Məhkəmə qərarları › İş №2(104)-1355/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1355/2023

01.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1355/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Kəlbəcər Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(040)-171/2023 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra- Elm və Təhsil Nazirliyi) Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan X1 filialı tərəfindən Cavabdeh adına 01 iyul 2004-cü il tarixdə verilmiş B seriyalı 005085 nömrəli diplomun dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının X4ndən daxil olmuş 24 sentyabr 2020-ci il tarixli 01/xx-xx/2356 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan X1 filialı tərəfindən 2004-cü ildə cavabdehin adına verilmiş B seriyalı ******* nömrəli diplomun həqiqiliyinin yoxlanılması üçün X4 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq göndərilmiş 07 sentyabr 2020-ci il tarixli xx-xx-1322/16 nömrəli cavab məktubunda diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. Təhsil müəssisəsinin məlumatına əsasən, Cavabdeh B seriyalı 005085 nömrəli diplomu təqdim etməklə, 2006-2010-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "mühəndis iqtisadiyyatı və idarəetmə” istiqamətinin “aqrar islahatların iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə əlavə ali təhsil almış və bu barədə 2010-cu ildə B seriyalı 191600 nömrəli diplom yazılmışdır. X4 Cavabdeh əlavə ali təhsil üzrə əldə etdiyi diplomun həqiqiliyinin yoxlanılması və nəticəsi barədə Mərkəzin məlumatlandırılmasını xahiş etmişdir. Cavabdehə məxsus diplomun surəti Təhsil Nazirliyinə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinin hüquqi əsası yoxdur. Təqdim olunmuş diplom blankından görünür ki, həmin diplom dövlət nümunəli təhsil sənədi deyildir. Digər tərəfdən məzunlara verilən diplom blankları Təhsil Nazirliyində qeydiyyata alınaraq təhsil müəssisələrinə verilir. Cavabdehə məxsus diplom blankı isə nazirlikdə qeydiyyata alınmamışdır.Həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun (1992-ci il tarixli) 8-ci maddəsində qeyd edilir ki, təhsil sənədi müvafiq əmək fəailyyətinə başlamaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsil Nazirliyi verir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Cavabdehə məxsus diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasına uyğun gəlmir. Nazirlik Cavabdeh təhsil sənədini araşdırarkən onun dövlət nümunəli olmadığını müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.2-ci bəndində qeyd edilir ki, Bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasının 5.1.3-cü bəndinə əsasən, ali təhsili olanlar təkrar ali, orta ixtisas təhsili olanlar təkrar orta ixtisas, yüksək texniki peşə təhsili olanlar isə təkrar yüksək texniki peşə təhsili ala bilərlər. Qaydaların bu bəndindən göründüyü kimi, əlavə təhsil almaq üçün mütləq baza təhsili tələb olunur. Bildiririk ki, baza təhsili qanuni olmayan və adına dövlət nümunəli təhsil sənədi yazılmayan şəxsin təkrar ali təhsil alması qanunvericiliyin tələblərinə cavab vermir. Kəlbəcə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(040) 171/2023 qətnaməsi ilə (sədrlik edən hakim H.Qəniyev) iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı Azərbaycan X1 filialı tərəfindən 2004-cü ildə Cavabdeh verilmiş “B 005085” nömrəli diplomun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirlyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(040)- 171/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının X4 tərəfindən daxil olmuş 24 sentyabr 2020-ci il tarixli 01/xx-xx/2356 nömrəli məktubda bildirilmişdir ki, cavabdehin adına yazılmış Azərbaycan Müəllimlər İnstitunun Qazax filialı tərəfindən 2004-cü ildə verilmiş B seriyalı 005085 nömrəli diplomun həqiqiliyinin yoxlanılması üçün X4 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. Təhsil müəssisəsinin məlumatına əsasən Cavabdeh B seriyalı 005085 nömrəli diplom təqdim etməklə 2006-2010-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "mühəndis iqtisadiyyatı və idarəetmə” istiqamətinin “Aqrar islahatların iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə əlavə ali təhsil almış və 2010-cu ildə B seriyalı 191600 nömrəli diplom yazılmışdır. DİM Cavabdeh əlavə ali təhsil üzrə əldə etdiyi diplomun həqiqiliyinin yoxlanılması və nəticəsi barədə Mərkəzin məlumatlandırılmasını xahiş etmişdir. Cavabdehə məxsus diplomun surəti Təhsil Nazirliyinə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinin hüquqi əsası yoxdur. Təqdim olunmuş diplom blankından görünür ki, həmin diplom dövlət nümunəli təhsil sənədi deyildir. Digər tərəfdən məzunlara verilən diplom blankları Təhsil Nazirliyində qeydiyyata alınaraq təhsil müəssisələrinə verilir. Cavabdehə məxsus diplom blankı isə nazirlikdə qeydiyyata alınmamışdır. İşə baxan məhkəmə təqdim olunmuş sənədlərə əhəmiyyət verməmiş, cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi etirazda qeyd edilən faktları araşdırmamış, həmin məslələrə hüquqi qiymət verməmiş və nəticədə formal əsaslarla iddia tələbini təmin etməmişdir. İş üzrə Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Kəlbəcər Rayon Məhkəməsinin 20 feval 2023-cü il tarixli, 2(040)-171/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(040)-171/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: İddiaçı Elm və Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş təsdiqlənməmiş fotosurətdən-“B №005085” nömrəli diplomun surətindən görünür ki, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının Dövlət Attestasiya Komissiyasının 01 iyul 2004-cü il tarixli qərarı ilə Cavabdeh “Maarif, İbtidai təhsilin pedoqogikası və metodikası” ali peşə istiqaməti üzrə “bakalavr” dərəcəsi verilmişdir-diplomun qeydiyyat nömrəsi: “04/504”; diplom 2004-cü ildə verilmişdir. Azərbaycan Respublikası X4nin Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevə ünvanladığı 24 sentyabr 2020-ci il tarixli 01/xx-xx/2356 saylı məktubun surətindən görünür ki, dövlət qulluğunda inzibati vəzifədə çalışan 27 iyul 1967-ci il təvəllüdlü Cavabdeh adına yazılmış, Azərbaycan Müəllimlər İnstitunun Qazax filialı tərəfindən 2004-cü ildə verilmiş B seriyalı 005085 nömrəli diplomun həqiqiliyinin yoxlanılması üçün X4 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir (xx.xx.2020-ci il tarixli xx-xx- 1322/16 nömrəli cavab məktubu).Təhsil müəssisəsinin məlumatına əsasən, Cavabdeh B seriyalı 005085 nömrəli diplom təqdim etməklə 2006-2010-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "mühəndis iqtisadiyyatı və idarəetmə” istiqamətinin “Aqrar islahatların iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə əlavə ali təhsil almış və 2010-cu ildə B seriyalı 191600 nömrəli diplom yazılmışdır. Cavabdeh əlavə ali təhsil üzrə əldə etdiyi diplomun həqiqiliyinin yoxlanılması və nəticəsi barədə Mərkəzin məlumatlandırılması xahiş olunur . İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını təşkil edən hal- X4 tərəfindən Elm və Təhsil Nazirliyinə göndərilmiş məktubda cavabdehin adına Azərbaycan Müəllimlər İnstitunun Qazax filialı tərəfindən 2004-cü ildə verilmiş “B 005085” nömrəli diplomun blankının hüquqi əsasının olmaması ilə bağlı gəldiyi nəticə aidiyyəti məhkəmə instansiyasının qanuni qüvvəyə minmiş yekun aktı ilə təsdiqlənmədən hazırki mülki işə münasibətdə sübut qismində qəbul edilə bilməz. Bundan başqa, iddiaçı, Azərbaycan Müəllimlər İnstitunun Qazax filialı tərəfindən 2004-cü ildə verilmiş “B 005085” nömrəli diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 yanvar 1997-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “Ali təhsilin bakalavr pilləsi üçün diplomun, ona əlavənin və akademik arayışın nümunələri” adlanan sənədə uyğunsuzluğunu əsaslandıra bilməmişdir.Cavabdeh dövlət təhsil müəssisəsi olaraq fəaliyyət göstərmiş Azərbaycan X1 filialı tərəfindən Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan möhürlə təsdiqlənmiş ali təhsil haqqında sənəd (bakalavr diplomu) verilmişdirsə və həmin sənədin alınması üçün cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi məhkəmə aktları ilə öz təsdiqini tapmırsa, həmin sənədi vermiş dövlət orqanına, o cümlədən inzibati orqan olan Təhsil Nazirliyinə Cavabdeh etimadı qanunla qorunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının Dövlət Attestasiya Komissiyasının 01 iyul 2004-cü il tarixli qərarı ilə Cavabdeh “Maarif, İbtidai təhsilin pedoqogikası və metodikası” ali peşə istiqaməti üzrə “bakalavr” dərəcəsi verilmişdir-diplomun qeydiyyat nömrəsi: “04/504”; diplom 2004-cü ildə verilmişdir. Azərbaycan Respublikası X4nin Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevə ünvanladığı 24 sentyabr 2020-ci il tarixli 01/xx-xx/2356 saylı məktubun surətindən görünür ki, dövlət qulluğunda inzibati vəzifədə çalışan 27 iyul 1967-ci il təvəllüdlü Cavabdeh adına yazılmış, Azərbaycan Müəllimlər İnstitunun Qazax filialı tərəfindən 2004-cü ildə verilmiş B seriyalı 005085 nömrəli diplomun həqiqiliyinin yoxlanılması üçün X4 tərəfindən Təhsil Nazirliyinə göndərilmiş sorğuya cavab olaraq diplom blankının hüquqi əsasının olmadığı bildirilmişdir. Belə ki, Təhsil müəssisəsinin məlumatına əsasən, Cavabdeh B seriyalı 005085 nömrəli diplomu təqdim etməklə, 2006-2010-cu illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "mühəndis iqtisadiyyatı və idarəetmə” istiqamətinin “aqrar islahatların iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə əlavə ali təhsil almış və bu barədə 2010-cu ildə B seriyalı 191600 nömrəli diplom yazılmışdır. X4 Cavabdeh əlavə ali təhsil üzrə əldə etdiyi diplomun həqiqiliyinin yoxlanılması və nəticəsi barədə Mərkəzin məlumatlandırılmasını xahiş etmişdir. Cavabdehə məxsus diplomun surəti Təhsil Nazirliyinə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinin hüquqi əsası yoxdur. Təqdim olunmuş diplom blankından görünür ki, həmin diplom dövlət nümunəli təhsil sənədi deyildir. Digər tərəfdən məzunlara verilən diplom blankları Təhsil Nazirliyində qeydiyyata alınaraq təhsil müəssisələrinə verilir. Cavabdehə məxsus diplom blankı isə nazirlikdə qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin həlli diplomun verildiyi tarixdə qüvvədə olmuş maddi hüquq normalarına uyğun həll edilməlidir. 07 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikası Təhsil Qanunu”nun: -8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir; təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir; təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 yanvar 1997-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş “Ali təhsilin bakalavr pilləsi üçün diplomun, ona əlavənin və akademik arayışın nümunələri” adlanan sənədin (hal-hazırda qüvvədən düşmüşdür) 1-ci hissəsində göstərilir ki, “diplomlar 15x21 sm ölçüdə kitabça şəklində çap olunur; ali məktəbi fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə al qırmızı rənglidir; diplomun üz qabığının yuxarı hissəsinə relyeflə Azərbaycan Respublikasının gerbi, aşağı hissəsinə isə “DİPLOM” sözü həkk olunur; kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfində Azərbaycan Respublikasının gerbinin təsviri olan, ali təhsil haqqında dövlət sənədlərinin (bakalavr diplomu) tələblərinə uyğun hazırlanmış dövlət nişanlı kağız yapışdırılır, mətn həmin səhifələrdə yazılır, səhifənin sağ hissəsinin yuxarısında qara rənglə “DİPLOM” sözü yazılır; sol tərəfin sağ aşağı kənarında möhür yeri saxlanılır. Daha sonra mətn diplom nümunəsində göstərilən formada yerləşdirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000 ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Göründüyü kimi, Cavabdeh adına yazılmış 01 iyul 2004-cü il tarixli B seriyalı 005085 nömrəli diplom Azərbaycan X1 filialına Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilməmişdir və həmin diplom dövlət nümunəli sənəd deyildir. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının... pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin ləğv edilməsinə əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(040)-171/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(040)-171/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Azərbaycan X1 filialı tərəfindən Cavabdeh adına 01 iyul 2004-cü il tarixdə verilmiş B seriyalı 005085 nömrəli diplom dövlət nümunəli təhsil sənədi olmadığından etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar