Məhkəmə qərarları › İş №2(104)-1405/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1405/2025

04.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1405/2025 04.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair mülki üzrə Tərtər Rayon Məhkəməsinin 02 may 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh bacı-qardaşdır. ünvan 1 ünvanında yerləşən 34 nömrəli mənzilə hazırki iş üzrə tərəflərin atası X1 mülkiyyət hüququ 2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sözügedən mənzil xx.xx.2023-cü il tarixdə iddiaçının atası tərəfindən iddiaçıya bağışlanmışdır. X2 17 mart 2024-cü ildə ölmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsalandırmışlar ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 168 saylı evin, 34 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Mərhum ata və anasına sağlığında xüsusi diqqət və qayğı göstərmiş, onlara baxmışdır. Qardaşı Süleyman ailə qurduqdan sonra ata və anasına nifrət etməyə, onlara söz qaytarmağa və onlara laqeyd münasibət bəsləməyə başlamışdır. Cavabdehin hərəkətləri son həddə çatmaqla valideynlərinə qarşı hörmətsizlikdir. Atasının sağlığında cavabdehin istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və iddiası tam formada təmin olunmaqla, cavabdehə 12.000 manat pul verməklə istifadə hüquqlarına xitam verilmişdir. Atası sağlığında özünə məxsus əmlakı tam formada ona bağışlayaraq öz iradə ifadəsini bildirmişdir. Cavabdeh isə atasının son iradəsinə belə maneə olmaqda davam edir. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(061)-571/2025 nömrəli iş üzrə qəbul etdiyi 02 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Qubadov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, qanunvericiliyə əsasən hər hansı bir şəxsin ləyaqətsiz vərəsə sayıla bilməsi üçün vəsiyyətnamənin qoyulması və bu zaman ləyaqətsiz vərəsə hesab edilə biləcək şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi hallarının olması, həm də həmin halların məhkəmə tərəfindən təsdiq edilmiş olması zəruridir. İddiaçı cavabdehə qarşı “ləyaqətsiz vərəsə hesab edilmə tələbi”nə dair iddia iddia tələbi irəli sürsə də, məhkəmə iclasında iddiasını əsaslandıra və sübuta yetirə bilməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, atası cavabdehlə 2-3 il hüquqi formada mübarizə aparmış və cavabdehə düşən payı vermişdir. Atasının yas mərasiminə gəlməyən bir şəxsə vərəsəlik düşməməlidir. Atasının ölməmişdən əvvəl olan videolarını məhkəməyə təqdim etsə də məhkəmə qətnaməsində göstərilməmişdir. Atası ah-nalə ilə bildirirmişdir ki, Süleymana heç nə vermirəm və onu övladlıqdan çıxarıram. Daha ətraflı işdə olan diskə baxan zaman görmək mümkündür. Son iradəsinə zidd olaraq cavabdeh iradəsindən kənar əsassız şikayətlər etmiş və müddəti uzadaraq atasının ölməsini gözləmişdir. Bu haqq-ədalətə və qanunveiciliyə də zidd bir addımdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh bacıqardaşdır. ünvan 1 ünvanında yerləşən 34 nömrəli mənzilə hazırki iş üzrə tərəflərin atası X1 mülkiyyət hüququ 2011-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sözügedən mənzil xx.xx.2023-cü il tarixdə iddiaçının atası tərəfindən iddiaçıya bağışlanmışdır. X2 17 mart 2024-cü ildə ölmüşdür. Mülki Məcəllənin 1137-ci maddəsində göstərilmişdir ki, vərəsənin ləyaqətsiz hesab edilməsi üçün o, miras qoyanın son iradəsini həyata keçirməyə qəsdən mane olmalı və ya onun vəsiyyət iradəsinə qarşı əxlaqsız və ya cinayət xarakterli hərəkət etməlidir. Bu halın mövcudluğunu təsdiq etmək üçün müvafiq sübutlar məhkəməyə təqdim edilməlidir və bu hallar məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsini təsdiq edəcək sübutlar nə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilmiş, nə də Mülki Məcəllənin 1137-ci maddəsinin dispozitiv şərtlərinə cavab verən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Odur ki, Məhkəmə hesab edir ki, iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətində iddiaçı təqdim etdiyi səs və video yazılarına, şəxsi müşahidələrə və mərhumun əhval-ruhiyyəsinə istinad edir. Lakin hüquqi müstəvidə bu cür subyektiv yanaşmalar və dolayısı sübutlar Mülki Prosessual Məcəllənin 77 və 106-cı maddələrinə uyğun olaraq obyektiv dəyərləndirilə biləcək sübutlar kateqoriyasına daxil edilmir. Belə olduqda iddiaçının apellyasiya şikayətində qeyd etdiyi sübutlar qanunvericilikdə nəzərdə tutulmuş sübut standartlarına cavab vermir və həmin sübutlar hüquqi nəticə doğuracaq fakt kimi qəbul edilə bilməz. Həmçinin, Məhkəmə qeyd edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü mənəvi əsaslandırmalar – yəni mərhumun yas mərasimində iştirak etməmək, ailədaxili münasibətlər və şəxsi münaqişələr ləyaqətsiz vərəsə anlayışının hüquqi tərkibini formalaşdırmır. Belə hallar hər hansı qanunsuzluq və ya cinayət tərkibli davranışla müşahidə edilmədikcə, şəxsin vərəsəlik hüququnun inkar edilməsinə əsas verə bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddianın nə faktiki, nə də hüquqi əsası var. İddiaçının iddiası əsassızdır və Rayon Məhkəməsi həmin iddianı sübuta yetməməsi əsası ilə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayətinin Rayon Məhkəməsi tərəfindən səthi araşdırma aparılması, sübutları sona qədər araşdırmaması, əldə olunan sübutlara düzgün hüquqi qiymət verməməsi barədə dəlilləri əsassız hesab edilməlidir. Qeyd olunanlara əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2(iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar