Məhkəmə qərarları › İş №2(104)-1329/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1329/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1329/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “əmlakın çıxarılması” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-161/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)673/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilmiş və onların həmin evdən çıxarılması qət edilmişdir.

2. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-80/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 adına ünvan 2 ünvanı 44 olan fərdi yaşayış evinə verilmiş ********** saylı çıxarış ləğv edilmişdir.

3. Gədəbəy Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Sobil oğlunun cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 qarşı cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair Gədəbəy Rayon Məhkəməsinin icraatında 2(042)-673/2019 saylı mülki iş olmuşdur. Həmin mülki iş üzrə xx.xx.2019-cu il tarixdə qətnamə çıxarılmış, iddia tələbləri təmin edilmişdir. Qətnamə 23 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı Cavabdeh2 qarşı çıxarışın ləbv edilməsinə dair 2(042)-80/2021 saylı digər mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qətnamə çıxarılmış, həmin qətnamədən X2 verdiyi apellyasiya şikayəti icraata qəbul edilməmiş, qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ünvan 3 ünvanı 44 olan fərdi yaşayış evindən cavabdeh Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyaların çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 5, yeni ünvanı 44 olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evi alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Evdə əvvəlki mülkiyyətçilər olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əşyaları qalmışdır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdehlər əşyalarını çıxarmamışlar. Əşyaların evdə qalması onun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.

6. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-161/2023 nömrəli qətnaməsi (hakim F.Mirzəquliyev) ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 5 ünvanında yerləşən X3 mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələri ilə əsaslandırmış və hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli, mülkiyyətindən maneəsiz istifadə hüququ təmin edilməli, cavabdehlərə məxsus əşyalar iddiaçının mülkiyyətində olan evdən çıxarılmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-161/2023 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin evin iddiaçı tərəfindən alınmasını inkar etmir. Lakin hal-hazırda həmin evdə olan əşyaların evdən çıxarılaraq başqa evə yığılması heç cürə mümkün deyildir. Bununla yanaşı iddiaçının tələb etdiyi 20 000 manat pulu nağd şəkildə ona ödənilməsi bügünki günü həll etmək mümkün olmadığından həmin məbləği həll etməyə onlara ən azı altı ay vaxt lazımdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

11. İş üzrə tərəflərə hazırki məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən,mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

14. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. İşin hallarından görünür ki, ünvan 1 İddiaçı xeyrinə özgəninkiləşdirilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)673/2019 saylı qətnaməsi ilə cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilmişdir.

17. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı sayaraq təmin etmiş, cavabdehlərin həmin evdən əşyalarının çıxarılmamasını iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, fərdi yaşayış evinin iddiaçının mülkiyyətində, cavabdehə məxsus əşyaların isə iddiaçıya məxsus ünvanda olması işin mübahisəsiz halıdır. Habelə, həmin fərdi yaşayış evinin mülkiyyətçisi kimi iddiaçının əmlaka tam sahibliyini və istifadəsini istisna edən halları aradan qaldırılmasını tələb etmək iddiaçının hüququdur.

19. Apellyasiya şikayətinin dəillərində də cavabdeh iddiaçının mübahisəli evin hazırda mülkiyytəiçisi olmasını inkar etmir, sadəcə əşyaların hazırki halda çıxarılmasının və tələb edilən pul məbləğinin verilməsinin mümkün olmamasını qeyd edir.

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən hallar formal əsas kimi qiymətləndirilməlidir və hgmin hallar şəxsin konstitusion hüququ olan mülkiyyət hüququna müdaxiləyə mütənasib deyildir.

21. Belə olan halda məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-161/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar