Məhkəmə qərarları › İş №2(104)-1341/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1341/2024

05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1341/2024 05.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(013)-83/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə Ağdam Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum anası Abbasova Mina Həbib qızı və qardaşı Abbasov Məhəmmədəli Rəşid oğlundan miras qalmış Ağdam rayonu Evoğlu kəndi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan yarımçıq tikilidən ibarət miras evin onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(013)-83/2024 nömrəli qətnaməsi ilə (hakim E.Bayramov) iddia qismən təmin edilərək, xx xxxx 1962-ci il tarixdə anadan olmuş İddiaçı tərəfindən - JN-272 A, KOD 60909048 olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə nəzərdə tutulan, 19 iyun 2006-cı il ildə vəfat etmiş (anası) Abbasova Mina Həbib qızından miras qalmış 0,25 ha həyətyanı torpaq sahəsinin 0,125 ha hissəsini, orada olan evi, həmçinin vəsiyyətnamə qoymuş 04 aprel 2013-cü ildə vəfat etmiş (qardaşı) Abbasov Məhəmmədəli Rəşid oğluna ümümi birgə mülkiyyət hüquqları əsasında məxsus olmuş və həmin şəhadətnamədə nəzərdə tutulan 0,125 ha torpaq sahəsinin Cavabdeh1 0,0625 ha yarı payı çıxılmaqla 0,0625 ha hissəsini (ümumilikdə 0,1875 ha) qəbul etməsi faktı müəyyən edilməsi; Tələbin qalan hissəsi təmin edilməməsi; 105 (bir yüz beş) manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, miras qalmış torpaq onun tərəfindən qəbul edilmişdir. Həmin torpaqda yerləşən evi isə erməni işğalçıları kəndə girən zaman yandırmışlar. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəsiz araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(013)-83/2024 nömrəli qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 305.1.1. maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9. maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə Abbasova Mina Həbib qızı və Abbasov Məhəmmədəli Rəşid oğluna Evoğlu kəndində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı atası Rəşid Abbasov 1994-cü ildə, anası Mina Abbasova 2006-cı il ildə, qardaşı Abbasov Məhəmmədəli Rəşid oğlu isə 2013-cü ildə vəfat etmişlər. İddiaçının valideyinlərinin və qardaşı Məhəmmədəli Abbasovun vəfatından sonra Ağdam rayonu Evoğlu kəndi ərazisində yerləşən 0,25 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı miras qalmış torpaq sahəsində yarımçıq tikilinində miras qaldığını qeyd etsədə, lakin sonuncunun izahatından, eləcədə işə əlavə olunmuş fotoşəkildən görünür ki, fərdi yaşayış evi yandırılaraq dağıdılmışdir.(iddiaçının deməsinə görə erməni işğalçıları kəndə girən zaman yandırmışlar) İddiaçı mirasla bağlı məhkəməyə müraciəti iddia icraatı qaydasında etmiş və mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xhiş etmiş, işə baxan birinci instansiya məhkəməsidə xx xxxx 1962-ci il tarixdə anadan olmuş İddiaçı tərəfindən - JN-272 A, KOD 60909048 olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə nəzərdə tutulan, 19 iyun 2006-cı il ildə vəfat etmiş (anası) Abbasova Mina Həbib qızından miras qalmış 0,25 ha həyətyanı torpaq sahəsinin 0,125 ha hissəsini, orada olan evi, həmçinin vəsiyyətnamə qoymuş 04 aprel 2013-cü ildə vəfat etmiş (qardaşı) Abbasov Məhəmmədəli Rəşid oğluna ümümi birgə mülkiyyət hüquqları əsasında məxsus olmuş və həmin şəhadətnamədə nəzərdə tutulan 0,125 ha torpaq sahəsinin Cavabdeh1 0,0625 ha yarı payı çıxılmaqla 0,0625 ha hissəsini (ümumilikdə 0,1875 ha) qəbul etməsi faktını müəyyən etmişdir. Ali Məhkəmənin formalaşdırdığı vahid hüquqi mövqeyə görə hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPMin 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0.5. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Həmin Məcəllənin 402.2.4 maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(013)-83/2024 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilməlidir. İşdən müəyyən oliunur ki, birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə məhkəmə-xətşunaslıq ekspertizası keçirilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 105 manatdır. Kollegiya hesab edir ki, ekspertiza tətqiqatının dəyəri 105 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-266, 398, 399-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(013)-83/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 105 manat iddiaç İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar