Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1358/2025 21.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Cavabdeh1 iddiaçının qardaşı Natiq Fərzəliyevin arvadı, Cavabdeh3 və Cavabdeh2 isə sonuncunun uşaqlarıdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi(bundan sonra- mübahisəli ev) 09 yanvar 1988-ci ildə iddiaçının atası X3 adına qeydiyyata alınmışdır. X6 10 sentyabr 1994-cü ildə vəfat etmişdir. İddiaçının qardaşı Natiq Fərzəliyev Cavabdeh1 ilə 2004-cü ildə faktiki ailə münasibətlərinə daxil olaraq ər-arvad olmuş və nikahlarını 03 may 2006-cı ildə rəsmiləşdirmişlər. Cavabdeh1 ailə qurduqdan sonra qaynatası Sovdu Fərzəliyevə məxsus mübahisəli evdə yaşamağa başlamışdır. Həmin evdə 2005 və 2006-cı illərdə Natiq Fərzəliyev və Cavabdeh1 uşaqları, hazırki iş üzrə cavabdehlər Amin və Nigar doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin 2(041)-9/2010 nömrəli, 07 yanvar 2010-cu il tarixli qətnaməsi ilə Natiq Fərzəliyev və Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı atasına məxsus mübahisəli evə və evin yerləşdiyi 0,0944 ha torpaq sahəsinə dair 01 may 2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında mübahisəli evi və evin yerləşdiyi torpaq sahəsini 06 may 2024-cü il tarixdə mülkiyyət hüququ əsasında dövlət reyestrində adına qeydiyyata aldırmışdır(qeydiyyat nömrəsi **********). Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli, **********24-10301 reyestr nömrəli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 qardaşı X1 arvadıdır. Cavabdeh2 və Cavabdeh3 isə onların övladlarıdır. X2 ilə Cavabdeh1 2004-cü ildə faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuşdur. X9 ailə qurduqdan sonra Cavabdeh1 ona məxsus ünvan 3 ünvanında yerləşən evə gəlin köçürmüşdür. X9 Cavabdeh1 evləndikləri vaxtdan daim aralarında narazılıqları olmuşdur. Onlar aralarında baş vermiş narazılıqlar nəticəsində 2010-cu ildən ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin 07 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Artıq 2010-cu ildən Cavabdeh1 ilə qardaşı Natiq Fərzəliyevin ailə münasibətlərinə xitam verilmiş, qardaşı Natiq həmin vaxtdan başqa evdə yaşayır. Həmin vaxt uşaqları azyaşlı olduğundan Cavabdeh1 ona məxsus evdə yaşamaqda davam etmişdir. O, son illər artıq ailənin böyüdüyünü, övladlarının ailə qurduğunu, səhhətində narahatçılıqlar olduğundan özünün arvadı ilə birlikdə köçüb ona məxsus evdə yaşamaq istədiyini bildirsə də, cavabdehlər onun evindən çıxmaq istəmirlər və ona mülkiyyətində olan evdə yaşamağa imkan vermirlər. Onun hazırda vəziyyəti çox çətindir. Səhhətində narahatçılıqlar vardır. Cavabdehlərin onun mülkiyyətində olan əmlakda onun iradəsinə zidd olaraq yaşamaları onun mülkiyyət hüquqlarını pozur. Cavabdehlər onun ailə üzvləri sırasına daxil olmadığından cavabdehlərin ona məxsus evdən və torpaqdan istifadəsinin əsası kimi mülki hüquqi əqdlər çıxış edə bilərdi. Cavabdehlərlə onun arasında evdən istifadə ilə bağlı hər hansı əqd mövcud deyildir. Ona görə hesab edir ki, cavabdehlər ona məxsus evdən və torpaq sahəsindən çıxarılmalıdırlar. Cavabdeh1 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı onun qaynıdır. O, X8 ilə 2004-cü il tarixdə faktiki evlənmişlər, nikahlarını 2006-cı il tarixdə rəsmiləşdirmişlər, evləndikdən sonra ünvan 2 ünvana gəlin köçmüşdür. O, ailə quran zaman və uşaqlar doğulan zaman mübahisəli ev onun qaynatası X3 adına olmuş, o, gəlin gəlməmişdən artıq Sovdu Fərzəliyev xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Vəfatından sonra onun həyat yoldaşı Natiq Fərzəliyev həmin fərdi yaşayış evində qalmışdır. Onların birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuşdur. Uşaqlarının hər ikisi həmin ünvanda doğulmuşlar. X8 ilə nikahları Gədəbəy Rayon Məhkəməsinin 2010-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra övladları Nigar və Aminlə birgə həmin evdə yaşamışlar. O, həyat yoldaşı ilə təsərrüfatı birgə idarə etmişdir, yaşadığı fərdi yaşayış evini birgə təmir etdirmişlər. Lakin buna baxmayaraq, qaynı-İddiaçı başqa ünvanda yaşamasına baxmayaraq, onları yaşadığı evdən çıxarılmaları barədə iddia vermişdir. Yaşadıqlar evdən başqa yaşamağa yaşayış sahələri yoxdur. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(076)- 607/2025 nömrəli iş üzrə qəbul etdiyi 03 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mübahisəli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X4 məxsus olmuş, xx.xx.1994-cü il tarixdə Sovdu Fərzəliyev vəfat etmiş, bundan sonra həmin fərdi yaşaış evində cavabdehin keçmiş əri Natiq Fərzəliyev yaşamış, xx.xx.2006-cı il tarixdə nikahını rəsmiləşdirməklə Cavabdeh1 ilə ailə qurmuş, birgə nikahdan Nigar və Amin adlı uşaqları doğulmuşdur. Göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeyd edilən mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətlərinin yarandığı dövrdə, yəni xx.xx.2006-cı il tarixdə, xx.xx.2005-cı il tarixdə və xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakdan istifadə hüquqları ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənmişdir. Belə ki, xx.xx.1994-cü il tarixdə iddiaçının atası mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi Sovdu Fərzəliyev vəfat etmiş, onun oğlu Natiq Fərzəliyevin ailə üzvü kimi Cavabdeh1 xx.xx.2006-cı il tarixdən mübahisəli fərdi yaşayış evində yaşamağa başlamışdır. Onların birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2 adlı uşaqları doğulmuş, doğulduqları vaxtdan da onlar da mübahisəli fərdi yaşaış evində yaşamışlar. Tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbi şamil edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, Cavabdeh1 2010-cu ildən mübahisəli evdən çıxmış, yalnız 2016-cı ildə keçmiş əri Natiq tərəfindən uşaqlara baxmaq üçün evə qaytarılmışdır. İddiaçının mərhum atası onu ailə üzvü kimi evə qəbul etməmiş, çünki o, gəlin gələn vaxt iddiaçının atası artıq 10 il idi ki vəfat etmişdir. Natiq Fərzəliyev isə nə həmin vaxt, nə də sonradan həmin evin mülkiyyətçisi olmuşdır. Belə ki, ümumiyyətlə mərhum atasından miras qalmış evi və torpaq sahəsini nə faktiki, nə də rəsmi qəbul etmişdir. Mərhum atasının vəfatından əvvəl Rusiyada olmuş, atası vəfat etdikdən 10 il sonra isə Azərbaycan Respublikasına gəlmişdir. Mərhum atasından miras qalmış əmlakı iddiaçı faktiki qəbul edərək, idarə etmiş, orada abadlıq işləri aparmışdır. Hazırda da iddiaçının mülkiyyətindədir. Cavabdehlərin isə Şəmkir rayonu ərazisində özlərinə məxsus torpaq sahələri vardır. Məhkəmə tərəfindən qeyd olunan halların heç biri nəzərə alınmadan düzgün araşdırma aparılmamış, maddi hüquq normaları düzgün tətbiq edilmədən iddia tələbi əsassız olaraq rədd edilmişdir. Cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüquqları olmadığı halda məhkəmə tərəfindən yalnız onlara müvafiq məbləğdə kompensasiya verildikdən sonra mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsinin mümkün olması qənaətinə gəlinmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışnını məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etirazının dəlillərinə uyun izahat vermişdir. İş üzrə iddiaçı və Cavabdeh3 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı: Mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iş üzrə Cavabdeh1 iddiaçının qardaşı Natiq Fərzəliyevin keçmiş arvadı, cavabdehlər Cavabdeh3 və Nigar Fərzəliyev isə qardaşının uşaqlarıdır. İşin hallarından o da məlum olur ki, cavabdehlərin çıxarılması tələb olunan fərdi yaşayış evi 09 yanvar 1988-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ ilə iddiaçının atası Sovdu Fərzəliyə məxsus olmuş, sonuncu xx.xx.1994-cü il tarixdə ölmüş, miras əmlak olan həmin fərdi yaşayış evinə dair iddiaçının vərəsəlik qaydasında mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı bildirir ki, cavabdehlərin ona məxsus fərdi yaşayış evində yaşamalarının hüquqi əsası yoxdur və bu səbəbdən cavabdehlər həmin evdən çıxarılmalıdırlar. Bununla bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh1, Natiq Fərzəliyevin ailə üzvü kimi mübahisəli evdə 2006-cı ildən yaşadığından hazırki mübahisə həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüququ normasının – Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilir ki, 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Məhkəmə bildirir ki, hər iki tərəfin bildirdiyi kimi mübahisəli ev əvvəl iddiaçının və Cavabdeh1 keçmiş əri Natiq Fərzəliyevin atası Sovdu Fərzəliyevə məxsus olmuş, sonuncu xx.xx.1994-cü il tarixdə ölmüş, atasın ölümündən sonra mərhumun övladı Natiq Fərzəliyev həmin evdə yaşamağa davam etmişdir. Başqa sözlə, evə mülkiyyət hüququ gözləntisi olan şəxs Cavabdeh1 əri, digər cavabdehlər Cavabdeh3 və Nigar Fərzəliyevin isə atası Natiq Fərzəliyev olmuşdur. Belə olduğu halda, Natiq Fərzəliyevin evdən mülkiyyət hüqununun elementlərindən biri olan istifadə hüququnun yaranması mübahisəsiz hal kimi qəbul edilməlidir. O isə öz növbəsində ailə üzvünü – arvadını (Cavabdeh1) mübahisəli evə köçürmüş, övladları (cavabdehlər Cavabdeh3 və Cavabdeh2) həmin evdə doğulmuşlar. Qeyd etmək lazımdır ki, Natiq Fərzəliyev və Cavabdeh1 arasındakı xx.xx.2006-cı il tarixli nikah məhkəmə qaydasında xx.xx.2010-cu il tarixdə pozulsa da, qanunvericiliyin tələbləri baxımından Cavabdeh1 və onların birgə övladları olan Amin və Nigarın mübahisəli evə istifadə hüququ qalmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Natiq Fərzəliyevin atasının ölümündən sonra qəbul etdiyi miras əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmaması və ya bu hüquqdan qardaşı İddiaçı xeyrinə imtina etməsi, 2006-cı ildən sonra evə istifadə hüququ yaranmış cavabdehlərin vəziyyətini ağırlaşdıra bilməz. Cavabdehlərin həmin yaşayış sahəsinə olan istifadə hüququna yalnız kompensasiya verməklə xitam verilə bilər. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə, yəni evin əvvəlki mülkiyyətçisi Sovdu Fərzəliyevin ölümü səbəbindən onun Cavabdeh1 ailə üzvü kimi qəbul etməməsi, atasının vərəsəsi olan Natiq Fərzəliyevin miras əmlak hesab edilən həmin evi faktiki qəbul etməməsi, onun heç vaxt evin mülkiyyətçisi olmaması barədə dəlilləri əsassızdır və təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətində həmçinin bildirir ki, Cavabdeh1 2010-cu ildən mübahisəli evdən çıxıb getmiş, yalnız 2016-cı ildə keçmiş əri Natiq Fərzəliyev tərəfindən uşaqlara baxmaq üçün evə qaytarılmışdır. Bundan başqa, cavabdehlərin Şəmkir rayonu ərazisində özlərinə məxsus torpaq sahələri vardır. Apellyasiya şikayətinin qeyd olunan birinci dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, fərdi yaşayış evinə artıq istifadə hüququ qazanmış Cavabdeh1 hansısa müddət kəsiyində evdən getməsi, bu hal, həqiqət kimi qəbul olunsa belə, onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam vermir və onun evdən çıxarılması üçün əsas deyil. Məhkəmə eyni qiymətləndirməni cavabdehlərin mülkiyyətində torpaq sahəsinin olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə də şamil edir. Çünki, cavabdehlərin hər hansı torpaq sahəsinə mülkiyyət hüququ qazanması da, onların mübahisəli yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsinə gətirib çıxarmır. Odur ki, Məhkəmə apellyasiya şikayətinin bu dəlilini də əsaslı saymır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2025ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1358/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1358/2025
21.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver