Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-141/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh7, X11, Cavabdeh2, Cavabdeh10 və Cavabdeh3, üçüncü şəxs “X8 və Emal Birliyi” MMC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X5, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh3, 3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X8 və Emal Birliyi” MMC-nin nümayəndəsi X7 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(015)-15/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “X8 və Emal Birliyi” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 30/20 nömrəli Birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, birgə tərəf birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün zəruri olan əkinə yararlı torpaq sahəsinə (Ağstafa rayonunda Həzi Aslanov qəsəbəsində yerləşən 37 hektar torpaq sahəsi), ikinci tərəf isə birgə fəaliyyət növünün həyata keçirilməsi üçün arpa və buğda toxumuna, işçi qüvvəsinə, maddi-texniki bazaya təşkilati, maliyyə resurslarına və bu sahə üzrə müvafiq təcrübəyə malikdir. Birinci tərəf - “X8 və Emal Birliyi” MMC birgə fəaliyyət predmetinə daxil olan fəaliyyət növünün həyata keçirilməsi üçün müvafiq torpaq sahəsini ayırmaq və iki illik istifadəni təmin etmək öhdəliyini öz üzərinə götürmüşdür.
2. 09.07.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “X8 və Emal Birliyi” MM-yə 5500 manat icarə haqqı ödənilmişdir.
3. X18 Mərkəzinin xx.xx.2021-ci il tarixli 3/g nömrəli arayışdan görünür ki, Ağstafa rayon ərazisində 1 ha yonca sahəsində istehsal olunan yonca bitkisinin orta məhsuldarlıq göstəricisi 125 kip təşkil edir. Mövsum ərzində yonca sahəsi 4 dəfə biçilməklə 4x125 kip = 500 kip təşkil edir. Bir kipin orta çəkisi 14 kq olmaqla mövsüm ərzində 7500 kq quru yonca otu istehsal olunur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/851 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mühəndisi Vüqar Musayevin rəyində qeyd edilir ki, müraciətə əlavə edilmiş Ağstafa rayonu Üzüm tingiliyi kənd təsərrüfatı istehsalı müəssisə MMC-nin yerquruluşu planında qeyd olunan torpaq sahələrinin koordinatlar ilə cavabdehlərin istifadəsi kimi təqdim edilən torpaq sahələri üstüstə düşmür. Rəydə qeyd edilir ki, müraciətə əlavə edilmiş Ağstafa rayonu Üzüm tingliyi kənd təəsrrüfatı istehsalı müəssisəsi MMC-nin yerquruluşu planında qeyd olunan torpaq sahələrinin koordinatları Ağstafa rayonu H.Aslanov qəsəbəsinin hüdudları daxilinə düşmür. Qəsəbənin hüdudları daxilinə düşmədiyindən həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəti 50 (əlli) manat təşkil etmişdir.
5. Ağstafa RİHB-nin Qarayazı qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 124/q arayışdan görünür ki, Cavabdeh4 şərti olaraq 0.75 ha pay torpağı verilmişdir.
6. Ağstafa RİHB-nin Qarayazı qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 125/q arayışdan görünür ki, Cavabdeh1 şərti olaraq 0.45 ha pay torpağı verilmişdir.
7. Ağstafa RİHB-nin Qarayazı qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 126/q arayışdan görünür ki, X2 şərti olaraq 1.05 ha pay torpağı verilmişdir.
8. Ağstafa RİHB-nin Qarayazı qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 127/q arayışdan görünür ki, Cavabdeh6 şərti olaraq 0.60 ha pay torpağı verilmişdir.
9. Ağstafa RİHB-nin Qarayazı qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 128/q arayışdan görünür ki, Cavabdeh7 şərti olaraq 0.75 ha pay torpağı verilmişdir.
10. Ağstafa RİHB-nin Qarayazı qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 129/q arayışdan görünür ki, Cavabdeh3 Xəlil oğluna şərti olaraq 0.45 ha pay torpağı verilmişdir.
11. Ağstafa RİHB-nin Qarayazı qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli 130/q arayışdan görünür ki, Cavabdeh10 şərti olaraq 0.60 ha pay torpağı verilmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz ərazi idarəsinin mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən ərazilər tərəflərin iştirakı ilə ölçüldür. Ölçü işləri aparılmış torpaq sahələrinin 1-ci hissəsi 18.27 ha və 2-ci hissə 11.17 ha təşkil edir (sxem əlavə edilir). Həmin hissələrdən 1-ci hissə bütövlükdə (18.27 ha) və 2-ci hissənin (11.17 ha) 5.22 hektara qədəri müraciətə əlavə edilmiş Azəraqrar İstehsalat və Emal Birliyi MMC-nin Qərb Regional İdarəsinin Ağstafa Təsərrüfatə ərazisindən Birgə İstehsal məqəsi ilə ayrılmış torpaq sahəsinin planında qeyd olunan torpaq sahələri ilə üst-üstə düşür.
13. Məhkəmə Kollegiyasına təqdim olunmuş “X8 və Emal Birliyi” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22BF/013 nömrəli Birgə fəaliyyət haqqında müqavilənin surətindən görünür ki, birinci tərəf (MMC) fəaliyyətin predmetini təşkil edən Ağstafa rayonu H.Aslanov qəsəbəsində yerləşən 31.74 ha əkin sahəsinin və həmin qəsəbədə yerləşən 150 kv.m yararsız vəziyyətdə olan anbar binasını, 366. Kv.m olan yarı təmirli tövlə və 272 kv.m olan dam örtüyü olmayan yardımçı bina və tikililərin (köhnə istixana binası) ərazisi olan 5.54 torpaq sahəsini və Soyuqbulaq qəsəbəsində 25.52 ha əkin sahəsini abadlaşdırmaq üçün maddi-texniki bazaya müvafiq bilik və bacarığa, ikinci tərəf (İddiaçı) isə fəaliyyət növünün həyata keçirilməsi üçün maddi-texniki bazaya təşkilati, insan və maliyyə resurslarına malikdir. Birinci tərəf öhdəliyin həyata keçirilməsi üçün müvafiq torpaq və əmlakı digər tərəfə ayırır və maneəsiz istifadəsini təmin edir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1420 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi idarəsi tərəfindən verilən rəyin məlumatlarına əsasən ölçü işləri aparılmış torpaq sahələrinin 1-ci hissəsi 18.27 ha və 2-ci hissə 11.17 ha təşkil edir (sxem əlavə edilir). Həmin hissələrdən 1-ci hissə bütövlükdə (18.27 ha) və 2-ci hissənin (11.17 ha) 5.22 hektara qədəri müraciətə əlavə edilmiş Azəraqrar İstehsal və Emal Birliyi MMC-nin qərb Regional İdarəsinin Ağstafa Təsərrüfatı ərazisindən Birgə İstehsal məqsədi ilə ayrılmış torpaq sahəsinin planında qeyd olunan torpaq sahələri ilə üst-üstə düşür. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2, Cavabdeh10 və Cavabdeh3 ona məxsus olan Ağstafa rayonu H.Aslanov qəsəbəsində yerləşən 37 ha torpaq sahəsindən qanunsuz istifadə etmələrinin dayandırılaraq istifadə etməmə öhdəliyinin qoyulması və ona dəymiş 29100 manat ziyanlığın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayonu H.Aslanov qəsəbəsi ərazisində yerləşən “X8 və Emal Birliyi” MMC-nə məxsus olan 37 ha torpaq sahəsini 02 mart 2020-ci il tarixdə 2 illik müddətə birgə fəaliyyət haqqında müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmişdir. Buna baxmayaraq cavabdehlər həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermirlər. Özlərinə məxsus olan iri və xırda buynuzlu mal-qaralarını mübahisəli torpaq sahəsində əkilmiş yoncaya və otlaq sahəsi olaraq biçənək kimi istifadə etdiyi yerə və digər bir hissədə 3500 kol meşə ağacı və kolu əkməsinə baxmayaraq otarırlar. Cavabdehlərin etdikləri qanunsuzluq nəticəsində 2020-ci ildən bəri həmin ərazidən gəlir əldə edə bilməmişdir. Bundan başqa həmin torpaq sahəsində yerləşən keçmişdə istixana kimi fəaliyyət göstərmiş, sonradan bərpa etdirdiyi tikilini məhv etmişlər. O, müqavilədə göstərilmiş olan 2020-ci il üçün digər tərəfə 5500 manat pul, özü üçün əldə edəcək 5500 manat qazanc, məhsul olaraq isə 500 kip yonca götürməkdən məhrum olmuşdur. Eyni zamanda torpaq sahəsində əkdiyi 3500 ədəd meşə ağaclarının əkilməsinə və suvarılmasına 5000 manat pul xərcləmişdir. Ona dəymiş mənəvi zərər isə 10000 manat edir. Cavabdehlər ona ümumlikdə 29100 manat ziyan vurmuşlar. İddiaçının müqavilə müddəti 02 mart 2022-ci il tarixdə bitmiş və hal-hazıradək yeni müqavilə mövcud deyildir. Gələcəkdə müqavilənin müddəti uzadılacaqdır. Eyni zamanda iş üzrə ekseprtiza təyin olunarkən təqdim edilmiş koordinat mübahisəli torpaq sahəsinə aid olmadığından ekspert tələbləri üzrə müsbət rəy verməmişdir. Hazırda mübahisəli torpaq sahəsinə dair yeni koordinatları əldə etmişlər.
17. Ağstafa Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(015)-15/2022 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia tələbinin təmin edilməməsi, iş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulması qət edilmişdir.
18. Məhkəmə iddianı təmin etməyərkən qeyd etmişdir ki, mülkiyyətdə olan torpaq sahəsini icarəyə vermək üçün bağlanılan torpaq icarəsi müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Lakin iddiaçı ilə mübahisəli torpaq sahəsinə dair bağlanılmış həmin icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış, həmçinin həmin müqavilənin qüvvədə olma müddəti bitmiş, həmin müddətin uzadılması və ya mübahisəli torpaq sahəsinə dair yeni müqavilənin bağlanılması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının həmin müqavilə üzrə hər hansı bir şəxsdən pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququ yaranmamışdır. Eyni zamanda iddiaçı cavabdehlərə məxsus olan iri və xırda buynuzlu mal-qaralarını mübahisəli torpaq sahəsində əkilmiş yoncaya və otlaq sahəsi olaraq biçənək kimi istifadə etdiyi yerə və digər bir hissədə 3500 kol meşə ağacı və kolu əkməsinə baxmayaraq otarmalarını, həmin torpaq sahəsindən əldə edəcəyi gəlirdən məhrum olmasını və ona 29100 manat ziyan dəyməsini bildirmişdir. Lakin həmin halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, qeyd edilən faktlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 144.1, 399.1, 399.3, 1096.1 və 1097.1-ci, Torpaq Məcəlləsinin 56.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 124.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(015)-15/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Torpağın kimə məxsus olması araşdırımamışdır. Həmçinin torpaq sahəsinin koordinatları da tam olaraq müəyyən edilməmişdir. Cavabdehlər həmin torpaq sahəsindən istifadə etmələrinə icazə verildiyini bildirsələr də kim tərəfindən icazə verilməsini bildirməmişlər, müqavilənin müddəti bitmişdir və bu müddət ərzində ona dəymiş zərəri mümkün olacağı halda ziyan da müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Bundan başqa iddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən ərazilər tərəflərin iştirakı ilə ölçülmüşdür. Ölçü işləri aparılmış torpaq sahələrinin 1-ci hissəsi 18.27 ha və 2-ci hissə 11.17 ha təşkil etmişdir. Həmin hissələrdən 1-ci hissə bütövlükdə (18.27 ha) və 2-ci hissənin (11.17 ha hissəsinin) 5.22 hektara qədəri onlara icarəyə verilmiş Azəraqrar İstehsalat və Emal Birliyi MMC-nin Qərb Regional İdarəsinin Ağstafa Təsərrüfatə ərazisindən Birgə İstehsal məqəsi ilə ayrılmış torpaq sahəsinin planında qeyd olunan torpaq sahəsidir ki, cavabdehiər tərəfindən qanunsuz olaraq istifadə edilir. Onlar xx.xx.2022-ci il tarixdə xx.xx.2024-cü il tarixədək “X8 və Emal Birliyi” MMC ilə yenidən - 22BF/013 nömrəli Birgə fəaliyyət haqqında müqaviləyə əsasən birinci tərəf (MMC) fəaliyyətin predmetini təşkil edən Ağstafa rayonu H.Aslanov qəsəbəsində yerləşən 31.74 ha əkin sahəsinin və həmin qəsəbədə yerləşən 150 kv.m yararsız vəziyyətdə olan anbar binasını, 366. Kv.m olan yarı təmirli tövlə və 272 kv.m olan dam örtüyü olmayan yardımçı bina və tikililərin (köhnə istixana binası) ərazisi olan 5.54 torpaq sahəsini və Soyuqbulaq qəsəbəsində 25.52 ha əkin sahəsini abadlaşdırmaq üçün maddi-texniki bazaya müvafiq bilik və bacarığa, ikinci tərəf (İddiaçı) isə fəaliyyət növünün həyata keçirilməsi üçün maddi-texniki bazaya təşkilati, insan və maliyyə resurslarına malikdir. Birinci tərəf öhdəliyin həyata keçirilməsi üçün müvafiq torpaq və əmlakı digər tərəfə ayırır və maneəsiz istifadəsini təmin edir kimi - müqavilə bağlamışlar. Ona görə də iddianın təmin edilməsini cavabdehlərin onlarin icarəsində olan istifadə etdikləri torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Bundan əlavə olaraq bildirmişlər ki, onlara həmin torpaq sahəsi arayış əsasında verilmişdir, bu barədə Dövlət Aktı və ya şəhadətnamələri yoxdur. Onlar hesab edirlər ki, iddia tələbi tam əsassızdır. Belə ki, həmin torpaq sahələri arayış əsasında onlara verilmişdir, onlara bu barədə şəhadətnamə və ya Dövlət Aktı verilməmişdir. Ona görə də apellyasiya şikayətin təmin edilməməsini xahiş etmişlər.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X8 və Emal Birliyi” MMC-nin nümayəndəsi X12 apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, həmin torpaq sahələri dövlətə məxsusdur, qanunu əsaslarla iddiaçının icarəsinə verilmişdir və hazırda onların qanunu sahibliyində olmaqla iddiaçı tərəfin icarəsindədir. İcarə müqaviləsi xx.xx.2024-cü il tarixədək qüvvədədir. Ona görə də apellyasiya şikayətinin torpaqdan çıxarılmasının təmin edilməsini xahiş etmişdir.
26. İş üzrə cavabdehlər Cavabdeh8, Cavabdeh5 Cahangir qızı, Cavabdeh9, X6 və Cavabdeh10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciətləri daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
27. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
36. Maddə 56.1. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.
37. Maddə 66. 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
45. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.
49. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
50. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
51. MPM-nin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
53. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki,birinci instansiya məhkəməsi iddia tələbini ümumilikdə rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
56. Belə ki, işdə olan İddiaçı ilə X8 və Emal Birliyi MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əvvəlki və xx.xx.2022-ci il tarixli sonrakı birgə fəaliyyət müqavilələrinə əsasən birgə tərəf birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün zəruri olan əkinə yararlı torpaq sahəsinə (Ağstafa rayonunda Həzi Aslanov qəsəbəsində yerləşən 37 hektar torpaq sahəsi) İddiaçı icarəsinə və istifafəsinə verilmişdir.
57. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən ərazilər tərəflərin iştirakı ilə ölçülmüşdür. Ölçü işləri aparılmış torpaq sahələrinin 1-ci hissəsi 18.27 ha və 2-ci hissə 11.17 ha təşkil etmişdir. Həmin hissələrdən 1-ci hissə bütövlükdə (18.27 ha) və 2-ci hissənin (11.17 ha) 5.22 hektara qədəri iddiaşı tərəfə icarəyə verilmiş Azəraqrar İstehsalat və Emal Birliyi MMC-nin Qərb Regional İdarəsinin Ağstafa Təsərrüfatə ərazisindən Birgə İstehsal məqəsi ilə ayrılmış torpaq sahəsinin planında qeyd olunan torpaq sahəsidir ki, cavabdehiər tərəfindən istifadə edilir. Məhkəmə Kollegiyasına təqdim edilmiş müqavilədən görünür ki, xx.xx.2022-ci il tarixdə xx.xx.2024-cü il tarixədək “X8 və Emal Birliyi” MMC ilə yenidən - 22BF/013 nömrəli Birgə fəaliyyət haqqında müqaviləyə əsasən birinci tərəf (MMC) fəaliyyətin predmetini təşkil edən Ağstafa rayonu H.Aslanov qəsəbəsində yerləşən 31.74 ha əkin sahəsinin və həmin qəsəbədə yerləşən 150 kv.m yararsız vəziyyətdə olan anbar binasını, 366. Kv.m olan yarı təmirli tövlə və 272 kv.m olan dam örtüyü olmayan yardımçı bina və tikililərin (köhnə istixana binası) ərazisi olan 5.54 torpaq sahəsini və Soyuqbulaq qəsəbəsində 25.52 ha əkin sahəsini abadlaşdırmaq üçün maddi-texniki bazaya müvafiq bilik və bacarığa, ikinci tərəf (İddiaçı) isə fəaliyyət növünün həyata keçirilməsi üçün maddi-texniki bazaya təşkilati, insan və maliyyə resurslarına malikdir. Birinci tərəf öhdəliyin həyata keçirilməsi üçün müvafiq torpaq və əmlakı digər tərəfə ayırır və maneəsiz istifadəsini təmin edir kimi - müqavilə bağlamışlar. İddiaçı iddiasında və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, cavabdehlər onlara həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermirlər. Özlərinə məxsus olan iri və xırda buynuzlu mal-qaralarını mübahisəli torpaq sahəsində əkilmiş yoncaya və otlaq sahəsi olaraq biçənək kimi istifadə etdiyi yerə və digər bir hissədə 3500 kol meşə ağacı və kolu əkməsinə baxmayaraq otarırlar. Cavabdehlərin etdikləri qanunsuzluq nəticəsində 2020-ci ildən bəri həmin ərazidən gəlir əldə edə bilməmişdir. Bundan başqa həmin torpaq sahəsində yerləşən keçmişdə istixana kimi fəaliyyət göstərmiş, sonradan bərpa etdirdiyi tikilini məhv etmişlər. Cavabdehlər ona ümumlikdə 29100 manat ziyan vurmuşlar. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyətdə olan torpaq sahəsini icarəyə vermək üçün bağlanılan torpaq icarəsi müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Lakin iddiaçı ilə mübahisəli torpaq sahəsinə dair bağlanılmış həmin icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış, həmçinin həmin müqavilənin qüvvədə olma müddəti bitmiş, həmin müddətin uzadılması və ya mübahisəli torpaq sahəsinə dair yeni müqavilənin bağlanılması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən sözügedən torpaq sahəsini mülkiyyyətdə olan kimi qeyd etməklə kifayətlənmiş mülkiyyətçini müəyyən etməmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi “X8 və Emal Birliyi” MMC-in mülkiyyətindədir.
58. Digər tərəfdən birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış birgə fəaliyyət müqavilələrinin etibarlı olub-olmamasına və eləcə də icarə müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamasını əsas tutmuşdur, bununla bağlı kollegiya aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasındakı mülki münasibət birgə fəaliyyət müqavilələrindən irəli gəlməklə hazırda iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində mübahisəli ərazi kimi, Ağstafa rayonu, H.Aslanov qəsəbəsində yerləşən 37 ha torpaq sahəsinin - 1-ci hissənin 18.27 ha. və 2-ci hissənin (11.17 ha) 5.22 ha. hissəsindən( torpaq sahəsi hazırda iddiaçının icarəsində olmaqla qanuni sahibliyindədir) cavabdehlər tərəfindən faktiki olaraq həmin torpaq sahələri heç bir hüququ əsas olmadan istifadə edilir. İş üzrə keçirilmiş ekspert rəyi ilə də, həmin torpaq sahəsinin iddiaçıya müqavilə əsasında verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. (bu hal həm ekspert rəyinə əlavə edilmiş sxemdə və “X8 və Emal Birliyi” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22BF/013 nömrəli Birgə fəaliyyət haqqında müqaviləyə əlavə edilmiş torpaq sahəsinin planı sənədinə əsasən tam təsddiqini tapmışdır).
59. Məhkəmə kollegiyası icarə müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına münasibətdə aşağıdakıları diqqətə çatıdırılmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.4-ci maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. X1 11-ci maddəsinə görə icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Həmçinin, Torpaq Məcəlləsinin 65.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qanunverciliyin qeyd edilən tələbindən göründüyü kimi torpaq üzərində icarə hüququnun yaranması yəni torpaq üzərində sahiblik və istifadə hüququnun yaranması üçün müqavilə lazımdır və bu müqavilə şəxsin icarə hüququnu yəni torpaqla bağlı hüquqlarının müdafiəsi üçün yetərlidir. Digər halda məhkəmənin qeyd etdiyi kimi həmin hüququn dövlət qeydiyyatına alınmaması icarəçini həmin torpaqla bağlı sahiblik və istifadə hüququndan məhrum etmir, sadəcə həmin hüququla bağlı sərəncam hüququnu istisna edir. Bütün bunlar həmçinin Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 18 dekabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hüquq nəzəriyyəsində sahibliyin müdafiə olunmasının iki üsulu fərqləndirilir: - hüquq mənasında sahibliyin müdafiəsi; - fakt mənasında sahibliyin müdafiəsi. Hüquq mənasında sahiblik mülkiyyət hüququnun, məhdud əşya hüququnun və öhdəlik hüququnun (məsələn, kirayəçinin, icarəçinin və s. hüquqlarının) tərkibində müdafiə olunur. Bu halda iddia tələbinin əsasını titul (hüquqi əsas) təşkil edir. Fakt mənasında sahiblik hər hansı hüquqi əsas olmasından asılı olmayaraq, müstəqil surətdə müdafiə edilir. Sahiblik hüququ pozulan zaman zərərçəkən pozuntudan müdafiə olunmaq üçün pozuntunun törədilməsini sübut etməlidir. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.
60. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Xüsusən məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən qərarda qeyd edildiyi kimi iddiaçı tərəfin torpaqla bağlı hüquqlarını qeydiyyata aldırmaması onları sahiblik hüququndan habelə həmin torpaq sahəsinə olan məhkəmə müdafiəsi hüququndan məhrum etmir. Cababdehlərin isə həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqları olmamaqla bu barədə birinci və apellyasiya instansiya məhkəməsinə hər hansı bir sübut təqdim etməmişlər.
61. Ona görə də məhkəmə kollegiyasl hesab edir ki, iddia qismən təmin edilməklə, iddiaçının istifadəsində olan Ağstafa rayonu, H.Aslanov qəsəbəsində yerləşən 37 ha torpaq sahəsinin - 1-ci hissənin 18.27 ha. və 2-ci (11.17 ha) hissənin 5.22 ha. hissəsindən cavabdehlər istifadə etdikləri torpaq sahəsindən şıxarılmalıdırlar. İddia tələbinin torpaq sahəsindən istifadə etməmə öhdəliyi hisəsində isə tələb qeyri müəyyən olduğundan və həmin hissədə idda tələbinin təmin edilməsinin hüququ əsasları olmadından təmin edilməməlidir.
62. Maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dəymiş ziyanla bağlı təqdim etdiyi arayış ehtimal xarakterli olmaqla ona ziyan dəyməsini sübut etmir. Belə ki, iddiaçı tələbində 2020-ci il üçün digər tərəfə 5500 manat pul, özü üçün əldə edəcək 5500 manat qazanc, məhsul olaraq isə 500 kip yonca götürməkdən məhrum olunmasını, eyni zamanda torpaq sahəsində əkdiyi 3500 ədəd meşə ağaclarının əkilməsinə və suvarılmasına 5000 manat pul xərcləməsini, 10000 manat mənəvi ziyan dəydiyini bildirsə də qeyd edilənlərə dair sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyasında təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz.
63. Məhkəmə kollegiyası hesab edir ki, cəmi 150 manat ekspertiza xərcləri cavabdehlərdən tutulmalıdır.
64. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(015)-15/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı icarəsində olan və Ağstafa rayonu, H.Aslanov qəsəbəsində yerləşən 37 ha torpaq sahəsinin - 18.27 ha. və 5.22 ha. hissəsindən cavabdehlər istifadə etdikləri torpaq sahəsindən şıxarılmalı və ekspertiza xərcləri cəmi 150 manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393, və 402-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağstafa Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(015)-15/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan və Ağstafa rayonu, H.Aslanov qəsəbəsində yerləşən 37 ha torpaq sahəsinin - 1-ci hissənin 18.27 ha. və 2-ci (11.17 ha) hissənin 5.22 ha.hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh9, Cavabdeh7, X11, Cavabdeh2, Cavabdeh10 və Cavabdeh3 istifadə etdikləri həmin torpaq sahəsindən şıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspert tədqiqatlarının dəyəri cəmi 150 (yüz əlli) manat cavabdehlərdən müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.