Məhkəmə qərarları › İş №2(104)-1347/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1347/2023

12.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1347/2023 12.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: istifadə hüququ və yaşayış sahəsinə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı1 Cavabdeh1 qarşı istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(021)-3343/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında AZ-İİ 361918 nömrəli şəhadətnamənin sürətindən görünür ki, X11 ilə X2 01 noyabr 2019-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hüsüyeva soyadı verilmişdir.

2. Doğum haqqında AZ-İV 413388 nömrəli şəhadətnamədən görünür ki, X12 01 fevral 2020-ci il tarixdə doğulmuşdur, atası X11, anası İddiaçı1dır.

3. Ölüm haqqında AZ-İİ 201135 nömrəli şəhadətnamədən görünür ki, X11 16 avqust 2021-ci il tarixdə ölmüşdür.

4. Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(021)-4026/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X9 qarşı evə köçmə tələbinə dair iddiasının qismən təmin edilməsi; İddiaçı Cavabdeh1 cavabdeh X6 yaşadığı Bərdə rayonu Qazaxlar kəndində yerləşən evə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli **********05 nömrəli məktubundan görünür ki, Cavabdeh1 və X6 adına Bərdə rayonu Qazaxlar kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 0,23 ha həyətyanı torpaq sahəsi (JN-105A) və 4 nəfər ailə üzvü ilə birlikdə 2,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN164) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində aşkar edilmişdir. Lakin qeyd edilən əmlaklar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmamışdır.

6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 mart 2023-cü il tarixli ********** nömrəli çıxarış və Texniki Pasportun surətindən görünür ki, Bərdə rayonu Qazaxlar kəndində yerləşən 35,7 kv.m ibarət fərdi yaşayış evi 0,23 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1, X4, X7, X11 və X3 ümumi birgə mülkiyyətindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 Cavabdeh1 qarşı istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, onu 01 fevral 2020-ci il tarixdə anadan olmuş oğlu X12 ilə birlikdə Bərdə rayonu Mehdili kənd inzibati ərazi dairəsinin Qazaxlar kəndində yerləşən Cavabdeh1 məxsus olan yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülmələri, həmçinin mediasiya xidmətinə görə ödədiyi 50 manat və ödənilmiş 50 manat dövlət rüsumu olmaqla cəmi 100 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 oğlu X11 ilə 2018-ci ildə ailə qurmuş, 01 noyabr 2019-cu il tarixdə isə nikahlarını Bərdə Regional “ASAN- Xidmət” X1 1263 nömrə ilə qeydə aldırmışlar. X11 ilə ailə qurduqdan sonra onun atası Cavabdeh1 adına olan Bərdə rayonu Mehdili kənd İnzibati Ərazi Dairəsinin Qazaxlar kəndində yerləşən 1 otaq, 1 zal və 1 mətbəxdən ibarət olan fərdi yaşayış evinə gəlin köçmüşdür. cehiz əşyaları da həmin evə gətirilmiş, hazırda da oradadır. Həmin evdə əri Əliş Hüsüyevlə birlikdə yaşamışlar. Birgə nikahlarından 01 fevral 2020-ci il tarixdə anadan olmuş X12 da həmin evdə doğulmuşdur. Evdə onlardan başqa heç kim yaşamamış və 2018-2021-ci illərdə əri Əliş Hüsüyevlə birlikdə evi əsaslı təmir etdirmişlər, eləcədə həyatyanı torpaq sahəsini abadlaşdırmışlar və orada təsərrüfat qurub istifadə etmişlər. Gəlin gələrkən Cavabdeh1 həyat yoldaşının vəfatından sonra evləndiyi qadınla birlikdə həmin evdən 15-20 metr aralıda tikilmiş digər evdə yaşamışdır. X5 16 avqust 2021-ci il tarixdə vəfat etmiş və bundan sonra Cavabdeh1 ona və oğlu Röyala bu evd yaşamağa imkan verməmiş, daima münaqişə yaratmış və onu evi tərk etməyə məcbur etmişdir. Ona görə də oğlu Röyalı da özü ilə götürərək Bərdə rayonunun Cəyirli kəndinə valideynlərinin evinə getmiş və hazırda da orada yaşayır. Cehiz və şəxsi əşyaları isə hal-hazıradək Qazaxlar kəndində həyat yoldaşı Əliş Hüsüyevlə birlikdə yaşadığı evdədir. Cavabdeh1 öz yaşadığı evi kirayə verib, evləndiyi qadınla köçüb onun gəlin gəldiyi və cehiz əşyalarının olduğu evdə yaşayırlar. Mübahisənin həlli ilə bağlı Mediasiya təşkilatına müraciət etsə də, Cavabdeh1 mediasiya sessiyasında iştitak etməmişdir.

9. Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(021)-3343/2022 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) İddiaçı1 Cavabdeh1 qarşı qarşı “yaşadığı evindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi tələbinə dair iddiası qismən təmin edilməsi; İddiaçı1 Cavabdeh1 yaşadığı Bərdə rayon Qazaxlar kəndində yerləşən evə köçürülməsi; İddiaçı1 Mediasiya xidmətinə görə ödədiyi 50 manat və iddia tələbinə baxılması üçün məhkəmənin hesabına dövlət rüsumu olaraq ödədiyi 50 manat, cəmi 100 manat Cavabdeh1 tutulub İddiaçı1 verilməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 152.1, 158.3, 158.4, 228 maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30, 123 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 107, 119.1, 217, 216-220, 360-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. İddiaçı Tünzalə Hüsiyeva onun oğlu ilə ailə qurduqdan sonra ona məxsus balaca bir daxala gəlin köçmüşdür. Həmin yaşayış sahəsi yarasız vəziyyətdədir və orada heç bir təmir işləri aparılmamışdır. Oğlunun vəfatından sonra ona məxsus daxalda iddiaçı yaşamamışdır. Yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və iddiaçının orada yaşamaq hüququ, eləcədə əşyaları yoxdur. Mülkiyyətçi kimi iddiaçının mübahisəli yaşayış sahəsində yaşamasına razı deyil. Həmçinin məhkəmə iclasının vaxtı barədə ona SMS məlumat göndərilməmiş və xəbərsiz olduğuna görə iştirak edə bilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. 22 may 2023-cü il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izaha vermiş və əlavə olaraq bildirmişdir ki, həyətdə iki fərdi yaşayış evi var və hər ikisi də ona məxsusdur. İkinci ev yardımcıdır. İddiaçı təzə evdə əri ölənədək yaşamış və cehiz əşyaları da ordadır. İddiaçının orada yaşamasına razı deyil. Hazırda həmin evdə özü yaşayır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. 22 may 2023-cü il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin istifadəsində olan evə gəlin köçmüş və orada yaşamışdır. Lakin əri öləndən 1 ay sonra qaynatası, yəni cavabdeh həmin evdə yaşamasına imkan verməmişdir. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Apellyasiya icraatı zamanı X4 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

17. Hazırki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər, eləcədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X4 və X7 məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

23. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

26. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

27. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

28. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

31. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

32. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

33. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

34. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

35. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın (evin) dövlət qeydiyyatına alınması mülkiyyətçinin həmin əmlaka (evə) məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka (evə) dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Cavabdeh1 apellyasiya şikayətinin xahiş etdim hissəsində, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını qeyd etsədə, lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin olunan, yəni İddiaçı1 Bərdə rayon Qazaxlar kəndində yerləşən evə köçürülməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

45. Apellyasiya icraatı zamanı 22 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X4 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı1 gəlin köçdüyü və hazırda Cavabdeh1 yaşadığı Bərdə rayon Qazaxlar kəndində yerləşən evə köçürülməkdə düzgün nəticəyə gəlmişdir.

47. Belə ki, qətnamə mübahisələndirilən hissədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsaslar yoxdur.

48. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı1 ilə Cavabdeh1 oğlu X11 01 noyabr 2019-cu il tarixdə nikahlarını rəsmişləşdirərək ailə qurmuşlar və sonuncuların birgə nikahlarından 01 fevral 2020-ci il tarixdə Röyal adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra İddiaçı1 Bərdə rayonu Qazaxlar kəndində yeləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə aparmışdır. X6 vəfatından sonra Cavabdeh1 gəlini İddiaçı1 həmin evdə yaşamasına imkan verməmişdir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin edərək iddiaçını mübahisəli fərdi yaşayış evinə köçürmüşdür.

49. Bu qətnamənin 46-cı bəndində də qeyd olunduğu kimi məhkəmə kollegiyasıda qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Bərdə rayonu Qazaxlar kəndində yerləşən 35,7 kv.m ibarət fərdi yaşayış evi 0,23 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1, X4, X7, X11 və X3 ümumi birgə mülkiyyətlərindədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 mart 2023-cü il tarixli ********** nömrəli çıxarış tərtib olunmuşdur. Göründüyü kimi, fərdi yaşayış evinə İddiaçı1 mərhum X5nun da mülkiyyət hüququ qeydə alınmışdır.

50. Eləcədə işdə olan Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(021)-4026/2018 nömrəli qətnaməsinin surətindən də müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh X9 qarşı evə köçürülmə tələbi ilə məhkəmədə iddia qaldırmış və Cavabdeh1 cavabdeh X6 yaşadığı Bərdə rayonu Qazaxlar kəndində yerləşən fərdi yaşayış evinə köçürülmışdür.

51. Göründüyü kimi Bərdə rayonu Qazaxlar kəndində yerləşən 35,7 kv.m ibarət fərdi yaşayış evində X11 ilə İddiaçı1 yaşaması işin mübahisəsiz halıdır.

52. Cavabdeh1 apellyasiya şikayətində oğlu Əlişlə gəlini İddiaçı1 ailə qurduqdan sonra mübahisəli fərdi yaşayış evində deyil, həyətdə olan daxalda yaşadıqlarını qeyd etsədə, onun bu dəlili iş materialları ilə təsdiq olunmur. Sonuncu apellyasiya icraatı zamanı da vermiş olduğu izahatındə bildirmişdir ki, oğlu Əliş və onun arvadı Tünzalə yeni tikili olan fərdi yaşayış evində yaşamışlar və gəlinə məxsus cehiz əşyalar da hazırda həmin evdədir. Bərdə Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(021)-4026/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət olunmuşdur.

53. Ailə Məcəlləsinin 14-cü maddəsinə görə, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Eləcədə, nikaha xitam verilməsi qaydası qeyd olunan Məcəllənin 16-cı maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı (rayon (şəhər) qeydiyyat şöbələri), bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.

54. İddiaçı1 ümumi birgə mülkiyyətçilərdən Əliş Hüsüyevin ailə üzvü olmuş və onların nikahına Ailə Məcəlləsinin 19-21-ci maddələrində nəzərdə tutulmuş qaydada deyil, Əliş Hüsüyevin ölmü ilə, yəni nikahda olan şəxslərin iradəsindən asılı olmayan səbəbdən xitam olunmuşdur. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Əliş Hüsüyevin ölümündən sonra onun miras payına münasibətdə arvadı İddiaçı1 və 01 fevral 2020-ci il təvəllüdlü Röyal adlı oğlu birinci növbə vərəsələr sırasına daxildir. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürməkdə birinci instansiya məhkəməsi gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “İddiaçı1 Cavabdeh1 yaşadığı Bərdə rayon Qazaxlar kəndində yerləşən evə köçürülməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(021)-3343/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “İddiaçı1 Cavabdeh1 yaşadığı Bərdə rayon Qazaxlar kəndində yerləşən evə köçürülməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar