Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1395/2025 07.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi(vəkili) Nümayəndə, Cavabdeh nümayəndəsi(vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “razılaşma sazişinin ləğv edilməsi və 81.000 manat pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 19 may 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında 11 oktyabr 2016-cı il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş razılaşma sazişi ilə müəyyən olunur ki, razılaşma predmeti olan, ünvan 1 ünvanda yerləşən, cavabdehin sahibliyində və sərəncamında olan kərpic zavodu inşa edilərkən iddiaçı 81.000 manat vəsait qoymuş və qazanca 10 faizlik şərik olmuşdur. Müqavilə tərəfləri eyni zamanda razılaşmışlar ki, kərpic zavodu satışa çıxarılarsa iddiaçı tərəfindən zavoda qoyulmuş 81.000 manat vəsait alğı-satqıdan sonra birdəfəlik iddiaçıya veriləcək. Zavod satılmayıb işləyəcəyi təqdirdə iddiaçının 10 faizlik qazanca payı öz qüvvəsini saxlayacaqdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ilə aralarında Gəncə şəhəri 1 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-108 reyestr nömrəli razılaşma sazişinin ləğv edilməsi, həmin saziş əsasında cavabdehə verilmiş 81.000 manat pulun və iddia əriəzisinin məhkəməyə verilməsi üçün ödənilmiş 333 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış və Gəncə şəhəri 1 saylı notariat kontorunda təsdiq olunmuş 11 oktyabr 2016-cı il tarixli, 3M- 108 reyestr nömrəli razılaşma sazişinə əsasən o, cavabdehin təklifi ilə onun sahibliyində və sərəncamında olan ünvan 2 ünvanında yerləşən kərpic istehsal edən zavodun tikilməsi üçün 81.000 manat vəsait qoymuşdur. Həmin sazişin şərtlərinə görə cavabdeh zavodun satışa çıxarıldığını nəzərə alaraq qeyd edilən vəsaitin alğı-satqıdan sonra birdəfəyə ona qaytarmağı, satılmayıb işləyəcəyi təqdirdə isə 10 faizlik qazanca şərik edəcəyi barədə öhdəlik götürmüşdür. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən nə zavodun satılması, nə də ki qazanca şərik edilməsi istiqamətində hər hansı bir təşəbbüs göstərilmişdir. Bu barədə cavabdehin özünə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hər dəfə müxtəlif bəhanələr tapmışdır. Sonuncu dəfə keçən il borcunu ona hissə-hissə qaytarmağa şərait yaratmasına baxmayaraq, yenə də hər hansı bir ödəniş etməmişdir. Cavabdehin belə hərəkət etməsi onun pulu geri qaytarmaq fikrinin olmadığını göstərir. Lakin həmin pullar çox çətinliklə qazanılmış pullardır və şəxsi mülkiyyəti hesab olunur. Ona görə də sözügedən razılaşma sazişinin ləğv edilməsi və cavabdehə verdiyi 81.000 manat pulun geri qaytarılması üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, sözügedən zavod 2014-cü ildə tikilməyə başlamış, 2016-cı ildə istehsala başlanılmışdır. Zavoda sərmayəni o və digər şərikləri qoymuşdurlar. Hazırda şəriklərdən biri cəzaçəkmə müəssisəsindədir. Digər şəriklər isə zavodun satılması üçün işlər görür. İstehsala başladıqdan sonra zavod 20-30% işləmiş, kərpiclərin çoxu qırıq çıxmış, qaz pulu, işıq pulu, işçilərin əmək haqqını ödəyə bilməmişdirlər. Həmin vaxt vergiyə də məlumat vermişdir ki, kərpic istehsal edə bilmədiyindən vergini də ödəyə bilməyəcəkdir. Zavodu yenidən işə salmaq üçün pul lazım olmuş, cavabdehdən 81.000 manat pul almışdır. O pulun hamısı zavodu işə salmaq üçün xərclənmişdir. Bakıdan, İrandan mühəndislər gəlmiş, nə qədər pullar xərclənsə də, alınmamışdır. Onun 400.000 manatdan çox pulu getmiş, müflis olmuşdur. Bugünkü gün hamıdan çox istəyir ki, həmin zavod satılsın, ona çox problemlər yaratmışdır. İddiaçı ilə razılaşmalarına əsasən əgər zavod işləsəydi 2000 manatdan da çox pul götürəcəkdi, ancaq işləməsə zavod satılıb pulunu götürəcəkdir. Zavod bağlanandan bəri elan vermiş, imkanı olan insanların hamısına xəbər vermişdir. Yazılı surətdə vergiyə də məlumat vermişdir ki, zavod işləmə gücündə deyildir. Zavoda real alıcı olmamışdır. İddiaçının deməsinə əsasən milyon yarım təklif edilməsi doğru deyildir. İddiaçı özü bir adam gətirmiş, pulu olmadığı halda zavodu işlədə biləcəyini demiş, ona görə də razı olmamışdır. Bir dəfə İranlı birisinə etibar etmiş, işlədə bilməyib yarı yolda qoyub qaçmış, 18.000 manat cəriməsini özü ödəmək məcburiyyətində qalmışdır. Şərt qoymuşdur ki, kim zavodu işlətmək istəyirsə, 40.000 manat əvvəlcədən kassaya qoysun ki, yarı yolda qoyub gedəndə heç olmasa qaz pulu, işıq pulu, işçilərin əmək haqqı ödənilsin. Bu işə girmək üçün azı 100.000 manat pul olmalıdır, çünki zavodun xərcləri elə 50.000 manatdır. Çıxan müştərilər işləyə-işləyə pul düzəldəcəklərini desələr də, bu mümkün deyildir. Bu yaxınlarda zavodun özünü almağa gəlmişdirlər. 600.000 manatdan 250.000 manata qədər qiyməti aşağı salmış, razılaşmışdırlar. Telefon nömrələrini də götürmüş, ancaq daha sonra həmin alıcılar gəlməmişdirlər. Qiymətlə bağlı heç bir problem yaratmır, təki zavod satılsın. İddiaçı ilə bir yerdə müştəri tapıb zavodu satmaq və iddiaçının pulunu qaytarmaq niyyətindədir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) e-2(125)- 1513/2025 nömrəli iş üzrə qəbul etdiyi 19 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 333 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında razılaşma sazişi bağlanaraq iddiaçı cavabdehin təklifi ilə kərpic zavodunun inşa edilməsi üçün 81.000 manat məbləğində vəsait qoymaqla qazanca 10 faizlik şərik qəbul olunmuş, zavod cavabdeh tərəfindən satıldığı təqdirdə isə iddiaçı tərəfindən zavoda qoyulmuş 81.000 manat pulun alğı-satqıdan sonra birdəfəlik veriləcəyi barədə tərəflər razılaşmışdırlar. İddiaçı iddia etmişdir ki, o, 81.000 manat pulu verdikdən sonra zavod işlədilməmiş, heç bir qazanc götürməmişdir. Zavodun satış qiymətinin yüksək olması və cavabdehin müxtəlif şərtlər qoyaraq razılaşmaması nəticəsində heç kim yaxın durmamış, razılaşma sazişi 2016-cı ildə bağlansa da 6 il ərzində zavodun satılması üçün heç bir addım atılmamış, 2022-ci ildə olduqca absurd qiymət göstərilməklə zavod satışa çıxarılmış, digər elan isə məhkəmədə iddia qaldırıldıqdan sonra verilməklə cavabdeh öhdəliyin icrasından süni şəkildə yayınmışdır. Cavabdeh tərəf isə iddia tələbini mübahisələndirərək zavodun cavabdehdən asılı olmayan səbəblər nəticəsində işləməməsini, zavodun satılması üçün cavabdehin lazım olan bütün addımları atdığını və cavabdeh tərəfindən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan hər hansı hərəkət edilmədiyini, cavabdehin özünün də zavodun satılmasında maraqlı olduğunu və zavod satıldığı təqdirdə iddiaçının pulunu geri qaytarmaq niyyətində olduğunu göstərərək iddia tələbinə etiraz etmişdir. Qanunvericilik müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin tərəflərin razılaşması ilə mümkün olduğunu, tərəflərdən birinin tələbi ilə isə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə şərtləndirmiş, əhəmiyyətli pozuntu dedikdə isə bunun digər tərəfə vurduğu zərər nəticəsində onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması nəzərdə tutulmuşdur. İddiaçı öz sərbəst iradəsinə uyğun olaraq müqavilə bağlamış və müqavilənin şərtlərini müəyyənləşdirmişdir. Müqavilənin şərtlərinin pozulmasının nə ilə ifadə olunması barədə iddiaçı hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı tələb etdiyi 81.000 manat pulun qaytarılmasının müddəti konkret olaraq müqavilədə müəyyənləşdirilməmiş, zavodun satışından sonra qaytarılması ilə şərtləndirilmişdir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 390.1, 421.1, 421.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, məhkəmənin iddianın rədd edilməsi üçün gətirdiyi arqument ondan ibarət olmuşdur ki, müqavilənin şərtlərinin pozulmasının nə ilə ifadə olunması barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, tələb olunan 81.000 manat pulun qaytarılmasının müddəti konkret olaraq müqavilədə müəyyənləşdirilməmiş, zovudun satışından sonra qaytarılması ilə şərtləndirilmişdir. Lakin iddiaçı məhkəmənin bu arqumenti ilə razılaşmır. Belə ki, üstündən xeyli müddət keçməsinə baxmayaraq, bu günə kimi nə zavodun satılması, nə də ki qazanca şərik edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı bir təşəbbüs göstərilməmişdir. Belə çıxır ki, hazırki şəraitdə iddiaçının mülkiyyəti hesab olunan pulları sonsuza qədər cavabdehdə qala bilər. Ən azından bu illər ərzində pullar cavabdehdə qalmaqla həmin pullardan yalnız cavabdeh fayda götürmüşdür. Elə məhz bu əsasla iddiaçı sözügedən sazişin ləğv olunaraq pullarının geri qaytarılmasını tələb edir. Cavabdeh iddiaçının mülkiyyəti hesab olunan pulları əsassız olaraq uzun müddət özündə saxlamaqla iddiaçıya xeyli miqdarda ziyan vurmuşdur. Ona görə də cavabdeh həmin ziyanı ödəməlidir. Lakin məhkəmə sözügüdən qətnaməni qəbul edən zaman bu fakta da hər hansı bir əhəmiyyət verməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi(vəkili) Vəkil2 iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslıdır, Şəhər Məhkəməsi iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, hazırki iş üzrə iddianın predmeti iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-108 reyestr nömrəli razılaşma sazişinin ləğv edilməsi və sazişə əsasən iddiaçının cavabdehə verdiyi 81.000 manat məbləğində pulun qaytarılması təşkil edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsində göstərillir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Ona görə də Məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilə (razılaşma sazişi) üzrə öhdəliklərin pozulmasına istinad edərək müqavilənin ləğv edilməsi və sazişin şərtlərinə uyğun verdiyi pul vəsaitini tələb etməkdə haqlı hesab oluna bilər. Həmin iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 421-ci və 424-cü maddələri təşkil edir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2). Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir ( maddə 424.2). Hazırki işdə qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Belə ki, hazırda ləğv edilməsi tələb olunan tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli razılaşma sazişinə görə, iddiaçı 81.000 manat məbləğində pulu birdəfəyə cavabdehə vermişdir. Lakin cavabdeh bunun müqabilində üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya zavodun qazancından razılaşdırılmış 10% gəlir ödənilməmiş və ya zavod satışa çıxarılmamış, bu məqsədlə cavabdeh tərəfindən real, effektiv addımlar atılmamış, 81.000 manat məbləğində pul ağlabatan müddətdə iddiaçıya qaytarılmamışdır. Cavabdeh tərəf məhkəməyə verdiyi izahatlarında bildirilir ki, zavod 2016-cı ildə istehsala başladıqdan sonra yalnız 20-30 faiz gücündə işləmişdir. İddiaçıdan 81.000 manat pulun alınması da məhz zavodun yenidən işə salınması məqsədi daşımışdır. Zavodun işə salınması üçün əlavə pullar da xərclənmiş, lakin istehsala başlamaq mümkün olmamışdır. Zavod bağlandıqdan sonra onun satılması barədə elan vermiş, imkanı olan insanlara məlumat vermiş, lakin keçən müddət ərzində zavoda real satıcı çıxmamışdır. Cavabdeh tərəf həmçinin bildirir ki, cavabdeh zavodu real bazar dəyərindən aşağı qiymətə satmaq istəmir, o, borcları ödədikdən sonra yerdə qalan pulla kiçik sahibkarlıqla məşğul olmaq niyyətindədir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “İnstagram” sosial şəbəkəsində paylaşılmış xx.xx.2022-ci il tarixli elandan görünür ki, Gəncə şəhərində kərpic zavodu, tamet sexi, penoplas sexi 2.500.000 manata satışa çıxarılmışdır. Bundan başqa, “Bina.az” internet saytında yerləşdirilmiş xx.xx.2025-ci il tarixli elandan görünür ki, kərpic zavodu 400.000 manata satışa çıxarılmış, qiymətin razılaşma yolu ilə olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üzrə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış saziş üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, iddiaçıya razılaşdırılmış həcmdə gəlir verilməmiş, nə də ki zavod ağlabatan müddətdə satılmamışdır. Zavodun satışı ilə bağlı real addımlar atdığını bildirən cavabdeh, buna dair məhkəməyə yalnız 2(iki) elan təqdim etmişdir ki, onlardan biri 2022-ci ildə, digəri isə hazırki məhkəmə icraatı başlandıqdan sonra 2025-ci ilin fevral ayında dərc edilmişir. Məhkəmə 2016-cı ildən 2025-ci ilin əvvəlinədək zavodun satılması ilə bağlı məhkəməyə təqdim olunan bu sübutları (2 elan), real satışın həyata keçirilməsi üçün kifayət hesab etmir. Cavabdehin izahatında bildirdiklərini təsdiq edən başqa mötəbər sübut isə iş materiallarında yoxdur. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli razılaşma sazişi üzrə tələblər yerinə yetirilməməklə sazişin şərtləri pozulmuşdur. Bunun nəticəsində isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur ki, bu da mübahisələndirilən müqavilənin ləğv edilməsini zəruri edən kifayət qədər əsasdır. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilənin ləğv edilməsini və verdiyi pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin işə baxan Şəhər Məhkəməsi işin bu hallarını nəzərə almamış, nəticədə əsaslı olan iddianı təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Apellyasiya baxışının nəticələrini, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. İddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 333 manat dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “razılaşma sazişinin ləğv edilməsi və 81.000 manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-108 reyestr nömrəli razılaşma sazişi ləğv edilsin. 81.000(səksən bir min) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 333(üç yüz otuz üç) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1395/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1395/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver