Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1322/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: iradə ifadəsi; əqdin forma və məzmununa riayət edilməməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2(125)-1121/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 avqust 2025ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixlimməktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Kirovabad şəhər kvartal 604-2, Kirov küçəsi, ev 62 ünvanında yerləşən torpaq sahəsinə dair X5 adına xx.xx.1963-cü il tarixli torpaq qeydi və Kirovabad şəhər Kirov küçəsində yerləşən 62 nömrəli (indiki Gəncə şəhəri Qarabağ küçəsi ev 68) fərdi yaşayış evinə dair X5 adına Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Kirovabad şəhər Kirov küçəsi ev 62 ünvanında yerləşən fərdi yaşayış evinin ünvanı dəyişdirilmiş, Kirovabad şəhər, Kirov küçəsi, ev 68 adlandırılmışdır. Kirovabad şəhər Kirov küçəsində yerləşən 68 nömrəli (indiki Gəncə şəhəri Qarabağ küçəsi ev 68) fərdi yaşayış evinə dair X5 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Qeyd olunan fərdi yaşayış evinə dair X5 adına qeydiyyat vəsiqəsinin tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş xx.xx.1963-cü il tarixli Kirovabad şəhər Kirov küçəsi 62 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 604-2b inventarizasiya nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, ev sahibinin familiyası, adı, atasının adı qrafasında X8 kimi qeyd olunmuşdur. Məktuba əlavə edilmiş xx.xx.1982-ci il tarixli Kirovabad şəhər, Kirov küçəsi, 68 saylı mülkə dair Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 604-2b inventarizasiya nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, ev sahibinin familiyası, adı, atasının adı qrafasında X8 kimi qeyd olunmuşdur.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Gəncə şəhəri Qarabağ küçəsi ev 68 ünvanında yerləşən mülkə dair müvafiq plan və ölçü işləri qeyd olunmuş, texniki pasportda İddiaçı adı qeyd edilmiş, lakin texniki pasportun rəsmiləşdirilməsinə dair müəssisənin möhürü, eləcə də səlahiyyətli şəxsin imzası əks olunmamışdır;
3. xx.xx.1989-cu il tarixli kiril əlifbası ilə tərtib edilmiş “dokazatelstva” (sübut) adlı əlyazma aktda qeyd edilmişdir ki, «Mən – vətəndaş İddiaçı verdim vətəndaş Cavabdeh 15000 evə görə. Mən ondan evi aldım və pulu verdim» (akt İddiaçı, Cavabdeh və 7 nəfər şahidin adından imzalanmışdır).
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında ünvan 3 ünvanında yerləşən mülkə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixdə ünvan 4 ünvandakı evi Cavabdeh həmin dövrün kursu ilə 15000 rubl verib almışdır. Bu barədə akt tərtib edilmiş 9 nəfər şəxs bunu öz imzaları ilə təsdiq etmişlər. Cavabdehlə alqı-satqı etdikdən sonra cavabdeh Qarabağ hadisəsi ilə bağlı ölkəni tərk etmişdir. Ona görə də o, alqı-satqını notariusda təsdiq etdirə bilməmişdir. Evi alıb təmir etdirmişdir, həmin dövrdən indiyə kimi orada yaşayır. Akt tərtib edilən zaman akta imza etmiş 9 nəfərdən qardaşı X2 qalmamışdır. Digər şəxslər məhkəmədə şahid kimi gəlib alqı-satqını təsdiq edəcəkdirlər. Buna görə də məhkəmə qaydası ilə cavabdehə məxsus Qarabağ küçəsi 68 saylı ünvanda yerləşən 15,6 kv.m, 23,0 kv.m yaşayış otağı, 26,5 kv.m mətbəx, 3,1 kv.m dəhliz, 3,9 kv.m hamam, 2,1 kv.m ayaq yolu, 23,9 kv.m açıq eyvan, 23,3 kv.m anbara dair onunla cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
7. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə qarşı etiraz edərək izahatında göstərmişdir ki, sözügedən əmlak üzərində hüquqlar qeydiyyata alınmamışdır. Köhnə arxiv sənədlərində olan tikili ilə hazırki tikili uyğun gəlmir. Əvvəlki tikili sökülmüşdür. 1989-cu ildə evin alqı-satqısına dair tərəflər arasında imzalı sənədlər olmuşdur. Həmin dövrdə notariat ofisləri fəaliyyət göstərmişdir, rəsmi alqı-satqı müqaviləsi bağlamaq imkanı olmuşdur. Bu tip əmlaklar, yəni həmin dövrdə ermənilərin adına olan evlər dövlətin balansına götürülür, daha sonra icra hakimiyyəti tərəfindən sərəncam verilirdi. Vətəndaş bununla bağlı icra hakimiyyətinə müraciət etməli idi, lakin müraciət etməmişdir. Təqdim olunan texniki pasport sistemə tam işlənməmişdir, buna görə də mötəbər sübut kimi qəbul edilməməlidir.
8. Gəncə Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2(125)-1121/2025 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) İddiaçı Cavabdeh və iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı cavabdehlə aralarında xx.xx.1989-cu il tarixdə sadə yazılı formada bağlanmış alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddianın təmin edilməməsi; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş 1965-ci il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin 42, 43 və 44-cü maddələrinə istinadən əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hazırkı mübahisəyə iddiaçı və cavabdeh arasında mövcud olmuş hüquq münasibətlərinin yarandığı dövrdə, yəni 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-nin 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq olunduğu nəzərə alınmalıdır. Həmin Məcəllə müəyyən edirdi ki, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur (maddə 43). Alıcı İddiaçı əqdi tamamilə icra etdiyindən və əqd qanuna zidd əməl olmadığından qeyd olunan alqı-satqı əqdi, əqdi icra etmiş tərəfin tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən bağlanmış hesab edilməliydi. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh ötən 36 il müddət ərzində mülkiyyətin müdafiəsi, yəni iddiaçının mənzildən çıxarılması, əqdin etibarsızlığı və yaxud mənzilə dair sənədlərin əslinin iddiaçıdan götürülməsi üçün məhkəməyə iddia verməmiş və ya digər tədbirlər görməmişdir. Bundan başqa göstərilən mülkiyyətin müdafiəsi tədbirləri başqa şəxslər tərəfindən də İddiaçı qarşı həyata keçirilməmişdir. Başqa sözlə iddiaçı 36 il davamlı, fasiləsiz və mübahisəsiz alqı-satqının predmeti olmuş evin faktiki mülkiyyətçisi olmuşdur. Göstərilən bu faktlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Həmçinin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mübahisəli evə qüvvədə olan qanunvericiliyə əsasən qanuni gözlənti hüququnun mövcud olması, evə dair xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 604-2b inventarizasiya nömrəli texniki pasportun həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas verən sənəd olmasını nəzərə almamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Fərmanının 1.11-ci maddəsinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Göründüyü kimi, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının İddiaçı adına qeydə alınması üçün qanuni əsaslar mövcuddur. Tərəflər arasında evin alqı-satqısına dair yazılı müqavilə bağlanmışdır, göstərilən ev xx.xx.1989-cu il tarixdə iddiaçıya satılmışdır. Həmin ev müqavilə bağlandıqdan sonra iddiaçının sərəncamında, istifadəsində və sahibliyində olmuşdur. Bununla da, tərəflər müqavilə azadlığı hüququndan istifadə edərək alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərə riayət etdiyindən göstərilən alqı-satqı müqaviləsi birinci instansiya məhkəməsi tərəfindən bağlanmış hesab olunmalı idi. İddiaçı 36 ildən artıq müddətdə fasiləsiz olaraq ev üzərində sərəncam, istifadə və sahiblik hüquqlarını həyata keçirır. həmin sənəd cavabdeh tərəfindən şəxsən imzalanıb. Cavabdeh göstərilən məbləği almasaydı, bu əqdi imzalamazdı. Bundan başqa cavabdeh könüllü şəkildə evini tərk etməsəydi, iddiaçıya qarşı mülkdən çıxarılma və ya digər hüquqi tədbirlər görərdi. Lakin bunların heç biri baş verməyib. Satıcı öz iradəsini sərbəst şəkildə ifadə edərək əqd bağlayıb, evi satıb buradan köçmüşdür.
c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər evin alqı-satqısı barədə şifahi razılaşıblar, sonradan isə öz aralarında şahidlərin də iştirakı ilə akt tərtib ediblər, iddiaçı cavabdehə pul verib və səhəri gün rəsmiləşdirmək üçün gedərkən cavabdehin artıq köçüb getdiyini və qapıların açıq olduğunu görmüşdür. Artıq 36 ildir ki, iddiaçı heç bir etiraz və mane olmadan həmin evdə yaşayır, bütün qonşular da həmin evin iddiaçının olduğunu bildirirlər. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evində təmir işləri görülüb, çardaq düzəldilib, yeni tikililər tikilib.
14. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil əmlakda əsaslı artırmalar olmayıb, sadəcə rekonstrukturizasiya aparılıb. Məsələn, açıq eyvanın qarşısı bağlanıb. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, alqı-satqı aktının tərtibində iştirak etmiş şəxslərdən yalnız bir nəfər – iddiaçının qardaşı sağdır. Evin alqı-satqısına dair tərəflər arasında akt tərtib edildikdən sonra cavabdeh ölkəni tərk edib getmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əmlaka dair verilmiş sənədlər əmlaka hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. İddiaçının bildirdiyinə görə ev uzun müddətdir onun istifadəsindədir. Lakin, ünvandakı əvvəlki tikili ilə hazırda mövcud olan tikili arasında fərqlər vardır. Evin hansı əsasla iddiaçının mülkiyyətinə keçdiyi müəyyən edilmədiyinə görə iddiaçının əmlaka hüquqlarını dövlət qeydiyyatına almaq mümkün deyildir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. O, məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi
17. Maddə 42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.
18. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.
19. Maddə 230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Kirovabad şəhər kvartal 604-2, Kirov küçəsi, ev 62 ünvanında yerləşən torpaq sahəsinə dair X5 adına xx.xx.1963-cü il tarixli torpaq qeydi və Kirovabad şəhər Kirov küçəsində yerləşən 62 nömrəli (indiki Gəncə şəhəri Qarabağ küçəsi ev 68) fərdi yaşayış evinə dair X5 adına Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. İddiaçı həmin əmlaka dair Cavabdehlə aralarında xx.xx.1989-cu il tarixli alqı-satqı aktı tərtib edildiyini və sonuncunun 15000 rubl müqabilində əmlakı ona satdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
31. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia etdiyi fərdi yaşayış evini X4 alqı-satqı yolu ilə almasına dair mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi aktda (dokazatelstva) X5 imza etdiyi qeyd olunsa da, lakin həmin imzanın sonuncu tərəfindən imzalanması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi köhnə arxiv sənədləri üzrə əvvəlki tikilinin sökülərək yerində yeni tikinti aparıldığını göstərmişdir. İddiaçının təqdim etdiyi Qarabağ küçəsi, 68 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki göstəricilərdən də görünür ki, X5 adına tərtib olunmuş əvvəlki sənədlərdə texniki göstəricilər fərqlidir. İddiaçının təqdim etdiyi aktda (dokazatelstva) X5 imza etdiyi qeyd olunsa da, həmin imzanın sonuncu tərəfindən imzalanması, habelə 15000 manat publun cavabdehə verilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
33. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı iddia etdiyi alqı-satqı hüquq münasibətlərinin 1989-cu ildə yarandığnı qeyd etdiyindən mübahisənin həllinə 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Ona görə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM maddə 217.2).
34. Alqı-satqı müqaviləsinin bağlanması, mülki dövriyyənin iştirakçıları arasında sərbəst iradə ifadəsinə əsaslanan, alıcının qanuni mülkiyyətində olan əşyaya sərəncam vermək, alıcının isə əşyaya sahib olub mülkiyyət əldə etmək hüquqlarının həyata keçirilməsindən ibarət hərəkətlərdir.
35. Alqı-satqı hüquq münasibətlərinin yarandığı iddia edilən zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 39-cu maddəsində deyilirdi ki, vətəndaşların mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki tərəfli və çoxtərəfli müqavilələr ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər.
36. Həmin 43-cü maddəsinin İ hissəsinə görə, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur.
37. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də mütləq notariat qaydada təsdiq edilməli olan əqdlərdəndir. Belə ki, əvvəlki Mülki Məcəllənin 230-cu maddəsinə görə, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməlidir. Göründüyü kimi, sonuncu norma tərəflərdən heç olmasa biri vətəndaş olduğu halda alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun notariatda təsdiq edilməsini nəzərdə tutur, bu da yalnız o halda mümkündür ki, onun yazılı formasına riayət edilmiş olsun.
38. Bununla belə, əvvəlki Mülki Məcəllənin 43-cü maddəsinin İİ hissəsi əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını əks etdirir. Belə ki, bu normaya əsasən tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır.
39. Həmin normanın tətbiqi ilə bağlı «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, bu normanın konstitusiya hüquqi mənasına görə əqdi (daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır.
40. İddiaçı xx.xx.1989-cu il tarixli alqı-satqı aktına istinadən Kirovabad şəhər kvartal 604-2, Kirov küçəsi, ev 62 (indiki Gəncə şəhəri Qarabağ küçəsi ev 68) 15000 rubl müqabilnidə cavabdehdən satın aldığını iddia edir. Həmin akt iş materiallarında olan digər sənədlərlə məhkəmə iclasında tərəflərin iştirakı ilə sistemli şəkildə tədqiq edilmiş və müəyyən edilmişdir ki, aktda «Mən – vətəndaş İddiaçı verdim vətəndaş Cavabdeh 15000 evə görə. Mən ondan evi aldım və pulu verdim» qeyd edilmişdir (aktın İddiaçı, Cavabdeh və 7 nəfər şahidin adından imzalanması göstərilmişdir). Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı aldığını iddia etdiyi Kirovabad şəhər Kirov küçəsində yerləşən 62 nömrəli (indiki Gəncə şəhəri Qarabağ küçəsi ev 68) fərdi yaşayış evi Cavabdeh mülkiyyətində olmamışdır. Həmin ev 1982-ci ildə inventarlaşdıma zamanı hüquqverici sənəd olmadan Cavabdeh adına qeydə alınmışdır. Bu halda isə, ümumiyyətlə, tərəflər arasında alqı-satqı hüquq münasibətlərinin yaranmasından söhbət gedə bilməz.
41. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Kirovabad şəhər Kirov küçəsində yerləşən 68 nömrəli (indiki Gəncə şəhəri Qarabağ küçəsi ev 68) fərdi yaşayış evinə dair X5 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Qeyd olunan fərdi yaşayış evinə dair X5 adına qeydiyyat vəsiqəsinin tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir.
42. Azərbaycan SSR Mülki Məcəlləsinin 228-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
43. Göründüyü kimi, mübahisəli Kirovabad şəhər Kirov küçəsində yerləşən 68 nömrəli (indiki Gəncə şəhəri Qarabağ küçəsi ev 68) fərdi yaşayış evi X5 adına qeydə alınmadığından həmin ev üzərində onun mülkiyyət hüququ olmamış və həmin mülkü satmaqda ifadə olunan sərəncam hüququ yaranmamışdır.
44. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
45. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 2(125)-1121/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.