Məhkəmə qərarları › İş №2(104)-1329/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1329/2025

27.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1329/2025 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və çəpərin sökülməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(042)-20/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus 0.08 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, evin və tövlənin arxa hissəsində yerləşən həmin torpaq sahəsinin ətrafına cavabdeh tərəfindən çəkilmiş metal tor hasarın cavabdehin hesabına sökülməsi, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə törədilən hər cür müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(042)-20/2025 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.08 ha torpaq sahəsinin zəbt etdiyi 39.81 kvm hissəsindən çıxarılması və həmin torpaq sahəsinin zəbt etdiyi hissəsinin ətrafına çəkdiyi tor hasarın onun öz hesabına sökülməsi; Cavabdeh İddiaçı məxsus torpaq sahəsi və fərdi yaşayış evinə müdaxilə etməsinin qadağan edilməsi; Ödənilmiş cəmi, 195 manat məhkəmə xərcinin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiadan imtina barədə ərizə verərək qeyd etmişdir ki, mübahisənin həlli barədə cavabdehlə öz aralarında razılığa gəlmişlər. O və cavabdeh torpaq sahəsini hasarla bölmüşlər, eyni zamanda cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmiş, lakin məhkəmə tərəfindən həmin sahə boşaldılaraq ona təhvil verilmişdir. Ona görə də iddiasından imtina edir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiadan imtinanın hüquqi nəticələri ona aydındır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qəbul edilməli, iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. MPM-nin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçı tərəfin iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçı tərəfin iddia tələbindən imtina etməsi məhkəmə kollegiyası tərəfindən qəbul edilməlidir. Həmçinin MPM-nin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-nin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 52, 191, 261.0.4, 263-264, 402.2 və 405.0.2 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Gədəbəy Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli 2(042)-20/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar