Məhkəmə qərarları › İş №2(104)-1370/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1370/2024

22.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1370/2024 22.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmdova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(058)-20/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvünə məxsus torpaq sahəsinə bitişik olan, cavabdeh tərəfindən zəbt olunmuş yolun açılması və əldən çıxmış faydaya görə 3600 manat və vurulmuş mənəvi ziyanın əvəzi qismində 6400 manat pulun, həmçinin ödənilimiş 120 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(058)-20/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.Kərimova) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(058)-20/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, 1998-ci ildən ailəsinə məxsus ferma kompleksini özəlləşdirərək həmin ərazidə Cavabdeh ilə qonşu olmuşdur. Əvvəllər bir qonşu kimi münasibətləri yaxşı olsa da, sonralar aralarında qonşu münasibətlərində şəxsi və torpaq üstündə mübahisələri olmuşdur. Bunun səbəbi isə birgə nikahda olduğu X1 adına alqı-satqı yolu ilə aldığı torpaq sahəsinin təxminən 0.25 ha hissəsini və onların torpaq sahələrinin arasından keçən Gəncə -Sərkar yoluna paralel yolu Cavabdeh tərəfindən zəbt edilməsi olmuşdur. Cavabdeh yolun açılmasına dair ona qarşı iddia ilə Samux Rayon Məhkəməsinə müraciət etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5513 nömrəli rəyi əsasında Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)- 34/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0,25 ha hissəsindən əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(058)-20/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, o, xx.xx.1993-cü ildə X2 ilə rəsmi nikah münasibətinə daxil olmuş və bu barədə nikahın bağlanılması haqqında şəhadətnaməni təqdim edir. O, cavabdehlə torpaq sahəsi üzrə qonşudur, torpaq sahəsi onun həyat yoldaşına aiddir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisələndirilən yolu iddiaçı özü zəbt edibdir.Ona görə də,apellyasiya şikayətinin təmin edilməməsini, Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(058)-20/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(058)-20/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən 3.26 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 05 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 mülkiyyətində olan, Samux rayon Sərkar kəndində yerləşən 3.26 ha torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə halının aşkarlanmadığı müəyyən olunmuşdur. Samux rayonu Nizami təsərrüfatının ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquluşu layihəsi və Samux rayonu Sərkar bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində göstərilən yolun, cavabdehin faktiki istifadəsində, mülkiyyətində olan torpaq sahəsinin 0.15 ha hissəsinə münasibətdə, iddiaçının həmin yoldan gediş – gəliş üçün istifadəsi məhdudlaşmış, lakin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AzCard məlumatlarına istinadən iddiaçının həmin yoldan gediş – gəliş üçün istifadəsinin məhdudlaşdırılmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyasına təqdim edilən: Samux Rayon Məhkəməsinin 13.09. 2023-cü il tarixli, 2(058)-34/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh və q-nin cavabdehlər İddiaçı və q-nə qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinə gedən yolun açılçması tələbinə dair iddiası rədd edilmişdir. Nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə X2 ilə rəsmi nikah münasibətinə daxil olmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvünə məxsus torpaq sahəsinə bitişik yolun cavabdeh tərəfindən tutulduğunu göstərsə də, həmin hal öz təsdiqini tapmır. Belə ki, iş üzrə əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 05 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının həyat yoldaşı X1 mülkiyyətində olan, Samux rayon Sərkar kəndində yerləşən 3.26 ha torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə halı müəyyən olunmur. Həmçinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AzCard məlumatlarına istinadən iddiaçının həmin yoldan gediş – gəliş üçün istifadəsinin məhdudlaşdırılmadığı müəyyən olunmuşdur. İddianın cavabdeh tərəfindən zəbt olunmuş yolun açılması hissəsi təmin edilmədiyindən, həmin iddiadan doğan digər hissələri, yəni əldən çıxmış faydaya görə 3600 manat və vurulmuş mənəvi ziyanın əvəzi qismində 6400 manat pulun, həmçinin ödənilimiş 120 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona verilməsi barədə hissələri də, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(058)-20/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(058)-20/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar