Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1346/2023 26.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 03 fevral 2023cü il tarixli, 2(061)-26/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər şəhəri, Ədalət Paşayev küçəsi, ev 20, 5 nömrəli mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxs tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli, ********** saylı (reyest nömrəsi **********29- 05101-093003) mülkiyyət hüququna dair çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan mənzili (evi) boşaltmaqdan imtina edirlər. Dəfələrlə onları evi boşaltmaları barədə xəbərdar etmiş, lakin cavabdehlər ümumiyyətlə evdən çıxmaqdan imtina edirlər. Cavabdehlər mənzilini boşaltmadıqları üçün o, öz mülkiyyətindən maneəsiz istifadə edə, mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Odur ki, cavabdehlərin məhkəmə qaydasında mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmalarını xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 10.000 (on min) manat pulun və ödənilmiş 130 manat dövlət rüsumunun alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə İddiaçı iddiası qanunsuz və əsassız olduğundan qəbul etmirlər. Belə ki, Tərtər Rayon Məhkəməsinin vərəsilik hüququnun tanınması qətnaməsi əsasında sözü gedən ev DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmış və (Cavabdeh2) adına qeydiyyat vərəqəsi verilmişdir. Həmin evin onun (Cavabdeh2) adına rəsmiləşməyin səbəbi məcburi köçkün olduğundan (Cavabdeh1) məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyazların ləğv olunmaması məqsədi olmuşdur. O (Cavabdeh1) həmin evi tam təmir etdirmişdir. Həmin təmir xərclərinə (su, elektrik xətlərini, sanitar qovşağın) təzədən dəyişdirilərək, evi ümumilikdə yenidən tam təmir etdirmiş və hal hazırda da həmin evdə ailəsi ilə birlikdə yaşayır. Sözü gedən evin ümumi təmirinə və həmin evi vərəsəlik hüququnun tanınması əsasında (Cavabdeh2) adına rəsmiləşdirilməsinə ümumilikdə 10.000 (on min) manatdan artıq xərci çıxmışdır. Bildirirlər ki, təmir xərclərinə 8000 (səkkiz) min manat evin sənədləşdirilməsinə və digər xərclərə 2000 (iki min) manatdan artıq xərci çıxmışdır. Bu faktları həmin evin təmirində usta, fəhlə kimi işləyən şəxslər və ödədiyi dövlət rüsumları təsdiq edə bilərlər. Bundan əlavə mübahisəli ünvan 3 ünvanında yerləşən evi qanunsuz olaraq zəbt etməmişlər və qanuni mülkiyyət hüququ üzrə evin sahibi kimi həmin evə yaşamaq üçün tam normal şərait yaratmışlar. Bu da onun qanun üzrə nəzərdə tutulmuş tam hüququ olmuşdur. Lakin İddiaçı saxta sənədlərlə guya mərhumə Maralın qızı olduğunu iddia edərək həmin evə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən 20 sentyabr 2022-ci il tarixli ********** nömrəli mülkiyyət hüququna dair çıxarış alaraq onların həmin evdən çıxarılmağlarını tələb edir. Qeyd edirlər ki, o həmin evə çəkdiyi xərci Əmlak Məsələləri Dövlər Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 şəxs tərəfindən verilmiş çıxarış əsasında etmişdir. Odur ki, məsələnin hüquqi müstəvidə həll edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəldilər. Tərtər Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(061)-26/2023 saylı qətnaməsi ilə (hakim T.Qubadov) ilk iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respııblikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi 20 sentyabr 2022-ci il tarixli, ********** saylı Çıxarışa əsasən İddiaçın mülkiyyətində olan Tərtər şəhəri, Ə.Paşayev, küçəsi ev, 20, 5 saylı mənzildən çıxarılmaları, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Daşınmaz Əmlakın Dövlət Kadastırı və X2 Şəxsinin 20 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışından görünür ki, Tərtər şəhəri Ə.Paşayev küçəsi ev 20, mənzil 5 tam mülkiyyət hüququ ilə hazırkı ilk İddiaçı məxsusdur. Tərtər Rayon Məhkəməsinin 2(061)-521/2021 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sənədin etibarsız hesab edilməsi tələbi barədə iddiası təmin edilmiş, Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 10 noyabr 2015-ci il tarixli, **********29 05101- 093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən RX №0762349 seriyalı çıxarış və həmin sənəd əsasında ünvan 4 ünvanda yerləşən evin Cavabdeh2 satılmasına dair Tərtər Rayon Dövlət Notariat Ofısi tərəfındən 25 oktyabr 2018-ci il tarixdə еəsdiq edilmiş, AN-İseriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. ünvan 6 ünvanına yerləşən mənzilin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 14 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 müraciəti əsasında həmin mənzil qiymətləndirilmiş və mənzilin bazar dəyəri 10.000 manat, likvid dəyəri isə 8.000 manat müəyyənləşdirilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Tərtər Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(061)-26/2023 saylı qətnaməsindən narazı qalan ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri verərək, Tərtər Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(061)-26/2023 saylı qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmədə işə onların iştirakı olmadan baxılmış, məhkəmənin vaxtı və yeri barədə onlara heç bir məlumat verilməmişdir. İşin hallarından göründüyü kimi məhkəmə iclasında iştirakları təmin olunmamışdır. Bu səbəbdən onlar sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməmişlər. Bununla da birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 76 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmə iclasında cavabdeh kimi iştiraklarını təmin etməməklə məhkəmə prosesinin çəkişmə prinsipin əməl etməmiş, bununla da maddi və prosesual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin ctməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla və sənədlərlə əsaslandırmalıdır. İşə baxan hakim Tərtər Rayon Məhkəməsinə yeni təyin olunmuşdur. Bu işlə heç də dərindən tanış olmadan işi tam və obyektiv araşdırma aparmadan birtərəfli qaydada işə baxaraq qətnamə qəbul etmişdir. İştirakşılıqla bağlı prosessuaı məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ilk iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, əlavə sübutlar təqdim edəcəyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh1 isə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmələrini üzürsüz sayaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, ünvan 4 ünvanına yerləşən mənzil onun anasına məxsus olmuş və o vəfat edəndən sonra ev boş qalmışdır. Cavabdeh1 onun xalasının kötücəsi olmaqla, qohumluqla əlaqədar münasibətləri yaxşı olmuşdur. İlk əvvəl Qeysin bacısı ərə getmiş, evləri olmadığına görə kirayədə yalamamaları üçün evi onun müvəqqəti istifadəsinə vermişdir. Qeysin bacısı sonradan Bakı şəhərinə köçmüş, həmin ərəfələrdə Qeys evlənmişdir. O, da evi müvəqqəti yalamaq üçün istədiyindən ev boş qalmasın deyə onun da yaşamasına icazə vermişdir. O, 2015-ci ilə kimi Rusiya Federasiyasında yaşamışdır. Əri vəfat edəndən sonra isə Azərbaycana qayıdaraq Bakı şəhərində yaşamışdır. Azərbaycana gələndən sonra qeydiyyatı ilə bağlı sənəd əldə etmək istəyərkən ona məlum olmuşdur ki, Qeyds saxta sənədlərlə evi öz mülkiyyətinə keçirmişdir. Bundan sonra məhkəmə qaydasında evi öz mülkiyyətinə qaytarmışdır. Sevinc isə Qeysin arvad tərəfdən qohumu olmaqla, evin ona qayıtmaması üçün görüntü üçün alqı-satqı müqaviləsi bağlamışdır. Evdə isə heç bir təmir işi aparılmamışdır. Ev əvvəldən hansı vəziyyətdə olmuşdursa, hazırda da həmin vəziyyətdədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Tərtər Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(061)-26/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanına yerləşən mənzil hazırda ilk iddia üzrə iddiaçının mülkiyyətində olmaqla, əvvəllər onun tərəfindən ilk iddia üzrə Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 2(061)-521/2021 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsindən isə görünür ki, Cavabdeh1 Tərtər Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzili mülkiyyətinə keçirmiş, lakin İddiaçı şikayəti əsasında həmin qətnamə ləğv edilmişdir. Həmçinin, Tərtər Rayon Məhkəməsinin 2(061)- 521/2021 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 10 noyabr 2015-ci il tarixli, **********29 05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən RX №0762349 seriyalı çıxarış və həmin sənəd əsasında ünvan 4 ünvanda yerləşən evin Cavabdeh2 satılmasına dair 25 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk İddiaçı mübahisələndirilən mənzilin mülkiyyətçisi olmaqla, qarşılıqlı iddiaçılar onun iradəsinə zidd olaraq mənzildə yaşamaqla, ilkin iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Qarşılıqlı iddia tələblərinin əsası kimi istinad etdilən "xxxx" MMC-nin 14 noyabr 2022-ci il tarixli mütəxəssis rəyi isə evin ümumi qiyməti ilə bağlı olmuşdur. Qarşılıqlı iddiaçılar haqqında mübahisə qaldırdılan mənzilin sənədləşdirililməsi və təmiri üçün 10.000 manat xərc çəkdiklərini iddia etsələr də, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Bundan əlavə qarşılıqlı iddiaçılar iddia etdikləri xərci çəkmiş olasalar belə, həmin mənzilin əsl sahibi-mülkiyyətçisi olan hazırkı ilk iddiaçının razılığı və icazəsi olmadan onun iradəsinə zidd olaraq etdiklərindən öz riskləri ilə hərəkət etmişlər və buna görə öz riskləri ilə məsulliyət daşımalıdırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qətnaməni əsaslandırması ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, ünvan 8 ünvanında yerləşən mənzil Tərtər Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən mübahisəli mənzil Cavabdeh1 mülkiyyətinə keçdiyi andan o, həmin mənzilin vicdanlı sahibi olmamışdır. Həmçinin, Tərtər Rayon Məhkəməsinin 2(061)-521/2021 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi ilə evin Cavabdeh2 satılmasına dair 25 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən o da vicdanlı əldə edən hesab olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçılar mübahisəli evi təmir etdirdiklərini iddia etsələr də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər ki, iddia tələbi qeyd edilən əsasa görə əsassız hesab olunmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olarq qeyd edir ki, iddia ərizəsindən görünür ki, mənzilin yaxşılaşdırılmasını qarşılıqlı iddiaçılardan Cavabdeh1 həyata keçirdiyini iddia etmişdir. Belə olduğu təqdirdə isə Cavabdeh2 qarşılıqlı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Lakin, məhkəməyə Cavabdeh2 tərəfindən əmlakın qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 14 noyabr 2022-ci il tarixli mütəxəssis rəyi təqdim edilmişdir ki, dolayısı ilə o da yaxşılaşdırmanın onun tərəfindən həyata keçirilməsinin iddia etmişdir. Ümumiyyətlə isə evin təmirinin nə zaman edilməsi dəqiq müəyyən edilməməkdədir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi Cavabdeh1 mübahisəli mənzil onun mülkiyyətinə keçdiyi andan, Cavabdeh2 isə ümumiyyətlə mübahisəli evin vicdanlı sahibi hesab edilmədiyindən Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbi baxımından mübahisəli evə görə hər hansı bir yaxşılaşdırma apardıqları təqdirdə belə onların həmin yaxşılaşdırmanı və ya onun dəyərini tələb etmək hüququ istisna olunmuşdur. Mübahisəli mənzil Cavabdeh1 mülkiyyətinə keçdiyi anadək isə o vicdanlı sahib hesab olunmuşdur ki, yaxşılaşdırma həmin müddətək edildiyi təqdirdə belə iddia yenə də əsassız hesab olunacaqdır. Belə ki, Mülki Məcəllənin 157.6-cı maddəsinin tələbinədn göründüyü kimi vicdanlı sahib əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Hazıkı işin hallarına görə isə yaxşılaşdırılması iddia olunan əmlak hazırkı vaxtadək mülkiyyətçi sahibliyinə geri qaytarılmamışdır ki, bununla da mülkiyyətçi qismində qarşılıqlı iddiaçı mülkiyyətində olan evindən hər hansı bir formada faydalana bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə də düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ilk iddia üzrə cavabdehlərin apellyasiya şikayətinin ilkin dəlili oların birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi səbəbindən müvafiq sübutları təqdim edə bilməmələri ilə bağlı olmuşdur ki, iş materiallarından da göründüyü kimi ilk iddia üzrə cavabdehlər bütün məhkəmə iclasları barədə lazımı qaydada məlumatlandırılmış, iki dəfə məhkəmə iclasının təxirə salınmasına dair müraciətlər etməklə, sonuncu məhkəmə baxışı iclasına da gəlməmişlər. Bununla yanaşı qarşılıqlı iddia ərizəsini və müvafiq sənədləri məhkəməyə təqdim etmişlər ki, bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin çəkişmə prinsipini pozması ilə bağlı cavabdehlərin şikayətlərinin dəlillərini əsassız hesab etmişdir. Buna görə də Tərtər Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(061)-26/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, q ə t e t d i:
Tərtər Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(061)-26/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(061)-26/2023saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.