Məhkəmə qərarları › İş №2(104)-1366/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1366/2023

08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1366/2023 08.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası- hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(125)-1028/2023 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan, Gəncə şəhəri, X2 prospekti, 42 ünvanında yerləşən qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının qanunsuz hesab olunması, həmin qeyriyaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanmasının cavabdehlərin öz hesablarına sökülməsi və çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması (yenidən bərpa olunması), həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissəsinə gedən və ümumi istifadədə olan yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına bağladıqları və quraşdırdıqları jalüzün cavabdehlərin öz hesablarına sökülməsi, Dövlətin mülkiyyətində olan və tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən sərbəst istifadə olunması, hər hansı maneələr qoyulmadan rahat şəkildə ümumi maraqlar naminə istifadə edilərkən cavabdehlərin hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin onların üzərinə qoyulması, həmin qeyri-yaşayış binasının qəza çıxışının çöl hissədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz, özbaşına qaynaqla və mişar daşı ilə (və ya hər hansı bir tikinti materialı ilə) bağlanması nəticəsində vurulmuş 5.000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada alınaraq (tutularaq) İddiaçı xeyrinə ödənilməsi (verilməsi), həmin qeyri-yaşayış binasının mülkiyyətçisinin mülkiyyətindən istifadə və sahibliklə bağlı hər hansı bir müdaxilənin cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneələrin aradan qaldırılması və binaya dair iddiaçının həyata keçirmək istədiyi büyün hərəkətlərə cavabdehlər və digər istənilən üçüncü şəxslərin hər hansı müdaxilələrinin qarşısının alınmasına dair onların üzərinə öhdəlik qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 171 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq (tutularaq) ona ödənilməsi (verilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə2 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasında əsas mübahisə predmeti olan və iddiaçının yol adlandırdığı Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ilə M.Xələfov küçəsinin kəsişməsinin qərb tərəfində yerləşən 0,700 kvadrat metr torpaq sahəsi 2 il müddətə Cavabdeh1 icarəyə verilmiş və Cavabdeh1 hüquqları Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi İdarəsində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2021-ci il tarixli Sərəncamı ilə həmin icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Cavabdeh1 Gəncə İnzibati Məhkəməsinə həmin Sərəncamın ləğv edilməsi ilə əlaqədar müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-755/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2021-ci il tarixli Sərəncamı ləğv olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-755/2022 nömrəli qərarından apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli 2-1(104)-444/2022 nömrəli qərarı ilə həmin şikayət təmin olunmamış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(114)-755/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli 2- 1(104)-444/2022 nömrəli qərarından kassasiya şikayəti verilmişdir. Hazırki halda mülki iş üzrə məhkəmə tədqiqini mübahisəli torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olub-olmamasını yoxlamadan tamamlamaq mümkün deyildir. Buna görə də iş üzrə icraat Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli 2- 1(104)-444/2022 nömrəli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Gəncə Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(125)-1028/2023 nömrəli qərardadı ilə “xx.xx.2021-ci il tarixli sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-755/2022 nömrəli qərarının hüquqi qüvvəsinə dair yekun qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəyə minənədək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qəza çıxışının bağlanmasının qanunsuz hesab edilməsi və cavabdehlərin hesabına sökülərək, çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi, yolun bağlanması üçün quraşdırılmış jalüzün cavabdehlərin öz hesabına sökülməsi, ümumi istifadədə olan yoldan istifadə ilə əlaqədar cavabdehlərin özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin qoyulması, qəza çıxışının qanunsuz bağlanması nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi, qeyri-yaşayış binasından istifadə və sahibliklə əlaqədar müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneənin aradan qaldırılması, binaya dair iddiaçının həyata keçirmək istədiyi hərəkətlərə müdaxilənin qarşısının alınması” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 şikayət verərək qərardadının ləğv olunmasını və işin davam etdirilməsi üçün növbəti məhkəmə prosesinin təyin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə məhkəmə öz qərardadında Gəncə İnzibati Məhkəməsində baxılmış və hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan inzibati işə istinad etməklə işi dayandırmışdır. Ancaq əslində Ali Məhkəmənin icraatında olan işin mövcudluğu hazırki işə baxılmasına nə mane olur, nə də ki onun baxılıb həll edilməsinin nəticələrinin mülki işə baxılması ilə heç bir bağlılığı və ya əlaqəsi yoxdur. Belə ki, həmin inzibati iş üzrə iddiaçı Cavabdeh1, cavabdeh isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olmuşdur. İddiaçı həmin iş üzrə üçüncü şəxs qismində iştirak etmişdir. Göründüyü hazırki mülki işin subyektiv tərəfləri tamamilə başqa-başqa şəxslər olmuş, həm də inzibati məhkəmə prosesində inzibati hüquq münasibətləri üzrə yaranmış mübahisə predmetinin hazırki mülki işin mübahisə predmeti ilə heç bir bağlılığı olmamışdır. İkinci tərəfdən işə baxan məhkəmə hazırki mübahisə üzrə iddiaçının tələblərini saxtalaşdırmaqla, başqa formada qeyd etməyə çalışmışdır. Bunu ona görə etmişdir ki, Ali Məhkəmənin icraatında olan inzibati işə uyğunluq yaratmaqla, nəticədə mübahisələndirilən qərardadı qəbul etmək üçün hüquqi imkanı yarada bilsin. Belə ki, mübahisələndirilən qərardadda qeyd olunur ki, “... tərəflər arasında olan mübahisə həmin şəxslərin mülkiyyətlərində olan qeyri-yaşayış binalarının arasında yerləşən torpaq sahəsindən istifadə ilə əlaqədar yaranmışdır”. Bunu işə baxan məhkəmə öz qərardadının 3-cü səhifəsinin 5-ci abzasının 1-ci cümləsində göstərir. Həmçinin məhkəmə bu fikri özünün gəldiyi nəticə kimi göstərir. Buna baxmayaraq, İddiaçı hansısa torpaq sahəsi ilə bağlı məhkəmədə nə iddia qaldırmış, nə də ki belə bir mübahisə olmamışdır. İddiaçı iddia tələbləri iddia ərizəsində, həm də məhkəmənin hazırda istinad edilən qərardadında da göstərilir. İddiaçının tələbləri onun mülkiyyətində olan əmlaka müdaxilələrə son qoyulması, vurulmuş ziyanın ödənilməsi və s. digər hissələrlə bağlı olmuşdur. Həmin tələblər də birbaşa statik hüquq münasibətlərindən irəli gəlməklə, iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması ilə əlaqədardır. Məhkəmənin istinad etdiyi torpaq sahəsi ümumiyyətlə Dövlət mülkiyyətində olan ərazidir və hələ həmin ərazidən istifadə, servitut və s. bu kimi hüquqlarla bağlı tələb irəli sürülməyib. Əgər belə bir tələb olardısa, məhkəmə mübahisənin torpaqla bağlı olduğunu deyə bilərdi. Sadəcə olaraq, cavabdeh tərəflər iddiaçının mülkiyyəti ilə sərhəd hissədən istifadə etməklə mülkiyyətçinin (iddiaçının) əmlakına ziyan vurmuşlar. İnzibati müstəvidə davam edən məhkəmə prosesi isə inzibati orqanla fiziki şəxs arasında olan icarə müqaviləsinin xitam olunmasını özündə müəyyənləşdirən Sərəncamın ləğv olunması ilə bağlıdır. Burada hansı bir-birinə hüquqi cəhətdən təsir edə biləcək hal var ki, bu da nəticədə icraatı dayandırmaq üçün əsasdır. Sonda Nümayəndə1 Gəncə Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(125)-1028/2023 nömrəli qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(125)-1028/2023 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilərək Gəncə Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(125)- 1028/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 07 aprel 2023-cü il tarixli 2(125)- 1028/2023 nömrəli qərardadı ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 254.1.4 və 254.2-ci maddələrinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, habelə qanunla nəzərədə tutulan digər hallarda iş üzrə icraat dayandırılmalıdır. “Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. AR Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Qanunvericiliyin mənasına görə, işə baxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qəza çıxışının bağlanmasının qanunsuz hesab edilməsi və cavabdehlərin hesabına sökülərək, çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi, yolun bağlanması üçün quraşdırılmış jalüzün cavabdehlərin öz hesabına sökülməsi, ümumi istifadədə olan yoldan istifadə ilə əlaqədar cavabdehlərin özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin qoyulması, qəza çıxışının qanunsuz bağlanması nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi, qeyri-yaşayış binasından istifadə və sahibliklə əlaqədar müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneənin aradan qaldırılması, binaya dair iddiaçının həyata keçirmək istədiyi hərəkətlərə müdaxilənin qarşısının alınması” tələbi barədə Gəncə Şəhər Məhkəməsində qaldırdığı iddiasının, Gəncə İnzibati Məhkəməsində olan Cavabdeh1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2021-ci il tarixli Sərəncamının tələbinə dair inzibati işlə heç bir asılılığı yoxdur və sonuncu iddia üzrə çıxarılacaq yekun məhkəmə aktının hazırkı işə təsiri yoxdur. Belə ki, Gəncə İnzibati Məhkəməsində qaldırılmış iddia Cavabdeh1 icarəyə verilmiş torpaq sahəsi ilə bağlı inzibati orqanın qəbul etdiyi aktın mübahisələndirilməsindən ibarətdir ki, bu da baxılan mülki işdəki digər tərəflərin maraqlarına toxunmur. Yəni qeyd olunan torpaq sahəsinin cavabdehə icarəyə verilməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “qəza çıxışı” qapısının bağlanması üçün əsas deyildir. Beləliklə də birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırmaqda səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(125)-1028/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 07 aprel 2023-cü il tarixli qərardadı ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(125)-1028/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 07 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qəza çıxışının bağlanmasının qanunsuz hesab edilməsi və cavabdehlərin hesabına sökülərək, çıxış ehtiyat qapısının əvvəlki vəziyyətə gətirilməsi, yolun bağlanması üçün quraşdırılmış jalüzün cavabdehlərin öz hesabına sökülməsi, ümumi istifadədə olan yoldan istifadə ilə əlaqədar cavabdehlərin özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin qoyulması, qəza çıxışının qanunsuz bağlanması nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsi, qeyri-yaşayış binasından istifadə və sahibliklə əlaqədar müdaxilənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, qeyri-yaşayış binasından sərbəst istifadə və sahibliklə bağlı istənilən maneənin aradan qaldırılması, binaya dair iddiaçının həyata keçirmək istədiyi hərəkətlərə müdaxilənin qarşısının alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar