Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1385/2023 26.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Qazax Rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinin cavabdehlər Cavabdeh, X6 və müstəqil tələb sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə fonduna qaytarılması” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(023)-327/2023 saylı qətnaməsindən iddiaçı Qazax Rayon Ağköynək-Qarapapaq Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Qazax Rayon Ağköynək-Qarapapaq Bələdiyyəsi cavabdehlər Cavabdeh, X6 və müstəqil tələb sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə fonduna qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X2 birgə mülkiyyətində olan və adlarına daşınmaz əmlakın reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair RX Seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinin Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinin fonduna keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qazax Rayon Ağköynək-Qarapapaq Bələdiyyəsi iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər əcnəbilərdir. Onlara RX Seriyalı ******* saylı çıxarış əsasında yaşayış məntəqələrinin torpaqları kateqoriyasında ümumi birgə mülkiyyətə Qazax rayonu, Ağköynək kəndindən 0,0589 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın reyestrində 59 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh olan şəxslər ümumiyyətlə Azərbaycan Respublikasının vətəndaşı olmadıqlarına görə Türkiyə Respublikasında yaşayırlar. Bu səbəbdən də Torpaq Məcəlləsinin 49cu maddəsinin tələbinə əsasən torpaq sahəsi bələdiyyə fonduna qaytarılmalıdır. Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(023)-327/2023 saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddianın təmin edilməməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(023)-327/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı Qazax Rayon Ağköynək-Qarapapaq Bələdiyyəsi apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(023)-327/2023 saylı qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qazax Rayon Ağköynək-Qarapapaq Bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qazax Rayon məhkəməsinin 2(023)-327/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi maddi və prossesual hüququ normaları ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidi. Belə ki, cavabdehlər xarici dövlət vətəndaşlarıdır. Onlar daimi olaraq Türkiyyə Respublikasında yaşayırlar. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mülkün artıq X12 adına daşınmaz əmlak kimi qeyd edilməsinə əsaslanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, mülkün özgəninkilişdirilməsinə qadağa qoyulmuş və iş məhkəmə baxışında olan müddətdə satlmışdır ki, bu əqd yalançı əqddir. Belə ki, cavabdeh işin məhkəmədə olmasını görərək mülkü yaxın qohumu adına rəsmiləşdirmişdir. Bundan başqa hazırki iddia tələbi əvvəlki çıxarışın ləğv edilməsinə yönəlmişdir. Həmçinin qeyd edir ki, hazırda bu çıxarışın da ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılıb və bu baxımdan da ən azından bu işin icraatı dayandırılmalı idi. Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, anası X7 19 oktaybr 2005-ci il tarixdə ölmüşdür. X7 və X2 mülkiyyətində olan Qazax rayon Ağköynək kəndində yerləşən JN-115 KOD 50102018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə qeyd edilən 0.39 hektar torpaq sahəsi və Qazax rayonu Ağköynək kəndində yerləşən fərdi yaşayış evi, həyətyanı sahə və sairə məqsədlər üçün nəzərdə tutulmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-807A KOD 50102018 saylı Şəhadətnamə ilə 0.0589 hektar torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi alınmışdır. Sözügedən torpaq sahəsi bələdiyyə fonduna aid olmamışdır . Belə ki, sözügedən torpaq sahəsi mərhum X3 X11 Komitəsi Qazax rayonu şöbəsi tərəfindən Qazax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli Qərarı ilə verilmişdir. 1997-ci ildə Bələdiyyə institutu belə yox idi və balans saxlayıcı deyildi, mülkiyyətində olmamışdır. Belə ki, Qazax rayonu Ağköynək-Qarapapaq Bələdiyyəsi sədri X8 dövlət mülkiyyətin balans saxlayıcısı deyildir və olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci bındində deyilir, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Qanunun tələbindən də görünür ki Bələdiyyə mülkiyyəti Dövlət mülkiyyəti deyildir. Belə ki, sözügedən torpaq sahəsi DTXK (X11 Komitəsi) Qazax rayon şöbəsi tərəfindən 29 aprel 2004-cü il tarixdə X9ma və X4 JN-807A 50102018 saylı kodla verilmişdir. Sözügedən DTXK adından bəlli olduğu kimi Dövlət orqanındır. Qazax rayonu Ağköynək-Qarapapaq Bələdiyyəsinin mülkiyyətində olmamış və onun tərəfindən ayrılmamış, icarəyə verilməmiş, satılmamış torpaq sahəsinə daşınmaz əmlaka dair Qazax rayonu Ağköynək-Qarapapaq Bələdiyyəsi sədri X8 iddia verməsi qanuna ziddir. Bundan başqa sözügedən torpaq sahəsi xx.xx.2022ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0589 ha torpaq sahəsi Cavabdeh tərəfindən X1. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********29 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Vəliyev rafıq Əli oğlunun adına qeydə alınmışdır. Qazax rayonu Ağköynək-Qarapapaq Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanuna zidd və əsassız olduğu ilə yanaşı olaraq iddiaçının əsl tərəf olmasa da vermiş olduğu iddia üzrə xarici fiziki şəxslərə torpaq sahələri vərəsəlik qaydasında keçdiyi halda 1 il ərzində özgəninkiləşdirilməsi müddəası ilə bağlı hüquq məsələsi də həllini tapdığından, yəni Azərbaycan Respublikası vətəndaşı sözügedən torpaq sahəsinin alqı-satqısının etmiş və torpağa mülkiyyət hüququnu əldə etdiyindən mülki işin icraatına xitam verilməlidir. İddiaçı Qazax Rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinə, cavabdeh X6 və müstəqil tələb sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə kollegiyasının iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhəkəm kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 etirazda göstərilənləri müdafiə etdiyini bildirib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(023)- 327/2023 saylı qətnaməsi ləğv edilməli, işin icraatına mülki məhkəmə icraatı qaydasınsa baxılmalı olmaması əsası ilə ixitam verilməlidir. Belə ki, iddiaçı Qazax Rayon Ağköynək-Qarapapaq Bələdiyyəsi cavabdehlər Cavabdeh və X2 xarici şəxs olmasını iddia edərək, onların birgə mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,0589 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair RX seriyalı, ******* saylı çıxarışlarının Azərbaycan Respublikasının Topraq Məcəlləsinin 49-cu maddəsinə əsasən ləğv edilməsi və həmin torpaq sahəsinin Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinin fonduna keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Topraq Məcəlləsinin 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasının Topraq Məcəlləsinin 49.4-cü maddəsi xarici hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində olan mülkiyyət hüquqularını 1 il müddətində özgəninkiləşdirmədikdə, həmin torpaq sahəsinin məcburi satın alınmasını təsbit etsə də iddiaçı torpaq sahəsinin əvəzli qaydada məcburi satın alınması ilə bağlı deyil, əvəzsiz qaydada onun mülkiyyətinə keçirilməsi ilə bağlı iddia qaldırmışdır ki, həmin tələb ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan tələb olmuşdur. Birinci instansiya məhkəməsi isə işə mülki məhkəmə icraatı qaydasında baxmaqla, prosessual qanunvericiliyin tələbini pozmuşdur. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(023)-327/2023 saylı qətnaməsi ləğv edilməli, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Bunununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülkihüquq münasibətlərindən irəli gəlməməklə, Azərbaycan Respublikasının Topraq Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan xarici hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində olan mülkiyyət hüquqularını 1 il müddətində özgəninkiləşdirməli olması ilə bağlı tələb həmin şəxslərin, xarici hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində olan mülkiyyət hüquqularını 1 il müddətində özgəninkiləşdirmədikdə isə həmin torpaq sahəsinin məcburi satın alınması tələbi isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələrin qanundan irəli gələn vəzifələri hesab olunur ki, Azərbaycan Respublikasının Topraq Məcəlləsinin 49.4-cü maddəsinin tələbinə əsasən satın alınması ilə bağlı mübahisələr inzibati hüquq münasibətlərindən irəli gəlməklə inzibati məhkəmələr tərəfindən həll edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 384, 387, 391, 402, 404- 406-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(023)-327/2023 saylı qətnaməsindən iddiaçı Qazax Rayon Ağköynək-Qarapapaq Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(023)-327/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1385/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1385/2023
26.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver