Məhkəmə qərarları › İş №2(104)-140/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-140/2024

06.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-140/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: icarə haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X3 və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh vəkili X1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı “ödənilməmiş icarə haqqının ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “icarə haqqının azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-96/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 19 dekabr 2016-cı il tarixli, 25 nömrəli müqavilədən görünür ki, icarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin icarəyə verdiyi Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, “Gəncə Univermaq” ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsi icarəçi Cavabdeh tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Torpaq sahəsinin illik icarə haqqı 8.399 manat 80 qəpik, aylıq icarə haqqı 699 manat 80 qəpikdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ünvanlanmış 31 may 2017-ci il tarixli, **********04 nömrəli məktubdan görünür ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanına uyğun olaraq, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, “Gəncə Univermaq” ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 25 nömrəli, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2017-ci il tarixə 3.573 manat 46 qəpik məbləğində icarə haqqı borcu yarandığı Cavabdeh bildirilmiş və həmin borcun 7 gün müddətində dövlət büdcəsinə ödənilməsi xahiş edilmişdir

3. 18 iyul 2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarə haqqı borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsindən imtina etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsindən icarəçiyə xx.xx.2017-ci il tarixli, **********04 nömrəli bildiriş göndərilmiş, ona rəsmi xəbərdarlıq edilsə də, icarəçi borcun ödənilməsindən imtina etmişdir. Obyekt hazırda fəaliyyət göstərir və çox saylı ticarət obyektləri icarəyə verilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ünvanlanmış 31 oktyabr 2016-cı il tarixli, **********67 nömrəli məktubun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən və Cavabdeh tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi və ya satınalma hüququ ilə icarəyə götürülməsi şərtləri, eləcə də imtina etdiyi halda komitə tərəfindən görüləcək müvafiq tədbirlər barəsində Cavabdeh 29 sentyabr 2016-cı il tarixli, **********11 nömrəli müvafiq bildiriş göndərilmişdir. Həmin bildirişin icra müddəti 15 oktyabr 2016-cı il tarixdə bitmişdir. Yaxın müddət ərzində bildirişdə qeyd edilən şərtlərə münasibət bildirilmədiyi təqdirdə torpaq sahəsi hərrac vasitəsi ilə başqa şəxslərə satılacaqdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(104)-248/2019 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2-1(83)-335/2016 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul olunmuş, iddia tələbi təmin edilmiş, “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olması nəzərə alınaraq alğı-satqı qiymətinin 18.895 manat 50 qəpik məbləğində müəyyən edilməklə, torpaq sahəsinin Cavabdeh satılması (özəlləşdirilməsi) vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2-1(102)-2858/2019 nömrəli qərarının məzmunundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50-də yerləşən “Gəncə Univermaq” kompleksinin mülkiyyətçisi Cavabdehdır. Həmin əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdeh 01 mart 2014-cü il və 02 aprel 2014-cü il tarixli ərizələrlə cavabdehə müraciət edərək, “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmiş, lakin müraciət təmin olunmamışdır. Bundan sonra Cavabdeh məhkəməyə müraciət edərək, “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olmasını nəzərə alınmaqla onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(83)-335/2016 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-11/2017 nömrəli, 03 iyul 2017ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2- 1(83)-335/2016 nömrəli qərarı ləğv edilərək, iddia tələbi təmin edilmiş və “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olması nəzərə alınmaqla, “Gəncə Univermaq” əmlak kompleksinin mülkiyyətçisi Cavabdeh adına özəlləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1936/2017 nömrəli, 15 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin olunaraq, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)- 11/2017 nömrəli, 03 iyul 2017-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-154/2018 nömrəli, 07 iyun 2018-ci il tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayət təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(183)-335/2016 nömrəli qərarı ləğv edilərək, yeni qərar qəbul olunmaqla iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2233/2018 nömrəli, 19 dekabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-154/2018 nömrəli, 07 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(04)- 249/2019 nömrəli, 24 may 2019-cu il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli 2-1(83)-335/2016 nömrəli qərarından C.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(83)-335/2016 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul olunmuş, iddia tələbi təmin edilmiş, “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olması nəzərə alınaraq alğısatqı qiymətinin 18.895 manat 50 qəpik məbləğində müəyyən edilməklə, torpaq sahəsinin Cavabdeh satılması (özəlləşdirilməsi) vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2-1(102)- 2858/2019 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(04)-249/2019 nömrəli nömrəli qərarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6560/2023 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsinə əsasən, cavabdehin xx.xx.2017-ci il tarixə borcu 5673,38 manat məblğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normaiv qiyməti haqqında” Əsasnaməyə əsasən xx.xx.2017-ci il tarixə borcu 45.24 manat məbləğində müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı cavabdehdən icarə haqqı borcu üzrə 4.973 manat 42 qəpik məbləğində vəsaitin iddiaçının xeyrinə tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasl Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ********************4 saylı hesabına (kod 501004, AZ74NABZ******************** saylı VÖEN**********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

9. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh (bundan sonra mətndə cavabdeh) Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, Gəncə şəhərinin 1-ci zonasında yerləşən “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199,9 kvadrat metr torpaq sahəsinin normativ qiymətinin 18.899 manat 55 qəpik olması və həmin torpaq sahəsinin illik icarə haqqının 377 manat 99 qəpik, aylıq icarə haqqının 31 manat 50 qəpik olmasının müəyyən edilməsi və tələb edilən 4.973 manat 42 qəpik məbləğində icarə haqqı borcu tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi M.A.Hüseynov izahatında ilkin iddianı müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, “Gəncə Univermaq” ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Cavabdeh həmin müqavilə üzrə ödənilməli olan 4.973 manat 42 qəpik məbləğində icarə haqqı borcu vardır. Cavabdehə xx.xx.2017-ci il tarixli, **********04 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Buna görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi (vəkil) H.R.Salahov izahatında qarşılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, “Gəncə Univermaq” ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu icarə müqaviləsi üzrə icarəyə götürülmüş 4199,9 kvadrat metr torpaq sahəsinin illik icarə haqqı 8.399 manat 80 qəpik, aylıq icarə haqqı 699 manat 98 qəpik göstərilmişdir. Cavabdeh əmlak kompleksinin və torpaq sahəsinin başqa şəxsə satılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun üçün sərfəli olmayan ağır şərtli əqd bağlamışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi öz irəli sürdüyü şərtlər əsasında icarə müqaviləsi bağlanmadığı təqdirdə əmlakın hərrac vasitəsi ilə başqa şəxslərə satılacağını bildirmişdir. Habelə xx.xx.2016-cı il tarixli, **********67 nömrəli sənədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh bildirilmişdir ki, yaxın müddət ərzində icarə müqaviləsinin şərtləri ilə razılaşmadığı təqdirdə torpaq sahəsi hərrac vasitəsi ilə başqa şəxslərə satılacaqdır. Buna görə də Cavabdeh icarə müqaviləsi bağlayarkən müqavilə şərtlərini araşdırmamış və illik icarə haqqının hesablanması qaydası Cavabdeh bildirilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 4199,9 kvadrat metr torpaq sahəsinin qara bazar qiymətini, yəni onların özlərinin müəyyən etdikləri 420.000 manat qiymətin 2 faizi həcmində illik icarə haqqı hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 420.000 x 2% = 8.400 manat qaydasında hesablamaqla illik icarə haqqının 8.400 manat, aylıq icarə haqqının isə 699 manat 98 qəpik olduğunu müəyyən etmişdir. Halbuki, “Gəncə- Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199,9 kvadrat metr torpaq sahəsi Gəncə şəhərinin 1-ci zonasında yerləşir və normativ qiyməti 18.899 manat 55 qəpikdir. İcarə haqqı hesablanarkən qiymətləndirilmiş 420.000 manat deyil, 18.899 manat 55 qəpiyin 2 faizi hesablanmalı, illik icarə haqqının 377 manat 91 qəpik, aylıq icarə haqqının isə 31 manat 49 qəpik məbləğində olması müəyyən edilməli idi. Göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tələb edilən 4.973 manat 42 qəpik məbləğində icarə haqqı borcunun yaradılması mövcud qanunvericiliyin tələblərinə ziddir. Torpaq sahəsinin icarəyə götürülməsi zamanı torpaq sahəsinin qiyməti qara bazar qiyməti ilə hesablandığına görə yalnışdır. Buna görə də torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, Gəncə şəhərinin 1-ci zonasında yerləşən “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199,9 kvadrat metr torpaq sahəsinin torpaq sahəsinin normativ qiymətinin 18.899 manat 55 qəpik olması və həmin torpaq sahəsinin illik icarə haqqının 377 manat 99 qəpik, aylıq icarə haqqının 31 manat 50 qəpik olması və tələb edilən 4.973 manat 42 qəpik məbləğində icarə haqqı borcu tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. H.R.Salahov qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-96/2023 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ilkin iddiasının qismən təmin edilməsi, Cavabdeh 14 (on dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul vəsaitinin tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasl Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ********************4 saylı hesabına (kod 501004, AZ74NABZ******************** saylı VÖEN**********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, Cavabdeh qarşılıqlı iddiasının qismən təmin edilməsi, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, “Gəncə Univermaq” ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199,9 kvadrat metr torpaq sahəsindən bir illik istifadəyə görə haqqın 377 (üç yüz yetmiş yeddi) manat 91 (doxsan bir) qəpik və bir aylıq istifadəyə görə haqqın 31 (otuz bir) manat 49 (qırx doqquz) qəpik olmasının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ilkin iddiasının və Cavabdeh qarşılıqlı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 339.1, 389, 398, 417.1, 420.2, 710.2, 1091.1, 1091.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 96/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin tam edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, “Gəncə- Univermaq” ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199.9 kv.metr torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-ci il tarixli, 25 nömrəli icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanılmış və Cavabdeh Cəbrayl qızı həmin müqaviləni öz iradəsinə uyğun imzalamışdır. İcarəçi həmin müqavilə üzrə 2017-ci ilin fevral və aprel aylarında həmin müqavilə üzrə cəmi 220 manat icarə haqqı ödənişlərini həyata keçirmişdir. Məhkəmə ilkin və qarşılıq iddianın qismən təmin edilməsi üçün əsas kimi Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair iddiası üzrə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(04)-249/2019 nömrəli, 24 may 2019-cu il tarixli qərarına istinad etmişdir. Belə ki, həmin məhkəmə qərarında torpaq sahəsinin 18.895,50 manata Cavabdeh satılması vəzifəsi Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Məhkəmə hazırkı iş üzrə torpaq sahəsinin icarə haqqı məbləğinin müəyyən edilməsi üçün yuxarıda qeyd edilən məhkəmə qərarı ilə müəyyən edilmiş torpaq sahəsinin satış qiymətinə istinad etməsi əsassız olmuşdur. Belə ki, qeyd edilən məhkəmə qərarı ilə torpaq sahəsinin satış qiyməti müəyyən edilmişdir. Hazırkı iddia isə torpaq sahəsinin icarə haqqı borcu ilə bağlıdır ki, icarə haqqının məbləği də icarə müqaviləsi ilə müəyyən edilmiş və müqavilənin hər iki tərəfi bununla razılaşmış, müqavilənin qeyd edilən şərti tərəflər üçün məcburi xarakter daşımışdır. Müqavilə ilə tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilmiş icarə haqqının məbləğinin daha sonra qəbul edilmiş məhkəmə qərarında nəzərdə tutulmuş torpaq sahəsinin satış dəyərinə görə dəyişdirilməsi tamamilə əsassızdır. Digər tərəfdən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2019-cu il tarixli qərarı ilə torpaq sahəsinin dəyəri ona görə 18.895,50 manat məbləğində müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2016-cı il tarixində qanunvericilikdə dəyişiklik edilənə qədər torpaq sahəsinin satın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciətlər etmişdir. Hazırkı iddianın predmeti olan icarə müqaviləsi isə xx.xx.2016-cı il tarixində (xx.xx.2016-cı il tarixində qanunvericilikdə dəyişiklik edildikdən sonra) bağlanılmışdır ki, icarə haqqı məbləği də qanunvericiliyə əsasən torpaq sahəsinin bazar dəyərinin 2 faizi məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmə qətnaməsində qeyd etmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinə tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə illik icarə haqqının hansı əsaslarla və hansı qaydada hesablanmasına dair sübutları məhkəməyə təqdim etmək təklif olunmuş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi ilkin iddianın əsaslarını və qarşılıqlı iddiaya öz etirazlarını təsdiq edən sübutları yenə də məhkəməyə təqdim etməmişdir. Bildirirlər ki, qətnamədə qeyd edilən bu dəlil yanlışdır. Belə ki, xidmətin işdə iştirak edən nümayəndəsi tərəfindən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsinə dair müstəqil qiymətləndiricinin hesabatı məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinin icarə haqqı məbləğinin müəyyən edilməsi qaydası isə qanunvericiliklə müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-96/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddia üzrə iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın isə tam rədd edilməsini zəruri hesab edirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X2 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-96/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydaların vasitəsi ilə müəyyənləşdirilir. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.3.3. Hüquqdan sui-istifadə edilməsinin xüsusiyyətlərindən biri də müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsidir. Maddə 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafı yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli Qərardadının 36-cı bəndində məhkəmələrə izah edilmişdir ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olubolmamasına görə mübahisəni həll edir

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilmədiyi hissəsinin ləğv edilərək, tələbin tam təmin edilməsinə və qarşılıqlı iddia tələbinin qismən təmin edildiyi hissəsində ləğvinə yönəlmişdir. Odur ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50-də yerləşən “Gəncə Univermaq” kompleksinin mülkiyyətçisi Cavabdehdır. Həmin əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Cavabdeh 01 mart 2014cü il və 02 aprel 2014-cü il tarixli ərizələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək, “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmiş, lakin həmin müraciət təmin olunmamışdır. Bundan sonra Cavabdeh məhkəməyə müraciət edərək, “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olmasını nəzərə alınmaqla onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(83)-335/2016 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-11/2017 nömrəli, 03 iyul 2017ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2- 1(83)-335/2016 nömrəli qərarı ləğv edilərək, iddia tələbi təmin edilmiş və “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olması nəzərə alınmaqla, “Gəncə Univermaq” əmlak kompleksinin mülkiyyətçisi Cavabdeh adına özəlləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1936/2017 nömrəli, 15 noyabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin olunaraq, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)- 11/2017 nömrəli, 03 iyul 2017-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-154/2018 nömrəli, 07 iyun 2018-ci il tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayət təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(183)-335/2016 nömrəli qərarı ləğv edilərək, yeni qərar qəbul olunmaqla iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2233/2018 nömrəli, 19 dekabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-154/2018 nömrəli, 07 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(04)- 249/2019 nömrəli, 24 may 2019-cu il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(83)-335/2016 nömrəli qərarından C.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016-cı il tarixli, 2-1(83)-335/2016 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul olunmuş, iddia tələbi təmin edilmiş, “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin 1-ci zona, əmsalının 5 olması nəzərə alınaraq alğısatqı qiymətinin 18.895 manat 50 qəpik məbləğində müəyyən edilməklə, torpaq sahəsinin Cavabdeh satılması (özəlləşdirilməsi) vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2-1(102)- 2858/2019 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(04)-249/2019 nömrəli, 24 may 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə mübahisəli torpaq sahəsinin Cavabdeh satılması nəzərdə tutulmuşdur.

30. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh ünvanlanmış 31 oktyabr 2016-cı il tarixli, **********67 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən və Cavabdeh tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi və ya satınalma hüququ ilə icarəyə götürülməsi şərtləri, eləcə də imtina etdiyi halda komitə tərəfindən görüləcək müvafiq tədbirlər barəsində Cavabdeh 29 sentyabr 2016-cı il tarixli, **********11 nömrəli müvafiq bildirişin göndərildiyi və həmin bildirişin icra müddətinin 15 oktyabr 2016-cı il tarixdə bitdiyi göstərilmiş, yaxın müddət ərzində bildirişdə qeyd edilən şərtlərə münasibət bildirilmədiyi təqdirdə torpaq sahəsinin hərrac vasitəsi ilə başqa şəxslərə satılacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 19 dekabr 2016-cı il tarixli, 25 nömrəli müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin icarəyə verdiyi Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, “Gəncə Univermaq” ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsi Cavabdeh tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Torpaq sahəsinin illik icarə haqqı 8.399 manat 80 qəpik, aylıq icarə haqqı 699 manat 80 qəpik məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı cavabdehdən icarə haqqı borcu üzrə 4.973 manat 42 qəpik məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin həmin iddia tələbi Cavabdeh tərəfindən qəbul olunmamış, o, tərəflər arasında bağlanmış icarə müqaviləsinin qanuniliyi mübahisələndirmiş və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndində göstərilmişdir ki, torpaq sahələrinin icrayə verilməsi şərtləri və müddəti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir.

32. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(04)-249/2019 nömrəli, 24 may 2019-cu il tarixli qərarı ilə “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin alğı-satqı qiyməti 18.895 manat 50 qəpik məbləğində müəyyən edilməklə, torpaq sahəsinin Cavabdeh satılması (özəlləşdirilməsi) vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli, 2-1(102)-2858/2019 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 08 iyun 2016cı il tarixli, 2-1(83)-335/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki halda “Gəncə Univermaq” əmlak kompleksinin yerləşdiyi 4199 kvadrat metr torpaq sahəsinin alğı-satqı qiymətinin 18.895 manat 50 qəpik məbləğində olması işin mübahisəsiz halıdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun qaydada hesablandıqda isə həmin torpaq sahəsinin illik icarə haqqının 377 manat 91 qəpik (18.895 manat 50 qəpik x 0,02% = 377 manat 91 qəpik), aylıq icarə haqqının isə 31 manat 49 qəpik (377 manat 91 qəpik ÷ 12 ay = 31 manat 49 qəpik) olduğu müəyyən edilir. Lakin “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 19 dekabr 2016-cı il tarixli, 25 nömrəli müqavilədə illik icarə haqqının 8.399 manat 80 qəpik, aylıq icarə haqqının isə 699 manat 98 qəpik məbləğində olduğu qeyd olunmuşdur. Bununla da, “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında” 19 dekabr 2016-cı il tarixli, 25 nömrəli müqavilə üzrə qiymətin müəyyənləşdirilməsi zamanı dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin hesablanmasına dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1 və 710.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi təklif olunan müqavilə şərtləri əsasında icarə müqaviləsi bağlanmadığı halda torpaq sahəsinin hərrac vasitəsi ilə başqa şəxslərə satılması barədə Cavabdeh müxtəlif tarixli məktublarla, eləcə də 31 oktyabr 2016-cı il tarixli məktubla xəbərdarlıq etmişdir. Halbuki, həmin vaxt tərəflər arasında mübahisəli əmlakın hərracda satılması və hərrac qiymətinin müəyyənləşdirilməsinə dair mübahisə olmuş, 19 dekabr 2016-cı il tarixdə müqavilə bağlanarkən qeyd olunan inzibati iş Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olmuşdur. Belə olan halda Cavabdeh mübahisəli əmlakın hərracda başqa şəxsə satılmasının qarşısının müvəqqəti alınmasına nail olmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ağır şərtlərlə əqd bağlamaq məcburiyyətində qalmışdır. Cavabdeh torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsinin qanuniliyini və ya etibarlılığı məsələsini məhkəməyə ünvanladığı vəsatətlərlərində, qarşılıqlı iddiasında və izahatlarında mübahisələndirmişdir. Qeyd olunan səbəblərdən də ağır şərtlərlə bağlanmış əqd etibarlı hesab edilə və ona əsaslanan tələb təmin oluna bilməz. Lakin Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 50, “Gəncə Univermaq” ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi 4199.9 kvadrat metr torpaq sahəsindən istifadə etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə uyğun olaraq, əmlakdan istifadəyə görə ödənişlər etmək vəzifəsi yaranmışdır. Buna görə də Cavabdeh 31 dekabr 2016-cı il tarixdən 03 avqust 2017-ci il tarixədək, yəni iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək torpaq sahəsindən istifadə ilə əlaqədar 220 manat ödəniş etmişdir.

34. Hazırki halda torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndinə uyğun hesablanmış bir aylıq icarə haqqının 31 manat 49 qəpik olması və iddia tələbinin 19 dekabr 2016-cı il tarixdən 03 avqust 2017-ci il tarixədək olan müddəti əhatə etməsi nəzərə alındıqda, həmin müddət ərzində Cavabdeh (31 manat 49 qəpik x 7 ay + 1 manat 04 qəpik x 14 gün – 220 manat) 14 manat 99 qəpik məbləğində borcunun yarandığı müəyyən edilir. Belə ki, Cavabdeh ilə bəhs edilən icarə müqaviləsi 19 dekabr 2016-cı il tarixdə bağlanmış, müqavilənin bağlandığı vaxtdan məhkəmədə iddia qaldırıldığı vaxtadək 7 ay 14 gün müddət keçmiş və iddia tələbi həmin 7 ay 14 gün müddətə dair dövrə aid olmuşdur. Belə olan halda torpaqdan istifadəyə görə hesablanmalı olan 31 manat 49 qəpik pul vəsaiti 7 ay 14 günə (bir günlük icarə haqqı 1 manat 04 qəpik) vurulmalı və hasildən ödənilmiş 220 manat məbləğində pul vəsaiti çıxılmaqla ödənilməli vəsaitin ümümi məbləği əldə edilməlidir.

35. Digər tərəfdən məhkəmə kollegiyası tərəfindən də icarə haqqının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6560/2023 saylı ekspert rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsinə əsasən, cavabdehin xx.xx.2017-ci il tarixə borcu 5673,38 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 25 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə əsasən xx.xx.2017-ci il tarixə borcu 45.24 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, ekspert tərəfindən hər iki qaydada icarə haqqının hesablanması düzgün aparılmış, sadəcə ekspert hər iki hal üzrə icarə haqqını sualda (həmçinin iddia ərizəsində) göstərilmiş konkret tarix üzrə deyil, ümumilikdə icarə müqaviləsinin icra müddəti üçün hesablamışdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-96/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul Cavabdeh alınaraq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601000**********4, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar