə Atabanka girova qoyub pul götürmüşdür. Bundan sonra Fuad Musayevin cavabdeh X7 mübahisəli ev üçün ödədiyi pulu cavabdeh hissə-hissə Fuad Musayevə ödəməyə başlamışdır. Mübahisəli ev cavabdehə məxsusdur, çünki o, həmin evə dair bütün pulların hamısını Fuad Musayevə ödəmişdir. Fuad isə ev alğı-satqı olan vaxtı özü cavabdeh X4 vasitəsi ilə həmin evi cavabdehə almışdır. Daha sonra X8 dələduzluq cinayəti üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və mübahisəli evi cavabdehin adına rəsmişlədirilmək imkanı olmamışdır. Cavabdeh həmin evdə yaşamağa başlayandan sonra bir neçə il ərzində mübahisəli evi 15.000 min manat məbləğində təmir etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir və Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdeh isə apellyasiya şikayətində qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən, Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı, X9 və X17 qarşı Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Rəfael Əbdürəhmanovla onun arasında Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 ünvanına dair alğı-satqı müqaviləsinin tanınması tələbi barədə” iddiası əsasında başlanmış 2(125)-1445/2024 nömrəli mülki işə baxmış Gəncə Şəhər Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. Həmin qətnamədən (hazırki iş üzrə cavabdeh) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (İş № 2(104)-140/2024) ilə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini qət etmişdir. Qətnamədən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı (İş № 2(102)-140/2025) ilə şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılması qərara almışdır. Yuxarıda qeyd edilən və artıq qanuni qüvvəsini almış həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının atası Nümayəndə Gəncə şəhəri, Atatürk prospekti 62 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2007-ci ildə X2, X5 və X6 17.000 manat məbləğinə almış, həmin əmlak üzərində Nümayəndə adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Nümayəndə Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı Rafael oğluna bağışlamışdır. Gəncə şəhəri, Atatürk prospekti 62 ünvanında 0,016 hektar torpaq sahəsi və 37,6 kv.m fərdi yaşayış evi üzərində (**********71-10301 reyestr nömrəli) İddiaçı Rafael oğlunun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə aktları ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti 62 ünvanında yerləşən mənzilə dair nəinki mülkiyyət və əmlak hüquqları, həmçinin həmin əmlaka gözlənti hüququ da mövcud deyildir. Qeyd olunan səbəbdən iddiaçının həmin mənzil barəsində onun mülkiyyətçisi ilə digər şəxslər arasında bağlanmış əqdin etibarlılığını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Bunları müəyyən edinə məhkəmələr hesab etmişlər ki, İddiaçı və Nümayəndə arasında Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi tələbi, Cavabdeh həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən prosessual hüquq normasının tələbindən çıxış edən Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd edilən hallar hazırki iş üzrə yenidən sübut edilməməlidir. Odur ki, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi mövcud mübahisəni qanuni qüvvəyə minmiş məhkəmə aktlarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci və 158-ci maddələri baxımından həll edib, iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı, işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışnın predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 15 aprel 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə- “Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti 62 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq evin boşaldılması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1319/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1319/2025
07.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver