Məhkəmə qərarları › İş №2(104)-1384/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1384/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1384/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-279/2023 saylı qətnaməsindən iddiaçı X3 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-279/2023 saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) X3 cavabdehlər Cavabdeh1 və X7 qarşı “istifadə hüququ tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı X6 apellyasiya şikayəti verib həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək onun xx.xx.2002-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X8 ilə birlikdə Tovuz rayonu Düz Çırdaxan kənd, S.S.İ qəsəbəsində yerləşən 18 saylı evin 18 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Əri Cavabdeh2 gizir hərbi rütbəsində hərbi qulluqçu kimi Gəncə şəhərində hərbi xidmətdə olduğundan onunla birlikdə birgə nikahlarından sonra 2003-cü ildə aldıqları özlərinə məxsus bir otaqlı mənzildə bir müddət Gəncə şəhərində yaşamışlar. Daha sonra 2009-cu ildə həmin mənzili sataraq ailələri üçün ünvan 1 evin 18 saylı mənzilini almışlar və yaşamaq üçün həmin mənzilə köçmüşlər. Nikahları pozulanadək bu mənzildə ailələri ilə yaşamışlar. Əri Cavabdeh2 hərbiçi olduğuna görə, yəni gələcəkdə dövlət tərəfindən mənzillə təmin olunması üçün mübahisəli mənzili qaynanası Cavabdeh1 adına rəsmiləşdirmişlər. Mübahisəli mənzilin Cavabdeh1 adına olması formal xarakter daşıyır. Cavabdeh1 həmin mənzildə onlarla birlikdə ümumiyyətlə yaşamamışdır. O, digər oğlu X15 ilə birlikdə yaşayır. Birgə nikahlarında iki uşaqları var. Nikahları Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, iki azyaşlı uşaqları ilə birlikdə 2009-cu ildən pasport qediyyatına alınmaqla ünvan 1 evin 18 saylı ünvanda yaşamış, Cavabdeh2 ilə mənzildən istifadə etmiş və birgə təsərrüfat aparmışdır. Nikahları pozulan tarixdən sonra cavabdeh onu və uşaqlarını mübahisəli mənzildən qovmuşdur. Sözü gedən mübahisə predmeti olan mənzil order əsasında qaynanası Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Lakin həmin mənzil faktiki olaraq onların ailəsinə məxsusdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edimişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi, o, həmin vaxt hər iki uşağı (hazırda biri) ilə 2009-cu ildən nikahı pozulana kimi həmin mənzildə yaşamışdır. Başqa yaşayış yeri yoxdur. Eyni zamanda cavabdeh X10 ilə birgə nikahdan olan övladları - xx.xx.2002-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X8 da onunla birgə yaşayırlar. Birinci instansiya məhkəməsi X1 gedən mənzilə istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə münasibət bildirərək, onun yetkinlik yaşına çatdığını və bununla bağlı onun iddia qaldırmağa subyektiv hüququnun olmadığını, onun özünün iddia qaldıra bilməsini bildirsə də, digər oğlu X4 həmin mənzildə istifadə hüququnun olması ilə bağlı heç bir araşdırma aparmamışdır. O, sözügedən mənzildə 2009-cu ildən öz evi kimi yaşamış və həmin mənzilin abadlaşdırılmasına, eyni zamanda təmirinə də külli miqdarda vəsait sərf etmişdir. Məhkəmə isə göstərilənləri nəzərə almadan iddianı rədd etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasilya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qətnamənin əsaslılığını yoxlayıb, apellyasiya şikayətini kollegiyanın iclasında iştirak edən proses iştirakçılarının izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçı X3 Cavabdeh2 ilə birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X9 və xx.xx.2006-cı il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Tovuz rayonu Düz Cırdaxan kəndi S.S.İ qəsəbəsində yerləşən 18 saylı binanın 3 otaqlı mənzilini 07 oktyabr 2008-ci ildə əldə etmişdir. İş materiallarında olan ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 Tovuz rayonu Düz Cırdaxan kəndi S.S.İ qəsəbəsində istifadədə olan 0.0145 ha torpaq sahəsində 18 saylı, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci və 2-ci mərtəbəsində 77,3 kv.m ümumi sahəsi, 40.8 kv.m yaşayış, sahəsindən ibarət 3 otaqlı mənzil tam mülkiyyətindədir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X9 və X2 rayonunun Düz Çırdaxan kəndi, ev 18, mənzil 18 ünvanda qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X6 ilə Cavabdeh2 2001ci ildə rəsmi nikah münasibətinə daxil olaraq evlənmiş və sonuncunun həmin vaxtı yaşadığı evə gəlin köçmüş, həmin evdə yaşadıqdan bir müddət sonra Cavabdeh2 iddiaçı ilə birlikdə Gəncə şəhərinə köçmüş, 2009-cu ilin mart ayına qədər Gəncə şəhərində yaşamış, həmin vaxtdan sonra ünvan 3 ünvana - Cavabdeh1 xüsusi mülkiyyətində olan mənzilə köçərək orada yaşamışlar. İddiaçının Cavabdeh2 ilə nikahları pozulan tarixdən sonra cavabdeh onu və uşaqlarını mübahisəli mənzildən qovmuşlar. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından o, mübahisəli mənzilə dair istifasdə hüququna malik deyildir. Buna baxmayaraq iddiaçının Gəncədəki mənzilin satılması nəticəsində ona dəymiş ziyanla bağlı iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması da istisna edilmir. Məhkəmə yetkinlik yaşına çatmış 2002-ci il təvəllüdlü Abbasov Röyalın evə köçürülməsinə münasibətdə onu qeyd edir ki, həmin şəxs artıq yetkinlik yaşına çatdığından onun özünün qeyd edilən iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki iş üzrə iddiaçı isə onun əvəzinə iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. əvəzinə iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik deyildir. Beləlikə məhkəmə bu qənaətə gəlir ki, mənzildən istifadə hüququ yaranmayan şəxsin həmin evdən istifadə hüququ tanına və evə köçürülə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi aşağıdakılara əsasən iddianı təmin etməməkdə haqlı olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. İddiaçı mübahisəli ünvandakı yaşayış sahəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübut təqdim etməmişdir və bu kimi hal məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. Odur ki, iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hüquq normalarının düzgün tətbiq edilməməsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, həmin dəlillər iddiaçıların formal mülahizəsidir. Azərbaycan Respublikasının MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1. 392-393 və 402-407-ci maddələrini rəhbər tutub, Qət etdi: İddiaçı X3 apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-279/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar