Məhkəmə qərarları › İş №2(104)-1331/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1331/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1331/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: lizinq obyektinin saz vəziyyətdə geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı texnikanın saz vəziyyətdə geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(021)-150/2024 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 27 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 05/608 nömrəli müqavilədə göstərilmişdir ki, müqaviləyə əsasən "xxxx" ASC tərəfindən 1 ədəd Belarus MTZ-89.2 markalı traktor Cavabdeh qısamüddətli istifadəsinə verilir;

2. xx.xx.2017-ci il tarixli ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh aldığı məhsula görə ona təqdim olunmuş ödəniş cədvəlinə əsasən 17 ay müddətinə aylıq müəyyən edilmiş ödənişləri vaxtlı-vaxtında yerinə yetirməyi öhdəsinə götürür;

3. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir;

4. İddiaçı ASC tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Ağcabədi Regional Nümayəndəliyinin istifadəsnə verilmiş Belarus 892 markalı traktor sonuncu dəfə Cavabdeh tərəfindən 2017-ci il 24 iyun tarixli müqavilə əsasında qısa müddətli lizinqə götürülmüş və texnika parka təhvil verilməmişdir. Bununla əlaqədar traktor üçün ödənilmiş real zərər 172 manat təşkil etmişdir. Bundan başqa 05/00650 nömrəli, 2017-ci il 24 iyun tarixli müqavilə müddətinin başa çatmasından sonra texnikanın faktiki istifadə edilməsi imkanının itirilməsi nəticəsində cəmiyyət üçün əldən çıxmış mənfəət isə cəmi 7872 manat təşkil edir;

5. Ağcabədi rayon prokurorunun köməkçisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, "xxxx" ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin balansında olan “Belarus 89.2” markalı, 10-D-689 dövlət qeydiyyat nişanlı traktorun X3 və yaxud hər hansı digər şəxs tərəfindən mənimsənilməklə talanması istintaqla öz təsdiqini tapmadığından cinayət işi üzrə icraata əməldə cinayət tərkibinin olmaması əsası ilə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş; Belarus 89.2 markalı, 10-D-689 dövlət qeydiyyat nişanlı traktorun X1 və sonuncuya məxsus müəssisənin məsul şəxslərindən mülki qaydada tələbi olunması hüququnun olması "xxxx" ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin müvafiq vəzifəli şəxsinə izah edilmiş; qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş; cinayət işi saxlanılması üçün Ağcabədi rayon prokurorluğunun arxivinə təhvil verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il 24 iyun tarixli 05/608 nömrəli müvəqqəti lizinq müqaviləsinə əsasən 7872 manat əldən çıxmış fayda və 98,72 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi və qanunsuz istifadədə olan 1 ədəd Belarus MTZ-89.2 markalı traktorun saz vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC (əvvəlki "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 2017-ci il 24 iyun tarixli 05/608 nömrəli qısa müddətli lizinq müqaviləsinə əsasən, 1 ədəd Belarus MTZ-89.2 markalı traktor sonuncuya istifadəyə verilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, müvəqqəti lizinq müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, texnika Cəmiyyətin parkına təhvil verilməmişdir. Müqavilələrin müddətinin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən texnikanın qanunsuz olaraq saxlanıldığı üçün cəmiyyətə ümumilikdə 7872 manat maddi ziyan vurulmuşdur. Cavabdeh icra müddəti başa çatdıqdan sonra texnikaları saz, işlək və dəst halda Lizinqə (istifadəyə) verənə qeyd-şərtsiz geri qaytarılmasına dair öhdəlik daşıyır. Mübahisəli texnikanın mülkiyyət hüququ “Aqroservis" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Buna baxmayaraq, cavabdeh həmin texnikadan bugünədək qanunsuz olaraq istifadə edir və buna görə Cəmiyyətə heç bir ödəniş etmir. Borcun ödənilməsi və texnikanın geri qaytarılması barədə cavabdehə xəbərdarlıq edilsə də, lakin müsbət nəticə olmamışdır. Halbuki, Cavabdeh verilmiş texnikanı başqa şəxsə verilərək ondan gəlir əldə edilə bilərdi. Lakin, cavabdeh texnikanı vaxtında geri qaytarmadığına görə texnikanı yenidən dəyərləndirə bilməmişlər. İddiaçı ASC-nin X2 1 (bir) ədəd Belarus 89.2 markalı, 10- D-689 dövlət qeydiyyat nişanlı, ******* şassi nömrəli traktorun mənimsənilməsi barədə müraciəti əsasında Bərdə Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə ********* nömrəli açılmış cinayət işinin istintaqının davam etdirilməsi üçün Ağcabədi Rayon Prokurorluğuna göndərilmişdir. Dövlət vəsaiti hesabına alınmış 1 (bir) ədəd Belarus 89.2 markalı traktorun mənimsənilməsi ilə bağlı istintaq olunan cinayət işinin icrası barədə İddiaçı ASC-nin 2023-cü il 6 fevral tarixli 3-22- 13/2-149/2023 nömrəli sorğusuna Ağcabədi Rayon Prokurorluğu tərəfindən 2021-ci il 30 dekabr tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verildiyi bildirilmiş və iş üzrə mülki qaydada məhkəməyə müraciət olunması izah edilmişdir.

8. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(021)-150/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) İddiaçı ASC-nin Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair iddiasının rədd edilməsi; İş üzrə ödənilmiş 98,72 manat dövlət rüsumunun İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.1, 21.3, 385.1, 386.1, 390.1, 405.1, 442, 443.1, 443.2, 443.3, 443.4, 445.1, 445.2.1, 448.1, 448.2, 747.1, 747.2, 747-1.1, 747-1.2, 747-1.3 və 747-1.4-cü maddələrinə istinadən əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin 1 (bir) ədəd Belarus 89.2 markalı, 10-D-689 dövlət qeydiyyat nişanlı, ******* şassi nömrəli traktorun mənimsənilməsi barədə müraciəti əsasında Bərdə rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi açılmış, müvafiq araşdırmalar aparıldıqdan sonra cinayət işinin istintaqı davam etdirilməsi üçün Ağcabədi rayon prokurorluğuna göndərilmişdir. Dövlət vəsaiti hesabına alınmış 1 (bir) ədəd Belarus 89.2 markalı traktorun mənimsənilməsi ilə bağlı istintaq olunan cinayət işinin nəticəsi barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il 6 fevral tarixli 3-22-13/2-149/2023 nömrəli sorğusuna Ağcabədi rayon prokurorluğu tərəfindən 2021-ci il 30 dekabr tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verildiyi bildirilmiş və iş üzrə mülki qaydada məhkəməyə müraciət olunması izah edilmişdir. Məhkəmə qətnaməsində iddia müddətinin ötürüldüyünü qeyd etmişdir. Halbuki, texnikanın mənimsənilməsi və Cəmiyyətin hüquqlarının pozulması ilə bağlı Bərdə və Ağcabədi rayon prokurorluğuna mütəmadi müraciətlər olunmuş, araşdırmalar aparılmış, cinayət işi açılmış və müvafiq qərar qəbul edilmişdir. Lakin, məhkəmə bütün qeyd edilən prosesin gedişatı ilə bağlı müddəti nəzərə almamış və qətnaməsində Cəmiyyətin mübahisə predmeti üzrə uzun müddət hərəkətsiz qalması barədə səhv qənaətə gəlmişdir. Eyni zamanda, məhkəmə qətnaməsini əsaslandırarkən təqdim olunmuş arayışı sübut növü kimi qiymətləndirməmiş, əldən çıxmış fayda ilə bağlı tərtib olunmuş sənədləri diqqətə almamış, cinayət işi üzrə icraata xitam verilmə barədə qərarda qeyd olunan şahid ifadələrinə istinad olunaraq cavabdehin texnikanı götürmədiyini qeyd etmişdir. Halbuki, məhkəmə cavabdehlə bağlanmış müqaviləni nəzərə almaqla qanunvericilikdə də nəzərdə tutulduğu qaydada xüsusi bilik tələb olunan sualları izah etmək üçün öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İddia tələbi üzrə müvafiq sənədlər və sübutlar təqdim olunmasına baxmayaraq, hakim cinayət işi üzrə icraata xitam verilmə barədə qərardakı şahid ifadələrinə əsaslanaraq cavabdehin texnikanı götürmədiyi qənaətinə gəlmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2017-ci il 24 iyun tarixli 05/608 nömrəli müvəqqəti lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus MTZ-89.2 markalı traktor cavabdehin istifadəsinə verilmişdir. Sonuncu müqavilə öhdəliyini vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, müvəqqəti lizinq müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, texnika Cəmiyyətin parkına təhvil verilməmişdir. Hüquq mühafizə orqanlarına faktla bağlı dəfələrlə müraciət edilmiş və sonda məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Ona görə də iddia verilməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti ötürülməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, lizinq obyekti olan traktorun hazırda harada olması barədə məlumatları yoxdur. Prokurorluq orqanında araşdırma aparılan zaman cəmiyyətlə cavabdeh arasında 2017-ci il 24 iyun tarixli 05/608 nömrəli müvəqqəti lizinq müqaviləsinin bağlandığı aşkar edilmişdir. Liznq obyektinin cavabdehin istifadəsinə verilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmirlər.

14. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı müəssisə ilə Cavabdeh arasında bağlanmış 24 iyun 2017-ci il tarixli lizinq müqaviləsinə əsasən 1 ədəd “Belarus” markalı traktor sonuncunun istifadəsinə verilmişdir. Sözügedən müqavilənin əsli onlarda yoxdur, bu səbəbdən onu məhkəməyə təqdim edə bilmirlər. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdeh müqavilə üzrə hər hansı ödəniş etməmişdir. Hazırda lizinq obyektinin harada olması barədə məlumatları yoxdur. Lizinq obyekti cavabdehə təqdim edilərkən onun idarə edilməsi üçün sonuncunun adına hər hansı etibarnamə verilməmiş, həmçinin onlarada olmadığından bu barədə təhvil-təslim aktını da məhkəməyə təqdim edə bilmilər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

17. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

18. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.

19. Maddə 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir).

20. Maddə 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.

21. Maddə 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir.

22. Maddə 747-1.4. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçıının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ASC onunla Cavabdeh arasında bağlanmış 2017-ci il 24 iyun tarixli 05/608 nömrəli qısa müddətli lizinq müqaviləsinə əsasən, 1 ədəd Belarus MTZ-89.2 markalı traktor sonuncuya istifadəyə verdiyini, lizinq müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, lizinq obyektinin ona qaytarılmadığını, texnikanın qanunsuz olaraq saxlanıldığı üçün ümumilikdə 7872 manat maddi ziyan vurulduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, habelə tərəflər arasında lizinq hüquq münasibətlərinin yaranıb yaranmadığını müəyyən etmədən cavabdehin ərizəsinə əsasən iş üzrə iddia müddətini tətbiq etməklə iddianı həmin əsasla rədd etmişdir. Halbuki, hazırkı tələbə iddia müddətinin tətbiq edilməsi hər hansı qanuni əsas yoxdur. Ona görə ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı lizinq alanın istifadəsinə verir. Lizinq obyekti isə lizinq verənin mülkiyyətində qalır. Lizinq alan da öz növbəsində müəyyənləşdirilmiş dövriliklə muzd ödəməklə liiznq obyektini müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edir. Hazırkı işdə də lizinq obyekti sayılan traktor lizinq verən iddiaçının mülkiyyətində qaldığından onun həmin əmlakı hər hansı şəxsin sahiblik və istifadəsindən tələb etməsi mülkiyyətçi hüquqlarından irəli gəlir və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərə iddia müddəti şamil edilmir. Göstərilənlərə əsasən hazırkı mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir.

36. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

37. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

38. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

39. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Məhkəmə kollegiyası iddia tələbini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

41. Mülki qanunvericiliyə görə, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Müqavilə ikitərəfli əqd növüdür. Ancaq, müqavilələr öz daxilində müxtəlif növlərə ayrılarkən, «ikitərəfli müqavilə» anlayışından da itifadə edilir. İkitərəfli müqavilə deyilərkən, meyar müqavilə növündə əqdin əmələ gələ bilməsi üçün tələb olunan tərəf ifadələrinin sayı deyildir. «İkitərəfli müqavilə» anlayışını əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, məhz qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə, onda bu növ müqavilələr tam ikitərəfli (synallagmatic contract) müqavilə hesab edilir. Yaxud da, əgər müqavilə üzrə yalnız bir tərəf üçün öhdəlik əmələ gəlirsə, ya da müqavilə üzrə bir tərəfin öhdəliyi sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində deyil də, onun icra edilməsi nəticəsində əmələ gəlirsə belə müqavilələr tam ikitərəfli müqavilə hesab edilmir.

42. Natamam ikitərəfli müqavilələrdə bir tərəf üçün öhdəlik müqavilənin bağlandığı anda dərhal yaranır, digər tərəf üçün isə bunun əvəzində öhdəlik yaranmır. Həmin tərəf üçün öhdəlik, ancaq ilk yaranan öhdəliyin icrası nəticəsində əmələ gəlir. Məsələn borc, əvəzsiz istifadə, lizinq və.s müqavilələri natamam ikitərəfli müqavilələrdir. Ona görə ki, borc/lizinq alanın və ya əvəzsiz istifadə edənin hər hansı obyekti geri qaytarma öhdəliyinin yarana bilməsi üçün heç şübhəsiz ki, əvvəlcə borc/lizinq və ya əvəzsiz istifadəyə verənin lizinq obyektini lizinq alana vermiş olmalıdır.

43. Lizinq müqaviləsi də natamam ikitərəfli müqavilə olduğundan lizinq alan üçün hüquq və vəzifələr müqavilə bağlandığı anda deyil də, məhz lizinq verənin müqavilə öhdəliklərini yerinə yetirməsi nəticəsi olaraq yaranır.

44. Hazırkı işin halları bu aspektdə araşdırıldıqda müəyyən olunur ki, lizinq obyekti sayılan 1 ədəd Belarus MTZ-89.2 markalı traktorun Cavabdeh istifadəsinə verilməsinə dair tərəflər arasında təhvil-təslim aktı tərtib edilməmişdir. Həmçinin, iş materiallarındakı sənədlərlə də sözügedən əmlakın cavabdehin istifadəsinə verilməsi öz təsdiqini tapmır.

29. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

32. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

33. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

34. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

35. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

36. Bununla yanaşı diqqət yetirilməli haldır ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdə ölkə hüdudlarını tərk etdiyi və xx.xx.2017-ci il tarixdə ölkə ərazisinə qayıtdığı müəyyən olunur. İş materiallarındakı xx.xx.2017-ci il tarixli müqavilənin surətindən isə görünür ki, İddiaçı ASC-nin lizinq obyekti olan traktorun cavabdehə verilməsinin əsası kimi göstərdiyi həmin müqavilə xx.xx.2017-ci il tarixdə, yəni Cavabdeh ölkə ərazisində olmadığı tarixdə tərtib edilərək, iddiaçı təşkilatın nümayəndəsi və cavabdehin adından imzalanmışdır. İşin göstərilən halı bir daha onu deməyə əsas verir ki, tərəflər arasında bununla bağlı hər hansı lizinq müqaviləsi bağlanmamış və lizinq obyekti olan traktor cavabdehin sahiblik və istifadəsinə verilməmişdir.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 1 ədəd Belarus MTZ-89.2 markalı traktorun saz vəziyyətdə geri alınması hissədə iddia tələbi təmin edilmədiyindən qalan hissədə, yəni 7872 manat əldən çıxmış faydanın cavabdehdən tutulması hissədə təmin olunmalıdır. Ona görə ki, iddiaçı lizinq obyekti sayılan tarktorun cavabdehin qanunsuz sahibliyində qaldığından əlindən fayda çıxdığını iddia etmişdir. İşin hazırkı vəziyyətində həmin obyektin cavabdehin sahibliyində olması öz təsdiqini tapmadığından cavabdehdən əldən çıxmış fayda kimi maddi ziyanın əvəzinin tutulması yolverilməzdir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(021)-150/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı texnikanın saz vəziyyətdə geri qaytarılması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar